Aytən Ələkbərli

Müstəqil jurnalist

"AĞ ŞƏHƏR"İN "QARA GÜNLÜ" SAKİNLƏRİ

12.01.2018 / Dağıdılan ərazinin 17 mülkiyyətçisi gecələr evlərinin keşiyini çəkir

"Ağ şəhər" sanki iki hissədən ibarətdi. Bir tərəfində yeni küçələr salınır, evlər ucaldılır, digər tərəfində isə kompensasiya ilə razılaşmayan əhali köçüb gedən qonşuların uçuq evlərinin arasında yaşamını davam etdirir. Hər gecə balaca bir otağa toplanan sakinlər narazı ev sahibləridir. Onlar gələcək olan ekskavatorun qəfil hücumunun qarşısını almaq üçün yığışırlar.

Hazırda "Ağ şəhər"də yaşayan 42 ailədən 30-a qədəri qalıb. Onların içində 17 ailə başçısı verilən kompensasiyaya açıq etiraz edənlərdir.

"Evimizi bölüblər - qonaq otağı, yataq otağı yaşayış sahəsi hesab olunur hamam-tualet, mətbəx ayrıca... Mənim evimin iç ölçüləri 160 kv.metrdir, çöl ölçüsü 195 kv.metr. Mən öz şərtimi demişəm. 1500 manatdan evimin pulunu versinlər, bir də torpağımın ya pulunu versinlər, ya da əvəzinə torpaq versinlər" - deyir Elçin Əhmədov.

Əlavə tikilisini hesaba almayan sakin evinin 70 kv.metrinin qonaq otağı ilə yataq otaqlarına 1000 manat hesablandığını, 90 kvadrat metrilk ərazisi olan hamam-tualet, mətbəxin, hollun, qarajın 50 manatla 750 manat arasında dəyərləndirildiyini deyir:

Yardımçı və köməkçi tikililər

"Neçə dəfə Vadim müəllimə də demişəm. Evi tikəndə ən məsləhətli yer hamamdı, mətbəxdi. Mətbəxi, hamam-tualeti gərək kafel edəsən, su-kanalizasiya sistemi qurasan, mebel yığdırasan. Mənim evimi eyni qiymətdən - 1500 manatdan hesablayıb pulumu versinlər. Digər sakinlərlə də bu haqda razılaşmışıq. Hər birimizi razı salacaqlar ondan sonra çıxacağıq".

Sakinlər deyir ki, Xətai rayonunda fəaliyyət göstərən 66 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Rəşad Bağırov icra başçısının qaynı, 2 saylı MKİS-in rəisi Barat İskəndərov dayısı oğlu, rayon üzrə Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Əvəz İsmayılov isə icra başçısının bibisi oğludu. Onların evini uçurmağa gələnlərin içində tez-tez gördükləri də elə onlardı...

"Biz Prezident Aparatında Zeynal Nağdəliyevin qəbuluna getdik. Bizi onun köməkçisi Rüfət müəllim qəbul elədi. Sənədimizə baxdı və prezidentin göstərişi ilə 1500 manatdan kompensasiya verilməli olduğunu dedi. İcra hakimiyyətinin işini qanunsuz adlandırdı. Səhəri bu məsələni icra hakiminin nümayəndlərinə çatdırdıq. Bizə dedilər ki, 1000-i biz veririk, qalanını da prezidentdən alarsınız" - deyir sakinlər.

Vətəndaşın görmədiyi müqavilə

Sakinlərin adını tez-tez çəkdiyi "ƏQD" MMC-nin qanuni təmsilçisi Cəbrayıl Mikayılovdur. Müəssisə 2002-ci ildə yaradılıb. Sakinlər nə həmin MMC-nin onların evlərini ölçdüyünü, nə də onun qanuni təmsilçisini görüb. Ancaq bu müəssisənin qanuni təmsilçisi C.Mikayılov daha iki eyni işləri görən müəssisələrə təmsilçilik edir. Bunlardan biri "Express Value-8" və "Privat-Co" MMC-lərdir. "Express Value-8" tender qalibi də olub. Belə ki, müəssisə 2014-cü ildə Nərimanov Rayon İcra Hakimiyyətinin "Daşınmaz əmlakın qiymətləndirilməsi işlərinin satın alınması" müsabiqəsinin qalibi seçilib. Tenderin məbləği 31 395 manat olub. Turan İA-nin məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsi minə yaxın dövlət müəssisəsi və torpaq sahəsinin nizamnamə kapitalı və start qiymətini müəyyən etmək üçün beş şirkəti qiymətləndirici kimi seçib.

