Azərbaycanda karantin rejimi davam elədiyindən ökədən hələ də yalnız təyyarə ilə çıxmaq mümkündür və bu proses nəticədə hava yollarına bağlı şirkətləri varlandırmaqdadır. Söhbət təkcə AZAL-dan getmir.
Əvvəlki məqalələrimizdən birində göstərmişdik ki, Azərbaycan quru səhrədlərinin bağlı saxlanmasından qazanan yeganə struktur “Azərbaycan Hava Yolları” QSC-dir. Çünki karantin tətbiq olunandan AZAL-ın sadəcə bir istiqamətdə daşımaları 3 dəfə artıb və indi də artmaqdadır. Məsələn, 2022-ci ilin yanvar ayında Azərbaycandan digər ölkələrə 113,2 min sərnişin uçmuşdusa, 2023-cü ilin yanvarında bu rəqəm 176 minə qalxıb. Yəni, xaricə uçan sərnişinlərin sayında 55% artım var. Bu artımda AZAL-ın payına dair dəqiq rəqəm yoxdur. Keçən 2022-ci ilin nəticələrindən məlumdur ki, yanvar ayında xaricə gedən sərnişinlərin 41%-i AZAL-la uçub. Ümumiyyətlə, sərnişindaşımada AZAL-ın payının ilin əvvəlində yüksək olduğu bəllidir, çünki əsas pay bölgüsü yayda—digər aviaşirkətlər tərəfindən əlavə reyslər açılanda başlayır.
Azərbaycanda təyyarə biletləri niyə bu qədər bahadır?
İndi məhz alternativlərin olmaması aviadaşımanın qiymətini artırır. Yəni, pandemiyadan əvvəl Tbilisiyə ən azı dörd nəqliyyat növü (taksi, avtobus, qatar və təyyarə) ilə çatmaq mümkün idisə, indi bir nəqliyyat növü çalışır. Bazarın məntiqinə uyğun olaraq, belə hallarda şirkətlər qiymətləri artırır və bu təkcə AZAL-ı yox, Azərbaycana daşımaları həyata keçirən digər şirkətləri də əhatə edir. Amma biz qiymət artımının Azərbaycanda digər ölkələrlə müqayisədə daha ciddi vüsət aldığını müşahidə edirik.
Dövlət Statistika Komitəsi məlumat verir ki, 2022-ci ilin yanvar-dekabr ayları ərzində beynəlxalq reyslər üzrə həyata keçirilən hava sərnişindaşıma nəqliyyatı xidmətinin dəyəri MDB ölkələri üzrə 37,7%, digər ölkələr üzrə (bura həmçinin Gürcüstan da daxildir) 37% artıb. Halbuki, 2021-ci ildə MDB-yə həyata keçirilən reyslər üzrə biletlərin qiyməti 26,7% artmış, MDB-dən kənar qiymətlər isə 8,2% ucuzlaşmışdı. 2022-ci ildə istiqamətdən asılı olmadan, bütün qiymətlər 37% artıb. Yəni faktiki olaraq həm Rusiyaya, həm də Gürcüstana biletlər eyni səviyyədə bahalaşıb. Rusiyaya reyslər bir müddət ümumiyyətlə dayandırılmışdı, sonradan az sayda reysə imkan verilmişdi və s. Nəticədə bu istiqamətdə biletlərin baha olması müəyyən qədər başa düşüləndir. Amma Gürcüstan, ya da Türkiyə istiqamətlərində belə problem olmamışdı, bununla belə bahalaşma bu istiqamətləri də əhatə edir.
AZAL 2022-ci ili xalis mənfəətlə başa vurub
Bu yaxınlarda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev AzərTAC-a müsahibə verib, bir sıra maraqlı məqamlara toxunub. Misal üçün, “AZAL-ın tarixində ilk dəfə olaraq ötən ili xalis mənfəətlə başa vurduğunu” bildirib.
