Nurlan Hüseynov

Müstəqil jurnalist

“GÜRCÜ ARZUSU” QƏRBYÖNLÜ QÜVVƏLƏRİ SUSDURA BİLƏCƏKMİ?

16.03.2023 / Tbilisidə AB bayrağını yandıranlar da var


Foto: Mtavari.tv



Ötən həftə "Xarici Agentlər" haqqında qanun layihəsi ilə bağlı etiraz aksiyaları Gürcüstan hökumətini geri çəkilməyə vadar elədi. Narazılığa səbəb olan qanun layihəsi parlamentin müzakirəsindən götürüldü. Ancaq baş verənlər çoxlu suallar yaradıb. Xalqı bu qədər narazı salan hökumət bundan sonra necə dayanacaq? Rusiyaya qarşı illərlə mübarizə aparan, torpaqlarını Rusiya üzündən itirən, Qafqazın demokratiya uğrunda ən mübariz xalqı sayılan gürcülər Rusiyaya meylli partiyanın hakimiyyətinə, həm də bu hakimiyyətin belə uzun çəkməsinə nədən yol verdilər? Gürcüstan bu yerə necə gəldi və bundan sonra hara gedir?...

Gürcüstan məsələsini gündəmə gətirən “Xarici təsirin şəffaflığı” haqqında qanun layihəsi oldu. Layihə maliyyəsinin 20%-dən artığını xaricdən alan media qurumları və QHT-lərin xarici agent kimi dövlət qeydiyyatına düşməsini tələb edir, əks halda belə təşkilatlara cəza kəsilməsini nəzərdə tuturdu. Qanun layihəsini hakim “Gürcü Arzusu” partiyasından ayrılan və “Xalqın Gücü” adlı yeni hərakat yaratmış deputatlar irəli sürmüşdülər. Martın 7-8-də paytaxtda bu layihəyə qarşı kütləvi aksiyalar keçirildi. Hökumət bu aksiyalara “ölkəyə müdaxilə edənlərin təşəbbüsü”, “təxribat” kimi adlar qoysa da, geri çəkilməli oldu. Müşahidəçilər, həmçinin aksiyaçılar prosesi vətəndaş cəmiyyətinin hökumət üzərində növbəti qələbəsi kimi təqdim edir. Bəs “Gürcü Arzusu”nun 10 illik hakimiyyəti nə deyir?

“Gürcü Arzusu”--Rusiyanın Gürcüstanda qələbəsi?

“Gürcü arzusu” (GA) 2012-ci ildə rusiyalı milyarder Bidzina İvanişvilinin rəhbərliyi və maliyyəsi ilə, müxtəlif partiyaların birləşdiyi böyük koalisiya kimi yarandı və parlament seçkilərində səslərin əksəriyyətini toplayaraq, hakimiyyətə gəldi. B.İvanişvili öz var-dövlətini Rusiyadakı biznes əlaqələri nəticəsində qazanıb. O Rusiyada hökumətə yaxın oliqarxlardan biridir, hətta 1996-ci ildə Boris Yeltsinin yenidən Rusiya prezidenti seçilməsini təmin etmiş “Semibankirschina” adlı bankirlər qrupunun üzvü kimi tanınır. B.İvanişvilinin hakimiyyətə gəlişi Gürcüstanın Rusiya ilə münasibətlərinin dəyişəcəyi ilə bağlı narahatlıq yaratmışdı. Ancaq o zaman B.İvanişvili Gürcüstanın Avropa Birliyi və NATO üzvlüyü siyasətini davam etdirəcəyini, bununla birlikdə Rusiya ilə normal münasibətlər quracağını vəd eləmişdi. Buna baxmayaraq, bəzi ekspertlər GA-nın hakimiyyətə gəlişini məhz Rusiyanın Gürcüstanda qələbəsi kimi şərh edirdilər.

Əvvəlcə çoxtərəfli koalisiyanı dağıtdılar

Şübhələrin özünü doğrultması uzun çəkmədi. B.İvanişvili 2013-ci ilin sonunda baş nazir vəzifəsindən getsə də və açıq siyasətə bir neçə dəfə qayıdıb, təzədən getsə də, Gürcüstan siyasətini pərdə arxasından Rusiyanın xeyrinə idarə edən adam kimi tanındı. Onu 2014-cü ildə əvəz edən gənc baş nazir İrakli Kobaxidze isə GA-nın əsl məramını gizlətməyən, suallara aydınlıq gətirən ilklərə imza atdı: Yeni hökumət əvvəlcə Müdafiə Nazirliyinin 9 vəzifəlisini həbs etdi. Az sonra Müdafiə Naziri İrakli Alasania vəzifəsindən uzaqlaşdırıldı.

