Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edəndə Qərbin sanksiyaları ilə üzləşən yalnız bir qonşusu vardı - İran. Ancaq indi Azərbaycan sanskiyaya məruz qalan 3 belə ölkənin əhatəsindədir - İran, Rusiya və Türkiyə. Bu ölkələrin üçü də önəmli regional qüvvələrdir. Rusiya və Türkiyə isə həm də Azərbaycanın önəmli iqtisadi tərəfdaşlarıdır. Şübhəsiz ki, bu durumun xüsusi iqtisadi və siyasi təsirləri olacaq və bu təsir özünü nəinki ölkənin xarici siyasətində, həm də iqtisadiyyatı və daxili siyasətində də göstərəcək.
Bu məqalədə mövcud durumun Azərbaycan üçün sadəcə potensial siyasi təsirinin analitik izahına həsr olunub. Bu izahdan öncə ABŞ-ın İran, Rusiya və Türkiyəyə tətbiq etdiyi sanksiyalarla bağlı ən son duruma, eləcə də Avropanın bu məsələdə mövqeyinə göz atmaqda fayda var.
ABŞ-ın İrana sanksiyaları
ABŞ-ın İrana yönəlmiş sanksiyalarının1979-ci ildəki girov böhranından başlayan uzun tarixcəsi var. Bu böhran durumu 2013-ci ilə qədər, İranla altılıq ölkələri - ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya və Almaniya arasında danışıqlar başlayana qədər davam etdi. 2015-ci ildə qarşılıqlı razılığa gəlindi, 2016-ci ildə isə sanksiyaların bir qismi qaldırıldı. Lakin sanksiyaların səngiməsi uzun çəkmədi.
2018-ci il mayın 8-də ABŞ prezidenti Donald Tramp Milli Təhlükəsizlik Haqqında Prezident Memorandumunu imzaladı. Bu memoranduma əsasən, ABŞ İranla 6 dövlət arasında nüvə proqramı ilə bağlı əldə edilən sazişdən - Birgə Əhatəli Tədbirlər Planınından (BƏTP) birtərəfli qaydada çıxmış sayılır. Bu memorandum BƏTP sazişi üzrə aradan qaldırılan sanksiyaların 2018-ci il avqustun 7-i və ya bu tarixdən sonra və yaxud 2018-ci il noyabrın 5-i və ya bu tarixdən sonra İrana yenidən tətbiqini nəzərdə tutur. İlk hədəf kimi avtomobil, qızıl və digər metalların ticarətinə sanksiyaların tətbiqi nəzərdə tutulur. İkinci mərhələdə isə İranın neft ixracı və mərkəzi bank üzərindən tranzaskiyalara məhdudiyyətlər planlaşdırılır.
Rusiyaya qarşı sanksiyalar
Rusiya 2014-ci ildən başlayaraq ABŞ və Avropa Birliyinin sanksiyalar dalğası ilə üzləşib. Səbəb Rusiyanın Ukraynanın şərq regionlarına müdaxiləsi və Krımın anneksiyasıdır. Tramp administrasiyası Rusiyaya münasibətdə davamlı siyasət sərgiləməməsinə baxmayaraq, bu ölkəyə münasibətdə yeni sanksiyaların tətbiq olunmasında xüsusi olaraq, istəkli görünür.
2018-ci il aprelin 6-da ABŞ Rusiyaya qarşı 7 rus oliqarxını, 12 müəssisəmi və 17 hökumət rəsmisini əhatə edən yeni sanksiyalar dalğası tətbiq edib. Qeyd olunan qrupdakılar Xəzinədarlığın Xüsusi Ayrılmış Vətəndaşlar (Specially Designated Nationals) siyahısında yer alıb. Bu, onların ABŞ aktivlərinin dondurulması və ABŞ vətəndaşları və şirkətləri ilə ticari əlaqələrinin kəsilməsi deməkdir. 2018-ci il iyunun 11-də bunun davamı olaraq Rusiyanın kəşfiyyat agentliyini, Federal Təhlükəsizlik Xidmətini və kiber hücumların həyata keçirilməsini birbaşa dəstəkləməkdə ittiham olunan 5 rus şirkəti və 2 fiziki şəxsi hədəfə alan daha bir sanksiya dalğası reallaşdı. Avqustun 15-də isə Rusiyanın liman xidməti agentliyi olan "Profinet Pte Ltd" və şirkətin baş direktoru Rusiya vətəndaşı Vasili Kolçanova, eyni zamanda Sinqapur və Çində fəaliyyət göstərən daha iki gəmiçilik şirkətinə qarşı ABŞ tərəfindən sanksiyalar tətbiq olundu. Buna səbəb kimi adı çəkilənlərin Pxenyanla ticarət qadağalarını pozmaları göstərildi. ABŞ rəsmilərinə görə, sanksiya tətbiq edilən şirkətlər üzərində KXDR-ın bayrağı olan və əvvəlcədən adları sanksiyalar siyahısında yer alan gəmilərə ən azı altı dəfə liman xidmətləri göstərib.
