Açıq Azərbaycan

Analitik Portal

MÜLKİYYƏT HÜQUQLARI KONFRANSI: MÜZAKİRƏ YOXSA FORMALLIQ ÜÇÜN?

19.09.2018 / Anar Bağırov hüquqşünas peşəsinin Avropada monopoliyaya alınmasını təkil edir


Foto www.coe.int saytından götürülb



Sentyabrın 14-də Avropa İttifaqı və Avropa Şurasının Birgə Proqramı olan “Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” layihəsi çərçivəsində “Mülkiyyət hüququ” mövzusunda konfrans keçirilib. Azərbaycan Ali Məhkəməsi və Vəkillər Kollegiyasının rəhbərlərinin də iştirak etdiyi bu konfrans bir neçə məqamı ilə diqqət çəkdi.

Konfransın mövzusunun fərqli olmasına baxmayaraq, Vəkillər Kollegiyasının rəhbəri Anar Bağırov diqqətini vəkilliklə bağlı məsələlərə yönəldib və Avropa İnsan Hüquqları Məhkəməsinin bu sahədə praktika və yanaşmasını tənqid edib. Anar Bağırov bildirib ki, hazırda “Azərbaycanda və eləcə də dünyada vəkillik peşəsinin təmərküzləşməsi prosesi gedir və bu isə insanlara keyfiyyətli hüquqi yardımın edilməsi üçün əhəmiyyətlidir.” Anar Bağırov Avropa Şurasının Parlament Assambleyasının “Vəkillik Peşəsi haqqında Konvensiya” hazırlanması barədə 2121 saylı tövsiyə sənədinə istinad edərək öz arqumentlərini əsaslandırmağa çalışıb. Onun Konvensiyanın mətninə verdiyi şərhə əsasən, “Məhkəmə hüquq sisteminin idarə olunmasında, habelə cəmiyyət və məhkəmələr arasında münasibətlərin qurulmasında əsas oyunçu kimi vəkillərin rolu vardır.”

Bu qısa girişdən sonra, Anar Bağırov Azərbaycanda oxşar prosesdən danışıb və bildirib ki, Azərbaycanda ərizəçiləri məhkəmədə təmsil etmək hazırda yalnız kollegiyanın üzvü olan vəkillər vasitəsi ilə mümkündür. O, bununla bağlı qanunlara edilmiş dəyişikliyin vəkillik peşəsinin keyfiyyətinin artırılmasına hesablandığını qeyd edib. Ancaq onun fikrincə, Avropa Məhkəməsinin qərarlarında hüquqşunaslarla bağlı istifadə edilən terminalogiya çaşqınlığa səbəb olur. Anar Bağırov düşünür ki, Avropa Məhkəməsinin öz qərarlarında istifadə etdiyi terminalogiya Avropa Şurasının müxtəlif orqanlarının sənədələrinə əsasən formalaşır. “Heç kəsə sirr deyil ki, bu sənədlərdə vəkil dedikdə, vəkillər kollegiyasının üzvü olan professional vəkil nəzərdə tutulu Ancaq Avropa Məhkəməsi vəkilin öz ölkəsinin vəkillər kollegiyasının üzvü olub olmamasına diqqət etmir.”

Hüquqşunas-ekspertlərin rəyincə, Avropa Məhkəməsinin mövcud praktikası ilə bağlı Anar Bağırovun dilə gətirdiyi bu narahatlıq, əslində təsadüfi deyil. Onlar düşünür ki, son zamanlar həm yerli, həm beynəlxalq təşkilatlar Azərbaycanda bütün növ insan hüquq və azadlıqlarının pozulmasının artmasını, xüsusən, mülkiyyət hüququnun sistematik pozuntuya məruz qalmasını öz hesabatlarında vurğulayırlar. Bu pozuntular səbəbindən, Avropa Məhkəməsinə göndərilən şikayətlərin sayı da kəskin artıb. Avropa Məhkəməsində, ərizəçiləri təmsil edən hüquqşunasların əksəriyyəti isə Vəkillər Kollegiyasının üzvü olmamış və ya sonradan siyasi səbəblərlə oradan çıxarılmış müstəqil hüquqşunaslardır. Hüquqşunas-ekspertlərin fikrincə, Avropa Məhkəməsində, ərizəçinin nümayəndəsi olmaq üçün öz ölkəsinin vəkillər kollegiyasının üzvü olmaq şərti olmadığından, bu hüquqşünasların bütün növ işlərlə bağlı yerli məhkəmədə təmsilçiliyini qanunla qadağan etdi. Bu Azərbaycan hökümətinin Avropa Məhkəməsinə göndərilən şikayətlərin sayını azaltmaq üçün atdığı addımlardan biridir.

