Avropa Məhkəməsi Azərbaycana qarşı növbəti qərarını elan edib. Məhkəmə 22 ərizəçinin şikayətini birləşdirərək, onlara eyni icraatda baxıb və bu qərarı çıxarıb. Ərizəçilərin hamısı yerli məhkəmələrin onların xeyrinə çıxardığı qərarların icra olunmamasından şikayətçidilər. Elə bu səbəbdən şikayətlər eyni icraatda birləşdirilib.
Şikayəti üzrə qərar çıxarılan 22 ərizəçi bunlardır: Arif İslamzadə, Almaz Abdullayeva, Məzahir Bağırov, Namiq Hacıyev, İsa Rüstəmov, Rəna Qasımova, Söhbət Qayıbov, Akif Xəlilov, Əziz Ağasıbəyov, Elman Şahmuradov, Cümşüd İsmiyev, Nəcəfəli Babayev, Təbriz Həsənov, Şahlar Quliyev, Tahir Məcidov, Daşdəmir Əliyev, Leyla Məmmədova, Xaləddin Məmmədov, Kamil Nəcəfov, Məhəmməd Abbasov, Səlbi Baxşəliyeva və Ziyadxan Əhmədov.
Hökumət şikayətçilərə təzminat ödəməlidir
Avropa Məhkəməsi adları çəkilən ərizəçilərə münasibətdə İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 6.1 (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci (mülkiyyət hüququ) maddəsinin pozulduğunu təsdiqləyib. Pozuntunu tanımaqla yanaşı, həm də Azərbaycanın üzərinə ərizəçilərə ümumilikdə 90 min 950 avro kompensasiya ödəmək öhdəliyi qoyub. Bu məbləğin 3 mini ərizəçilərin hüquqi məsrəflərinə görə nəzərdə tutulub. Məhkəmə 22 nəfərdən 15-nin hər birinə hüquqi addımlara çəkdikləri xərclərə görə 200 avro müəyyənləşdirib. Maddi və mənəvi ziyana görə isə ərizəçilərə onların hər birinə qarşı pozuntudan asılı olaraq, 1500 avrodan 9780 avroya qədər kompensasiya təyin olunub. Ərizəçilərdən yalnız Arif İslamzadə üçün ümumiyyətlə, kompensasiya nəzərdə tutulmayıb.
Ərizəçilərin hüquqlarını Avropa Məhkəməsində Akif Əliyev, Əliməmməd Nuriyev, Ruslan Mustafazadə, Teymur Baloğlanov və Akif Əlizadə təmsil edib.
Avropa Məhkəməsi hökumətin təklifini rədd edib
Bu şikayətlərlə bağlı kommunikasiya dövründə Avropa Məhkəməsindən sorğu göndəriləndə Azərbaycan hökuməti bəzi işlər üzrə vaxtilə kompensasiyaların verilməsini əsas gətirərək, onların siyahıdan çıxarılmasını istəyib. Amma Avropa Məhkəməsi belə nəticəyə gəlib ki, verilən kompensasiyalar kifayət qədər olmayıb, ona görə də həmin şikayətlərə baxılıb, müvafiq qərar çıxarılmalıdır.
Qərar çıxarılan şikayətlərdən 17-nin hazırlanıb Avropa Məhkəməsinə göndərilməsində, bu qurumda ərizəçilərin hüquqlarının müdafiəsində Ruslan Mustafazadə ilə yanaşı, “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi”nin rəhbəri, vəkil Əsabəli Mustafayev də iştirak edib. Vəkil deyir ki, onun müdafiə etdiyi ərizəçilərin hamısı vaxtilə mənzilləri qaçqın və məcburi köçkünlər tərəfindən zəbt olunmuş şəxslərdir. Yerli məhkəmələr həmin mənzillərin boşaldılıb sahiblərinə geri qaytarılması haqda qərarlar çıxarıb, amma uzun illərdir ki, icra olunmur. Ə.Mustafayevin sözlərinə görə, hökumət də bu illər ərzində sözügedən qərarların icrası – mənzillərin boşaldılması üçün heç bir addım atmayıb.
“Dövlət öz işini vətəndaşın hüququnu pozmaq hesabına görməməlidir”
“Belə çıxır ki, hökumət özü də bu vəziyyətlə razıdır. Halbuki, məcburi köçkünləri yerləşdirmək dövlətin vəzifəsidir və hökumət bunu hansısa başqa bir vətəndaşının mülkiyyət hüququnu pozmaq hesabına həyata keçirməməlidir. Məcburi köçkünlərin sosial təminatı haqqında qanunda da göstərilib ki, onların yerləşdirilməsinə görə icra hakimiyyəti məsuliyyət daşıyır. Elə yerləşdirilməlidir ki, digər vətəndaşların da hüquqları pozulmasın”, - Əsabəli Mustafayev bildirib.
Müdafiəçinin sözlərinə görə, bu şikayətlərlə bağlı Avropa Məhkəməsi ilə Azərbaycan hökuməti arasında sorğu-sual (kommunikasiya) mərhələsində onların hökumətə təklifi olub. Mənzil Məcəlləsində “sosial kirayə müqaviləsi” anlayışı var. Müdafiə tərəfinin təklifi də bununla bağlı olub: “Orada belə bir hal var ki, əgər hökumət məcburi köçkünü daimi yaşayış yeri ilə təmin edə bilmirsə, onun üçün mənzil kirayələyə bilər. Yəni kirayə pulunu dövlət ödəyir. Yaxud da mənzilləri zəbt olunmuş vətəndaşlara münasibətdə dövlət bu addımı ata bilər. Yəni aylıq kirayə pulları mənzillərin sahiblərinə verilə bilər ki, onlar da indiki kimi çətin vəziyyətdə qalmasınlar. Məndə olan məlumata görə, qaçqın və məcburi köçkünlər tərəfindən zəbt olunmuş evlərin sayı təxminən 4-5 mindir. Amma hökumət bu təkliflə razılaşmadı”.
“Deklarasiyanı imzalamaqdan imtina etdik, çünki...”
Vəkil onu da qeyd edir ki, bu işlərin çoxu üzrə Avropa Məhkəməsi deklarasiya təqdim edib. Amma onlar deklarasiyanı imzalamaqdan imtina ediblər. Əsabəli Mustafayev imtinanın səbəbini də belə izah edir: “Deklarasiya imzalanan kimi baxılan şikayət siyahıdan çıxarılır. Yəni onun icrasına heç bir qurum nəzarət etmir. Deklarasiyanı imzalamaqdan imtinanı da bununla əsaslandırdıq ki, hökümət təyin olunmuş kompensasiyanı ödəsə də, qərarın icrasını təmin etməyəcək. Hökümətin bu davranışından da heç yerə şikayət etmək mümkün olmayacaq. Çünki biz artıq işin siyahıdan çıxarılması ilə razılaşmışıq”.