Daha önəmlisi, 2018-ci il avqustun 8-də ABŞ Solsberidə baş vermiş kimyəvi hücumun ardından Rusiyaya qarşı yeni sanksiyaları elan etdi. Sanksiyalar təxminən, avqustun 22-dən qüvvəyə minib. Son sanksiyalar milli təhlükəsizlik baxımından həssas sayaıla bilən məhsul və texnologiyaların Rusiyaya ixracını məhdudlaşdırır. Bu, yüz milyonlarla dollar dəyərində eksport deməkdir.
"Keşiş" böhranı - ABŞ-ın Türkiyəyə qarşı sanskiyaları
Avqustun 1-də ABŞ Türkiyənin amerikalı keşiş Endryu Bransonu uzun müddət həbsdə saxlamasına cavab olaraq, iki türk nazirinə qarşı sanksiya tətbiq etdi. Endryu Branson 2016-ci ildə cəsus olmaqda, Kürdüstan İşçi Partiyası (PKK) və Pensilvaniyada fəaliyyət göstərən, Türkiyə tərəfindən dövlət çevrilişinə cəhdə görə təqsirləndirilən Fetullah Gülən ilə əlaqədə ittiham olunaraq həbs olunmuşdu. 2018-ci ilin iyun ayında ABŞ Senatı Brunson azadlığa buraxılana qədər F-35 qırıcılarının Türkiyəyə təhvil verilməsinin dayandırılması ilə bağlı qərar çıxardı.
Tərəflər arasında uğursuz danışıqların ardınca ABŞ Türkiyəyə münasibətdə alüminium və polad tariflərini ikiqat artırdı. Bununla türk lirəsinə ağır zərbə vurulmuş oldu. Türkiyə iki amerikan rəsmisinə qarşı sanksiyalarla cavab verdi, bundan əlavə Prezident Ərdoğan amerikan elektronika məhsullarını boykot etməyə çağırdı. Beləliklə, hər iki tərəf geri addım atmaqda niyyətli görünmürdü. Tam əksinə, avqustun 17-də Tramp Türkiyəni yeni sanksiyalarla hədələdi. Türkiyə isə öz növbəsində ABŞ-ın istənilən sanksiya və tariflərinə qarşı eyni qaydada cavab verəcəyinə söz verdi. Avqustun 17-də Türkiyə məhkəməsi Bransonun azad olunması üçün apelyasiya şikayətini təmin etmədi.
Türkiyə hökuməti ABŞ-ın sanksiyaları qarşısında diz çökənə, Tramp administrasiyası isə amerikalı keşişin azadlığa buraxılması üçün səylərini dayandırana oxşamır. Türkiyə prezidenti Ərdoğan iyulda çıxışlarının birində keşiş Bransonu Pensilvaniya ştatında fəaliyyət göstərən türkiyəli din xadimi Fətullah Gülən ilə dəyişmə planına işarə vurub. Lakin Branson və digər dörd ABŞ vətəndaşının ABŞ-da İrana qarşı sanksiyaları pozduğu üçün həbsxanda olan türk bankir Hakan Atilla ilə mübadiləsi müzakirə masasında olduğu və iki variant arasında daha real olduğu bildirilir.
Avropanın mövqeyi
Sanksiyalar məsələsində Avropa ABŞ ilə razılaşmış kimi görünmür. Həm Avropa Birliyi, həm də ABŞ 2014-ci ildə Rusiyaya iqtisadi sanksiyaların tətbiqində razılığa gəlsələr də, o vaxtdan Birlikdən bu razılaşmaya yönəlik müxalif fikirlər eşidilir.
ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı Avropada, xüsusən də şirkətlərinin sanksiyalardan əziyyət çəkdiyi deyilən Almaniyada müxtəlif əks fikirlər eşitmək mümkündür. Almaniya ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qarşı çarə axtarışındadır. Bu ölkənin iqtisadiyyatı böyük ölçüdə Rusiyadan idxal olunan materiallardan asılıdır. ABŞ-ın sanksiyalarından əlavə, Avropa Birliyi özü də Krımın anneksiyasının ardından Rusiyaya yönəlik "məhdudlaşdırıcı tədbirlər"ini görüb. 2018-ci il iyulun 5-də Fransa prezidenti Makron və Almaniya kansleri Merkel görüşünün ardından Avropa Şurası Rusiyaya tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin müddətini 2019-cu il yanvarın 31-nə qədər uzatmağa qərar verib. Amma heç də bütün Avropa siyasətçiləri məsələ ilə bağlı Kansler Merkel kimi ciddi mövqe sərgiləməyib. Bu siyahıya həm lokal, həm də ölkə səviyyəsində siyasətçilər daxildir.
ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etmək qərarı Avropada müsbət qarşılanmayıb, xüsusilə də Fransada. Bu ölkənin enerji nəhəngi "Total" İranla 5 milyardlıq sövdələşmə imzalayıb və təyyarə istehsalçısı "Airbus" çoxmilyardlıq müqavilə çərçivəsində “Iran Air” şirkətinə artıq təyyarələr göndərməkdədir. Bütün bu detalları sanskiya məsələsində AB-la ABŞ arasında artan gərginliyə səbəb olub.
2018-ci il iyulun 6-da AB-in Ali Təmsilçisi Federika Mogerininin sədrliyi ilə Vyanada Çin, Fransa, Almaniya, Rusiya və Böyük Britaniyanın, habelə İranın xarici işlər nazirlərinin iştirakı ilə görüş keçirildi. ABŞ-ın birtərəfli qaydada sazişdən çıxmasına baxmayaraq, Birgə Əhatəli Tədbirlər Planının komissiyası plana sadiq qalacaqlarını bir daha təsdiqlədi. Avropa şirkətlərinin bu qadağalardan azad edilməsi üçün Britaniya, Fransa və Almaniya tərəfindən verilən apellyasiya şikayəti də ABŞ tərəfindən rədd edildi. Avqustun 7-dən etibarən, Avropa Birliyi ABŞ-ın İranla əlaqəli olan Avropa şirkətlərinə qarşı gördüyü hüquqi tədbirlərin təsirini heçə endirmək üçün özünün köhnə, lakin yenilənmiş vasitəsi olan və effektivliyi xeyli mübahisələr yaradan "bloklama qaydasından" istifadə etməyə başladı. Bununla Avropa Birliyi iyulun 25-də Donald Tramp və Avropa Birliyi rəsmiləri tarif, əngəl və subsidiylar istiqamətində iş üçün sövdələşmə əldə etdilər. Detallar cəhətdən kəsad olsa da, bu sövdələşmə hər iki tərəfin ticari müharibədən geri addımı kimi dəyərləndirilir. Bütün bunlara baxmayaraq, yuxarıda qeyd olunanlar ABŞ ilə AB-in arasındaki ticarət müharibəsinə daha bir detal kimi əlavə olundu.
Türkiyə, Rusiya və İran Avropanın qonşuluğunda yerləşən üç böyük iqtisadiyyatdır və bu səbəbdən ABŞ-dan fərqli olaraq, qeyd olunan ölkələrin sanksiyalara məruz qalması geniş mənada Avropanın marağında deyil. ABŞ və Türkiyə arasındakı “Keşiş böhranı”nın püskürməsinin ardından Almaniya kansleri Angela Merkel Berlində keçirilən konfransda Türkiyə iqtisadiyyatının sabitləşməsində maraqlı olduqlarını bildirib. Fransa prezidenti Makron isə "Keşiş böhranı” cərəyan edərkən Türkiyəli həmkarı ilə telefon söhbətində Fransa-Türkiyə iqtisadi əlaqələrinin inkişafını dəstəklədiyini bildirib. Bütün bunlar bundan öncə Türkiyə və AB arasında oxşar gərginlik doğrudan “Amnesty International” təşkilatının Türkiyə nümayəndəliyinin keçmiş sədri Taner Kılıçın və iki yunan əsgərinin Türkiyə tərəfindən azad olunmasından sonra baş verib.
