YENİ AVTORİTARİZMİN ZİDDİYYƏTLƏRİ

09.05.2017 /

1989-cu il inqilablarının hələ də təsirində olan bir gənc bolqar elm adamı kimi mən 1991-ci ilin əvvəllərində Oksfordun Müqəddəs Antoni Kollecinin kitabxanasında oturub Seymur Martin Lipsetin klassik "Siyasi adam" kitabını oxuyurdum. Bu, unudulmaz dövrdə gündəlik qəzet oxumaq siyasət elmini oxumaqdan daha maraqlı idi, bəlkə də məhz bu səbəbdən Lipsetin analizi mənə belə demək mümkünsə, bir az küt görünmüşdü. Yalnız indi mən başa düşürəm ki, bu, sosial elmlərdə hər bir klassik kitabın başına gələcək bir qəzavü-qədərdir. Birinci səhifəni açmamışdan sənə elə gəlir ki, artıq bunu lap çoxdan oxumusan, ola bilər o, ilk nəşr olunduğu dövrdə inqilabi nəticələr ortaya qoyub, lakin onilliklər keçəndən sonra bayağı və adi təsir bağışlayır. Beləliklə, Lipsetin əsərilə ilk tanışlığımda mən məxsusi olaraq nə kitabdan, nə də müəllifdən təsirlənmişdim.

Hərçənd Lipseti 20 ildən sonra təkrar mütaliə edərkən, mən kəşf etdim ki, o, nəinki düşüncəsinin orijinallığı baxımından, həmçinin şəxsiyyətinin müdhiş gücü baxımından da çox heyratamizdir. Lipset bu gün bizim hədsiz ehtiyacımız olan intellektual tipinin mücəssəməsidir. O, həm özünün marağı, həm də ciddiliyi ilə heyran edir. Elm həyatı boyunca, o, özünü maraqlandıran hər şeyi tədqiq etməyə və nəşr etməyə müvəffəq olub. O, bir balkan qaçaqmalçısı kimi asanlıqla bütün vacib sərhədləri aşa bilib. O, ehkamçı olmadan ardıcıl, tərəfkeş olmadan siyasi ola bilib və o, həm akademik tərəf müqabillərinə, həm də ictimai düşüncəyə təsir göstərməyə müvəffəq olub. Qısacası, Lipset özlərini "dünyayla bəhsə girməyə" həsr edən Amerikanın ən yaxşı ictimai intellektuallar nəslinin nümayəndələrindən biriydi.

İvan Krastev 2010-cu ilin oktyarında Vaşinqtondakı Kanada səfirliyində və Toronto Universitetindəki Munk Xarici İşlər Məktəbinin Beynəlxalq Əlaqələr Mərkəzində hər il keçirilən Dünyada Demokratiya Seymur Lipset Martin mühazirələrinin yeddincisini deyib.

2006-cı ildə vəfat edən Seymur Martin Lipset keçən əsrin ikinci yarısında ən nüfuzlu sosial alimlərdən və demokratiya mütəxəssislərindən biri idi. Lipset Kolumbiya, Kaliforniya-Berkli, Harvard, Stenford və Corc Meyson kimi universitetlərdə dərs deyib. O, "Siyasi adam", "İlk Yeni Xalq", "Məntiqsizlik siyasəti" və "Amerikan Eksepsionalizmi: iki tiyəli qılınc" kimi kitabların müəllifidir. Lipset həm Amerikan Siyasi Elmlər Assosiasiyasının (1979-80), həm də Amerikan Sosioloji Assosiasiyasının (1992-93) prezidenti olan yeganə şəxsdir.

Elm adamının əsərləri müxtəlif mövzuları əhatə edib: o, demokratiyanın sosial şərtlərindən tutmuş, iqtisadi artım, siyasi mədəniyyət, sosializmin təməlləri, faşizm, inqilab, üsyan, xurafat, ekstremizm, sinfi münaqişə, struktur və səfərbərlik və s. mövzularda yazıb. Lipset müqayisəli siyasətdən yazan pionerlərdəndir, onun Şimali Amerikanın iki demokratiyası barədəki müqayisəli analizləri çox müstəsna əhəmiyyət kəsb edir. Onun Kanadanı ABŞ-la müqayisəyə çəkərək etdiyi araşdırmalar həqiqətən çox heyratamizdir. Ən çox "Qitə bölünməsi"ndə öz əksini tapan Kanadanın ABŞ-la müqayisəli analizi sayəsində, o "Kanadalı Tokvil" kimi xatırlanmağa başlanıb.

Özünün avtobioqrafik essesi "Ardıcıl iş"də Lipset yazırdı:

"Məktəb və universitet illəri vaxtımda mən bir Trotskiçi, yaxud solçu kimi üç sualın cavabını axtarırdım. Ən əhəmiyyətlisi bu idi - niyə Sovet İttifaqında Bolşevik inqilabı repressiv və istismarçı cəmiyyətə gətirib çıxardı?.. Məni narahat edən ikinci sual beləydi: niyə demokratik sosializm cərəyanı... sosializmdən o yana keçəcək siyasətə sadiq qala bilmədi?.. Üçüncü sual isə beləydi - nəyə görə ABŞ-da heç zaman böyük sosialist partiyası olmayıb?.. Bu sualların cavablarını tapmaq cəhdləri mənim akademik karyeramın böyük qismini əhatə edib".

