Açıq Azərbaycan

Analitik Portal

AZƏRBAYCAN SƏRT AVTOKRATİYA KATEQORİYASINA DÜŞÜB

23.02.2023 / BTI demokratiyanın bütün dünyada təzyiq altında olduğunu yazır

“Demokratiyanın yeri azalmaqdadır”, - Beynəlxalq Bertelsmann Fondu yeni Transformasiya İndeksi hesabatında belə deyilir. Demokratiya, idarəetmə və siyasi transformasiyalarla bağlı araşdırma və təhlillər aparan “Bertelsmann Stiftung”ın Transformasiya İndeksi (BTI) 2004-cü ildən bəri demokratiyanın, iqtisadi fəaliyyətin və idarəetmənin keyfiyyətini mütəmadi təhlil edir, demokratiyaya və bazar iqtisadiyyatına doğru transformasiya proseslərini öyrənir və dinc dəyişiklik üçün uğurlu strategiyaları müəyyən etməyə çalışır.

2022-ci ili dəyərləndirən sonuncu hesabat inkişaf etməkdə və tranformasiyada olan 137 ölkəni əhatə edib və ilk dəfədir ki, avtokratik formada idarə olunan dövlətlərin sayının demokratiyalardan çox olduğunu müəyyənləşdirib. İndeksdə öyrənilən 137 ölkədən yalnız 67-si hələ də demokratikdir, avtokratiyaların sayı isə 70-ə yüksəlib. Əvvəlki illərdə olduğu kimi, bu ilki hesabatında da BTI transformasiya prosesləri ilə bağlı bütün dünyada əhəmiyyətli reqressiyanın olduğunu aşkarlayıb. Ancaq indi bir çox avtokratiyaların repressiyaları, hakimiyyətdən sui-istifadəni, ifadə və toplaşmaq azadlıqlarına qoyulan məhdudiyyətləri daha da genişləndirdiyini müəyyən edib. Cəmi iki il əvvəl “qüsurlu demokratiya” hesab edilən yeddi dövlət BTI-nin son sənədində avtokratiyalar kateqoriyasına salınıb. “Demokratiyanın keyfiyyətinin aşağı düşməsinə, öz siyasi və iqtisadi güclərini cəmiyyətin hesabına qorumağa çalışan siyasi elitalar səbəb olub.” BTİ müəllifləri belə yazır.

Azərbaycanla İran eyni yerdədir—sərt avtokratiya

BTİ ölkələri əsasən 3 kateqoriya – siyasi tranformasiya, iqtisadi tranformasiya və idarəetmə göstəriciləri üzrə 1-10 bal arası qiymətləndirir. Siyasi transformasiya göstəricisinə görə Azərbaycan 3.58, iqtisadi transformasiya göstəricisi üzrə 5.36 bal, idarəetmə göstəricisinə görə isə 3.98 bal alıb. Ümumilikdə Azərbaycan 4.47 bal toplayaraq, 137 ölkə arasında 95-ci yerdə qərarlaşıb və BTI-nin sərt avtokratiya kateqoriyasına düşüb.

BTI yazır ki, Azərbaycanda 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri beynəlxalq standartlara cavab verməyib, azad və ədalətli rəqabətə şərait yaradılmayıb. Siyasi və iqtisadi imkanların hakim Əliyevlər ailəsinin əlində inhisarlaşması artıb, avtoritar hakimiyyətin möhkəmlənməsi davam edib. Azərbaycanın hakim ailəsi yenə də böyük iqtisadi və siyasi islahatlara başlamaq istəməyib və hakimiyyət üzərində nəzarəti gücləndirmək yolunu davam etdirib. Neft qiymətlərinin düşməsi və 2020-ci ildə pandemiyanın başlamasından sonrakı iqtisadi tənəzzül mövcud sistemin iqtisadi zəifliklərini üzə çıxarıb. İqtisadiyyatın şaxələndirilməsində müəyyən irəliləyişlərə baxmayaraq, ölkə iqtisadiyyatı hələ də yanacağın qiymətindən asılı qalıb.

Ayrı-ayrı sahələr üzrə qiymətləndirmədə Azərbaycan ən aşağı balı demokratik institutların stabilliyi kateqoriyasında alıb; 2 bala layiq görülüb. Ölkənin siyasi iştirakçılıq üzrə balı 2.3, siyasi və iqtisadi inteqrasiya göstəricisi üzrə 2.7, hüqunun aliliyi göstəricisi üzrə 3 olub. Azərbaycanın nisbətən yüksək qiymət aldığı sahələr də var: Ölkə iqtisadi göstərici üzrə 6 bal, monetar və fiskal stabillik üzrə 7, dövlətin gücünü nəzərdə tutan “Stateness” göstəricisi üzrə 8 bal alıb.

Azərbaycanın qonşularından Ermənistan BTI-nin siyahısında ümumi 6.43 balla 37-ci yerdə,

Gürcüstan 6 balla 52-ci, Türkiyə 5.45 balla 63-cü, Rusiya 5.27 balla 66-ci, İran 2.83 balla 127-ci yerdə qərarlaşıb. BTI Gürcüstan və Ermənistanı qüsurlu demokratiya, Rusiya və Tükiyəni mülayim avtokratiya, İranı isə Azərbaycan kimi sərt avtokratiya kateqoriyasında yerləşdirib.

“COVID-19 sınağından çıxanlar çox az oldular”

Hesabatda qeyd olunur ki, Koronavirus pandemiyası bütün dünyada mövcud zəiflikləri üzə çıxardı. Pandemiya göstərdi ki, hökumətlərin böhranları uğurla idarə etmək bacarığı BTI-nin İdarəetmə İndeksi ilə ölçülən idarəetmə qabiliyyətindən çox asılıdır.

Hesabatın müəllifləri sosial-iqtisadi inkişaf səviyyəsi və iqtisadi göstəricilərin son 20 ildə bu qədər aşağı səviyyəyə düşmədiyini bildirir, COVID-19-un yaratdığı iqtisadi şokun 78 ölkədə iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə azaltdığını qeyd edirlər: “Pandemiyanın təsiri xüsusilə iqtisadi və sosial sahələrdə şiddətli olub. Buna görə də əksər ölkələrdə qapanmalar, tələbatın kəskin azalması və bütün iqtisadi sektorların iflasa uğraması sürətli və əhəmiyyətli iqtisadi tənəzzüllərə səbəb olub.”

Bununla belə, hesabat dünyadakı vətəndaş cəmiyyətlərinin ümid doğurduğunu deyir. “Vətəndaş cəmiyyətinin iştirakı bir çox yerlərdə artan bərabərsizlik səviyyəsinə və demokratik standartları zəiflətmək səylərinə qarşı yönəlmiş bir ümid işığıdır”, hesabatda qeyd olunur.

BTI hesabatı 120-dən çox ölkənin aparıcı universitetlərindən və beyin mərkəzlərindən 280-dən çox mütəxəssislə əməkdaşlıq nəticəsində hazırlanmışdır.