Açıq Azərbaycan

Analitik Portal

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN SAYI 100-Ə ÇATIR

28.03.2023 / “Azərbaycanda əsassız həbslər və polis zorakılığı davam edir”

ABŞ Dövlət Departamenti insan haqları üzrə növbəti illik hesabatını açıqlayıb. Sənəddə 2022-ci ilin insan haqlarıyla bağlı durumun ən pisləşdiyi il, miqyas və şiddət baxmından rekord il olduğu deyilir. Hesabat müəllifləri vəziyyətin bütün dünyada pisləşdiyini, bunun keçən il baş verən bir sıra hadisələrin nəticəsi olduğunu bildirirlər. Rusiyanın Ukraynaya hücumu kütləvi dağıntı və ölümlər, müharibə cinayətləriylə nəticələnib, İranda dinc etirazçılara qarşı qəddarlıq və zorakılıq, Çində Uyğur türklərinin soyqırımı və insanlığa qarşı cinayət, Burmada hərbi xuntanın əhaliyə göstərdiyi zorakılıq, Əfqanıstanda Talibanın qadınlarla bağlı zorakı addımları insan haqlarını tapdayan əsas hadisələr kimi qeyd edilir.

“Azərbaycanda əsassız həbslər, polis zorakılığı və işgəncə davam edir”

ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda insan haqlarının qeyri-qanuni, özbaşına qətllər, işgəncələr və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlər, sui-istifadə halları ilə pozulduğu deyilir. Ölkədə əsassız həbslərin davam etdiyi, ölkədən kənarda siyasi motivli repressiyalar aparıldığı, şəxsi həyatın toxunulmazlığına qanunsuz müdaxilə olunduğu, söz və media azadlığına ciddi məhdudiyyətlərin tətbiq edildiyi, insan haqları pozuntularına yol vermiş rəsmilərin əksəriyyətini cəzalandırmadığı vurğulanır. Jurnalistlərə qarşı zorakılıq, jurnalistlərin böhtan və şübhəli ittihamlarla təqib və həbs edilməsi, internet azadlığının məhdudlaşdırılması, vebsaytların bloklanması, dinc toplaşmaya de-fakto qadağa qoyulması, birləşmək və hərəkət azadlığına əhəmiyyətli müdaxilə və s. kimi insan haqları pozuntuları qeyd olunur, həmçinin Azərbaycanda müstəqil məhkəmə sisteminin olmadığı, həbsxanalarda insan həyati üçün təhlükəli vəziyyətin hökm sürdüyü bildirilir.

Dövlət Departamentinin hesabatının Azərbaycanla bağlı hissəsində hər şeydən əvvəl keçən il Azərbaycanla Ermənistan arasında baş verən silahlı toqquşmalarda Azərbaycan hərbçiləri tərəfindən qətllər və qəddar, qeyri-insani davranışların törədildiyi yazılır.

Ölkədə işgəncələrlə bağlı qeydlərdə bir neçə inandırıcı iddiaların olduğu bildirilir: 2022-ci il, mayın 20-də inzibati qaydada həbs edilən "Müsəlman Birliyi Hərəkatının" üzvü Elgiz Məmmədov polis tərəfindən döyüldüyünü və zorlandığını iddia edib. 2021-ci ilin dekabrında Baş Mütəşəkkül Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Tofiq Yaqublunun (“Milli Şura”nın üzvü) döyülməsi nəticəsində üzünün şişdiyini və gözlərinin şişdən qapandığını göstərən şəkilləri yayılıb. “Tərtər İşi” hadisəsində 405 nəfərin işgəncələrə məruz qaldığı və nəticədə 8 nəfərin öldüyü Baş Prokurorluq tərəfindən təsdiqlənib. İyulun 19-da “Musavat” partiyası üzvü Əziz Məmiyev polis bölməsinə aparılarkən döyüldüyünü bildirib. Hesabatda həmçinin siyasi fəal Bəxtiyar Hacıyevin oğurlanması, ona qarşı alçaldıcı hərəkətlər qeyd edilir. B.Hacıyev dekbarın 9-da məhkəməyə qarşı hörmətsizlik və xuliqanlıq ittihamı ilə saxlanılıb.

