Zöhrab İsmayil

Siyasət təhlilçi

AZƏRBAYCAN, BRICS VƏ ÇİN

25.08.2024 / Əsas gəlirlərini Avropadan əldə edən ölkə strateji tərəfdaşlarını niyə kənarda axtarır?


BRICS liderlərinin 2023-cü il Yohanesburq görüşü. Foto www.cfr.org saytından götürülüb.



Azərbaycan bu il avqustun 20-də BRICS-ə üzv olmaq üçün rəsmi müraciət edib. Daha əvvəl Azərbaycan rəsmiləri müxtəlif səviyyələrdə BRICS-ə qoşulmaq arzusunu ifadə ediblər. İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən zirvə toplantısında Azərbaycan və Çin liderləri İlham Əliyev və Si Cinpin iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında bəyannamə imzalayıblar və sənədin 4.5-ci bəndində qeyd olunur ki, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır.[1]

Bundan sonra iyulun 11-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən BRICS ölkələrinin X Parlament Forumunda Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova Azərbaycanın quruma üzv olmaq niyyətini bir daha ifadə etmişdi.

BRICS nədir və burda kimlər var?

“BRIC” (Braziliya, Rusiya, Hindistan və Çin) abreviaturasını ilk dəfə 2001-ci ildə Goldman Sachs-ın iqtisadçısı Cim O'Neill davamlı artım təmin olunarsa, 2050-ci ilədək qlobal iqtisadiyyata hakim ola biləcək dörd iqtisadiyyatı təsvir etmək üçün istifadə edib.

BRIC ölkələri rəsmiləri isə ilk dəfə 2006-cı ildə Nyu-Yorkda BMT-nin Baş Assambleyası zamanı qeyri-rəsmi görüşüblər.[2] 2009-cu ildə ilk sammitində BRIC dövlətləri çoxqütblü dünya nizamına və qlobal qeyri-müdaxiləçiliyə sadiqliklərini ifadə ediblər və ABŞ dollarına alternativ olaraq yeni qlobal ehtiyat valyuta yaratmağa çağırış ediblər. 2010-cu ildə Cənubi Afrika təşkilata qoşulub və qrupun abreviaturası “BRICS” olaraq dəyişib. Bununla da qurumun fokusu konkret iqtisadi mahiyyətindən uzaqlaşaraq, inkişaf etməkdə olan ölkə liderlərinin qruplaşmasına yönəlib.

BRICS ölkələri, qrupun əslində dünyanın əsas inkişaf etməkdə olan ölkələrini bir araya gətirərək inkişaf etmiş Şimali Amerika və Qərbi Avropa ölkələrinin siyasi və iqtisadi gücünə meydan oxuması üçün yaradıldığını gizlətmir.

2012-ci ildəki BRICS-in sammitində Beynəlxalq Valyuta Fondu və Dünya Bankının fəaliyyəti geniş tənqid olunduqdan sonra inkişaf etməkdə olan ölkələrdə inkişaf layihələrinə dəstək üçün yeni beynəlxalq inkişaf bankının yaradılması təklif olunub. Bu Yeni İnkişaf Bankı (NDB) 2014-cü ilin iyul ayından fəaliyyətə başlayıb, BRICS üzvləri bankın nizamnamə kapitalı olaraq 100 milyard dollar töhfə ediblər. BRICS-in hər bir üzvü NDB-də bərabər paya malikdir. 10 ildən artıq vaxt keçsə də NDB başqa oturuşmuş beynəlxalq maliyyə qurumları ilə müqayisədə çox zəif görünür.

BRICS-ə qoşulmaq üçün formal üzvlük proseduru yoxdur, sadəcə olaraq yeni üzvü daha öncə üzv olanlar yekdilliklə təsdiqləməlidir.