Müstəqil hüquqşunasların Vəkillər Kollegiyasına üzv olmasına hökümət ciddi əngəllər yardıb. Hüquqşünas Ramil Süleymanov bildirir ki, bu il Vəkillər Kollegiyasına keçirilən imtahanda o özü qarışıq, daha 8 müstəqil hüquqşünas ilk test imtahanını keçsələr də, müsahibə mərhələsində onların qarşısını alıblar. Onun fikirincə, müsahibəni götürən münsiflər onlara peşə ilə əlaqəsi olmayan, siyasi motivli suallar veriblər. Müstəqil hüquqşunas Səməd Rəhimlinin fikrincə isə “müxtəlif dövrdə müstəqil QHT-lərdə işləyən, Azərbaycan hökümətinin insan hüquqları siyasətini tənqid edən, bununla bağlı Avropa Məhkəməsinə şikayət göndərən heç bir hüquqşunas bu imtahanın ikinci, şifahi sorğu-sual mərhələsindən keçə bilməyib.”

Keçirilən tədbir haqqında isə iki məsələ diqqəti çəkir. Bunlardan brincisi tədbirin adı və müzakirə edilməli olan məsələ ilə orada iştirak edənlərin, xüsusən Anar Bağırovun, çıxışlarının üst-üstə düşməməsidir. Mövzu mülkiyət hüququ ilə bağlı Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi olsa da, iştirakçılar mövzunun istiqamətin dəyişərək, tamamilə başqa məsələlərə yönəldiblər. Əsas diqqət Azərbaycanda artan mülkiyyət hüququları pozuntusuna, Avropa Məhkəməsinin bu işlərlə bağlı verdiyi qərarların hansı səviyyədə icra olunmasına, oxşar pozuntuların nə üçün, hələ də, davam etdiyinə, Ali Məhkəmənin bununla bağlı hansı işlər gördüyünə, daxili qanunvericiliyin Avropa Məhkəməsi presedentlərinə və Konvensiyaya uyğunluğuna vermək olardı.

Başqa mühüm məsələ isə, bu tədbiri təşkil edənlərlə bağlıdır. Avropa İttifaqı və Avropa Şurası bu kimi tədbirlər təşkil edərəkən, mülkiyyət hüququ pozuntusu ilə bağlı işlər görmüş müstəqil hüquqşunas və kollegiyadan çıxarılmış vəkillərin də iştirakını təmin etməli idi. Onların iştirakı, mövzu ilə bağlı alternativ fikirlərin səslənməsinə səbəb olar, həm də mövzunun istiqamətinin birtərəfli qaydada yayınmasına imkan verməzdi.

Beynəlxalq və yerli təşkilatların hesabatları göstərir ki, Azərbaycanda mülkiyyət hüquqlarının pozulması geniş yayılıb. Bununla bağlı hazırda Avropa Məhkəməsində artıq kommunikasiya mərhələsində onlarla iş var. İqtisadçıların fikrincə, mülkiyyət hüququna hörmət edilməsi bir ölkədə investisiya mühiti ilə bağlı ciddi göstərici sayıldığından Azərbaycan höküməti də, dünyada bu hüququn pozucusu görünmək istəmir. Çünki bu həmin ölkəni investisiya üçün cəlbedici etmir. Avropa Məhkəməsində mülkiyyət hüquqnun pozuntuları ilə bağlı işlərin sayı çoxaldıqca, ölkə barədə mənfi imic formalaşır. Bu səbəbdən Azərbaycan hökümətinin hüquq peşəsi sahəsində apardığı son siyasətinə qismən bu konteksdə baxmaq lazımdır.