Gürcüstan parlamentinin önündəki son etirazlardan foto.

Xarizmatik İ.Alasania GA koalisiyasını formalaşdıran əsas partiyalardan birinin--“Azad Demokratlar” partiyasının rəhbəri idi. Avro-Atlantik xətti təmsil edən İ.Alasanianın yola salınması GA-nın məramı ilə bağlı şübhələri artırdı. İ.Alasania özü vəzifəsindən uzaqlaşdırılmasını, Fransadan modern silah almaqla bağlı razılaşması ilə izah edirdi. Onun sözlərinə görə, hökumət həmin razılaşmanı ləğv etmək və Moskvanı razı salmaq məqsədiylə Müdafiə Nazirliyinə hücum edirdi.

İ.Alasanianın ardınca GA koalisiyasından istefalar başladı; Xarici işlər naziri və Avro Atlantik inteqrasiya naziri istefa verdi. 2016-ci ildə isə GA-nın daha bir koalisiya ortağı, Avro-Atlantik xəttə bağlı “Respublika” partiyasının rəhbəri Davit Usupaşvili parlamentin spikeri vəzifəsindən istefa etdi. Beləcə, birinci hakimiyyət müddətinin sonunda GA Avropaya meylli güclü fiqurları hakimiyyətdən uzaqlaşdırdı, 2012-ci ilin koalisiyası dağıldı.

Şantaj videoları GA-nun əsas siyasi alətinə çevrildi

Ancaq gedənlərin yerini müstəqil deputatlar və yeni simalarla dolduran GA konsolidasiyaya yenidən nail ola bildi. Əlbəttə, bu, GA-ya asan başa gəlmirdi. Hökumət qeyri liberal - illiberal siyasi alətlərlə həm müxalifəti, həm də tənqidçi medianı susdurmağa, siyasi opponentləri təqib etməyə başladı. 2015-ci ildə o zaman müxalif kanal kimi tanınan “İmedi TV” GA-nın təzyiqi ilə əvvəlki siyasi xəttindən uzaqlaşdı. Digər müxalif kanal “Rustavi 2” də hökumətin əsas hədəfinə çevrildi və kanala qarşı uzun sürən məhkəmə çəkişmələri başladı. Eyni zamanda GA koalisiyadan qopan, müxalif siyasətçilərə çevrilənləri nüfuzdan salmaq üçün əlindən gələni eləməyə başladı. Müxalifətçilərə qarşı cinayət işləri açılır, bəziləri intim videoları ilə şantaj edilirdilər. Ümumiyyətlə, şantaj videoları GA arzusu hakimiyyətinin bütün dövrlərində əsas siyasi alət kimi istifadə olundu.

Beləliklə, GA özü konsolidasiyaya vardıqca siyasi opponentlərini, müxalifəti zəiflətməyə, parçalamağa da nail olurdu. 2017-ci ildə “Milli Birlik Hərakatı”, David Bakradze və Tbilisinin keçmiş meri Gigi Uqulava arasındakı konflikt üzündən ikiyə bölündü. 2018-ci ildə hökumət konstitusiyaya dəyişiklik etdi. Yeni dəyişiklik proporsional seçkiyə keçid, minimal 5%-lik keçid barajı müəyyənləşdirir, siyasi partiyalara elektoral blok qurmağı qadağan edirdi. Dəyişikliyə görə, ölkənin növbəti prezidentini xalq səsveməsi yox, parlament seçəcəkdi.

2018-ci ildə köhnə qaydayla keçirilən prezident seçkiləri B.İvanişvilinin Gürcüstan siyasətində gücü və çəkisini bir daha göstərdi. Zalome Zurabaşvili məhz B.İvanişvilninin 1 milyon lari (387 min ABŞ dolları) maliyyəsi və GA partiyasının açıq dəstəyi ilə müxalifət namizədinə qalib gəldi.

