İzzətxanım Cabarlı

Müstəqil jurnalist

18 AİLƏ ÜNVANSIZ BİR TİKİNTİ ŞİRKƏTİNİN GİROVLUĞUNDA

12.11.2017 / Nə 2012-ci ildən davam edən tikinti bitmək bilir, nə də sakinlərin köçürülməsi

Dilarə Əliyeva küçəsi 141 ünvanında yaşayan sakinlərin evləri qəzalı vəziyyətdədir. Buna səbəb “FF 2011” MTK-nın həyata keçirdiyi tikintidir.

Həmin ünvanda yaşayan Ulduz Məmmədova deyir ki, şirkətdən birbaşa heç kim vəziyyətlə maraqlanmır, mənzil istismar sahəsi və icra hakimiyyəti vasitəsilə xəbər çatdırılır. Deyilənə görə, şirkət sakinlərə 300 AZN kirayə pulu təklif edir: “Deyirlər ki, bu pulu alın, bir aydan sonra sizinlə müqavilə bağlanacaq. Kim zəmanət verir ki, bir ay sonra mən müqavilə bağlamağa kimisə tapacam?!” Ulduz Məmmədova onlara iki ildən sonra burada tikiləcək binada ev vəd edildiyini deyir: “O vaxta qədər kirayə pulunu kim ödəyəcək?! Bu haqda danışan yoxdur”. Şikayətçi evinin təmir olunmasını və əvvəlki vəziyyətə qaytarılmasını istəyir.

83 yaşlı Fəridə Hacıyeva isə evinə girə bilmir, çünki evi mənzil istismar sahəsi tərəfindən qəzalı vəziyyətdə olduğu üçün möhürlənib. Hacıyeva deyir ki, evinin yerləşdiyi bu bina babası tərəfindən inşa olunub: “Bina 1896-cı ildə tikilib, divarların qalınlığı 90 santimetrdir, o vaxtdan bəri heç bir zəlzələ onu belə vəziyyətə salmamışdı”.

İndi onun evindən yalnız dörd divar qalıb. Əşyalarının bir qismi qəza zamanı yararsız vəziyyətə düşüb, bir qismi də evindən aparılıb. Kompensasiyaya gəlincə isə, o, təklif olunan məbləğlə də razılaşmır: “Pulumuzu vermirlər, mən hər kvadratına 1500 yox, daha çox istəyirəm.1500 manat təklif olunanda dolların kursu da aşağı idi, indi isə 2 dəfə artıb”.

Hacıyevanın yaşadığı tarixi binada 6 ailə məskunlaşıb. Şirkət ümumilikdə bu ünvanda yaşayan 18 ailəni köçürmək istəyir.

Zərərçəkən yalnız 18 ailə deyil

Dilarə Əliyeva küçəsinin digər sakinləri də “FF 2011” MTK-nın həyata keçirdiyi tikintidən ziyan görür. Dilarə Əliyeva küçəsi 180 ünvanında yaşayan Afət Nurəliyeva deyir ki, illərdir şirkətin tikinti işlərinin nəticəsində evi uçmaq təhlükəsi altındadır: ”Gəlirlər, baxırlar, gedirlər... Dəqiq söz deyən, bizimlə razılaşan yoxdur. Biz çox şey istəmirik, sadəcə pulumuzu versinlər”. Sakin deyir ki, onların şikayətlərinə məhəl qoyan da yoxdur:” Əsasən gecələr işləyirlər. Onlar işləyəndə elə bil 8-9 bal gücündə zəlzələ olur, divarlar silkələnir. İradımızı bildirik, bir-iki saat, uzağı bir gün dayanırlar, sonra yenə öz işlərini görürlər”.

Küçənin digər sakini Elmira Kazımovanın sözlərinə görə, köçürülmə məsələsi 5 ildir ki, aktualdır ,amma ortada nəticə yoxdur :”O şirkətin sahibi yalançıdır! Gah özünü Bakı merinin, gah Allahşükür Paşazadənin qudası, gah da kiminsə yaxın dostu kimi tanıdır ki, siz mənə heçnə edə bilməzsiniz”. ”FF 2011” MTK haqda tək məlumatı isə onun sahibinin adıdır: “Soyadını bilmirəm, amma bilirəm ki, adı Tamilla xanımdır”.