Azərbaycanda siyasi məhbusların sayı 100-ə çatır

Sənəddə Azərbaycanda, ümumiyyətlə, qanunlardan daha çox tənqidçiləri susdurmaq üçün istifadə edildiyi deyilir. Azərbaycanda qanun təhqir və böhtana görə cərimə, 3 ilə qədər həbs nəzərdə tutur. “Vətəndaş və İnkişaf Partiyası”nın rəhbəri Əli Əliyev böhtanatma maddəsi ilə həbs edilib. Daha iki nəfər “Tərtər İşi” ilə bağlı fikirlərinə görə həbs olunub. Yanvarın 28-i hüquqşunas İlham Aslanoğlu 5 ay, iyulun 13-də akivist Abid Qafarov 1 il müddətinə həbs ediliblər.

ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda siyasi məhbusların sayının təxminən 100-ə çatdığı deyilir. Onların arasında demokratiya və hüquq müdafiəçiləri, jurnalist və bloqqerlər, müxalif siyasi xadimlər, dini fəallar, Gəncə hadisələri və “Tərtər işi” ilə bağlı tutulan şəxslərin olduğu qeyd olunur.

Hesabat müəllifləri etibar etdikləri təşkilata əsaslanaraq, Azərbaycandakı həbsxanaların şəraitinin sıxlıq, qida çatışmazlığı, yaxşı qızıldırılmama, havalandırılmama, sanitariya və zəif tibbi xidmət baxımından bəzən çox pis olduğunu, potensial həyati təhlükəyə çevrildiyini yazırlar.

Mətbuata hücum, repressiya...

ABŞ Dövlət Departamentinin hesabatında 2022-ci ildə Azərbaycan polisinin jurnalist və bloggerlərin peşəkar fəaliyyətinə mane olmaq cəhdlərindən, onlara qarşı güc və digər vasitələrdən istifadə etdiyindən danışılır. Məsələn, mayın 8-də əsasən məhkəmə proseslərini işıqlandıran jurnalist Ayten Məmmədova liftdə bıçaqlı hücuma məruz qalıb. Bıçağı jurnalistin boğazına sıxan şəxs susmasa, onu və qızını öldürəcəyini deyib.

Sənəddə Azərbaycanda beynəlxalq və müxalifətə bağlı internet saytların bloklanması da qeyd olunur. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin saytı, (OCCPR), Azadlıq radiosu, Meydan TV, Bastainfo.com, Criminal.az, Topxeber.az, Monitortv.info, Arqument.az kimi saytlara Azərbaycandan giriş hələ də bağlıdır.

Hesabatda həmçinin fəalların polis tərəfindən təzyiqə məruz qaldıqları, fiziki zorakılıq təhdidi altında Facebookdakı tənqidi yazılarını silməyə məcbur olduqları bildirilir. Sentybarda “D18 Hərakatı”nın rəhbəri Əhməd Məmmədli prezidenti tənqid edən statusundan sonra polis tərəfindən saxlanılıb, 30 sutkalıq həbs alıb. Sənəddə həmçinin aprel ayında “Meta”nın (Facebook) hesabatında hökumət tənqidçilərinin, jurnalistlərin və aktivistlərin adından saxta postlar yazan, Daxili İşlər Nazirliyinə bağlı qrupun işfa edildiyi xatırlanır.

