Toğrul Vəliyev

İqtisadçı

QARABAĞIN BƏRPASI SƏHİYYƏ VƏ TƏHSİL XƏRCLƏRİ HESABINA APARILIR

28.03.2023 / Maliyyə Nazirliyi dövlət büdcəsini Milli Məclisdən xəbərsiz dəyişir?

Maliyyə naziri Samir Şərifov bildirib ki, işğaldan azad olunmuş ərazilərin bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən cəmi 4315 milyon manat vəsait ayrılıb. Yəni, bu məqsəd üçün proqnozlaşdırılan 2670 milyon manat vəsait 62% artırılıb. Onun sözlərinə görə, bu, ötən ilin dövlət büdcəsindəki vəsaitlərin “çevik idarəedilməsi hesabına” mümkün olub.

Ötən il, iyunun 4-də dövlət büdcəsinə yenidən baxıldıqdan sonra 2022-ci ilin büdcə xərcləri 2424,8 milyon manat artırılaraq, 32303,8 milyon manat səviyyəsində təsdiqlənmişdi. Ancaq 2022-ci il üzrə dövlət büdcəsinin xərclərinin icrası barədə hesabata əsasən xərclər 32063 milyon manat olub. Yəni, xərclər proqnozu əslində 240 milyon manat kəsirlə yerinə yetirilib. Buna baxmayaraq, işğaldan azad olunmuş ərazilərin bərpası üçün 62% çox vəsait xərclənib.

Bəs bu fərq nəyin hesabına əldə olunub? Doğrudanmı “çevik idarəetmənin hesabına” yaranıb? Bunu başa düşmək dövlət büdcəsinin icrası ilə bağlı maliyyə nazirliyinin verdiyi hesabatlara baxırıq. İlk əvvəl qeyd etmək lazımdır ki, “işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası” işləri funksional olaraq “Tikinti və şəhərsalma” maddəsi altında gedir. İqtisadi olaraq müvafiq maddə üzrə bu işlər “Sair torpaq, tikili və avadanlıqlar” adı ilə birləşdirilib. Bu maddənin daxili strukturu barədə heç bir məlumat verilmir. Maddə üzrə verilən məlumata müraciət edərkən görürük ki, 2022-ci ilin iyulunda təsdiqlənmiş proqnoza görə, xərclərin həcmi 2684 milyon manat təşkil etməli idi. 2022-ci ilin yanvar-dekabr aylarında bu maddə üzrə 2679 milyon manat xərclənib. Yəni bu maddə üzrə proqnoz yerinə yetirilməyib. Bəs Samir Şərifovun dediyi əlavə 1636 milyon manat haradan xərclənib?

Ehtiyat fondu vəsaitləri ildə 3, bəzən 10 dəfə artıq icra olunur

Bu vəsaitin xərclənmə mənbəyi ehtiyat fondlarıdır. Belə ki, dəyişikliklərdən əvvəl 2022-ci ilin dövlət büdcəsində ehtiyat fondlar üzrə 628 milyon manat xərclənməsi nəzərdə tutulurdu. Bu vəsaitlərin 518 milyonu prezidentin ehtiyat fondunun payına, 110 milyon manatı isə dövlət büdcəsinin ehtiyat fondunun payına düşməli idi. Dəyişikliklərdən sonra isə bu maddə üzrə proqnozlaşdırılan xərclər artmasa da, ilin nəticələri ehtiyat fondlarına ayrılan vəsaitin büdcə müzakirələri olmadan 1976,9 milyon manatadək qaldırıldığını göstərir. Nəticə etibarilə bu maddə üzrə 1975,8 milyon manat xərclənib. Çox güman ki, 1636 milyonluq vəsait də bu mənbə hesabına maliyyəşib.

Büdcə sistemi haqqında qanuna görə, prezidentin ehtiyat fondu dövlət büdcəsi gəlirlərinin 2%-dən çox olmamaqla müəyyən edilir. Fondun həcminin artırılmadığını təxmin eləmək olar (dəyişikliklərə dair təsdiqlənmiş qanun layihəsində bu artım göstərilməli idi, amma yoxdur). Dövlət büdcəsinin ehtiyat fondu isə büdcə gəlirlərinin 5%-dən çox olmamaqla müəyyən edilir. Yəni, sonuncunun həcmi 110 milyon manatdan ən azı 1,45 milyard manata kimi artırılıb. Yeri gəlmişkən, bu, Azərbaycan dövlət büdcəsi üçün adət halını alıb.