AZAL öz rəsmi saytında maliyyə hesabatlarını çox vaxt yerləşdirmir. Ancaq Böyük Britaniya şirkətlər reyestrində bunu müəyyən daimiliklə edir. Əgər rəsmi saytda yalnız 2019 və 2020-ci illərə aid maliyyə hesabatı tapmaq mümkündürsə, Böyük Britaniya şirkətlər reyestrində 2009-cu ildən bəri hesabatları araşdırmaq imkanı var. Və bu reyestrə müraciət etsək, görərik ki, sonuncu dəfə şirkət 2015-ci ildə ili 1,2 milyon manat mənfəətlə bitirib. Düzdür, o zamanlar əməliyyat mənfəəti əldə etmək mümkün olmurdu, amma əlavə gəlirlər hesabına şirkət ili 1-2 milyon manat mənfəətlə başa vura bilirdi. Əməliyyat mənfəətinə dair sonuncu məlumat isə 2010-cu ilə aiddir. S. Rzayev bəlkə də şirkətə 2022-ci ildə vitse-prezident təyin olunub (ilin sonunda isə birinci vitse-prezident təyin olunub) deyə, bir qədər köhnə tarixə önəm verməyib. Onun səsləndirdiyi məlumatı isə dəqiqləşirmək mümkün deyil. Şirkət saytında nəinki 2022, heç 2021-ci ilə dair maliyyə məlumatlarını açıqlamayıb.
İki dövlət şirkəti arasında sövdələşmə beynəlxalq birja qiymətləri ilə aparılır?
S.Rzayevin müsahibəsində qeyd etdiyi daha bir məqam şirkətin qiymət siyasəti ilə bağlıdır. Onun sözlərinə görə, qiymətlərin formalaşmasına təsir göstərən xərc maddələrinə “aviayanacaq xərcləri, hava gəmilərinin saxlanılması və texniki xidmət, Heydər Əliyev Beynəlxalq Aeroportunda və təyinat hava limanında göstərilən yerüstü xidmət, yığımların ödənilməsi üçün tələb olunan xərclər, aeronaviqasiya, o cümlədən digər istehsalat və inzibati-idarə xərcləri” aiddir. Birinci vitse-prezident öz müsahibəsində aviayanacağa daha çox diqqət ayırıb. O qeyd edir ki, “əksər aviaşirkətlər kimi AZAL-ın da həm ölkə daxilində, həm də ölkə xaricində aldığı aviayanacağın qiyməti beynəlxalq birja qiymətlərinə əsasən müəyyən olunur”. Ölkə daxilində aviayanacağın qiymətinin niyə beynəlxalq birja qiymətlərinə əsasən müəyyən olunduğunu müsahib izah etməyib. Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ildə Azərbaycanda 563,57 min ton aviayanacaq istehsal olunub. Bu, 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 73 min ton çoxdur, hətta 2019-cu ilin göstəricisinə yaxındır (591,2 min ton).
Nəzərə almaq lazımdır ki, ölkə daxilində aviayanacağın istehsalı ilə dövlət şirkəti (SOCAR) məşğuldur. Belə çıxır ki, iki dövlət şirkəti arasında sövdələşmə beynəlxalq birja qiymətləri ilə aparılır? Ya AZAL-ın struktur bölməsi olan “AZAL Oil” aviasiya yanacağının doldurulmasını beynəlxalq birja qiymətlərinə əsasən həyata keçirir? Müsahibə zamanı S.Rzayevə belə suallar verilməyib...
Bəs digər xidmətlər?
Daha “Silkway Holding” deyil...
Hələ 2017-ci ildə Hesablama Palatasının hesabatından məlum olmuşdu ki, biletlərin bahalığının əsas səbəbi AZAL-ın hava gəmilərinə aviasiya və aeroport xidmətləri göstərən şirkətlərin yuxarı qiymətləri olub. O zaman Azadlıq Radiosu qeyd etmişdi ki, bu xidmətləri göstərən “Silkway Holding”dir və holdinq təbii inhisar subyekti olmağından istifadə edib, bu xidmətləri bahalaşdırır. “Silkway”a aid olan üç şirkət hələ də Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “Təbii inhisar subyektlərinin siyahısı”na daxildir. Bu “Silkway Airlines Məhdud Məsuliyyətli Cəmiyyəti (Ground Handling Company)”, “Silkway Business Aviation” və “VIP Aviasiya Xidmətləri” Məhdud Məsuliyyətli Cəmiyyətidir. O zaman da KİV-lər bu nəticəyə gəlmişdilər ki, qiymətlərin bahalığından qazanan AZAL yox, məhz “Silkway”dir. Bəs indi vəziyyət necədir?