Bu suallara cavab vermək və bütün ömrü boyunca onlarla çarpışmaq Lipset üçün dünyayla əlaqədə olmaq forması idi. Bu, ola bilsin bizim üçün də izləməkdən ötrü yaxşı modeldir, hətta tapdığımız cavablardan şübhə duysaq belə. Beləliklə, Lipsetin Xatirə Mühazirəsində mənə verilən fürsətdən istifadə edərək, bəndənizi yaxınlaracan maraqlandıran 3 suala müraciət etmək istərdim. 1) Nəyə görə demokratiya erasında avtoritar rejimlər yaşaya bilirlər? 2) Nəyə görə siyasət elmi belə rejimlərin müqavimətini sezməkdə uğursuz olub? 3) Nəyə görə müasir avtoritarizmə müqavimət göstərmək çətindir?

Müşahidələrimin böyük əksəriyyəti xüsusən Rusiyanın post-kommunist təcrübəsinə əsaslanacaq. Yeni avtoritarizmin problemlərini göstərməyə cəhd edən mühazirədə Rusiyaya fokuslanmaq çoxuna təəccüblü gələ bilər, belə ki, ədalətlə söyləsək, tarixdə Rusiyanın dövranı artıq keçmişdə qalıb. Siyasi alim Stefen Holmsun iddia etdiyi kimi, "Demokratiya və avtoritarianizm arasındakı Soyuq Müharibədən qalma ideoloji qütbləşmə, Rusiyanın siyasi reallığına tətbiq ediləndə aşkara çıxmaqdansa, daha da gizli qalır". Bu, onu göstərir ki, demokratiya və avtoritarianizm arasındakı haçalanma Moskvadakı hazırkı rejimi - zəif cəmiyyətə zəif tellərlə bağlanan zəif dövləti - başa düşməkdə bizə o qədər də yardım edə bilməz. Həmçinin Rusiya yeni avtoritarianizmin cəlbediciliyini izah etmək baxımından yaxşı nümunə deyil, çünki o, avtoritarianizm dəbinin geriyə qaytarılması nöqteyi-nəzərindən trend yaradan deyil. Kommunist sifətli Çin kapitalizmi ilə müqayisədə Rusiya avtoritarianizmi küt və bayağı görsənir. Çin eksperimental və yenilikçi olduğu təqdirdə, Rusiya kəsafətə bürünüb. Rusiya böyük güc kimi təkcə öz statusunu deyil, həm də özünün əsrarəngiz aurasını itirib.

İstifadəçiylə dost avtoritarizm

Əgər Rusiya artıq nə trend yaradan, nə də intellektual sirr deyilsə, bəs onda biz niyə müasir avtoritarizmin ziddiyətlərini anlamaq üçün Rusiyaya fokuslanmalıyıq? Bu sualın cavabı 3 səbəbdə gizlidir.

Birincisi, Robert Kaqanın müşahidə etdiyi kimi, Rusiya tarixin sona yetdiyi, həm də tarixin geri qayıtdığı yerdə dayanmışdı. Bu mənada son iki onillikdə Rusiyanın siyasi təcrübəsi bizim demokratiyanı və avtokratiyanı başa düşməyimizdə həlledici rol oynayır. Rusiyada 1990-cı illərdə inkişaf etməkdə olan hadisələr bizim demokratiyanın qlobal miqyasda təşəkkül tapacağına dair ümidlənməyimizə səbəb olmuş, 2000-lərdə isə ölkədə demokratiyanın uğursuzluğa düçar olması, bir çoxlarının demokratiyanın qlobal miqyasda inqilab edəcəyinə dair düşüncələrini dəyişmələrinə gətirib çıxarmışdı. Məhz bu nöqteyi-nəzərdən, Çin avtoritarizminin populyarlığının səbəblərini izah etməkdənsə, Putin avtoritarizminin aldadıcı təbiəti dünyanın hara getdiyini anlamaq baxımından daha vacib ola bilər.

İkincisi, Rusiya həm də ona görə maraqlı nümunədir ki, o, yeni müqayisəvi avtoritarizmin açar xüsusiyyətlərini özündə ehtiva edir. Rusiya rejimi sadəcə qədərində repressivdir. Putinin avtoritarizmi "vegeteriandır". Siyasi repressiyalar mövcud olsa da, insan hüquqları təşkilatları jurnalistlərin və digər rejim opponentlərinin təqiblərə məruz qaldıqlarını sənədləşdirsələr də, bu gün rusların tarixlərində heç vaxt olmadıqları qədər azad olduqlarını demək haqsızlıq olmazdı. Vətəndaşlar səyəhatə edə, Çindən tutmuş İrana qədər sərbəstcəsinə sörfinq edə bilərlər, dövlət internetə nəzarət etməyə çalışmır - hər kəs "rüşvət vergisi"ni ödəmək şərtilə bizneslə məşğul ola bilər. Sərhədləri bağlı, yalnız özündən ibarət olan Sovet İttifaqından fərqli olaraq, Rusiya sərhədləri açıq olan açıq bazardır. Demək olar, 10 milyon rus müntəzəm olaraq hər il səyahət edir.

