Açıq Azərbaycan

Analitik Portal

"BANDOTDELİN”İN ŞÖBƏ MÜDİRİ ABŞ-N SANKSİYASI SİYAHISINDA

10.12.2022 / Polkovnik Kərim Əlimərdanova viza qadağası və maliyyə sanksiyası nəzərdə tutulur

Amerika Birləşmiş Ştatları Beynəlxalq Anti-Korrupsiya Günü və Beynəlxalq İnsan Haqqları Günü ərəfəsində bütün dünyada korrupsiya və insan haqqları pozuntularına görə cavabdehliyi təşviq etmək üçün tədbirlər görməkdədir. Bu tədbirlər çərçivəsində Dövlət Departamenti korrupsiya və insan haqqları pozuntusuna yol verən xarici ölkə rəsmilərinə qarşı sansksiya tətbiq edib.

Sanksiyalar Qlobal Maqnitski Aktına əsaslanan və onu icra edən Amerika prezidentinin 13818 saylı sərəncamına əsasən cavabdeh şəxslərə maliyyə sanksiyaları və viza qadağası, ölkələrə qarşı isə 4 əlavə icra aktı tətbiqi nəzərdə tutur.

Sanskiya siyahıda olan şəxslərin ABŞ-dakı əmlaklarına həbs qoyur. Bundan əlavə, o şəxslərin payı olan ABŞ vətəndaşına məxsus əmlaklara da həbs qoyulur və bu barədə maliyyə kəşfiyyatı idarəsi olan Xarici Aktivlərə Nəzarət ofisinin Xəzinədarlıq Departamentinə məlumat verilməlidir. Bununla da bu cür əmlaklarla bağlı ABŞ-da hər hansı maliya transaksiyaları qadağan edilir. Korrupsiyada və ya insan hüquqlarının kobud şəkildə pozulmasında iştirak etməsinə dair etibarlı məlumatın olduğu xarici ölkə rəsmiləri və onların ailə üzvlərinin Amerikaya girişinə də qadağa qoyulur.

Yeni sanskiya korrupsiyaya görə 5 ölkədən - El Salvador, Qvatemala, Haiti, Mali və Ukraynadan olan dövlət rəsmilərinə tətiq edilib. İnsan haqqları pozuntusuna görə isə Azərbaycan daxil 12 ölkə rəsmisinə bu sanksiyalar qoyulub.

Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkül Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə müdiri, polkovnik Kərim Heydər oğlu Əlimərdanov sansksiya siyahısına salınıb. Dövlət Departamentinin müvafiq sənədində bu idarənin “Bandotdel” kimi tanındığı da qeyd olunub. Əlimardanovun adı siyahıya 2015-2016-ci illərdə insan haqqlarının kobud şəkildə pozulmasında, işgəncələrdə iştirak etdiyinə görə salınıb. Maraqlıdır ki, Azərbaycan prezidentinin 1 iyul 2015-ci il sərəncamına əsasən polkovnik Əlimərdanov “igidliyə görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti insan haqqları ilə bağlı 2021-ci il illik hesabatında Azərbaycan dövlətinin insan hüquqlarının pozulması və korrupsiya aktlarına yol vermiş bir çox vəzifəli şəxsləri cəzalandırmadığını və cəzasızlığın əsas problem olaraq qaldığını qeyd edib.