Nəsimi Rayon İcra hakimiyyəti məsələ ilə bağlı çoxsaylı zənglərimizi cavabsız qoyub.

4 il öncə…

Şirkətinin adı 4 il öncə də oxşar qalmaqalda hallanmışdı. Kinorejissor Şamil Mahmudbəyov Dilarə Əliyeva küçəsindəki evinin qəzalı vəziyyətə düşməsi ilə bağlı şirkəti məhkəməyə vermişdi. Bundan başqa, 2016-cı ildə Dilarə Əliyeva küçəsi sakini Əhməd Qurbanova vurulmuş ziyanın ödənilməsi ilə bağlı iddia qismən təmin edilmişdi. Şirkət haqqında tək məlumat isə sahibinin Tamilla adlı qadın olmasıdır.

Yenə Abutalıbovun sərəncamı…

Təklif edilən kompensasiya məbləğinin qanunlara uyğunluğu ilə bağlı hüquqşünas İntiqam Əliyev Avropa İnsan Haqqları Məhkəməsinin Azərbaycanla bağlı bir neçə qərarında oxşar söküntülərlə bağlı təyin olunmuş kompensasiyanı ədalətli hesab etməyərək 1 saylı Protokolun pozuntusunu tanıdığını deyib: “Bu cür söküntülərin hüquqi əsası kimi Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının “Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi məqsədilə 76 saylı sərəncamına istinad olunur. Həmin sənəddən belə bəlli olur ki, göstərilən ünvanlarda yerləşən mülkiyyətçilərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 1500 manat məbləğ müəyyən edilib. Nə Bakı Şəhər İcra Hakimiyyətinin, nə başqa bir qurumun nə də prezidentin birtərəfli qaydada, inzibati yolla vətəndaşın, sökdüyü, özü də qanunsuz sökdüyü evinə qiymət vermək səlahiyyəti yoxdur”.

Hüquqşünas əlavə edib ki, bu ərazidə yerləşən mülklərin söküntüsü həmçinin dövlət ehtiyacları tələbinin altına da düşmür: “Dilarə Əliyeva küçəsindəki insanların mülklərinin onlardan alınmasının dövlət ehtiyacları ilə bağlılığı olmadığı üçün onlar öz mülklərini istənilən qiymətə satmaqda azaddırlar. Ona görə, dövlətin icra hakimiyyəti qurumları və ya onların himayəsində olan müxtəlif kommersiya şirkətləri vasitəsilə vətəndaşa şəhərin mərkəzindəki mülkünün hər kvadrat metrinə görə 1500 manat təklif etməsi qanunsuzluqdur, özbaşınalıqdır, soyğunçuluqdur”.

İntiqam Əliyev mülkiyyət hüququna qəsdlərin kütləvi xarakter aldığına diqqət çəkir: “Qanunsuzluq edən qurumlara və şəxslərə ən yüksək səviyyədə himayə olunması insanları səmərəli müdafiə vasitələrindən məhrum edib. Məhkəmə qərarları olmadan, polis qüvvələri cəlb olunmaqla və ya mülklərini bilərəkdən yararsız hala salmaqla insanların yaşadıqları mənzillərdən zorla çıxarılmaları, mülklərin sökülməsi, məhv edilməsi hallarının geniş yayılması və bu cür qanunsuzluqlarla bağlı verilən şikayətlərin ucdantutma rədd edilməsi insanları əlverişsiz vəziyyətə qoyur”.

Hüquqşünas çıxış yolunu haqqı pozulan insanların Avropa İnsan Haqqları Məhkəməsinə müraciətində görür: “Vətəndaşlar dövlət orqanlarının qanunsuz tələblərinə riayət etməyəcəkləri halda belə, bütün hallarda evlərinin söküləcəyi və küçədə qalacaqları təhlükəsinin real olduğunu nəzərə alaraq, bu kompensasiyanı alıb, sonra ölkədaxili məhkəmələrdə onu mübahisələndirə və şikayəti Avropa Məhkəməsinə daşımaqla normal kompensasiyaya ümid edə bilərlər”.