Putin rejimi həmçinin qeyri-ideolojidir. Kremlin ideologiya quraşdırmaq baxımından ən ambisiyalı layihəsi "suveren-demokratiya" konseptinin taleyi bu mənada ən yaxşı nümunədir. İstənilən siyasi rejim kimi Putin Kremli də kollektiv kimlik yaratmaq üçün dəridən-qabıqdan çıxır, gah millətçi damarlara toxunur, gah Sovet nostalgiyasına müraciət edir, lakin hər halda ABŞ-dan dərs almayağıq deyə iki ayağını bir başmağa dirəyib israr etmək ideologiya sayıla bilməz. Rusiya elitasının bir müddət əvvəl "suveren demokratiya" şüarını dəyişib "modernləşmə”yə keçid etməsi, mövcud rejimin post-ideoloji xarakterini gözlər önünə sərir. Bu özü də bir variantdır - əlbəttə ki, Qərb demokratiyasına alternativ olmayan - və o, bəzi əsas demokratik institutlara adaptasiya olunmağa müvəffəq olub, ən diqqətçəkən məqam kimi öz məqsədləri üçün onun seçkilərdən sui-istifadəsini göstərmək olar.

Üçüncüsü, həm elitasının, həm xalqının uğurlu kimi qəbul etdiyi Çin rejimindən fərqli olaraq, Rusiyada elita da, xalq da Putin rejiminin qeyri-funksional və bəhrəsiz olduğunu düşünür, amma rejim yaşamaqda davam edir. Rusiyanın Levada Mərkəzinin təzəlikcə keçirdiyi son sorğuya əsasən, əksəriyyət cari vəziyyəti durğunluq kimi qiymətləndirir. Bu gün Rusiya avtoritarizminin ziddiyyəti odur ki, onun düşmənlərindən heç də az olmayan dəstəkçiləri rejimin yıxılıb baş-gözünü əzdiyini gizlətmir, amma hələlik o, huşsuz da olsa, heç nə olmamış kimi zar-zor yeriyir. Bəs nəyə görə insanlar demokratik dəyişikliyə keçməkdənsə, belə "zombi avtoritarizmi" qəbul etməyə hazırdırlar? Bu məhz elə Putin Rusiyasının dünyaya verdiyi sualdır. Rusiya avtoritarizminin ziddiyyətli təbiəti - onun stabil və qeyri-funksional, açıq və qeyri-ideoloji olması demokratiya erasında avtoritarizmin nəyə görə ayaq üstə qaldığını və müasir avtoritar rejimlərə qarşı getməyin nəyə görə belə çətin olduğunu başa düşməkdə bizə çox yardımçı ola bilər.

Gözlənilməz möhkəmlik

Birincisi, gəlin bu suala cavab tapmağa çalışaq: nəyə görə demokratiya nəzəriyyəçiləri avtoritarizmin möhkəmliyini görə bilməmişdilər?

Seymur Martin Lipsetin çoxsaylı kitabları və məqalələri arasında biri çox zaman diqqətdən kənarda qalıb. Bu, onun 1994-cü ildə Macar filosofu və keçmiş dissident Georgi Bens ilə birlikdə yazdığı kitabçadır. Bu esse nəzəriyyə kimi deyil, nəzəriyyəçilər üçün bilik mənbəyi kimi nəzərdə tutulub. Burada qoyulan sual ondan ibarətdir ki, nəyə görə siyasət elmi kommunizmin çöküşünü görməyə müvəffəq olmamışdı.

Lipset siyasi elmin belə ağır uğursuzluğuna iki əsas səbəbi irəli sürürdü. Birincisi, Soyuq Müharibə dövründə Sovet sisteminin stabilliyinə dair güman Qərbdə ideoloji konsensus kimi üstünlük təşkil edirdi. Siyasi sağ Sovet sisteminin effektiv repressiyalar səbəbindən dayanıqlı olduğuna inanırdı və həmişə KQB, yaxud ordu kimi Sovet institutlarını qəddar, ağıllı və effektiv olduğunu təsvir etməyə meyilli idi. Bu, sağın aldanışı idi. Siyasi sol isə Sovet İttifaqının bərabərçi cəmiyyət olmaqla insanları pulsuz təhsil və səhiyyəylə təmin etdiyi fikrini qəbul edir, Sovet sistemindəki sosial qanunauyğunluğu şişirtməyə meyl edirdi. Bu da solun aldanışı idi. Beləliklə, Soyuq Müharibə günlərində məsələ kommunizmə gəldikdə, demək olar ki, hər şeydə bir-birilə razılaşmayan sol və sağ yalnız Sovet İttifaqının dayanıqlı olmasında razılaşırdılar.

