Vüsal Quliyev

Siyasi Elmlər üzrə Doktorant

TRANSXƏZƏR DƏHLİZİ: POTENSİAL VƏ ƏNGƏLLƏR

11.01.2023 / Transxəzər nəqliyyat dəhlizinin əhəmiyyəti artır, amma problemlər də var


Foto Anadolu Ajansından götürülüb



Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yükdaşımalar artır. Azərbaycan Dəmir Yollarının (ADY) məlumatına görə bu xətlə konteynerlərlə yükdaşımalar 2022-ci ilin ilk 10 ayı ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 45% çox olub. Həmin müddət ərzində Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində təxminən 65%-lik artım qeydə alınıb. TBNM-nin (həm də “Orta Dəhliz” kimi tanınır) inkişafı bəzi dövlətlər üçün prioritet halına gəlib, onu iqtisadi cəhətdən səmərəli və rəqabətədavamlı qitələrarası nəqliyyat dəhlizi hesab edənlər çoxalır. Xəttin strateji əhəmiyyəti həm qlobal, həm də regional geosiyasi və iqtisadi hadisələrə paralel olaraq, artmaqdadır. Koronovirus pandemiyasının yaratdığı fəsadlara görə ənənəvi nəqliyyat-logistika dəhlizlərində yaranan uzunmüddətli ləngimələrdən sonra qlobal yükdaşımaçılığının diqqət mərkəzində yer almağa başlayan Transxəzər Dəhlizi, Rusiya-Ukrayna müharibəsindən sonra daha da ön plana çıxdı, transregional marşrutun davamlı inkişafı üçün yeni uzunmüddətli imkanlar yarandı.

Orta Dəhlizin Şimal Dəhlizindən nə fərqi var?

Əsası 2013-cü ildə Astana şəhərində Azərbaycan, Gürcüstan və Qazaxıstan hökumətləri tərəfindən qoyulan TBNM-ni çoxları Avropa və Çin arasında əsas dəmiryolu olan Transsibir xəttinə rəqib görür. Çin-Qazaxıstan sərhədindən başlayan bu marşrut dəmir və dəniz yolları vasitəsilə Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək, Avropaya qədər uzanır. Dəhliz üzrə ilk sınaq konteynerlərinin daşınması 2015-ci ildə baş tutub (Çindən qərb istiqamətində). Bu tarixdən başlayaraq, Çindən ixrac edilmiş yüklər müəyyən aralıqlarla TBNM vasitəsilə Ələt portuna daxil olub. 2020-ci ildən konteynerlərin Transxəzər dəhlizi ilə Türkiyədən Çinə müntəzəm (ayda iki dəfə) daşınması həyata keçirilir. Yüklərin nəql edilməsi Bakı-Tbilisi-Qars dəmiryolu xətti və Ələt portu hesabına mümkün olur. TBNM Türkiyə məhsullarını sanksiya altında olan İran və Rusiya ərazilərindən yan geçməklə Mərkəzi Asiya bazarına ixrac etməkdə mühim rol oynayır.

Rusiya ərazisindən keçən Transsibir dəmiryolu xətti (“Şimal Dəhlizi” də adlandırılır) uzun illər Çin mallarını avropalı istehlakçılara çatdırmaqda (eləcə də əks istiqamətdə yükdaşımalarda) vacib rol oynayıb. Pekin Qərb bazarlarına daşınan yüklərin böyük hissəsini illərlə bu ticari kanal vasitəsilə rahat şəkildə nəql edə bilib, Transsibir Avropa ilə Çin arasında əsas quru nəqliyyat marşrutu olub. Ancaq Rusiyanın Ukraynaya hücumundan sonra bir çox beynəlxalq logistika şirkəti bu dəhlizin xidmətlərindən imtina edib. Qərb ölkələrinin sanksiya siyahısına birbaşa daxil olmasa da, hazırda Şimal Dəhlizindən istifadə əhəmiyyətli ölçüdə azalıb. Dünyanın aparıcı yükdaşıma və logistika şirkətlərindən “Maersk” (Danimarka), “Nurminen” (Finlandiya), “COSCO” (Çin), “MSC” (İsveçrə), “ÖBB Rail Cargo Group” (Avstriya), “CEVA Logistics” (Fransa), “Rail Bridge Cargo” (Hollandiya), “Gebrüder Weissrganizes” (Avstriya) kimiləri alternativ tranzit marşrutlara yönəliblər. Və alternativlər içərisində ən böyük ümid, haqqında danışdığımız Transxəzər Dəhlizinə bağlanıb. TBMN üzrə yükdaşımalara artan tələbatın öhdəsindən gəlmək üçün bu şirkətlər başqa fəallıqlar da göstərir. Məsələn, yüklərini Orta Dəhliz vasitəsilə ötürməklə bərabər, dəhlizin texniki inkişafında və optimallaşdırılmasında mühüm rol oynayırlar. TBNM-nin inkişafına yerli hökumətlərlə yanaşı, uzun illərdir qlobal nəqliyyat-tranzit xətlərin diversifikasiyasına çalışan Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, o cümlədən Dünya Bankı kimi iri maliyyə təşkilatları da maraq göstərir.