Bu yaxınlarda dərc edilmiş bir neçə hesabatdan məlum olur ki, vəziyyət bir qədər dəyişib. Daha doğrusu, siyahıda göstərilən şirkət adları artıq aktual deyil. Eyni xidmətləri indi başqa adda şirkətlər göstərir. Dəyişikliyin nədən ibarət olduğunu anlamaq üçün bir qədər keçmişə—pandemiyadan əvvəlki dövrə qayıdaq:
2019-cu il, oktyabrın 2-də “Silk Way Aviaşirkəti” MMC-nin direktoru və eyni zamanda “Silk Way Insurance” ASC-nin Direktorlar Şurasının sədri Teymur Məmmədov "Silk Way Business Aviation" MMC şirkətini satın alıb. Bu barədə məlumat “ASG Business Aviation” şirkətinin 2020-ci ilin nəticələrinə dair maliyyə hesabatında yerləşdirilib. Hesabatda şirkətin satış qiyməti göstərilməyib. Nəzərə almaq lazımdır ki, 2019-cu ilin sonuna şirkətə məxsus olan aktivlərin ümumi dəyəri 209 milyon manat idi. T.Məmmədovun adı bundan əvvəl də yalnız “Silkway” ilə birlikdə səsləndirilib. Təxmin etmək olar ki, işlədiyi dövrdə qazandığı vəsaitlər hesabına bu satınalmanı həyata keçirdib.
Bu satınalmadan sonra—2019-cu il, noyabrın 8-də T.Məmmədov "Aviation Services Group" MMC adlı şirkət yaradır. Şirkətin qeydiyyat ünvanı Bakı Karqo Terminalın binasıdır. Şirkətin nizamnamə kapitalı 105 milyon manat təşkil edir (sonradan 181 milyona kimi artır). Bir müddət keçəndən sonra, dekabrın 20-də T.Məmmədov “Silk Way Aviaşirkəti” MMC-nin direktoru vəzifəsindən azad edilir. Maraqlıdır ki, şirkətin aktivlərini aldığı dövrdə o, hələ də şirkətdə çalışırdı. Çox vaxt keçmədən, dekabrın 24-ü (yəni 4 gün sonra) T.Məmmədov "Silk Way Helicopter Services" MMC şirkətini "Silk Way Development" MMC şirkətindən satın alır. Rəsmi məlumata görə, onun əsasında yaradılan yeni şirkətin nizamnamə kapitalı 34,3 milyon manat təşkil edir.
Hava limanında işləyən bütün servis şirkətlər “Aviation Services Group”a keçib
Bütün bu satınalmaların nəticəsi olaraq, “Aviation Services Group” MMC-yə bir çox xidmətlər daxil olur (“ASG Business Aviation”-in bir neçə qolu mövcuddur: “ASG Construction”, “ASG Ground Handling”, “ASG Sky Catering” və “ASG Logistics&Supply”). Bu o deməkdir ki, 2019-cu ilin oktyabr-dekabr aylarına kimi hava limanında fəaliyyət göstərən bütün servis şirkətlər “Silk Way”-ə məxsus idisə, 2019-cu ildən sonra müvafiq şirkətlərin əsas hissəsi T. Məmmədovun idarəçiliyinə keçdi. “Silkway” isə artıq yalnız birbaşa aviasiya xidmətlərinə fokuslanmağa başladı.
Beləliklə, indi AZAL-ın əldə etdiyi “hava gəmilərinin saxlanılması və texniki xidmət, Heydər Əliyev Beynəlxalq Aeroportunda və təyinat hava limanında göstərilən yerüstü xidmət”lər T. Məmmədovdan asılıdır. Yəni, əvvəllər “Silkway”in qazandıqlarını indi yeni şirkət – “Aviation Services Group” qazanır. Yeri gəlmişkən, mətbuatın 2015-ci ildə yazdıqlarında qeyd olunurdu ki, T. Məmmədov "qeyri-rəsmi milyonçudur". Ancaq rəsmən T.Məmmədovun 2010-cu ildə “Silkway bank”dan başqa heç yanda vəzifəsi yox idi.
Bəs “ASG Group”un qazancı nə qədər ola bilər? “ASG Business Aviation”ə dair sonuncu məlumat 2020-ci ilə aiddir. O zaman şirkət 28 milyon manat mənfəət əldə edib. 2019-cu illə müqayisədə gəlirini 2,8 dəfə, mənfəətini isə 2,4 dəfə artırmağa müvəffəq olub. Qeyd etmək lazımdır ki, 2020-ci ildə pandemiya və karantin hava daşımaların həcmini kəskin şəkildə azaltmışdı. Ancaq rəqəmlər şirkətin həm gəlirini, həm də mənfəətini artırmağı bacardığını göstərir. Şirkətin pandemiyadan sonraki bərpa dövrdə (yəni 2021 və 2022-ci illərdə) qazandıqlarını ancaq təsəvvür etmək olar.
Xatırladaq ki, Nazirlər Kabinetinin fevralın 21-də təqsidqlədiyi qərara əsasən ölkə ərazisində xüsusi karantin rejimi mayın 1-nə kimi uzadılıb, yəni sərhədlər hələ azı 3 ay bağlı olacaq.