Lipset və Bensen ikinci səbəb kimi Sovet dünyasını diriymiş kimi araşdıran kəslərin institutsional qeyri-obyektivliyini göstərirlər. Siyasi akademiklər Sovet sisteminin necə işləməsi məsələsində istisaslaşmışdılar, ancaq onun çöküşü ehtimalında kor idilər. Soyuq Müharibə dövrünün siyasət elmi Sovet İttifaqının davamlı yaşayacağını sadəcə olaraq birmənalı surətdə qəbul etmişdi. Onun yaxınlaşmaqda olan çöküşünü isə akademiyadan kənarda olanlar - jurnalistlər, dissidentlər və siyasi aktivistlər əvvəlcədən görmüşdülər.

Tarixin göstərdiyi kimi, Sovet İttifaqı sovetoloqların gümanlarının əksinə olaraq, stabil deyildi. O, qəfildən aşınmağa başlayana qədər belə görünürdü ki, o, əbədi yaşayacaq. 1989-cu ilin ilahi sürprizi elm adamlarına göstərdi ki, qaya kimi sərt görünən SSRİ, sən demə, həmişə kövrək bir şey olubmuş. Poladdan düzəldildiyi güman edilən şey, sən demə, kağızdan düzəldilibmiş.

Bir vaxtlar kommunist rejimlərin irsən dayanıqlı olduqlarını güman edən sovetoloqların güzgüdəki əksləri kimi, əksər demokratiya nəzəriyyəçiləri də Soyuq Müharibənin sonundan üzü bəri bugünkü avtoritar rejimləri irsən kövrək hesab edirdilər. Buna görə də, Rusiya və Çin kimi yeni avtoritar rejimlərlə bağlı istənilən ciddi yenidən dəyərləndirmə ehtimalların ciddi şəkildə saf-çürük edilməsindən başlanmalıdır, o ehtimalların ki, bizə avtoritarizmin tarixin küllərindən yarandığını qiymətləndirməyə imkan versin.

Samuel P.Hantinqton bu rejimlərin bir qayda olaraq fani təbiətli olduğunu 1991-də ən yaxşı müşahidə edənlərdən biri idi: "liberallaşmış avtoritarizm stabil müvazinətli deyil: yarım ev ayaq üstdə dura bilməz". Əgər avtoritar rejimlər "performans göstərməsələr, legitimliklərini itirərlər, çünki onların əldə güc tutmasına haqq qazandıran yeganə şey performansdır".

Nəyə görə biz bugünkü avtoritar rejimlərin hədsiz qeyri-stabil olduğuna inanırıq? Birinci arqument modernizasiya nəzəriyyəsinin nüvəsindən irəli gəlir və o, "Lipset hipotezisi" adnlandırıla bilər. Müasirləşmə nəzəriyyəçiləri demokratiyanı müasirlik qablaşdırmasının vacib elementi kimi görməyə meyilldirlər, bura həmçinin urbanistləşmə, sənayeləşmə, sekulyarlaşma daxildir. Özünün əsas işində Lipset yüksək gəlirin və iqtisadi inkişafın demokratiyanın davamlı olması şanslarını artırdığını irəli sürür. O, həmçinin demokratiya və kapitalizm arasında seçkili yaxınlığın olmasında israr edir. Beləliklə, kapitalizmin qlobal miqyasda genişlənməsi və inkişaf etməkdə olan ölkələrdə gəlirlərin görünməmiş miqyasda artması avtoritar rejimlərin müvəqqəti fenomenlər olduqları gözləntisini gücləndirir. Ən sonuncu araşdırma cəmiyyətlərin varlandıqca, dəyərlərin demokratiyaya dost olan yollar boyunca dəyişdiyi anlayışını dəstəkləyir.

Avtoritar rejimlərin köhnəlməsinə dair ikinci arqument "açıqlıq effekti" kimi xarakterizə edilə bilər. Özünün ətraflı surətdə bəhs etdiyi məşhur "J Curve" kitabında Yan Bremmer azad ticarət, azad səyahət və informasiyanın azad ötürülməsi şərtləri altında ancaq demokratik rejimlər dayanıqlı ola bilərlər ideyasını irəli sürür. Əgər avtokratik rejimlər dayanıqlı olmaq istəyirlərsə, onlar ya öz "qapılarını" bağlamalıdırlar (burada təkcə coğrafi sərhədlər deyil, onların qalan dünyayla çoxtərəfli təsirlənmə formaları da nəzərdə tutulur), ya da özlərinin siyasi sistemlərini açmalıdırlar.