Çatışmazlıqlar. Hökumətlər Orta Dəhlizin inkişafı üçün ciddi addımlar atır

Şimal Dəhlizindən fərqli olaraq, Orta Dəhliz bir neçə ölkənin quru/dəniz sərhədindən və gömrük nəzarətindən keçir və bu, dəhlizin cəlbediciliyini azaldan əsas faktordur. Bundan savayı, dəhliz boyu fəaliyyət göstərən ölkələrarası yük daşıyıcılarının və müvafiq dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsinin zəif təşkili Transxəzər xətti ilə beynəlxalq yük nəqlinin səmərəliliyinə mənfi təsir edir, dəhlizin tam gücüylə fəaliyyət göstərməsinə əngəl yaradır. Bunlar TBNM ölkələrinin sıx əməkdaşlığı və birgə fəaliyyətini şərtləndirən amillərdir.

Qlobal təchizat zəncirlərində meydana gəlmiş qeyri-müəyyənlikləri və sadalanan faktorları nəzərə alan TBNM dövlətləri bəzi vacib addımları atmağa başlayıblar; bürokratik əngəllərin aradan qaldırılması, vahid tarif və “bir pəncərə” sisteminin tətbiqi, gömrük ödənişlərinin elektron idarə edilməsi sistemlərinin yaradılması, texniki çatışmazlıqların həll olunması və qurumlararası vahid koordinasiyanın təşkil edilməsi istiqamətində bəzi işlər görülüb. Dəhliz ölkələrinin yüksək ranklı məmurları vaxtaşırı müxtəlif formatlı görüşlər keçirir. Bu görüşlərdə TBNM vasitəsilə həyata keçirilən yük daşımaları üçün zəruri proseslərin sistematik şəkildə sadələşdirilməsi və gömrük prosedurlarının rəqəmsallaşdırılaraq təkmilləşdirilməsi kimi proqressiv məsələlərə baxılır.

Beləliklə, Şərqi Avropadakı kritik geosiyasi vəziyyət TBNM ölkələrinin qarşılıqlı siyasi və iqtisadi əlaqələrinin möhkəmlənməsinə, birgə strateji maraqların müəyyən edilməsinə təkan verib. Qərbin Rusiyaya sanksiyaları fonunda Orta Dəhliz ölkələri çoxtərəfli səmərəli əməkdaşlıqlar qurur, bununla da qitələrarası tranzit xəttinin sürətlə kommersiyalaşdırılması, xəttin ötürücülük qabiliyyətinin artırılması, dəhliz boyu tədarük zəncirlərinin şaxələndirilməsi, yerli və xarici investorlar üçün cəlbedici biznes mühitinin yaradılması istiqamətində ciddi irəliləyişlər əldə edirlər. Misal olaraq, TBNM nəzdindəki fiziki və rəqəmsal infrastrukturun təkmilləşdirilməsini və proseslərin optimallaşdırılmasını nəzərdə tutan çoxtərəfli beynəlxalq sazişləri, 2022-ci ilin mart, aprel, may, iyun, iyulnoyabr aylarında əsasən Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstan arasında imzalanmış dövlətlərarası müqavilələri göstərmək olar.

Orta Dəhlizin formalaşması son vaxtlar beynəlxalq arenada aktivliyini artırmağa çalışan Türk Dövlətləri Təşkilatının (TDT) da zirvə görüşlərinin əsas müzakirə mövzularından olub. TBNM, eləcə də Zəngəzur dəhlizinin inkişaf prioritetləri TDT-nın 2021-ci ildə İstanbulda, 2022-ci ildə Səmərqənddə baş tutan VIIIIX zirvə görüşlərində müzakirə edilib.

Rəqəmlər ümidləndirir

TBNM-in əsasını dəmir yolları təşkil edir. Yükdaşıma baxımından dəmir yolları hava yoluyla müqayisədə daha ucuz, dəniz yoluyla müqayisədə daha sürətlidir. Ümumilikdə 4 ölkənin ərazisindən (Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə) və 2 su hövzəsindən (Xəzər dənizi və Qara dəniz) keçməli olan TBNM-in illik yükdaşıma qabiliyyəti 10 milyon ton (200 min konteyner) göstərilir.

Yuxarıda qeyd edildiyi kimi, ADY-nin paylaşdığı rəsmi məlumata görə, Orta Dəhliz vasitəsilə konteynerlərlə yükdaşımalarda 45%, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində 65% artım müşahidə olunub.