“Qavrilov hadisəsi” və seçkilər

2019-2020-ci illər daha səs-küylü hadisələrlə yadda qaldı. 2019-cu ildə uzun sürən məhkəmə çəkişməsindən sonra ölkənin əsas muxalif kanalı “Rüstavi 2” keçmiş sahibinə qaytarıldı. Beləcə kanal o vaxtki sahibi Nika Qvaramiadan alındı. Elə həmin ilin iyununda Rusiya dumasının kommunist deputatı Sergey Qabrilovun Parlamentlərarası Ortodoksluq qrupu çərçivəsində Tbilisiyə gəlişi və Gürcüstan parlamentinin spikeri kürsüsündə çıxışı kütləvi etirazlara səbəb oldu. Hökumət etirazılara qarşı gücdən istifadə etdi, nəticədə iki nəfər aksiya iştirakçısı gözünü itirdi. “Qavrilov hadisəsi” siyasi qarşıdurmanı dərinləşdirdi, eyni zamanda hökumətin sərt siyasi xəttini gücləndirdi. 2020-ci ildə Rustavi 2 kanalının keçmiş rəhbəri Nika Qvaramianın yeni yaratdığı televiziya kanalı “Mtavari Arkhi” kanalının səhmlərində payı olan müxalifətçi Giorgi Rurua, Tbilisinin keçmiş meri, “Avropalı Gürcüstan” partiyasınının liderlərindən Gigi Uqulava həbs edildi .

GA-nın Gürcüstan siyasəti üzərində artan hökmranlığı 2020-ci il parlament seçkilərində özünü daha açıq nümayiş etdirdi. Partiya seçkidə 48% səslə 150 yerdən 90-nı qazandı. Səsvermənin nəticələrinə görə parlamentə düşmüş digər partiyaların hamısı seçkilərin saxtalaşdırıldığını deyib, parlamenti boykot etdilər. Əslində ATƏT-in seçkini müşahidə missiyası da məhdud sayda seçki məntəqəsindəki müşahidələrinə əsaslanan 2021-ci il hesabatında seçki pozuntusu hesab ediləcək və nəticələrə təsir edəcək faktorların olduğunu qeyd etsə də, ümumilikdə seçkidə fundamental azadlıqların qorunduğunu, onun rəqabətli keçdiyini yazmışdı. Ancaq 2022-ci ildə Gürcüstanda fəaliyyət göstərən digər iki təşkilat --“Ədalətli Seçkilər və Demokratiya üçün Beynəlxalq Cəmiyyət” (ISFED) və “Beynəlxalq Şəffaflıq Gürcüstan” (Transparency İnternational Georgia) hökumətin 2020-ci ildə seçkini saxtalaşdırdığına dair faktlar açıqladı. Bu təşkilatların hazırladığı sənəddə hökumətin şərti cəzaların ləğvi, cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl buraxmalar, ləğv edilmiş sürücülük vəsiqələrinin bərpası, həbs şəraitinin yaxşılaşdırılması və ya hərbi xidmətin təxirə salınması müqabilində insanların səsini satın aldığı göstərilir.

“Gürcü Arzusu” hakimiyyətinin 3-cü müddətində

2020-ci il seçkilərinin nəticəsi 2 il çəkən siyasi qarşıdurmaya çevrildi. 2021-ci ildə “Milli Birlik” hərəkatının rəhbəri Nika Melia həbs edildi. Daha sonra Gürcüstan hökuməti GA və müxalifət arasında Avropa Birliyinin vasitəçiliyi ilə əldə edilən razılaşmalardan imtina etdi. 2022-ci ilin mayında isə nüfuzlu “Mtavari Arkhi” kanalının rəhbəri (3 il əvvəl “Rustavi 2” kanalının rəhbərliyindən uzaqlaşdırılmış) Nika Qvaramia həbs olundu.

Beləliklə, hakimiyyətinin 3-cü müddətində GA dövlət strukturlarını ələ keçirmiş, siyasi partiyaları sıradan çıxarmış, sıxışdırmış və Gürcüstanın əsas müttəfiqləri ilə açıq konfliktə girmiş bir partiya oldu.