2023-cü ildə BRICS-in Cənubi Afrikadakı sammirində Səudiyyə Ərəbistanı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Efiopiya və Argentinanın quruma üzvlüyə qəbul edilməsinə yaşıl işıq yandırılıb. Onlar 2024-cü ilin yanvarın 1-dən quruma üzv olmalı idilər. Bununla belə Səudiyyə Ərəbistanı üzvlüyə hələ də qərar verməyib. 2023-cü ilin noyabrında Argentinada yeni seçilmiş prezident Xavier Milei isə ölkəsinin BRICS-ə qoşulmayacağını rəsmi təsdiqləyib.

Beynəlxalq təhlilçilər BRICS-i Çinin öz geosiyasi maraqlarını təmin etməsi üçün vasitə kimi istifadə etdiyini və bununla yeni qlobal güc mərkəzi yaratmağa çalışdığını düşünür.

Rusiyanın Ukraynaya təcavüzü və BRICS

Maraqlıdır ki, BRICS-in beynəlxalq profili məhz Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzündən sonra böyüməyə başlayıb.

COVID-19 pandemiyası ilə bağlı BRICS-in 12-ci sammiti Rusiyanın sədrliyi ilə virtual keçirilib və elə əsas mövzu da pandemiya olub. 2021-ci ildə BRICS-in 13-cü sammiti Hindistanda baş tutub. Sammitin yekun deklarasiyasında[3] pandemiya ilə bağlı qlobal tibb sistemində islahatlar, davamlı inkişaf üçün iqtisadi və maliyyə sahəsində əməkdaşlıq, sülh və terroçuluqla mübarizə, mədəni mübadilə kimi məsələlər yer almışdı.

2022-ci il iyunun 22-23-də keçirilən növbəti sammit Çinin sədrliyi ilə əyani və virtual formatda baş tutub. Daha doğrusu, Rusiya prezidenti sammitə virtual qatılıb və liderlərin də görüşü bu formatda davam edib. Lakin iyunun 24-də Çin rəhbərinin moderatorluğu ilə Qlobal inkişaf üzrə yüksək səviyyəli dialoq adlı Forum keçirilib. Burada isə artıq Əlcəzair, Argentina, Kamboca, Misir, Efiopiya, Fici, İndoneziya, İran, Qazaxstan, Özbəkistan, Malaziya, Seneqal və Tayland liderləri də iştirak edib.

Qurumun 2023-cü il Cənubi Afrika sammitində isə mənzərə bir az da aydınlaşıb. Burada artıq Səudiyyə Ərəbistanı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Efiopiya və Argentina liderləri də sammitə dəvət olunurlar və sonra onlardan dörd ölkə BRICS-ə üzv olur. Eyni zamanda sammitin yekun deklarasiyasında Rusiyanın Ukraynaya təcavüzü “Ukrayna ətrafında münaqişə” kimi qeyd olunub.[4] Həm Pekin, həm də Yohanesburq sammitində müharibənin BMT çərçivəsində həll oluması önə çəkilirdi.

Görünən budur ki, Ukraynaya təcavüzdən sonra Çindən xeyli dərəcədə asılı vəziyyətə düşən Rusiya BRICS vasitəsilə özünə müttəfiqlər toplamağa, eləcə də ABŞ və Avropa Birliyinin tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün yollar tapmağa çalışır. Bu da eyni zamanda öz qlobal təsirini artırmaq və Tayvan üzərində nəzarətə nail olmaq istəyən Çinin maraqları ilə üst-üstə düşür.

