Hafiz Babalı

Araşdırmaçı jurnalist

“PASHA HOLDİNG”İN YARISI LEYLA, YARISI ARZU ƏLİYEVANINDIR

05.04.2019 / Prezidentin qızları holdinqə hansı şirkətlərlərlə sahib olublar?

Bank, sığorta, daşınmaz əmlak, tikinti, turizm, otelçilik və s. “Pasha Holding” şirkətlər qrupu bu sahələrdə ən iri sərmayədarlardandır, Azərbaycanda, eləcə də ölkə xaricində milyardlarla dollar məbləğində aktivləri idarə edir. Və holdinqin sahibləri prezident İlham Əliyevanın qızları—Leyla və Arzu Əliyevalardır. “Pasha Holding”in sahibliyinin qızlara Arif Paşayevdən (prezidentin xanımı, birinci vitse-prezident Mehriban Əliyevanın atası) keçməsi faktı hələ 2014-cü ildən məlumdur. İndi isə qızların bu holdinqə hansı şirkətlər vasitəsiylə sahibləndiyi aşkara çıxıb.

Azərbaycanın kommersiya təşkilatları barədə dövlət reyestrində “Pasha Holding” MMC haqda bilgi qapalıdır. Vergilər Nazirliyi də qanunla açıq olan bu məlumatları (şirkətin kapitalı, direktoru, yaranma tarixi) gizli saxlayır. Holdinqin korporativ internet səhifəsində və digər mənbələrdə onun 2006-cı ilin noyabrında yaradıldığı, baş direktorunun Mir Camal Paşayev olduğu göstərilir. Holdinqin təsisçiləri, təsisçi şirkətlərin payları haqda məlumatlar yerli mənbələrdə deyil, hesabatların daha şəffaf olmasını tələb edən Türkiyədə açıqlanıb.

Türkiyədəki mənbələr Leyla və Arzu Əliyeva yazır

“PASHA Yatırım Bankası A.Ş”-nin 2018-ci ilin yarımillik maliyyə hesabatında https://goo.gl/C7c765 onun sahiblərinin adları yer alıb. Bankın illik hesabatında da məlumat dəyişməyib.

Mənbə: “PASHA Yatırım Bankı A.Ş.”-nin maliyyə hesabatı

Ötən ilin may ayında qəbul edilən qərara əsasən “Pasha Bank” ASC-nin Türkiyədəki törəmə bankının kapitalı 254 milyon lirədən 500 milyon lirəyə qaldırılıb. İyun ayında “Pasha Holding” MMC 245 milyon lirə məbləğində vəsaiti nağd ödəməklə həmin bankın səhmlərinin 49%-nə sahib olub.

Hesabata https://goo.gl/jqYnEU görə, Arif Paşayev ana bankda 10%-lik payını qoruyub saxlayır. Holdinqdəki paylar isə iki Azərbaycan şirkəti arasında bərabər bölünüb: 50% “Reveri” MMC-yə, 50% “Bless” MMC-yə düşüb. Azərbaycanın rəsmi qaynaqları bu şirkətlər barədə məlumat vermir. Ona görə də həmin şirkətlərin nə vaxt yaradıldığı, “Pasha Holding” MMC-də paya nə vaxt yiyələndiyi bəlli deyil.

Türkiyənin “İctimai Məlumatlandırma Platforması” www.kap.org.tr bu iki şirkətdə, eləcə də “Pasha Holding” MMC və “Ador” MMC-də kapitalın məbləgi və onların mülkiyyətçiləri barədə ətraflı məlumat verir.

“Pasha Bank”ın təsisçisi də ofşorlaşıb

“Pasha Bank” ASC 2007-ci ildə yaradılıb. O zaman bütün informasiya resursları bankın əsas təsisçisinin “Pasha Holding” MMC olduğunu iddia edirdi. Əslində isə belə deyilmiş. Bank bir müddət bundan əvvəl korporativ internet səhifəsini yeniləyib, oraya bütün fəaliyyət dövrünü əhatə edən illik maliyyə hesabatlarını da yerləşdirib. Və ortaya maraqlı məqamlar çıxıb. Məlum olub ki, “Pasha Holding” “Pasha Bank” a yalnız 2008-ci ildə “gəlib”.

2007-ci ilin noyabr ayında bank lisenziyası almaqla Azərbaycanın maliyyə bazarına daxil olan “Pasha Bank” faktiki olaraq xarici, daha doğrusu ofşor sərmayəçilərə məxsus olub. Bankın 10 milyon manatlıq səhmlərinin 90%-i bərabər hissələrlə üç şirkət (“Glasgow Investments Ltd”, “Selmer Investments Ltd” və “Gustıng Consultıng Corp.”) arasında bölünüb. Bir il sonra bankın kapitalı 100 milyon manata çatdırılıb, səhmdarları isə dəyişib.

Mənbə: “Pasha Bank” ASC-nin 2008-ci ilə dair maliyyə hesabatı

2008-ci ildə bankda səhm paylarına indiki səhmdarlar ("Pasha Holding" MMC və "Ador" MMC) sahib olub. Amma hesabatlarda göstərilir ki, hər iki halda banka eyni şəxs -- Arif Paşayev nəzarət edib. Başqa sözlə, həmin şirkətlərin də sahibi A. Paşayev olub. 2013-cü ildə isə A. Paşayev holdinqdəki paylarını Leyla və Arzu Əliyevalara bağışlayıb. Hazırda “Pasha Bank”ın ödənilmiş səhmdar kapitalı 333 milyon manatdır.

Rəsmi sənədlərdə “Pasha Holding” MMC-nin bir neçə şirkətdə pay sahibi olduğu açıqlanır. “Paşa Sığorta”, “Paşa Həyat Sığorta”, “Absheron Hotel Group”, “Pasha Development” şirkətlərində onun payı 100%, “Pasha Bank”, “Paşa İnşaat” və “Pasha Travel” şirkətlərində 60%, “Kapital Bank”da 99,87%-dir. Müstəqil jurnalist araşdırmalarına görə isə holdinqin nəzarət etdiyi şirkətlərin və daşınmaz əmlakların sayı 100-dən çoxdur.