Bizi avtoritarizmin köhnəliyə pərçim olunduğunu fərz etməyə sövq edən üçüncü arqument "imitasiya arqumenti"dir. Rusiya nümunəsində göstərdiyimiz kimi son iki onillik ərzində avtoritar liderlər demokratik institutları imitasiya etməyə və demokratik dilə yiyələnməyə çalışıblar. Hakimiyyətdəkilərin hesabladığı kimi seçkilər keçirmək onların qəbullanmasına gətirib çıxaracaq və real dəyişiklik üçün beynəlxalq təzyiq zəif olacaq. İmitasiya arqumentinin müdafiəçiləri israr edirlər ki, demokratik institutları müəyyən formalarda və dərəcələrdə mənimsəməklə belə idarəçilər qaçınılmaz olaraq özlərinin seçkili avtoritar rejimlərini risk altına alırlar. Deyilənə görə, bir dəfə Anton Çexov özünün dramaturq dostlarına belə məsləhət verib: "Əgər sən birinci səhnədə tüfəngi divardan assan, onda sonrakı səhnədə ondan atəş açılmalıdır". Siyasət alimləri mübahisəyə girirlər ki, əgər avtoritar rejimlər seçkiləri və digər demokratik institutları mənimsəyirlərsə - hətta ən məhdud, manipulyativ formalarda belə olsa- hansısa məqamda bu demokratik institutlardan "atəş açılacaq". Hətta ən pozğun formada belə olsa, demokratik institutların mövcudluğu, ən nəhayət, onların zəif yerindən vuracaq.

Beynəlxalq mühitin dəyişməsi – bu, "geopolitik istiləşmənin" nəticəsidir - bir başqa arqumenti də bundan ibarətdir ki, avtoritar rejimlər demokratikləşmə çağında tab gətirə bilməyəcəklər, necə ki, Buz Dövründə dinozavrlar tab gətirməyə müvəffəq olmadılar. Sovet İttifaqının ölümü və Soyuq Müharibənin sonu avtokratları onların xarici himayədarlarından məhrum edib.

Bütün bu səbəblərdən dolayı, 20-ci əsrin sonlarında siyasət alimləri avtokratik rejimlərin uğursuzluğa düçar olacaqları inancına meyil etmişdilər. Ancaq avtoritarizmin sonu lap əvvəldən gözlənilsə də, o, hələ də mövcuddur. Ona görə də niyə demokratiya çağında avtoritar rejimlər tab gətirir və hətta çiçəklənirlər sualı yenidən soruşulmalıdır.

İzahlar axtarışında

Son illərdə Ceyson Braunli, Stiven Levitski və Lukan Vey kimi elm adamları 21-ci əsrdə avtoritar rejimlərin sağ qalmasında hansı faktorların rol oynamasını müəyyən etmək üçün çoxsaylı töhvələr veriblər. Braunli göstərdi ki, "çoxpartiyalı seçkilərlə avtoritarizmə keçid... tam demokratiyaya fərqində olmadan addımlamaq demək deyil, ancaq eyni zamanda da barmaq edilmiş seçkilər beynəlxalq təzyiqi azaltmaqla və müxalifətə şəkilləndirməklə idarəçiləri avtomatik olaraq mühafizə etmir". Qısacası, saxta demokratiya avtoritar rejimləri həm gücləndirə, həm də zəiflədə bilər.

Levitski və Vey müqayisəvi avtoritarizm barədəki çoxsaylı nümunələri öyrənməklə bu nəticəyə gəldilər ki, Qərbin rıçaqlarının məhdud olduğu və Qərblə əlaqələrin zəif olduğu ölkələrdə avtoritar rejimlərin yaşamaq şansları artır. Repressiyaya qadir funksional dövlətin mövcudluğu və effektli hakim partiyanın mövcudluğu avtoritar rejimlərin yaşamaq imkanlarını artıran digər vacib faktorlardır. Heç zaman Qərbin müstəmləkəsi olmayan, böyük, nüvə silahlı, vahid hakim partiya ilə idarə olunan və tələbələr əsas meydana axışanda onları güllələməyə hazır olan belə ölkələri sıxışdırmaq çətindir. Kiçik və zəif, Avropa Birliyinin, yaxud ABŞ-ın sərhədində mövcud olan, Beynəlxalq Valyuta Fondunun borclarına ehtiyac duyan, iqtisadi və mədəni baxımdan Qərblə əlaqələri olan, güclü vahid partiyadan məhrum və tələbələri güllələmək istəməyən və yaxud bacarmayan ölkələrdə avtoritarların hakimiyyətdə qalması çətin məsələdir.

21-ci əsrin avtoritarlarının strategiyalarını və yaşamaq qabiliyyəti barədə anlayışımızı artırarkən, Levitski və Vey bu rejimləri sıxışdırmağın nəyə görə çətin olduğu sualıyla maraqlanmırlar. Nəyə görə hətta qeyri-populyar qeyri-demokratik rejimlər bir çox halda kütləvi siyasi etirazlarla üzləşmirlər? Demokratiya və avtoritarizm arasındakı müxalifət məsələsi barədə düşünərkən, demokratiya nəzəriyyəçiləri iki fərziyyəyə sürüklənməklə (ki, bunlar bütün müxalifətlərdə mövcuddur) tələyə düşə bilərlər, nədir bu yanlış fərziyyələr: birincisi, avtoritar rejim çökəndə demokratiya təbii olaraq heç nədən ortaya çıxacaq; ikincisi isə demokratiyanın inkişafı uğursuzluğa uğrayarsa, avtoritar güclər mütləq günahlandırılacaqlar.