Cədvəl 1-dən göründüyü kimi, dövlət büdcəsinin ehtiyat fondu hər il fərqli məbləğdə proqnozlaşdırılır (100-110 milyon manat), fərqli məbləğdə—3-10 dəfə çox icra olunur. Hesablama Palatasının rəylərinə əsasən deyə bilərik ki, bu fondun əlavə vəsaitləri il ərzində baş vermiş qənaətlər hesabına formalaşır. Yəni, dövlət büdcəsi xərclərinin hər hansı maddəsi üzrə qalan vəsait ehtiyat fonduna yönəldilir. Oradan Nazirlər Kabinetinin sərəncamı ilə icra edilir. Və bütün bunlar ictimaiyyət üçün açıq deyil. Hər bir halda 2022-ci ildə fond hesabına edilmiş əlavə xərclərin digər mənbələr üzrə qənaət hesabına formalaşdığını təxmin edə bilərik. Bəs dövlət büdcəsi nəyin hesabına bu qədər qənaət edir.

Keçən il səhiyyədə 370 milyon, təhsildə 187 milyon manat vəsaitə qənaət edilib

2022-ci ilin büdcə layihəsini Maliyyə Nazirliyinin 2022-ci ilin yanvar-dekabr ayları üzrə hesabatlarındakı göstəricilərlə müqayisə etsək, maraqlı rəqəmlərlə üzləşirik. Əvvəl məlum olur ki, ən çox qənaət səhiyyə, təhsil və sosial müdafiə maddələri üzrə edilib. Səhiyyə üzrə 370,7 milyon manat, təhsil üzrə 187 milyon manat, sosial müdafiə üzrə isə 178 milyon manat vəsaitə qənaət edilib. Sonra “ümumi dövlət xidmətləri” (müvafiq dövlət qurumlarının saxlanması) maddəsi gəlir. Düzdür, müvafiq maddələr üzrə xərclər 2021-ci ilin icrası ilə müqayisədə artıb, amma bu dövrdə qiymət artımını da nəzərə almaq lazımdır (bu sahələr üzrə göstərilən xidmətlərin dəyəri artıb, həmçinin, dövlət büdcəsindən maliyyələşən qurumlarda maaşların asılı olduqları minimal əməkhaqqı göstəricisi də 250 manatdan 300-ə kimi artıb). Bir sözlə, real olaraq təhsil, ətraf mühitin mühafizəsi və məhkəmə və hüquq-mühafizədən başqa digər maddələr üzrə xərclərin artımı heç inflyasiya səviyyəsini üstələməyib.

Qənaətin dəqiq nəyin hesabına edildiyini demək çətindir, amma misal üçün, səhiyyə sahəsi üzrə xərclərin böyük hissəsi “səhiyyə sahəsində proqramlar və digər xidmətlər” maddəsinə aid edilir. Əgər 2022-ci ilin ilkin layihəsinə görə bu istiqamət üzrə 1613 milyon manat xərclənməli idisə, ilin nəticələrinə görə 1257 milyon manat xərclənib. Bu maddə üzrə xərclər əsasən iki istiqaməti əhatə edib: “əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı” və “səhiyyə sahəsi üzrə sosial-iqtisadi və digər tədbirlərin maliyyəşdirilməsi”. Birinci istiqamət üzrə 1125 milyon, ikinci üzrə 350 milyon manat xərc nəzərdə tutulub. Bu xərclərin dəqiq bölgüsü və strukturu barədə məlumat yoxdur. Amma qənaətin böyük hissəsinin məhz bu istiqamət üzrə edildiyi görünür.

Sosial müdafiə barədə məlumatlar nisbətən açıqdır. 2022-ci ilin büdcə layihəsinə görə sosial yardıma 1732 milyon manat köçürülməli idi. Ancaq ilin nəticələrinə görə bu maddə üzrə 1564 milyon manat köçürülüb. Bu maddəyə isə əlilliyə görə (24 milyon manat qənaət), ailə başçısının itirilməsinə görə müavinət (5 milyon) və s. daxildir.

Belə çıxır ki, hökumət sosial siyasətlə bağlı istiqamətlər (sosial müdafiə, səhiyyə və təhsil) üzrə vəsaitləri qənaətlə xərcləyir. Qənaət edilən vəsait isə işğaldan azad olunmuş torpaqlarda tikinti və bərpa işlərinə yönəldilir.