Toğrul Vəliyev

İqtisadçı

MİNALARDAN TƏMİZLƏNMƏYƏ 30 İL YOX, 13 İL, 25 MİLYARD DEYİL, 10 MİLYARD LAZIMDIR

25.10.2022 / Rəsmi mənbələr daha az xərc tələb olunduğunu göstərir


Foto mia.az saytından götürülüb



Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycan ərazilərinin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Bunu Azərbaycanın prezidenti İlham Əliyev oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclası vaxtı deyib. Prezidentin səsləndirdiyi rəqəmlər geniş müzakirələrə səbəb olub. Təsadüfi deyil, çünki, məsələn, Maliyyə nazirliyinin sentyabr ayında yaydığı “2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”ya görə 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 30 milyard manat və ya 18 milyard dollar təşkil edəcək. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri isə 3 milyard manat və ya 1,76 milyard dollara bərabər olacaq. Prezidentin elan elədiyi rəqəmlərə baxsaq, yəni işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə 30 il vaxt, 25 milyard dollar gərəksə, bu iş ölkəyə ildə 833 milyon dollara (1,42 milyard manata) başa gəlməlidir. Bu isə müvafiq ərazilərin bərpasına yönəlmiş illik xərclərin 47,2%-dir.

Təəssüf ki, Qarabağın bərpa işlərində də haqqında çox danışılan şəffaflıq müşahidə olunmur. Həm də bu elan edilən rəqəmlər, hələ ki, sənəd şəklində təqdim olunmayıb. Ona görə bu xərclərin strukturu, hansı şəkildə hesablanacağı barədə danışmaq çətindir. Ancaq müəyyən fikirlər və təxminlər irəli sürmək üçün əsaslar var.

Cocuq Mərcanlı kəndində minadan təmizləmə əməliyyatları

Son illərin ilk belə genişmiqyaslı minatəmizləmə əməliyyatı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində həyata keçirilib. 2016-ci ildə Lələtəpə yüksəkliyi azad olunub, möhkəmləndiriləndən sonra Cocuq Mərcanlı kəndində bərpa işlərinə başlanmışdı. Bərpa işlərinin ilkin mərhələsi minalı sahələrin təmizləməsi idi. O dövrdə bu işlərə Azərbaycan Respublikası Ərazilərin Minalardan təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) baxırdı (sonradan, 2021-ci ildə onun əsasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi publik hüquqi şəxsi yaradıldı). Agentliyin 2017-ci ilə aid hesabatında qeyd olunur ki, kənddə təmizləmə əməliyyatları 126 gün davam edib. Bu müddət ərzində ümümilikdə 4 590 878 kv.m ərazi müxtəlif üsullarla (613 094 kv.m əl ilə, 1 607 140 kv.m mexaniki üsulla, 2 257 644 kv.m minaaxtaran itlərin köməyi ilə, 113 000 kv.m ərazi dərinlik ölçən SENSYS cihazı ilə) yoxlanıb. Nəticədə 74 ədəd partlamamış hərbi sursat (PHS), 26 ədəd piyada əleyhinə mina və 140 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Üstəlik, kəndə çəkilməsi nəzərdə tutulan suvarma kanalının keçəcəyi ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı aparılıb. 32 gün çəkən prosesin nəticəsində 11 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd piyada əleyhinə mina aşkar olunub, 511 300 kv.m (51.13 ha) ərazi tam təmizlənib, 236 766 kv.m (23.68 ha) ərazi 20 sm dərinliyində, 180 700 kv.m (18.07 ha) ərazi isə xüsusi mexaniki vasitə ilə təmizləmə üçün hazırlanıb, 231 479 kv.m (23.15 ha) ərazi yoxlanıb. Beləliklə, ANAMA tərəfindən 5751123 kvadrat metr əraziyə baxış keçirilib. Bəs bu əməliyyatlar neçəyə başa gəlib?