ADY-nin digər məlumatına görə, Orta Dəhliz üzrə hərəkət edən qatar vaqonları Çindən Avropaya təxminən 10-12 günə çatdırır. Ancaq bu müddət ölkələrarası gömrük əməliyyatlarının sürətinə, limanlarda yaranmış tıxaclara və Xəzər dənizindəki hava şəraitinə görə dəyişə bilər. Və 2022-ci il ərzində TBNM boyu gömrük proseslərinin optimallaşdırılması və müvafiq qurumların fəaliyyətlərinin sinxronizasiyası hesabına çatdırılma müddətini azaltmağa imkan verən bir sıra əməliyyat təkmilləşdirmələri həyata keçirilsə də, hava şəraiti ilə əlaqədar konteynerlərin Xəzər dənizi ilə Aktau və Türkmənbaşı limanlarından Ələt limanına çatdırılmasında yaşanan ləngiləmələr TBNM üçün hələ də əlavə problemlər yaradır. Məhz buna görə TBNM üzrə yükdaşımaların müddəti müxtəlif mənbələrdə müxtəlif rəqəmlərlə göstərilir.

Hazırda Ələt portuna daxil olmuş yüklər Avropa bazarlarına iki istiqamət üzrə nəql edilir. Onlardan biri Gürcüstanın Poti və Batumi limanları vasitəsi ilə Qara dənizi keçməklə, digəri isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyə üzərindən daşınır. Ələt portuna daxil olan konteyner blokları də ixrac məntəqəsindən və təyinat ölkəsindən asılı olaraq, Qazaxıstanın Aktau və Tükmənistanın Türkmənbaşı dəniz limanlarından göndərilir.

Transxəzər marşrutu ilə daşınan yüklər

Ən çox daşınan yüklər içərisində neft və neft məhsulları (34.3%) hələ də üstünlük təşkil edir. Ümumiyyətlə, daşınan yüklərin statistikasına nəzər saldıqda əsas məhsulların daha çox region ölkələrindən hasil edilən müxtəlif yönlü xammal və yanacaq olduğunu görürük. Bu da Çindən Avropaya və ya əksinə yük nəqlinin arzuolunan səviyyəyə çatmamasının göstəricisidir. Ancaq Ələt portunun Avropanın aparıcı logistika şirkətləri ilə əldə etdiyi razılıqlar sayəsində bir sıra texniki məhsulların nəqlində artım müşahidə olunub. Məsələn, 2022-ci ilin ilk 9 ayı ərazində Ələt limanı vasitəsilə 9316 ədəd təkərli texnika daşınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artım deməkdir.

Xəzər hövzəsində konteynerləşmənin geniş vüsət aldığı bir ərəfədə Ələt, Aktau və Türkmənbaşı kimi beynəlxalq dəniz limanlarının da inkişaf etdirilməsi TBNM-nin yük ötürmə qabiliyyətinin artırılmasına kömək etməkdədir.

Orta Dəhliz üçün daha nə eləmək olar?

Qlobal təchizat zəncirinin stabilliyini və təhlükəsizliyini artırmaq səyləri görünür. Brussel və Pekin də TBNM boyu mövcud olan infrastrukturun təkmilləşdirilməsini və yenilərinin tikintisini diqqət mərkəzində saxlayır. Qeyd edək ki, Orta Dəhlizin inkişaf etdirilməsi Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi dünya okeanına birbaşa çıxışı olmayan ölkələrin qlobal bazarlara inteqrasiyası baxımından vacibdir. Rusiyanın qlobal bazarlardan təcridi əbədi davam edə bilməz. Odur ki, tranzit ölkələrin hökumətləri birgə fəaliyyət göstərməli, TBNM üçün doğan bu tarixi şansdan maksimum yararlanmağa çalışmalıdırlar.

TBNM-nun özünü həm iqtisadi, həm də siyasi cəhətdən doğrultması üçün quru və dəniz əsaslı fiziki və rəqəmsal infrastrukturun qurulması ilə yanaşı, üzv ölkələr arasında güclü diplomatik və kommersiya əlaqələrinin davamlı olaraq inkişaf etdirilməsi bütün tərəflər üçün vacibdir. Sürətlə dəyişən dinamiklər konteksində Mərkəzi Asiya ölkələrinin, xüsusən də Qazaxıstanın Kremlin təsir dairəsindən tədricən uzaqlaşaraq, Avropa İttififaqı və TBMN ölkələri ilə münasibətləri möhkəmləndirməsi, Bakının çoxdanki balanslı xarici siyasət doktrinasını tərk etməsi və çoxtərəfli əməkdaşlıqların qurulması istiqamətində göstərdiyi səylər, Ankaranın Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətində fəallaşaraq konstruktiv addımlar atması və eyni zamanda bu dövlətlərin TDT və regional konsorsiumlar çərçivəsində müştərək hərəkət etmələri Orta Dəhlizin potensialından səmərəli istifadə edilməsinə xidmət edə bilər.