Paradoksal olaraq, müasir avtoritarizmin yaşamaq qabiliyyətini başa düşmək üçün biz avtoritarizm demokratiyaya qarşı dixotomiyasından istifadə etməkdə çox ehtiyatlı davranmalıyıq. Həqiqət budur ki, bugün avtoritarizm ən yaxşı demokratiya və avtoritarizm arasındakı sahibsiz topraqlarda daha yaxşı cücərir.

Mənim irəli sürmək istədiyim nədir? Bu gün avtoritar rejimlərə qarşı müqavimətin zəif olması qorxulu faktor olan effektiv repressiyalardan irəli gəlmir, bu, rejimlərin məhz açıq olmasından qaynaqlanır. Demokratik nəzəriyyənin ənənəvi ehtimalının əksinə olaraq, sərhədləri açmaq avtoritar rejimləri laxlatmaqdansa, daha dayanıqlı edir. Eyni şəkildə mən göstəməyə çalışacam ki, yeni avtoritar rejimlərin qeyri-ideoloji təbiəti onların daha kövrək etməkdənsə, daha da gücləndirə bilər.

İdeologiyanın qüsuru

1979-cu ilin noyabrında "Commentary" jurnalında yazdığı məşhur "Diktaturalar və İkili Standartlar" essesində Jan Kirkpatrik irəli sürürdü ki, inqilabi ideologiyaların bünövrəsində qurulmuş totalitar rejimlər ənənəvi avtoritar rejimlərdən təkcə daha repressiv deyillər, həm də onların liberallaşması, yaxud demokratikləşməsi daha müşkül məsələdir. Onun fikrincə, ideologiya bu rejimlərin legitimliyi üçün ülvi bir mənbədir və onlara teokratiyanın bəzi keyfiyyətlərini bəxş edir.

İdeologiya həmçinin hakim elita arasındakı həmrəyliyi mühafizə etmək üçün imkanlar yaradır. Ken Yovittin bəhs etdiyi "düz partiya xətti" demokratik prosedurların Qərbə vermədiklərini Leninist rejimlərə verə bildi. Avtokratik rejimlərdə qeyri-stabillik üçün ən təhlükəli mənbə olan vərəsəlik problemini mövcud olan ideologiyadan doğan vahid partiya həll edir. Hakim ideologiya siyasi mobilləşmə üçün vasitə kimi xidmət edir. Sovet İttifaqının tarixinin göstərdiyi kimi bəzən onun uğrunda ölmək, onun altında yaşamaqdan daha asan idi. II Dünya Müharibəsi dövründə Sovet xalqlarının qəhrəmanlığı ideoloji avtoritarizmin nəhayətsiz gücünü gözlər önünə sərirdi.

İdeologiya anlayışının avtokratik rejimlər üçün güc mənbəyi olması düşüncəsi Soyuq Müharibə dövründə Qərbdə o qədər öz əksini tapmışdı ki, hansısa bir nəfər post-Sovet elitasının kommunist ideologiyasını köhnə rejimin ən zəif cəhətlərindən biri kimi gördüyünü bilsə, təəccübə qapılardı. SSRİ-nin çöküşü avtokratik rejimlərdə ideologiyanın iki istiqamətdə aşındığını göstərdi: o, elitaların islahat xülyalarını yemləyir və rejimin opponentlərinə elə bir dil və platforma verirdi ki, bir idelı əsas götürməklə rejimə qarşı mübarizə aparmalarına imkan yaransın.

Son 20 ildə Mixail Qorbaçovun inqilabının təbiəti ilə bağlı minlərlə kitab yazılıb. Lakin mənim zənnimcə, Qorbaçovun islahatlara başlamasının səbəbi onun kommunizmə inamının itməsində deyildi, o sadəcə həqiqətən qəti surətdə inanırdı ki, yaratmağa ümidləndiyi əsl sosializmin Qərbdəki demokratik kapitalizmdən daha üstün olduğunu isbatlayacaq. İdarəçilərin yuxarıdan etdiyi islahatlar adətən onların reallığı düzgün şəkildə qavramasından deyil, yanlış sezgilərindən qaynaqlanır.

İdeologiya elitaların bir qisminin islahatçı xülyalarını yemləyir və həmçinin müxalifətə rejimə aşağıdan təzyiq göstərə biləcəyi barədə diskurs verir. Bir qayda olaraq Sovet blokundakı dissidentlər bir vaxtların inananları olublar: Marksist rejimlərə köklü surətdə qarşı gəlməzdən qabaq, onlar adətən bu rejimləri elə Marksizmin diliylə tənqid edirdilər. Bir kimsə Praqa Baharının, yaxud Solidarnost hərəkatının "özünü-məhdudlaşdıran inqilabi" gücünü, bu hərəkatların şüurlu "dialektik" təbiətini dərk etmədən anlaya bilməz. 1989 inqilabları kommunist elitalarla, müxalifətin müştərək məhsulu idi, kommunist elitalar öz rejimlərini islah edə biləcəklərinə inanaraq onun ölümünə töhvə vermiş, müxalifət isə reallıqda kökünü tam qazımağı arzu etdiyi halda, guya islahat istədiklərini qələmə verməklə rejimin sonuna çıxmışdı.