Eyni zamanda sanksiyalar dərinləşdikcə Rusiya üçün yeni BRICS ehtiyat valyutasının yaradılması da xeyli aktuallaşıb. 2022-ci il sammitində Putin bu istəyi bir daha səsləndirmişdi.[5] 2023-cü ildə yenidən hakimiyyətə qayıdan Braziliya prezidenti Lula da Silva mümkün BRICS valyutası ideyasına dəstək ifadə etmişdi. Yohanesburq sammitində isə Braziliya lideri bildirmişdi ki, dollarla ticarət etmək istəməyən ölkələri buna məcbur etmək doğru deyil. O, bildirmişdi ki, Cənubi Amerika ölkələrinin Merkosur blokunda ortaq valyutanın olmasının tərəfdarıdır və BRICS valyutası da bu ölkələrin “ödəniş seçimlərini artırar və zəifliklərini azaldar”.[6]

Bununla belə, 2023-cü il sammitində BRICS valyutasına qərar veriləcəyi haqda spekulyasiyalar olsa da, Cənubi Afrika sammit öncəsi bunu təkzib etmişdi. Hindistan isə ümumiyyətlə yeni valyutanın gündəlikdə olmadığını bəyan etmişdi. Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar bildirmişdi ki, BRICS valyutası yaratmaq ideyası yoxdur, söhbət milli valyutaların gücləndirilməsi və ticarətin bu valyutalarla aparılmasından gedir.

Aydın məsələdir ki, yeni ehtiyat valyutası indi daha çox sanksiyalardan əziyyət çəkən Rusiya və İran üçün vacibdir, ona görə də onlar bu fikirdə yekdildir. Çox güman ki, İranı BRICS-ə aparan əsas səbəblərdən biri məhz budur.

Azərbaycan və BRICS ölkələri

Azərbaycan BRICS-i yaradan ilk 5 ölkədən Rusiya, Çin və Hindistanla fəal ticarət aparır. Yeni qoşulan ölkələri də nəzərə alsaq Rusiya və İranla geniş sərhədlərimiz var.

2023-cü ilin yekunlarına görə Azərbaycan BRICS-ə daxil olan ölkələrə 2.6 milyard dollarlıq ixrac edib. Bunun da 47.5 %-i Hindistana, 46 %-i isə Rusiyanın payına düşür. Ötən il BRICS ölkələrindən Azərbaycana idxal isə 7.1 milyard dollar təşkil edib.

İnfoqramdan göründüyü kimi, BRICS üzvü olan Cənubi Afrika, Misir və Efiopiya ilə Azərbaycanın xarici ticarəti çox aşağı səviyyədədir. Braziliyadan isə idxal 207.5 milyon, ixrac isə 148 min dollar təşkil edir. Maraqlıdır ki, xarici ticarət dövriyyəsi 1 trilyon dollara yaxınlaşan Birləşmiş Ərəb Əmirlikləri ilə də Azərbaycanın xarici ticarət dövriyyəsi cəmi 133 milyon dollar təşkil edir.

Azərbaycanda BRICS üzlüyünə müraciəti Çinlə strateji tərəfdaşlıq səyləri ilə izah etməyə çalışanlar var. Burada həmçinin Azərbaycanın Orta Dəhlizdə iştirakı vurğulanır. Amma məsələ bundadır ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin ən böyük kəsiri məhz Çinlədir.

2023-cü ildə Azərbaycan Çindən 3 milyadr dollarlıq mal idxal etməsinə rəğmən, cəmi 79 milyon dollarlıq ixrac edib. İxracın təxminən yarısı neft məhsullarıdır. Müqayisə üçün qeyd edək ki, ötən il Gürcüstanın Çinə ixracı 311 milyon dollar təşkil edib. Əvvəlki illərdə bu göstərici daha çox olub və mümkündür ki, burada Ukrayna müharibəsinin təsiri olsun.

Ermənistanın Çinə ixracı hazırda daha yüksəkdir – 425 milyon dollar. Görünən budur ki, son beş ildə Ermənistan Çinə ixracını davamlı olaraq artırır.

Azərbaycandan Çinə ixracı sabit xarakter daşımır. İnfoqramdan göründüyü kimi, son 10 ildə Azərbaycanın Çinə ixracı volotil olub, müəyyən dövrlərdə kəskin artsa da, nəticədə azalıb. Bu da çox güman ki, Azərbaycanın neft ixracının coğrafiyasının qiymət konyukturası ilə bağlı dəyişməsidir. Çindən idxal isə əksinə, ilbəil artaraq 2023-cü ildə ən yüksək həddə çatıb.