Onlar "Property" MMC, "Value and Sources", "Express Value-8", "Kaspian Audit Kompani" və "Əmlak Ekspert Mərkəzi" şirkətləri 464 kiçik müəssisə (BM) və 529 torpaq sahəsini qiymətləndirəcək. Bakıda 282 belə BM və 293 torpaq sahəsi var. Bu əmlakların qiymətləndirlməsinin ümumi qiyməti 251,1 min manatdır. Əmlakın qiymətləndirilməsi dövlət büdcəsi hesabına həyata keçirilir.

"ƏQD" MMC haqda isə elə 2014-cü ildən mətbutda yazılır. Hətta Şəki Apelyasiya Məhkəməsi "Azərsu"nu məhkəməyə vermiş Mingəçevir sakini haqda çıxardığı qərarda “ƏQD” MMC tərəfindən verilmiş rəyin “Azərsu” ASC-nin xərcləri və kənar ödənişlərini mümkün qədər azaltmağa yönələn maraqlarına uyğunlaşdırdığını vurğulayıb. Digər bir məlumatda isə Metropolitenin keçmiş sədri dövründə daha bir vətəndaşın "ƏQD" MMC-ni və qurumu məhkəməyə verməsi öz əksini tapıb.

Ərazidə ilk evi uçurulan mülkiyyətçi Svetlana Əhmədova olub. Evdə ola-ola evi uçurulan iki uşaq anası başına gətirilənləri haqsızlıq hesab edir. O ərazidə söküntünü Azərbaycan İnkişaf Şirkəti (ADEC) aparıldığını icra hakimiyyəti nümayəndələrindən öyrənib: "Adını da qoydular ki, torpaq Azərbaycan İnkişaf Şirkətinə ayrılıb. Olmaz! İnkişaf Şirkətinə 2007-ci ildə ayrılıb, mənə də 2000-ci ildə ayrılıb. İnkişaf Şirkəti yaxşı, gəlsin tiksin, mən niyə 10 il orda daxmada yaşamalı idim?"

Azərbaycan İnkişaf Şirkəti ADEC MMC reyestr məlumatlarına görə 2007-ci ildə yaradılıb. Şirkətin hüquqi təmsilçisi Sadıxov Ruslan Oqtay oğludu. Ancaq qanuni təsisçiləri barədə məlumat verilmir. Əhmədova deyir ki, şirkətə kompensasiya ilə bağlı müraciət etsələr də onlar maliyyə işinə yox, söküntü işinə baxdıqlarını deyiblər.

Hüquqşünas deyir ki...

Xətai rayonunda yerləşən ərazidə sakinlərin evinin zorla sökülməsi, evlərə xəlvəti hücumu hüquqşünas Ruslan Əliyev qanuni hesab etmir. Onun sözlərinə görə, razılaşma olmadıqda belə məhkəmə qərarı olmalıdır: "Heç kimin ixtiyarı yoxdur ki, vətəndaşın mülkiyyətini zorakılıqla əlindən alsın. Razılaşma olmadan mülkiyyətdən məhrumetmə belə qanunsuzdur. Razılaşma olmadıqda söküntüyə başlamaq daha ağır pozuntudur. Qanunsuz söküntünü sakin evin içində ola-ola etmək şəxsi ölüm təhlükəsi qarşısında qoymaqdır - bu, artıq cinayət tərkibidir. Bura qədər bir ayrı pozuntu idi, evin içində ola-ola söküntü isə real insan həyatından söhbət gedir və cinayət məsuliyyəti yaranır".

Hüquqşünas Xətai rayon icra başçısı Razim Məmmədovun öz qohumlarını vəzifəyə təyin etməsi iddialarına da aydınlıq gətirib: "Dövlət Qulluğu Haqda qanun qayının vəzifəli şəxsin tabeliyində işləməsini qadağan edir. Bibisioğlu və dayısıoğlu ilə bağlı məsələdə isə dövlət o qohumların da tabelikdə vəzifə daşımasından çəkindirməldir. Çünki bu, traybalizmdir. Yaxın qohumların da dövlət qulluğunda çalışmaq hüququ var. Ancaq bu hüquqdan sivil dövlətçilik ənənəsi olan ölkələr imtina edir. İctimai maraqlar, dövlətçilik naminə traybalizm itməlidir".

