Aytən Məmmədova

Müstəqil jurnalist

BƏDƏNİNDƏ GÜLLƏ GƏZDİRƏN NARDARAN MƏHBUSLARI

16.08.2017 / Bədənlərindəki güllələrin çıxarılması üçün dəfələrlə vəsatətlər qaldırılsa da nəticə yoxdur

“Oğlumun vəziyyəti yaxşı deyil. Xüsusən bud sümüyündə qalmış güllə ona çox əziyyət verir. Onun təcili əməliyyata ehtiyacı var, amma eləmirlər. Nə də elətdirməyə imkan verirlər...”, - 15 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Şamilin atası Adil Abduləliyevin sözləridir.

Şamil Abduləliyev 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyat nəticəsində yaralanıb. Əməliyyatdan 1 il 9 ay keçsə də, Şamil həmin gün ona vurulmuş üç güllənin ikisini hələ də bədənində daşıyır.

O, tək deyil. Sözügedən əməliyyatda yaralanan və ardınca da həbs olunan Bəhruz Əsgərov, Cahad Babakişizadə də eyni vəziyyətdədir – onlar da Nardaran əməliyyatının güllələrini bədənində gəzdirənlərdəndir. Hərəsinin bədənində bir güllə qalıb. Şamilin durumu daha ağırdır. O, əl ağaclarının köməyi ilə yeriyir.

Adları çəkilən şəxslərin bədənindəki güllələrin çıxarılması üçün dəfələrlə məhkəmədə vəsatətlər qaldırılıb, müvafiq orqanlara müraciət olunub. Amma bu addımların heç biri nəticə verməyib.

Kim yalan danışır?

Müsəlman Birliyi Hərəkatının lideri Taleh Bağırovun da həbs olunduğu polis əməliyyatını Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi keçirib. İdarənin məhkəmədə dindirilən əməkdaşları iddia edirlər ki, əməliyyatda yaralananları, o cümlədən Şamil Abduləliyev və digərlərini hadisə yerinə çağırdıqları Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırıblar.

Amma təqsirləndirilən şəxslər deyirlər ki, yalandır, onları, eləcə də əməliyyatda yaralanıb sonradan dünyasını dəyişən Nardaran sakini Sarvan Səfərovu qan içində atıb gediblər, yalnız ölənləri götürüb aparıblar. Əməliyyatdan sonra onları Nardaran camaatı qəsəbədi tibb məntəqəsinə çatdırıb. Oradan da Sabunçudakı 3 saylı xəstəxanaya aparılıblar.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından vəkil Yalçın İmanovun sorğusuna cavab olaraq bildirilib ki, 2015-ci il noyabrın 26-da əməliyyat keçirilərkən Nardarana təcili yardım çağrılmayıb və ora belə bir maşın da göndərilməyib. Polislərin ifadələrini təkzib edən bu cavab məktubu Nardaran işinə baxan məhkəməyə təqdim olunub və iş materiallarına əlavə edilib.

“Baş həkim gəlib cavab versin ki...”

Məhkəmədə vəkillər 3 saylı xəstəxananın baş həkimi Fikrət Zeynalovun dindirilməsi haqda da vəsatət də qaldırmışdılar. İstəyirdilər ki, baş həkim gəlsin, adamların bədənindəki güllələrin niyə çıxarılmadığına aydınlıq gətirilsin.

Şamil Abduləliyev, Bəhruz Əsgərov deyir ki, xəstəxanada reanimasiyada olarkən gecə saatlarında polislər gəlib, onları çıxarıb, o vəziyyətdə hansısa sənədlərə imza atdırıblar. Həmin dindirmə protokolları da cinayət işinin materialları arasındadır.

“Baş həkim gəlib həm də bu məsələyə aydınlıq gətirməlidir ki, reanimasiyada o vəziyyətdə olan adamlara necə imza atdırılıb?”, - vəkil Yalçın İmanov məhkəmədə vəsatətini əsaslandırarkən deyib.

Amma vəsatət təmin olunmayıb.

Məhkəmənin gedişində Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova hüquqlarını müdafiə etdiyi şəxsin bədənindəki güllələrin cərrahiyyə əməliyyatı vasitəsilə çıxarılması haqda ayrıca vəsatət qaldırıb. Bildirib ki, güllələrin qalması onun durumunu günü-gündən pisləşdirir. Amma bu vəsatət də təmin olunmayıb.

“Başqa çarəmiz yoxdur”

Adil Abduləliyev oğlunun bədənindəki güllələrin çıxarılması üçün bir müddət əvvəl yenidən Baş Prokurorluğa və Penitensiar Xidmətə müraciət edib. Prokurorluq mayın 12-də göndərilmiş müraciətə indiyədək cavab verməyib.

Penitensiar Xidmətdən isə bu dəfə fərqli cavab gəlib. Bildirilib ki, ailə özü həkim dəvət etməklə, Şamilin üzərində cərrahiyyə əməliyyatı aparıla bilər.

“Həkim də tapmışıq. Amma həkim deyir ki, əməliyyatdan öncə mütləq müəyyən müayinələr, ən əsası, MRT olmalıdır ki, güllələrin harada, necə yerləşdiyini dəqiq görmək mümkün olsun. Onlar isə MRT-yə aparmağa icazə vermirlər. Hətta təklif elədik ki, Penitensiar Xidmət özü təşkil eləsin, onların əməkdaşlarının müşayiəti altında özəl klinikaların birində elətdirək. Razılaşmadılar. Özlərinin elədiyi müayinənin nəticəsi də həkimi qane eləmədi. MRT-yə icazə verilmədiyi üçün həkim də gedib əməliyyat edə bilmir. Ona görə hələ də qalıb. Başqa çarəmiz yoxdur, MRT-yə icazə verilməsi üçün yenə müraciət edəcəyik”, - deyə Adil Abduləliyev bildirib.