Rusiyanın maliyyələşdirdiyi qruplar

Bu illərdə diqqət çəkən və narahatlıq yaradan digər məsələ, Avropa Birliyi və Amerikanın Gürcüstan siyasətini ardıcıl və sərt şəkildə tənqid edən ifrat sağçı radikal qrupların yaranması və onların siyasi həyata ciddi təsiri idi. Bunlardan biri, 2012-ci ildə yaranmış və Gürcüstan parlamentində 2016-2020-ci illərdə təmsil olunmuş “Gürcüstan Patriotları Alyansı”dır. Araşdırmaçı “Dossier” mərkəzi 2020-ci ildə açıqladığı sənədlərdə bu partiyanın Rusiya tərəfindən maliyyələşdirildiyini göstərdi. Digər qrup patriotların müttəfiqi, 2017-ci ildə keçmiş GA üzvü Sandro Breqadzenin yaratdığı “Gürcü Marşı”dır.

2019-cu ildən isə Rusiyada biznesləri olan oliqarx Levan Vasadzenin maliyyəsi ilə daha bir neçə radikal - “Gürcüstan Demoqrafik Dirçəliş Fondu”, “Milli Dini İnstitut”, “Millət və Dövlət”, “Gürcü İdeyası” kimi qruplar yaradıldı. Rusiyaya meyili və Avrasiya ideologiyasının rəhbəri Aleksandr Duginlə əlaqələri olan Levan Vasadze 2019-cu ildə “Alt İnfo” adlı sağ radikal televiziya kanalını yaratdı, 2020-ci ildə kanalın yayımına rəsmi icazə verildi. 2021-ci ildə isə eyni qüvvələr “Konservativ hərəkat/alt info” partiyasını təsis etdilər və hazırda partiyanın Gürcüstanın bir sıra şəhərlərində 65 ofisi var.

Hakim GA partiyasına yaxın oliqarx şəbəkəsinin maliyyələşdirdiyi Rusiya yönlü qrupların əsas hədəfi vətəndaş cəmiyyəti qrupları və onlara dəstək verən Qərb təşkilatlarıdır. Onlar ardıcıl olaraq bu təşkilatları və onlar üçün çalışan insanları nüfuzdan salmağa çalışır, vətəndaş cəmiyyətlərinə hücumlar təşkil edir, onlara qarşı əks aksiyalar keçirirlər. Məsələn, 2021-ci ildə LGBT aksiyasına hücum edilmiş, nəticədə 1 jurnalist öldürülmüş, 53 nəfər yaralanmışdı. Bu yollarla GA siyasi rəqiblərini izolasiya etmək, onların müdafiə etdiyi dəyərləri gözdən salmaq və vətəndaş cəmiyyəti nümayəndələrini qorxu altında saxlamağa çalışır. Ən pisi isə odur ki, bir tərəfdən bu cür qruplar cəmiyyətin aşırı uclara polarizasiyalaşmasına səbəb olur, digər tərəfdən isə Rusiyanın Gürcüstan üzərində təsir imkanlarını artırır.

Hakim partiya cəmiyyətlə son döyüşə girməli olacaq

GA-nın vətəndaş cəmiyyəti ilə son toqquşmasına səbəb olan “Xarici Agentlər” haqqında qanun vətəndaş cəmiyyəti və QHT-lərin fəaliyyətini məhdudlaşdırmağı hədəfləmişdi. Bu layihə siyasi partiyaları dağıtmış, opponentlərini həbs etmiş, medianı susdurmuş GA partiyasının 10 illik hakimiyyəti dövründə həyata keçirdiyi siyasi xəttin məntiqi davamı idi. Amma B.İvanişvilinin cəmiyyət üzərində tam və böyük qələbəsini təsdiqləməli olan qanun layihəsi elə hədəf aldığı vətəndaş cəmiyyəti və QHT nümayəndələrinin qətiyyətli etirazı nəticəsində qəbul edilmədi. Ancaq bu, əlbəttə, son deyil. B.İvanişvili və onun “Gürcü Arzusu” qarşısına qoyduğu hədəfə, cəmiyyəti tamamilə susdurmağa doğru irəliləməkdədir. Etirazlar göstərir ki, hakim partiya bu yolda Gürcüstan cəmiyyəti ilə son döyüşə girməli olacaq.

Martın 14-də “Konservativ hərəkat/alt info” Tbilisidə “Xarici Agentlər” haqqında qanunun refenduma çıxarılması tələbi ilə yürüş keçirib. Yüzlərlə aksiya iştirakçısı parlament binasına qədər yürüş edib, Avropa Birliyinin bayrağını endirərək, onu cırıb, sonra da yandırıblar.