Putin rejiminə qarşı çıxmaq məhz o səbəbdən çətindir ki, onun Kremlin istehsal etdiyi mənasız söz yığınından başqa bir ideologiyası yoxdur. İctimai əlaqələr üzrə ekspertlər ideoloq roluna uyğun gəlmirlər, çünki ideologiya reklam kampaniyasından fərqli olaraq, müəlliflərin inanmalı olduğu bir şeydir. Yeni avtoritar rejimlərin hansısa real ideologiyaya sahib olmaması, onların özlərini nəyə görə korporasiya kimi gördüklərini izah edir. Hakimiyyətdə qalmaq üçün onlar ictimai maraq ideyasının özünün kökünü qazımağa çalışırlar. Bu konteksdə bazarın əsas tutulması yeni avtoritar kapitalizmi sarsıtmır, o hətta onu gücləndirə bilər. Əgər ictimai maraq milyonlarla fərdin öz şəxsi maraqlarından irəli gələn, niyyətində olmadıqları nəticədən başqa bir şey deyilsə, o zaman ictimai maraq xatirinə edilən istənilən qurban mənasızdır.

Yeni avtoritar rejimlərin hansısa ideologiyadan məhrum olması demokratik dünyanın onları sıxışdırmaqda niyə həvəssiz olduğunu müəyyən qədər izah edir. Belə rejimlər özlərinin siyasi modellərini ixrac etməyə çalışmırlar və buna görə də təhdidkar deyillər. Onlar dünyanı dəyişdirmək, yaxud özlərinin sistemlərini başqa ölkələrdə tətbiq etmək istəmirlər. Beləliklə də, münaqişənin mehvəri bu gün azad dünyanın avtoritar dünyana qarşı qoyulduğu demək deyil, bu daha çox azad dünyayla azadlığa istiqamətlənən dünya arasındakı məsələdir.

Açıq sərhədlərin qüsuru

İslahatların avtoritarizmi astagəl ölümə, yaxud qəfil çöküşə düçar edəcəyindən başqa, açıq sərhədlərin avtokratiya üçün ölümcül olacağı fərziyyəsi da var. 19-cu əsrin ortalarında fransız aristokratı Markiz de Kustin öz mühafizəkar ideyalarına hami tapmaq məqsədilə 1839-cu ildə Rusiyaya getmiş, geriyə isə konstitusiyanın müdafiəçisi kimi qayıtmışdı, o, artıq deyirdi ki, "Rusiyanın siyasi sistemi Qərbi Avropayla 20 il azad əlaqədə olsa, tab gətirə bilməz". Onun deyimi bu gün artıq ümumi qənaətdir - açıq sərhədlər insanlara başqa cür həyat tərzlərini görməyə, bunun üçün mübarizə aparmağa və beləliklə, dəyişikliklər üçün tələbkar olmağa həvəsləndirir. Açıq sərhədlər həmçinin insanların xaricdən yardım almağını da asanlaşdırır.

Ancaq həqiqətənmi açıq sərhədlər avtoritar rejimləri sarsıdır? İosif Stalin buna birmənalı olaraq inanırdı. O, yeganə günahları Qərbi və Mərkəzi Avropanı görmək olan milyonlarla sovet əsgərini QULAQ-a göndərmişdi. Amma Putin Stalin deyil. O, Rusiyanı insanların səyahətdən məhrum edərək idarə etmir; o, insanlara səyahət etməyə imkan verərək idarə edir. Açıq sərhədlər dövlətə manipulyasiya və təqib etməkdə bəzi məhdudiyyətlər yaradır, ancaq o həm də rejimin yaşamasına da imkanlar yaradır.

Düz 40 il bundan qabaq iqtisadçı Albert O.Hirşman özünün möhtəşəm "Tərk ediş, Səs və Sədaqət" kitabında Nigeriyada dəmir yollarının yük maşınları və avtobuslarla rəqabətdə niyə pis nəticə göstərdiyini izah etmişdi.

Hazır alternativin mövcudluğu dəmir yolu daşımalarını çoxaltmaqdansa, azaldır, çox güman, dəmir yolunun zəiflikləri nazıyla oynanılmağını gözləməkdənsə, mübarizə aparmalıdır. Əgər yük maşını və avtobus daşımaları mövcuddursa və əgər dəmir yolları uzun daşımalarda monopoliyanı öz əlində saxlamırsa, dəmir yollarında meydana gələn əngəllər o qədər də ciddi məsələ sayılmayacaq - ... administrasiyada və idarəçilikdə islahatlar tələb edən güclü ictimai təzyiq olmadan, dəmir yolsuz uzun müddət də keçinmək olar. Ən yaxşı rəqabət göstərməli olan nəqliyyat və təhsil sahələrində ictimai təşəbbüsün uzun müddət qəribə şəkildə zəif qalmasının səbəblərini... bəlkə də bu, izah edir: təkmilləşdirmək, yaxud ən yüksək icranı təşviq etmək əvəzinə, ictimai təşəbbüsün xidmətləri üçün hazır və tətmin edən bir alternativin mövcud olması, onu sadəcə yaxşı bir fidbek mexanizmindən məhrum edir.