Azərbaycan üçün potensial risklər
Azərbaycan regional və qlobal iqtisadi-siyasi proseslərdən təcrid olunmadığı üçün yuxarıda barəsində danışılan sanksiyalar onun üçün həm iqtisadi, həm də siyasi əhəmiyyət daşıyır. 2014-cü il dünya bazarlarında neftin qiymətinin aşağı düşməsindən sonra hələ tam sağalmayan Azərbaycan iqtisadiyyatı üçün İran rialı, Rusiya rublu və Türk lirəsinin kəskin dəyərsizləşməsi, əlbəttə ki, öz təsirini göstərir. Lakin, yuxarıda da qeyd edildiyi kimi, bu məqalənin məqsədi iqtisadiyyatı müzakirə etmək yox, yuxarıdakı abzaslarda danışılan mövzuların fonunda ümumi siyasi nəticələri dəyərləndirməkdir. Sanksiyaların potensial siyasi nəticələrinə üç qarşılıqlı əlaqəli kontekstdən baxılacaq. Bunlar regional geosiyasət, demokratikləşmə və Azərbaycan-Ermənistan münaqişəsidir.
Ölkənin ölçüsü və dünya siyasətindəki məhdud əhəmiyyətini nəzərə alsaq, regional geosiyasi kontekst bu təhlil üçün ən aktual kontekst kimi görünür. Türkiyə regional güc olmaqla yanaşı, Sovetlər İttifaqı dağılandan bəri Rusiya və İranın Cənubi Qafqaz regionuna təsirlərini balanslaşdıran Qərbin vasitəçisi kimi bilinirdi. Son illər Qərb ilə Türkiyə arasında bir sıra məsələlər üzrə artan gərginlik, eləcə də Türkiyənin öz xarici siyasətində Qərbdən uzaqlaşması artıq bu hala son verir.
Olasi anti-qərb ovqatı...
Azərbaycanın iki ən təsirli tərəfdaşının Qərblə qarşıdurmada olduğu və ABŞ-ın sanksiyaları ilə üzləşdiyi bir zamanda Azərbaycan dövləti və cəmiyyəti daxilində artan anti-Qərb əhval-ruhiyyəni müşahidə etmək təbii olardı. Həqiqətən də son illər belə halların üzə çıxdığını görmək olar. Burada Rusiya və Türkiyənin Qərblə qarşıdurması Azərbaycandakı anti-Qərb mövqeyində olanlar üçün bir növ qalxan funskiyasını yerinə yetirir.
Xüsusilə də əhalisinin böyük hissəsinin türk televiziya kanalları üzərindən Türkiyə hökümətinin təsirinə məruz qaldığı və Türkiyə prezidenti Ərdoğanın mövqeyini dəstəklədiyi Azərbaycan cəmiyyəti üçün ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların gələcəkdəki mümkün genişlənməsi cəmiyyətdə Qərbə yönəlik münasibətinin daha da pisləşməsinə səbəb ola bilər. Əgər türk lirəsinin enişi Azərbaycan cəmiyyətində də özünü biruzə verərsə, bunun ehtimalı heç də az deyil, cəmiyyətin Türkiyə siyasəti ilə maraqlanan hissələrində anti-qərb əhval-ruhiyyəsinin daha da dərinləşməsinə gətirib çıxara bilər. Bu isə öz növbəsində Rusiyaya meyilli əlaqələrin daha da möhkəmlənməsinə yol aça bilər.
Belə olan şəraitdə Avropa təmsilçilərinin işə sala biləcəyi əsas və önəmli strategiya ABŞ-ın sanksiyalarından özlərini aralı tutmaları və Azərbaycan cəmiyyətinə olan mesajlarını daha yaxşı çatdırmaları olardı. Nəzərə alsaq ki, ölkədə demokratik qüvvələr, adətən, qərbyönümlü mövqe ilə eyniləşdirilir, ABŞ-ın Türkiyəyə yönəlik sanksiyaları bu qrupların cəmiyyətdə daha da marginallaşması ilə nəticələnə bilər. Buna görə də onların demokratiya yönümlü mövqelərinin ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını dəstəkləməklə eyni olmadığını nümayiş etdirmələri vacibdir.
