Belə bir dilemma var ki, möhkəmlənmiş qapalı sistemlər öz-özlərinə liberallaşmır, amma burada hər hansı güclü müxalif bir qrup da formalaşa bilmədiyinə görə sistemə qarşı daxildən göstərilən mümkün zəif təzyiqlər onu daha da sərtləşdirir. İdarəedənlər və müxaliflər arasındakı güc disbalansı o qədər dərindir ki, bu gücü istifadə etmək daha “sərfəli”, daha asan və cazibəli görünür, nəinki alternativ demokratik idarəetmə metodu inkişaf etdirmək... Bu qapalı sistemin lənətidir ki, orada baş verən hər hansı bir ictimai-siyasi hərəkətlilik sistemin özünü daha da qapatmasına, hərəkətsizlik isə onun möhkəmlənməsinə səbəb olur. Bu lənətdən isə hərə öz payına düşəni götürür.
Azərbaycanda 2003-2005-ci illərdə kütləvi etiraz aksiyalarından sonra hökm sürən siyasi durğunluq dövrü 2011-2013-cü il nümayişləri ilə pozuldu. Baş verənlər rejimi dəyişdirəcək qədər güclü deyildi. Yatırıldı və bu hadisələrin uzantısı olaraq sistem özünü daha da qapatdı. Sadəcə ənənəvi dövlət zorakılığından istifadə edilmədi, qanunvericilik də dəyişdirildi, öz demokratik məğzindən uzaqlaşdı. İctimai sferanın və ictimai düşüncənin formalaşdığı ictimai məkanlar qapadıldı, onların qaynağı quruduldu. Hər şey nəzarətə götürüldü, hətta siyasi etirazlar belə... və qapalı sistemin “icazəli mitinq” anlayışı formalaşdı.
Qapalı sistemdə etiraz aksiyaları
Çində etiraz aksiyaları üzrə aparılan bir tədqiqat göstərir ki, 1994-cü ildə sayı 10 min olan etirazçılar, 2008-də 80 min və 2010-cu ildə 180 min nəfərə qədər artıb. Amma buna baxmayaraq rejim bu aksiyaları asanlıqla və bir dəfəlik durdura biləcək gücdə olsa da bu yola əl atmayıb. İddia edilir ki, möhkəmlənmiş, oturuşmuş qapalı sistem kiçik həcmli etiraz aksiyalarına şərait yaratmaqla əslində öz stabilliyini qoruyur. Bununla o, narazı qrupları müəyyənləşdirir, onların daxili dinamikasını, güc qaynaqlarını öyrənir, bu qruplar daxilindəki hərəkətverici qüvvələri ortaya çıxarır, onları nəzarətə götürür. Və nəticədə narazı qruplar inqilabi gücə çevrilməmiş yerindəcə boğulur, potensial hərəkatlara qarşı gələcək üçün lazımı tədbirlər görülür. Belə idarəedilə bilən kiçik həcmli aksiyalar güclü qapalı rejimin nəzarət mexanizmidir və onun uzun müddətli davamlılığını təmin edir (Lorentzen, 2013).
Azərbaycanda icazəli mitinqlərə qarşı iqtidarın həyata keçirdiyi tədbirlər deməyə əsas verir ki, etiraz aksiyaları onun təşkilatçıları üçün baha başa gəlir. Rejim bu mitinqlərdən nəzarət mexanizmi kimi istifadə edə bilir. Elə buna görədir ki, uzun zamandır belə mitinqlərin əsas təşkilatçısı olan və ənənəvi müxalifət adlandırılan AXCP, Müsavat Partiyası və Milli Şura digər formalaşmaqda olan gənc müxalif qruplar tərəfindən sərt tənqidlərə tuş gəlir. Bəs müxalifət bu mitinqləri niyə davam etdirir?