Hirşmanın fikrincə, təşkilatların istehlakçıları, ya üzvləri aldıqları məhsulların, yaxud qəbul etdikləri xidmətlərin xarablaşmasına iki cür müxalif cavab verirlər. Birincisi, tərk etməkdir - sadə olaraq çıxışdır, məsələn, başqa şampun almaq, partiyadan istefa vermək, yaxud ölkəni tərk etmək. Səs, bunun tərsi olaraq, şikayət etmək, yaxud etiraz etməkdir. Hirşmanın göstərdiyi kimi tərk etməyin asan olması səsi qısır, çünki tərk etmək daha az vaxt və əməl tələb edir.

İstehlakçıya çevrilən və eyni zamanda kollektiv fəaliyyətin potensialından şübhəli olan orta sinif ruslar üçün tərkediş daha cəlbedicidir. Rusiyanın demoqrafik vəziyyəti - əhali qocalır və kiçilir - və Rusiyanın zəif milli kimliyi, rejimdən narazı olanlar üçün tərkedişi təbii bir seçim edir. Rusiyada tərk etmək fikirli orta sinfin mövcudluğu rejimin yaşamaq qabiliyyətinin əsasını təşkil edir. Bir müddət əvvəl rus iqtisadçısı Leonid Qriqoryev bildirmişdi ki, "son on ildə 2 milyon rus demokratı ölkəni tərk edib". Rusiya qeyri-demokratik olduğu üçün bir kəsin get deyə səsləməsi, Rusiya demokratik olmalıdır deyə səsləməklə eyni şey deyil.

Faktiki olaraq, Hirşmanın Nigeriyanın dəmir yollarının yük maşınları və avtobuslarla rəqabətdə nəyə görə zəif nəticə göstərdiyinə dair izahı, Putin avtoritarizminə müqavimət göstərməyin nəyə görə çətin olduğunu anlamaqda açar rolunu oynaya bilər. Bu, islahatların uğursuzluğa uğradığını və Rusiyada islahatçı ruhun itirildiyini izah edir. Paradoksal olaraq, sərhədlərin açılması və xaricdə işləmək, yaşamaq imkanı siyasi islahatların kökünün kəsilməsinə gətirib çıxardı. Rusiyada dövlətin pis icraçılığından ən çox kədərlənən kəslər Rusiyanı tərk etməyə ən çox hazır olan adamlardır. Özlərinin yaşadığı ölkəni tərk etmək onlar üçün onu islah etməkdən daha asandır. Rusiyanı Almaniyaya çevirməyə çalışmaq nəyə lazımdır? Kim qarantiya verə bilər ki, həyat bu missiyanı yerinə yetirmək üçün yetərincə uzun olacaq? Bir halda ki, çıxıb getmək üçün Almaniyanın özü bir addımlıq məsafədədir. Sorğular göstərir ki, Rusiyanın orta sinfi xaricdə işləməyi, Rusiyaya isə bayramlarda dostlara və qohumlara baş çəkməyi üstün tutur.

1980-lardakı islahatçı enerji fışqırmasını bu gün belə enerjinin olmamasıyla müqayisə etdikdə, mən belə bir qənaətə gəlirəm ki, qapıları kilidləmək Sovetləri çökdürdüyü halda, sərhədləri açmaq Rusiyanın yeni avtoritarizminin yaşamasına kömək edir. Sovet sistemi vətəndaşlarını bağlı evə qapatmışdı. Sistemi dəyişmək həyatı dəyişmək üçün yeganə yol idi. Digər tərəfdən isə, Rusiya bu gün əməllicə Nigeriyanın dəmir yollarını xatırladır - nə qədər ki, onun qeyri-effektivliyini ört-basdır edən neft pulları var, o qeyri-effektiv olmaqda davam edəcək. Rusların böyük əksəriyyətinin etiraz etməyə həvəssiz olmalarının səbəbi qorxu deyil, səbəb odur ki, ən çox narahat olan insanlar artıq ya ölkəni tərk ediblər, ya da bunu yaxın gələcəkdə etməyi planlaşdırırlar, yaxud da ki, onlar sadəcə olaraq internetin virtual reallığına köçüblər (Ruslar Qərbdəki həmkarlarından fərqli olaraq sosial şəbəkələrdə orta hesabla iki dəfə çox vaxt keçirirlər). Nəticə etibarilə Rusiyada dəyişiklik tələb edən həlledici insan kütləsi yoxdur.

Bütün bunlar haraya aparır? Bunu əvvəldən görmək asan deyil. Amma mən deyərdim ki, bu gün bizim Rusiyada gördüyümüz kimi qeyri-funksional avtoritar rejimlərin gələcəyi çox güman ki, tənəzzüllə nəticələnəcək, nəinki demokratiya ilə. "Putindən sonra tufan" olmayacaq, "Putindən sonra pis çürüntü" qalacaq.

Müəllif: İvan Kratsev

Mənbə: Meydan.tv