Orta Dəhliz layihihəsinə gəldikdə isə, bu layihə əslində Çin və Avropa Birliyini Rusiyadan keçməklə birləşdirən dəhliz kimi nəzərdə tutulur ki, bunun da əslində BRICS-lə əlaqəsi yoxdur. Orta Dəhlizin ən böyük investoru Avropa Birliyidir. AB dəhlizin Mərkəzi Asiya hissəsi üçün 10.8 milyard avro investisiya yatırtmağı nəzərdə tutur.

Avropa Birliyi və Türkiyə

Avropa Birliyi Azərbaycanın ən nəhəng ticarət tərəfdaşı olaraq qalır. 2023-cü ildə Azərbaycan AB ölkələrinə 20.6 milyard dollarlıq ixrac edib. İdxal isə 2.5 milyon dollar həcmindədir.

Azərbaycan üçün ikinci nəhəng ticarət tərəfdaşı Türkiyədir. Azərbaycanın 2023-cü ildə Türkiyəyə ixracatı 5.4 milyard, idxalatı isə 2.3 milyard dollara çatıb.

Xarici ticarət əlaqələri göstərir ki, Azərbaycan məhz Avropa Birliyi və Türkiyədən böyük gəlirlər əldə edir. Amma bir məsələ var ki, bu gəlirlərin mütləq əksəriyyəti neft-qaz gəlirləridir. Düzdür, Azərbaycan BRICS ölkələrindən olan Hindistana da böyük həcmdə neft satır. Eyni zamanda Rusiya Azərbaycanın kənd təsərrüfatı mallarını satmaq üçün ən mühüm bazarı olaraq qalır.

Azərbaycan və Çin arasında strateji tərəfdaşlıqla bağlı birgə bəyənnamədə neft-qaz hasilatı, yaşıl enerji, tikinti və informasiya texnologiyaları sahəsində əməkdaşlıq niyyəti vurğulanır. Məsələn, qonşu Gürcüstan da 2023-cü ildə Çinlə strateji tərəfdaşlıqla bağlı saziş imzalayıb və burda əməkdaşlığın detalları nəzərdə tutulub. Amma bundan əvvəl 2017-ci ildə Gürcüstan və Çin Azad Ticarət Sazişi imzalamışdı. Bundan başqa bu ilin may ayının əvəlindən iki ölkə arasında viza aradan götürüldü. Azərbaycan da Çinlə strateji tərəfdaşlıq üçün azad ticarət və sərbəst viza raşılaşmalarından başlaya bilər. Çünki ticarətin və iqtisadi əməkdaşlığın genişlənməsi ilk növbədə bu faktorlardan çox asılıdır.

Görünən budur ki, Azərbaycanın BRICS-ə üzvlüyə və Çinlə strateji tərəfdaşlığa can atmasında daha çox siyasi amillər rol oynayır. Qərblə getdikcə korlanan siyasi münasibətlərin və Rusiyanın zəifləməsi fonunda Azərbaycan rəhbərliyi gələcək siyasi təminat üçün platformalar axtarışındadır. Bu axtarışlara həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində müntəzəm görüşləri və Şanxay Əməkdaşlıq Təşkilatının toplantılarında iştirakı da aid etmək olar.


[1] https://president.az/az/articles/view/66389

[2] https://www.britannica.com/topic/BRICS

[3] https://brics2021.gov.in/brics/public/uploads/docpdf/getdocu-51.pdf

[4] http://www.brics.utoronto.ca/docs/230823-declaration.html

[5] https://www.nasdaq.com/articles/how-would-new-brics-currency-affect-us-dollar-updated-2024

[6] https://www.reuters.com/markets/currencies/what-is-brics-currency-could-one-be-adopted-2023-08-23