1 kvadrat metr minalı ərazi 1 manata təmizlənib

Əməliyyatların dəyəri haqda dəqiq söz demək çətindir, çünki ANAMA öz hesabatında yalnız fəaliyyəti barədə məlumat verir (indi rəsmi saytları ümumiyyətlə işləmir), maliyyə vəsaitlərinin əldə olunması və xərclənməsi barədə hesabatı açıqlamır. Lakin Hesablama Palatasının 2017-ci il dövlət büdcəsinin icrası ilə bağlı rəydə ANAMA-nın xərclərinə dair məlumat tapmaq mümkündür. Həmin məlumata görə, agentliyin minalardan təmizləmə əməliyyatları dövlət büdcəsinin “Faydalı qazıntılar” bölməsi üzrə maliyyələşdirilir. Sənəddən görünür ki, həmin vaxt agentliyə 6,7 milyon manat ayrılıb və icra edilib (eyni sənədin verdiyi digər məlumata görə, agentlik ayrıca olaraq hansısa başqa maddəyə istinadən maliyyələşdirilmir, qurumun inzibati xərcləri istisnadır). O zaman 6,7 milyon manatın yalnız Cocuq Mərcanlı kəndinə xərcləndiyini təxmin etsək, 1 kvadrat metrin təmizlənməsinin 1,16 AZN-ə başa gəldiyini güman eləyə bilərik.

Qeyd etdiyimiz kimi, Hesablama Palatasının rəyində ANAMA-nın digər mənbələr hesabına maliyyəşdirilməsinə dair məlumat yoxdur. Eyni zamanda belə bir qeyd var: “Respublikanın müharibə getmiş və işğaldan azad olunmuş ərazilərində, digər bu kimi ərazilərdə mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatlarına yönəldilmişdir”. Yəni sənəddə söhbət təkcə işğaldan azad olunmuş ərazilərdən getmir.

Büdcə xərclərini izləsək, görərik ki, bu qurum eyni maddə üzrə hər il 6,7-9 milyon manat əldə edib. Belə çıxır ki, Cocuq Mərcanlıda həyata keçirilən əməliyyatlar hər hansı xüsusi və əlavə əməliyyat olmayıb, qurumun illik iş planına uyğun aparılıb.

Rəydə qeyd olunmasa da, ANAMA-nın digər ərazilərin təmizlənməsi üçün təkcə dövlət büdcəsindən yox, başqa donorlardan da vəsait əldə etdiyi məlumdur. Məsələn, Ceyrançöl layihəsinə NATO-nun Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu vasitəsilə 10 ölkə donorluq edib. Alınan vəsaitlərin bir hissəsi məhz işğaldan azad olunan torpaqlarla bağlı ola bilərdi. Beləliklə, təxmin edə bilərik ki, 1 kvadrat metrin təmizlənməsi təxminən 1 manata başa gəlib.

Nazirlər Kabinetinin hesabatına baxsaq...

Hüquqi aktların vahid elektron bazasında Nazirlər Kabinetinin 2012-ci il, fevralın 9-da təsdiqlədiyi “2012-ci il dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən Azərbaycan Respublikası ərazilərinin minalardan təmizlənməsi işlərinin Dövlət Sifarişi” adlı sənəd mövcuddur. Sənəddə 2012-ci ildə həyata keçiriləcək işlərin həcmi və bu işlərə ayrılan vəsait göstərilib. Bu sənədə görə Ağdam, Füzuli və Tərtər rayonları üzrə 1 kvadrat metrin minalardan təmizləmənin ortalama dəyəri 0,44-0,46 manat civarındadır. Rəsmi inflyasiya səviyyəsinə uyğun hesablasaq, 2017-ci ildə müvafiq işlərin dəyəri ən azı 0,63 manat civarında olmalı idi (reallıqda daha da çox). Amma bu pandemiyadan və indiki inflyasiya səviyyəsindən əvvəlki dövr idi. Bəs indi?

İndi müraciət edə biləcəyimiz yeganə mənbə Nazirlər Kabinetinin hesabatıdır. Hesabata görə, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi 2021-ci ildə 6777,6 hektar ərazi təmizləyib. Buraya həm mina və partlamamış hərbi sursat cəhətindən yüksək dərəcədə çirklənmiş (Füzuli, Ağdam və Cəbrayıl rayonları), həm də orta və kiçik səviyyədə çirklənmiş (Zəngilan və Qubadlı) ərazilər daxildir.