Mitinq təşkil etmək sadəcə sistemə qarşı etiraz ifadə etmək deyil. Bu öz növbəsində təşkilatçı partiyanın və ya hərəkatın daxili dinamikası üçün vacibdir. Qapalı siyasi mühitdə insanları aktivləşdirmək, onları müxalif siyasi təşkilatlara üzv etmək və orada davamlı fəaliyyətini təmin etmək çox çətin və təhlükəlidir. Bu həmin şəxsdən dərin mübarizlik və idealizm, üzv olacağı təşkilatdan isə buna uyğun bir mühit yaratmağı tələb edir. Və bu yerdə mitinqlər və onun qapalı sistemdəki məntiqi nəticəsi olan həbslər və digər dövlət zorakılıqları bu funksiyanı həyata keçirir, mübarizə və idealizm mühiti yaradır.
Qapalı sistemdə müxalif təşkilatın durğunluğu onun siyasi intiharı olardı. Elə buna görədir ki, icazəli mitinqlər bu təşkilatların davamlılığını sürdürmək üçün əsas vasitələrdən biridir. Bununla onlar, mübarizə diskursu yaradaraq həm yeni üzvlər cəlb edir, həm öz üzvlərinin idealizm və prinsipiallığını yemləyir, beləliklə öz davamlılığını da təmin etmiş olur, amma eyni zamanda da sistemə nəzarət üçün imkanlar yaradır. Qapalı sistemdə müxalif təşkilatların içərisində mövcud olduğu bu “mübarizə-repressiya döngüsü” onların payına düşən ən başlıca lənətdir!
Qapalı sistemin çatları: “böyük partlayış”ın nişanəsi kimi
Qapalı sistemlərdə narazılıq və etiraz ictimai məkanlarda tez-tez və gur səslə ifadə edilmir. Amma hər yerdədir və hər kəs də bunun fərqindədir. Çünki hər bir şəxs sistemin əsasını təşkil edən dərin ictimai ədalətsizlik və korrupsiyanın hər hansısa bir pilləsində özünə məxsus rolunu oynayır. Həm faydalanır, həm də qurban olur. Ona görə də, həm bu güclü qapalı sistemi qoruyur, ən azından durduğu pilləyə uyğun belə görünməyə çalışır, həm də daxili dünyasında (bəzi vaxtlar öz vicdanı qarşısında) və təhlükəsiz məkanlarda (dost və ailə mühitində) ona etiraz edir, yenə də durduğu pilləyə uyğun belə görüntü yaratmağa cəhd edir. İşdi, sabah bu sistemə təhlükə yaransa ona qarşı çıxanlar arasında olacağını bilir, ən azından onu qorumaq üçün heç bir addım atmayacağına əmindir!
Yarı demokratik, hibrid və yarı-avtoritar rejimlərdən fərqli olaraq, möhkəmlənmiş qapalı sistemlərdə dəyişimin hərəkətverici qüvvəsi təşkilatlanmış müxalif qruplar olmur. Çünki onların nə belə bir imkanı, nə də ki gücü var. Bu rejimlərdə dəyişim tədricən deyil, sistemin sərt təbiətinin nəticəsi olaraq birdən baş verir, siyasi dəyişimin qaynağı nə təşkilatlanma, nə planlama, nə də ki, strategiyadır. Hər şey təsadüfən baş verir, təsadüfə bağlıdır. Bəlkə ehtiyatsız bir siyasi hərəkət, bəlkə bir ehtiyatsız məmurun ehtiyatsız sözü, bəlkə də başqa heç ağıla gəlməyən hər hansısa bir hadisə bu partlayışın ilk qığılcımı olacaq... heç kim bilmir. Və belə sistemlərdə qəribə bir şəkildə hər kəsin pıçıltı ilə ondan bəhs etdiyi “böyük partlayış” şüuru formalaşır. Onun nə vaxt baş verəcəyini heç kim əvvəlcədən bilməsə də, necəliyi haqqında təxminlər yürütmək olar. Çünki hər bir qapalı sistem bərkidikcə, möhkəmləndikcə əsaslandığı siyasi ədalətsizlik də dərinləşir və bu sistem üzərində təsadüfi hadisələrdən doğan kiçik çatlar yaradır. Bununla böyük partlayışın necə olacağı haqqında ilkin fikirlər formalaşdırmaq olar.