Açılmayan suallar

Suallarımıza cavab ala bilmədiyimiz Xətai rayon İcra Hakimiyyətindən əlimizi üzüb şirkətlərin arxasında kimin dayandığını araşdırmağa başladıq. "Ağ şəhər"lə bağlı informasiya resurslarında ərazidə tikinti aparan şirkətlərin bəzilərinin bir-biri ilə bağlılığı, eyni adama məxsusluğu ortaya çıxır. Ərazidə tikiləcək regionun ən iri ticarət mərkəzi olacağı deyilən "Baku City Mall"u "Bakı Siti Moll" Mənzil-Tikinti Kooperativi tikəcək. Müəssisə 2008-ci ildə yaradılıb. Qanuni təmsilçi: Vəliyev Rəhman Məmməd oğlu, təsisçilər: Hacıyev Azər Məmməd oğlu, Hümbətov Rafiq Fazil oğlu, Baxşəliyev Elxan Məhərrəm oğlu, Məmmədov Rafiq Şahsuvar oğlu və artıq tanıdığımız ADEC MMC, yəni Azərbaycan İnkişaf Şirkətidir. Digər "Bakı Ağ Şəhər Ofis Binası" MMC-nin də qanuni təmsilçisi Vəliyev Rəhman Məmməd oğludur.

Təsisçiləri: "Union Grand Energy Pte. Ltd" şirkəti (Sinqapur), ADEC MMC. Dövlət qeydiyyatına 2011-ci ildə alınan müəssisənin payçısı Union Grand Energy şirkəti haqda Azerbaijan Anonimous araşdırma aparıb və bu müəssisənin Anar Əliyevə məxsus olduğunu isbatlamışdı.

"2 ay bizim işıq, qaz, suyu mütəmadi kəsirdilər. Noyabr ayının əvvəllərində hamısını kəsdilər. Evdə yaşlı adam, azyaşlı uşaq. Yığışıb getdik Prezident Aparatına. Orda qəbulda olduqdan sonra çıxanda icra hakiminin nümayəndələrini gördük. Ondan sonra icra hakiminin müavini Teymur müəllim bizə dedi ki, gərək bizim yanımıza gələydiniz. İcra başçısı Razim müəllim bizi qəbul etdi, bir qazancımız oldu ki, o vaxtdan işıq, qaz, su kəsilmir" - deyir, E.Əhmədov.

Sakinlərinin əksəriyyəti Neftayırma zavodunun işçisi olub. İndi də evlərinə girəndə neft, mazut qoxusunu hiss etdiklərini deyirlər.

"Ağ şəhər"in eşidilməyən səsləri

"Mənim evim 420 kvadratdır. 64 kvadrata yaxın navesim var. Nəzərə alınmır. Üzüm talvarım var, o da nəzərə alınmır. Birində alır, birində almır. Bilirsiniz necədir? Yatıb sabah yuxuda görürəm, o da mənim üçün qanundur" - İlyas Məmmədov deyir.

Onun sözlərinə görə, hasarın, üzüm talvarının bir kvadrat metri 50 manat ola bilər. Ağacları nəzərə alınmayıb: "Bu 6 ildi mən torpaq yeyirəm. Tikinti ilə əlaqədar hava daha da çirklənib. Nəvələrimdə toza qarşı allergiya xəstəliyi yaranıb. Onları kirayə çıxarmağa məcbur olmuşam".

"Eləsində kupça, eləsində sərəncam var. Fərdi qaydada çağıranda deyəndə, kupçam var, deyir, tulla o yana. Digər sakini çağıranda soruşur, nəyin var? o da deyir, sərəncam. Ona da deyir ki, sənə pul düşmür" - Kərim Qasımov söylədi.

Sakin deyir ki, onun mülkiyyətini ölçüb-biçdilər, ancaq konkret bir söz demədilər: "3 ildən yuxarı bar verən ağac ən azı 2000 manatdır. Hovuzumu yazdılar, 100-ə yaxın ağacımı yazdılar. Heç nə yoxdu. Bizə arayış da vermirlər. Əgər düzgün işləyirlərsə gətirib versinlər. Bu gün brinə deyir, sənə 100 000 verirəm, səhəri deyir, 120 000 verirəm. Dədəsinin puludu bu?"

"Mən onları indiyə qədər başa sala bilmirəm ki, bizim evdə hamam-tualet köhnədən var. Deyirəm ki, ekspert təyin edək, onun xərcini də mən çəkirəm. Siz deyən kimidirsə mən oranın pulunu istəmirəm. Deyir, yox, bu şiferdən qıraqdı. Deyirəm a kişi, bəs bu evin hamam-tualeti hara olub? Deyir, sən buranı təzə tikmisən. Buna görə mənim də payıma 200 manatdan düşür" - Cavid Buludzadə belə deyir.

Bu gün Ağ şəhərin danışan səsi bu sakinlərdi. Hansı ki, mülklərini dəyər-dəyməzinə onlardan almaq istəyən İcra Hakimiyyətinə qarşı təkbaşına mübarizə aparırlar. İstinad nöqtələri Mülki Məcəllə olsa da, qanunun onları qoruya bilmədiyi gecələrdə evlərinin keşiyini çəkirlər...