Nazirliklə ANAMA-nın məlumatları uyğun gəlmir

Nəzərə almaq lazımdır ki, işğaldan azad olunan ərazi tək minalarla çirklənməyib. Azərbaycanın baş naziri Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyətinə dair hesabatla deyib ki, 2020-ci ildə işğaldan azad olunmuş ərazilərdə 20 min hektar torpaq minalar və partlamamış hərbi sursatlardan təmizlənib (ANAMA ilə bərabər Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyi də təmizləmə işləri aparırlar). Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə 10 min hektar ərazidə əkin işləri artıq aparılıb. Məlumat üçün qeyd edək ki, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti əraziləri minalardan öz məqsədlərindən ötrü təmizləyirlər. Torpaqların kənd təsərrüfatı məqsədləri üçün təmizlənməsini ANAMA həyata keçirir. ANAMA-nın məlumatına görə, 2021-ci ildə yalnız 2136,4 hektar kənd təsərrüfatı təyinatlı torpaq təmizlənib. 2022-ci ilə aid məlumata görə, avqustun sonuna ANAMA təmizlənmiş ərazinin sahəsini 50 minə çatdırıb. Halbuki rəsmilər artıq iyun ayının əvvəlinə 50,9 min hektar ərazidə səpin həyata keçirildiyini elan ediblər. Yəni, əkinçilik işləri mina təmizləmə işlərinə uyğun aparılmır. Ya da hökumət bütün ərazinin minalar və partlamamış hərbi sursat ilə çirkləndiyini düşünmür.

Qayıdaq torpaqların minalardan təmizlənməsi işinin dəyərinə. Maliyyə nazirliyinin verdiyi məlumata görə müvafiq işlərin həyata keçirilməsi üçün ANAMA-ya 2021-ci ildə 105,8 milyon manat vəsait ayrılıb. Bu o deməkdir ki, 1 kvadrat metrin təmizlənməsinə ortalama 1,56 manat (və ya bir hektara 15,6 min manat) xərclənib.

Gümanları maksimuma qaldırsaq belə...

Nəticəyə keçməzdən əvvəl daha bir vacib məqamı qeyd etməliyik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyi 1998-ci ildə Azərbaycan Respublikası Hərbi Əməliyyatlar Nəticəsində İşgal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının nəzdində yaradılmışdı. Həmin komissiya 2000-ci ildə “İşğaldan azad olunmuş ərazilərin “Böyük bərpa” proqramı”nı hazırlamışdı. Ərazilər işğaldan azad olunsa, məhz bu plana uyğun bərpa edilməli idi. Və bu komissiyanın hesablamalarına görə, birbaşa mina və partlamamış hərbi sursatla çirklənmiş sahə 345 kvadrat kilometr və ya 34,5 min hektar təşkil edir. Əlbəttə, müharibədən sonra vəziyyət bir qədər dəyişib. Ancaq vəziyyət nə qədər dəyişsə də, belə ərazilərin sahəsi, 2, lap 3 dəfə artaraq, 103,5 min hektara çatsa da xərclər deyildiyi qədər artmır. Doğrudur, bütün ərazilər yoxlanılmalıdır, amma bəzi yerlərdə mina və partlamamış hərbi sursat tapmaq ehtimalı ölkənin digər ərazilərindən ciddi fərqlənə bilməz.

Beləliklə, Maliyyə Nazirliyinin məlumatına görə 2021-ci ildə işğaldan azad olunmuş torpaqlarda 1 kvadrat metrin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə 1,56 manat xərclənib. İndi işğaldan azad olunmuş bütün ərazilərin təmizlənməsinə (rəsmi məlumatlara görə, təqribən 8,2 min kvadrat kilometrdir) eyni həcmdə vəsait xərclənsə, ümumi xərclərin həcmi 12,8 milyard manat və ya 7,5 milyard dollar təşkil edəcək. Bu il ANAMA 60 min hektar ərazini təmizləməlidir. Əgər eyni sürət növbəti illərdə də davam etsə, o zaman iş təqribən 13 il çəkəcək. Bu illər ərzində inflyasiya və s. xərcləri nəzərə alsaq, ümumi xərc yenə 10 milyard dolları keçmir.