“O suala cavab ala bilməmişik ki, güllələri niyə çıxarmayıblar”

Bədənində güllə gəzdirən digər məhbus Bəhruz Əsgərovun vəkili Yalçın İmanov müvəkkilinin Şamil Abduləliyev qədər olmasa da, xüsusən soyuq havalarda əziyyət çəkdiyini deyir. Nardaran əməliyyatı nəticəsində həbs olunan şəxslərin, o cümlədən Şamil Abduləliyev, Bəhruz Əsgərovun təqsirinin sübuta yetirilmədiyini deyən vəkil onların bədənindəki güllələrin çıxarılmamasını işgəncə kimi qiymətləndirir. Yaxın vaxtlarda bu adamlara tibbi yardım göstərilməsə, məhkəməyə şikayət etməyi düşünür: “Nardaran işi üzrə məhkəmə bu adamların günahsızlığını ortaya qoydu. Məlum oldu ki, əksinə, onların özlərinə qarşı cinayət törədilib – haqsız həbs olunublar, dəhşətli işgəncələrə məruz qalıblar, müdafiə hüququ pozulub, ailələri onlardan aylarla heç bir xəbər ala bilməyib. Amma təəssüf ki, məhkəmə sonda qanunun aliliyini, ədaləti yox, sifarişi üstün tutdu və bu adamlara uzunmüddətli həbs cəzası verildi. Biz hələ də o suala cavab tapa bilməmişik ki, bu adamlara vurulmuş güllələri həkimlər niyə çıxarmayıb? Bizdə olan məlumata görə, güllələrin çıxarılmasının heç bir əks nəticəsi ola bilməzdi. Təqsirləndirilən şəxslər məhkəmədə bildirdilər ki, polislər xəstəxanaya gəlib həkimlərə imkan verməyiblər. Baş həkimi də çağırıb dindirə bilmədik ki, bu məsələni dəqiqləşdirək”.

Yalçın İmanov deyir ki, hətta hansı cinayəti törətməyindən asılı olmayaraq, şəxsin tibbi yardım almaq, işgəncəyə məruz qalmamaq hüququ var. Bunlar fundamental hüquqlardır və məhdudlaşdırıla bilməz. Vəkil müvəkkilinə münasibətdə bu hüquq pozuntularını yerli məhkəmələrdə mübahisləndirmək, ədalətli qərara nail olmasa, məsələni Avropa Məhkəməsi müstəvisinə çıxarmaq niyyətindədir: “Bu münasibət İnsan Haqları və Əsas Hüquqların Müdafiəsinə dair Avropa Konvensiyasının 3-cü (işgəncəyə, pis rəftara məruz qalmamaq hüququ) maddəsinin aşkar pozuntusudur”.

Amnesty International: “Bu adamların təcili tibbi müdaxiləyə ehtiyacı var”

Nardaran əməliyyatı və həbs olunanların başına gələnlər beynəlxalq təşkilatların hesabatlarında da yer alıb. ABŞ Dövlət Departamentinin 2016-cı ildə dünyada insan haqlarının durumuna dair illik hesabatının Azərbaycanla bağlı hissəsində Nardaran hadisələrinə toxunulub. Nardaran əməliyyatı nəticəsində həbs olunan şəxslərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığı qeyd olunub.

“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatının bu ilin fevralında Nardaran məhbusları haqda bəyanatında Taleh Bağırov, Şamil Abduləliyev, Bəhruz Əsgərov da daxil, 18 nəfərin haqqında çıxarılmış hökmün ədalətsiz olduğu vurğulanıb. Təşkilat bildirir ki, işgəncə altında alınan ifadələr sübut kimi qəbul oluna bilməz.

Bəyanatda bədənindəki güllələrdən əziyyət çəkən şəxslərlə bağlı məsələyə də ayrıca yer verilib: “Təqsirləndirilən şəxslərdən ən azı, üç nəfərin təcili tibbi müdaxiləyə ehtiyacı var. Onlara tibbi yardım göstərilməli, cərrahiyyə əməliyyatı ilə bədənlərindəki güllələr çıxarılmalıdır. Cahad Babakişizadə, Şamil Abduləliyev və Bəhruz Əsgərov 2015-ci ilin noyabrında əməliyyat zamanı odlu silahdan yaralanıb, ardınca da həbs olunublar. Onlara tibbi yardım göstərməkdən imtina olunub. Güllələr Şamil və Bəhruzun ayağında, cahadın isə döş qəfəsindədir. Vəkillərinin sözlərinə görə, güllələrin qalması onlara ağrı verir. Buna baxmayaraq, vəkillərin onların müalicəsi ilə bağlı vəsatətləri təmin olunmur”.

Xatırladaq ki, Nardaran əməliyyatı nəticəsində 17 nəfər həbs olunub. Onlar qəsdən adam öldürmə, qanunsuz silah saxlama, dövlət çevrilişinə cəhd və başqa ittihamlarla 10 ildən 20 ilə qədər azadlıqdan məhrum edilib. Amma təsdirləndirilən şəxslər ittihamları rədd edir, onların heç birində silah olmadığını, əməliyyatda qətlə yetirilən altı nəfərin hamısını polislərin özlərinin öldürdüyünü deyir. Həmçinin saxlanılarkən və ondan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını deyirlər.

Polislər isə deyilənləri təkzib edir, onlara işgəncə verilmədiyini bildirir.