Azərbaycanda Quba (2012) və İsmayıllı (2013) hadisələri son vaxtlarda sistem üzərində yaranmış ən böyük çatlardır. Hər ikisi təsadüfən baş verdi – Qubada icra başçısının təhqir edici ifadələrin işləndiyi video təsadüfən youtuba-da yayımlanır; yenə İsmayıllı icra başçısının qohumuna məxsus maşın təsadüfən qəza törədir, yerli sakinlər təhqir edilir. Nəticə, hər iki halda da icra başçısına məxsus mülklər yandırılır. Yəqin ki, böyük partlayış da ən yaxşı halda buna bənzəyəcək.
Həmin vaxt yerli sakinlərin və hadisə haqqında şərh verən insanların rəyinə diqqət yetirsək görərik ki, hər kəs sanki bu hadisələrin baş verəcəyini əvvəlcədən bilirmiş kimi arxayınlıqla danışır. Bu, “böyük partlayış” fikrinə əsaslanan ortaq şüurun yaratdığı ictimai haldır. Heç kəs prosesin başlanmasına səbəb olan hadisədən danışmır, onu əsas səbəb kimi görmür, hər kəs onun üstündən keçir, ümumi problemlərə fokuslanır.
Və bu ortaq ictimai şüur qapalı sistemin bütün üzvlərində olduğu kimi idarəçilərində də var. Ona görə də qapalı sistemdə müəyyən bir pillədən başlayaraq ən yüksək siyasi idarəçi qrupa qədər hər kəsdə bu ortaq şüurun təsiri altında dərin paranoya inkişaf edir. Belə rejimlərin bağışlamaz, sərt, detallı və hər kəsdən şübhələnən, əmin olana qədər dönə-dönə yoxlayıcı xüsusiyyəti də buna görədir. Bu mənada qapalı sistemə paranoya daşıyıcılarının idarəetmə üsulu da demək olar... bu da onların payına düşən lənətdir!
Xalqı saymırlar?
Qapalı sistem haqqında belə bir inanış var ki, orada idarəçilər qərar verərkən qətiyyən xalqı nəzərə almırlar. Bəli, insanların rifahı göz ardı edilir, amma onların qəzəbi əsla! Yerli mədəniyyət, mentalitet, adət-ənənə və digər həssas mövzular bütün idarəetmə proseslərində mütləq hesaba alınır, əks təqdirdə uzun müddətli hakimiyyətlər mümkün olmazdı.
“Xalqı saymırlar” düşüncəsi çox vaxt tənqidi qrupların böyük çoxluqda hakimiyyətə qarşı qıcıq yaratmaq üçün istifadə etdiyi ritorikadır. Sistemin nəzarət mexanizmi həddindən artıq güclü olduğu üçün müxalif qruplar təşkilatlanma, böyük aksiyalar keçirəcək sayda üzv qəbul edib onları səfərbər etmə, siyasi strategiya və sövdələşmələrlə tək başına sistemi dəyişdirə bilməyəcəklərinin fərqindədirlər. Ona görə də hədəfləri xalqdır, onları siyasi mövzularda məlumatlandırmaq, maarifləndirmək, etiraza səsləməklə yanaşı, böyük çoxluqda qıcıq yaradacaq məsələlərə toxunmağa, həssas mövzuları daha da qabartmağa meyillidirlər, bəlkə sistem üzərində nəsə çatlar yarana, böyük partlayış üçün “təsadüf” doğa...
Bu mənada sistem müxalif qrupların xalqa təsirli xitablar etdiyi məkan və vasitələri məhdudlaşdırır, onlarlara qarşı əks-arqumentlər və hadisələr quraşdırma ehtiyacı duyur və bunu kütləvi şəkildə təbliğ edir. 2011-2013-ci il etiraz aksiyalarından sonra müxalif qrupların təşkil etdiyi mitinqlərin əhalinin sıx olduğu şəhər mərkəzindən - gözlərdən və qulaqlardan iraq nəzarət edilən stadiona qapadılması da bunun bir nümunəsidir.