Departamentin hesabatında ölkədən kənarda Azərbaycan hökuməti tərəfindən aparıldığı ehtimal edilən repressiya faktları sadalanır. 2022-ci ilin noyabrında Berlində yaşayan Blogger Orxan Ağayev yaşadığı binanın qarşısında döyülüb (O, prezident İlham Əliyevi sərt təndiq edir). İyunun 12-də Fransa polisi bu ölkədə yaşayan blogger Məhəmməd Mirzəlini öldürməyə cəhddə şübhəli bilinən iki şəxsi həbs edib. Bu hadisədən əvvəl M.Mirzəliyə silahlı hücum olub və o, 16 bıçaq yarası alıb. İyunun 16-da Fransanın Mulhouse şəhərində QTH rəhbəri Vidadi İskəndərov bıçaqlanıb. V.İskəndərov ona qarşı hücumun Azərbaycan hökuməti tərəfindən törədildiyini iddia edir.

Sənəddə Azərbaycanda LGBT icmasına qarşı zorakılığın artdığı, hökumətin sistemli korrupsiyaya və gender zorakılıqlarına görə cəza tədbiri almaması vurğulanır.

Vəziyyət Gürcüstanda da pisləşib

ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı illik hesabatı Gürcüstanda da ciddi pozuntuların olduğunu bildirir, orda da işgəncə, qeyri-insani, qəddar və ya ləyaqəti alçaldan rəftar, əsassız həbslər və ya saxlanmalar, şəxsi həyatın toxunulmazlığına özbaşına və ya qanunsuz müdaxilə, siyasi motivli istintaq və təqiblərin baş verdiyi bildirilir, məhkəmə sisteminin müstəqilliyi ilə bağlı ciddi problemlərin mövcud olduğu deyilir. Hesabat müəllifləri Gürcüstanda da ifadə və media azadlığına ciddi məhdudiyyətlər, jurnalistlərə qarşı güc və zorakılıq hədələri, dinc toplaşmaq və birləşmək azadlığına əsaslı müdaxilə, LGBT üzvləri və aktivistlərə qarşı zorakılıq və ya zorakılıqla hədələmə cinayətlərinin baş verdiyini yazır.

Ermənistanda da oxşar problemlər var, amma kiçik miqyasda

ABŞ Dövlət Deprtamentinin hesabatının Ermənistanla bağlı hissəsində Azərbaycan və Gürcüstanda müşahidə edilən problemlərin orda da, amma kiçik miqyasda mövcud olduğu deyilir. Sənəd müəllifləri Ermənistanda təhlükəsizlik qüvvələrinin üzvləri tərəfindən işgəncələr, ağır həbsxana şəraiti, əsassız saxlanma və ya həbs, məhkəmə müstəqilliyi ilə bağlı ciddi problemlərin qaldığını, şəxsi həyatın toxunulmazlığına özbaşına və ya qanunsuz müdaxilə, ifadə azadlığının məhdudlaşdırılması, vətəndaş cəmiyyəti xadimlərinə və LGBT üzvlərinə qarşı güc və ya zorakılıqla hədələmə halları, uşaq əməyinin ən pis istismarı formaları və s. kimi problemləri sadalayırlar. Ermənistanda hökumətin keçmiş və indiki dövlət məmurları, hüquq-mühafizə orqanları tərəfindən iddia edilən sui-istifadə hallarının araşdırılması və cəzalandırılması üçün yetərli addım atmadığı bildirilir.

ABŞ Dövlət Departamentinin insan haqları üzrə hesabatı dünyanın 198 ölkəsində beynəlxalq səviyyədə tanınan şəxsi, mülki, siyasi və işçi haqlarının vəziyyəti haqqında məlumat verir. Hesabat Vaşinqtonda yerləşən Dövlət Departamenti işçiləri, ABŞ-ın xaricdəki səfirlik və konsulluqları tərəfindən xarici ekspertlər, siyasətçilər, QHT və beynəlxalq təşkilatlar, hüquqnuşaslar, insan haqları müvəkilləri, jurnalistlər, akademiklərdən əldə edilmiş etibarlı informasiya əsasında hazırlanır.