Ümumiyyətlə, vurğulanmalıdır ki, Tramp administrasiyası tərəfindən sanksiyaların ABŞ-ın regional və qlobal səviyyədə xarici siyasətinin aləti kimi adiləşməsi zaman-zaman həm Avropa, həm də Amerikada özünə qarşı oxşar çağırışlar eşidən Azərbaycan üçün də risklər doğurur. Azərbaycan indiki vəziyyətdə nəinki ABŞ-ın sanksiyalarına məruz qalan ölkələr ilə əhatə olunub, onun qonşuları həm də ölkələrindəki insan hüquqlarının və demokratiyanın zəif vəziyyətlərinə görə Qərbin artan tənqidləri ilə üz-üzədirlər. Xüsusilə də, insan hüquqlarına hörmətin azaldığı və avtoritar idarəetmə üsuluna keçən Türkiyəni də nəzərə alsaq, Türkiyə, Rusiya və İranla yanaşı Azərbaycanın da bir hissə kimi təqdim edildiyi qeyri-demokratik və anti-Qərb blokunun güclü obrazı yaranır.
Avropanın ABŞ-ın sanskiyalarına yanaşmasının önəmliliyi
ABŞ-ın Birgə Əhatəli Tədbirlər Planından birtərəfli qaydada çıxması və İrana qarşı sanksiyaların yenidən bərpasının müzakirələri Azərbaycan, Rusiya və İran arasındaki üçtərəfli münasibətlərin tarazlığının saxlanılması üçün çətinliklər yaradır. Bu, bir çox məsələ ilə yanaşı, Azərbaycan və İran arasında olan nəqliyyat layihələri haqqında, daha dəqiq desək Azərbaycan tərəfinin bu işlər üçün ayıracağı 500 mln. dollarlıq kreditlə bağlı suallar doğurur. Avropalı tərəfdaşlar ABŞ-ın sanskiyalarının ardından Birgə Əhatəli Tədbirlər Planına sadiq qalacaqlarını bildirsələr də, bu cür layihələr Azərbaycanı ABŞ-la münasibətdə çətin vəziyyət qarşısında qoya bilər. Bu yaxınlarda yayılan bəyanatında İran tərəfi sözügedən dəmiryolu layihəsinə ABŞ-ın sanksiyalarının təsirini istisna edib. Bundan əlavə, bu yaxınlarda İran Azərbaycanı İranın Ərdəbil əyalətində yerləşən Parasabad şəhəri ilə ölkənin şimal-qərbində və Azəbaycanın cənub hissəsində yerləşən Muğan düzünü birləşdirəcək yeni dəmiryolu layihəsinə qoşulmağa dəvət edib. Lakin, ABŞ-ın sanksiyalarını nəzərə alaraq, Azərbaycan hökumətinin bu təklifə qəti cavab verməyə tələsməyəcəyini düşünmək olar.
Bütün bunlara baxmayaraq, “Cənub Qaz Dəhlizi” layihəsi ABŞ-ın sanksiyalarından azad edilib. Məlum olduğu kimi İranın "NİCO" şirkəti “Şahdəniz 2” konsorsiumda 10% paya malikdir və “Cənub Qaz Dəhlizi”nin başlanğıc nöqtəsi hesab olunan “Şahdəniz 2” qaz yatağının işlənilməsində iştirak edir. “Cənub Qaz Dəhlizi”ndən fərqli olaraq, ABŞ və onun müttəfiqlərinin sözü gedən dəmir yolu layihəsində maraqları yoxdur. Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq bu layihə, əksinə, Rusiya və Hindistan arasında ticarətin asanlaşdırılmasına xidmət edəcək.
Ümumiyyətlə, Azərbaycan üçün Rusiya tərəfindən dəstəklənən İranla artan əməkdaşlıq tələbinə cavab vermək və bu prosesin nəticələrinə nəzarət etmək heç də daha az çətin olmayacaq. Lakin burada məsələlər böyük mənada həm də Avropanın ABŞ-ın sanskiyaları fonunda İranla əməkdaşlıq barədə hansı addımları atacağından asılı olacaq.
İndiyədək yazılanlar ABŞ-ın sanksiyalarının regiondakı yeni dalğasının Azərbaycana mümkün siyasi təsirləri ilə bağlı bir neçə təkliflər idi. Yazı əhatəli təhlil çərçişəvəsi təqdim etmək kimi bir iddiası olmayan və sözügedən təsir və mümkün nəticələr barədə müzakirələr və mübahisələr yaratmağa xidmət edir.