Böyük partlayış üçün qığılcım ehtimalı ola biləcək hər şey - nəzarət edilən qapalı ərazinin çölündəki nümayişlər, müxalif qrupların xalqın içərisində görünməsi və onlara bir başa müraciət imkanı, hər hansı bir siyasi liderin və ya müxalif qrupun güclü görüntüsü, bir başa sistemin təşkil etmədiyi, hətta qeyri-siyasi kütləvi olan hər şey sistem üçün həyəcan təbilidir.
Bu mənada “Cümhuriyyət yürüşü” qapalı sistemin təbiətinə xas olmayan şəkildə həyata keçdi: müəyyənləşdirilmiş məkanların çölündə, xalqın arasında xarizma yarada biləcək siyasi lider, insanlara bir başa müraciət imkanı, kiçik də olsa təşkilatlanma və kütləviliyə səbəb olacaq, ən azından onu həvəsləndirəcək ritorika... Olmaz! Bu hadisə müxalif qruplar tərəfindən hakimiyyətin cümhuriyyət qısqanclığı kimi təqdim edilsə də, müxalifət əks-ideoloji bazanı inkişaf etdirmək üçün bu diskursun dərinləşməsində və təbliğatında maraqlıdır – hakim siyasi elitanın cümhuriyyət liderləri haqqında nə düşünməsindən asılı olmayaraq, yəqin ki, belə bir həssas gündə belə bir mənfi görüntü yaratmaq istəməzdi. Sadəcə qapalı sistemin təbiəti elədir ki, hakimiyyətin imicinə böyük zərbə bahasına olsa belə, sistem həmişə öz işini görür, qığılcım ehtimalını yerindəcə ortadan qaldırır, qarşısını alır. İmic haqqında sonra nəsə düşünmək olar.
Qapalı sistemin ən böyük kabusu isə, həssas vaxtlarda, sistemin çat verdiyi məkanlarda müxalif qrupların ortaya çıxmasıdır. Çünki, bu həmin çatın böyüməsinə və hətta qarşısı alınmaz şəkildə yayılmasına səbəb ola bilər. Belə hərəkəti bağışlamaq olmaz! Bu mənada REAL Hərəkatı (indi siyasi partiya) sədri İlqar Məmmədovun ixtişaş vaxtı İsmayıllıya səfəri ən sərt şəkildə cəzalandırıldı.
Bunların fonunda demək olar ki, qapalı sistemdə daxili siyasətlə əlaqədar bütün tədbirlər xalqı ətalətdə saxlamaq üçün planlanıb, bütün nəzarət mexanizmlərinin təbiətində məlum paranoyanın izləri var.
Çoxluğu hərəkətə gətirəcək hər hansı bir planlı və ya təsadüfi addım kim tərəfindən atılmağına baxmayaraq yerindəcə qarşısı alınır. Sistemin ara-sıra ehtiyatsız məmurları cəzalandırması da buna misal ola bilər. Bu mənada xalqı saymırlar ritorikası söylənildiyi kimi siyasi güc mənasında deyil, rifah və digər məsələlər işığında başa düşülməlidir.
Sonluq kimi
Qapalı sistemin ən güclü vaxtı onun ən həssas vaxtıdır. Rejim həddindən artıq sərtləşdiyinə görə çatlar və böyük partlayış üçün təsadüflər imkanı genişlənir. Bundan zorakılığa məruz qalan qruplar qədər hakimiyyət də böyük ziyanlar görür. Belə bir mühitdə vəziyyət o qədər gərginləşir, paranoyalar o qədər artır ki, sağlam qərar vermək mümkün olmur. Siyasi iradə öz funksiyasını itirir. Ortada sadəcə qapalı sistem və onun qarşısı alınmaz nəhəng çarxları fəaliyyət göstərir. Belə mühitdə hər kəs təsadüfi dəyişimi gözləyir.