Murad Nəsibbəyli

Siyasət təhlilçisi

ERMƏNİSTANDA MƏXMƏRİ İNQİLAB: NƏLƏR SINAQDAN KEÇİR

30.04.2018 / Paşinyanın rəhbərlik edəcəyi hökumət Dağlıq Qarabağ münaqişəsi üçün nələr vəd edə bilər?

Aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan on minlərlə Ermənistan vətəndaşının artan təzyiqi altında istefaya göndərildi. Etirazçılar Ermənistanın QHT icması ilə yaxın əlaqəsi olan və onlar tərəfindən dəstəklənən müxalif "Vətəndaş Müqaviləsi" partiyasının lideri Nikol Paşinyanın rəhbərliyi altında aprelin 13-dən küçələrə axın ediblər. Məqalə yazılan tarixdə inqilab natamam qalmaqdadır, buna səbəb hakim partiyanın hakimiyyəti təhvil verməkdə göstərdiyi müqavimətdir. Bu məqalə etirazların başladığı tarixdən, yəni aprel ayının ortalarından bəri baş verən hadisələrin qısa xülasəsini və amillərin təhlilini təqdim edir.

Sarkisyanın hakimiyyətini uzatmaq cəhdi

Sarkisyan 2008-ci ildən 23 aprel 2018 tarixindəki istefasına qədər Ermənistan Respublikasının prezidenti olmuşdur. Bu vəzifədə Konstitusiyanın icazə verdiyi maksimum müddət olan ikinci müddətinin sonlarına üz tutarkən, 2015-ci il Dekabrın 6-da konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı xalqı referenduma götürdü. Referendumun nəticəsi kimi ölkədəki siyasi sistem yarı-prezident respublikasından parlament respublikasına dəyişildi. O zaman çoxları bu addımı onun hələ də demokratik fasadı saxlamaqla bundan sonra heç bir müddət məhdudiyyəti olmayan baş nazir kimi öz hakimiyyətini uzatmaq cəhdi kimi görürdülər. Bu strategiya keçmiş sovet məkanında mövcüd hakimiyyətin müddətini uzatmaq üçün əl atdığı üçüncü bir variant olması gözlənilirdi. Bu, Putin və Medvedevin bir-birini əvəzləməsi nümunəsində bənzər şəkildə, prezidentlik müddətinə olan məhdudiyyəti aradan qaldırmadan hazırkı hakimiyyətin müddətinin uzadılmasının növbəti "yaradıcı" və hiyləgər versiyası olacaqdı. Bütün digərləri bu məhdudiyyəti artıq ləğv edib.

Bununla belə, Sarkisyan referendum ərəfəsində verdiyi bəyanatında yeni sistemdə baş nazir və ya prezident postuna namizədliyini irəli sürmək niyyətinin olmadığını aydın şəkildə bildirmişdi. Lakin, yeni sistem qüvvəyə mindikdən, yəni faəliyyətdə olan prezidentin müddəti bitdikdən sonra - növbəti prezident rolu daha çox rəmzi fiqur olacaqdır - Sarkisyanın baş nazirlik üçün namizədliyi irəli sürüldi və 17 aprel 2018-ci il tarixində o, baş nazir seçildi. Bütün bunlar baş verdiyi zamanda nisbətən yeni yaradılmış "Vətəndaş Müqaviləsi" partiyasının lideri Nikol Paşinyanın rəhbərliyi altında minlərlə nümayişçi Yerevan küçələrində həyatı iflic edərək Sarkisyanın hakimiyyətdə qalmasına etiraz edirdi.

Narazılıq üçün əsas amillər

Etiraz aksiyaları üçün birbaşa səbəb Sarkisyanın müddət məhdudiyyəti olmayan baş nazirliyə seçilməsi nəticəsində hakimiyyəti öz əlində saxlamağı davam etdirmək cəhdi idi. Bundan əlavə, o prezident postunda keçirdiyi ilk gündən başlayaraq ardıcıl olaraq öz həmvətənlərinin ona bəslədiyi inamını itirirdi. Qafqaz Tədqiqat Resursu Mərkəzi (CRRC) keçirdiyi "Qafqaz Barometr" sorğusuna əsasən Sarkisyana əhalinin etimadı kəskin şəkildə aşağı düşüb. Belə ki, onun prezident vəzifəsində birinci ilində, 2008-ci ildə etimad edənlər 53% təşkil etmişdirsə, 2017-ci ildə bu rəqəm 17%-ə kimi enmişdir. Bundan əlavə, eyni dövrdə Sarkisyana inanmayan əhalinin faizi 30% -dən 66% -a qədər yüksəlib. Ölkədəki uzunmüddətli iqtisadi durğunluq və sosial ədalətsizlik narazılıqlar üçün əsas səbəbləri təşkil etməkdədir. Bundan əlavə, 2016-cı ilin aprelində Azərbaycanla aralarında baş vermiş dörd günlük müharibə zamanı Ermənistanın verdiyi itkilər orduda geniş yayılmış korrupsiya və hakimiyyətin güclü ordu qura bilməməsi haqqında müzakirələr doğurmuş, və ümumiyyətlə Ermənistan cəmiyyətində bir çox təhlükəsizlik məsələləri ilə bağlı suallar yaratmışdır.

Ümumiyyətlə Sarkisyan hökumətinin və bir lider kimi özünün, davamlı olaraq hakimiyyətinin səmərəliyi ilə bağlı xalqın inamını itirdiyi müzakirə olunurdu. Bütün bunlar isə siyasi legitimliyin eroziyası üçün əsas amillərdir.

Post-Sarkisyan siyasi təlatümləri

Aksiyaçılar Sarkisyanın istefasına nail olsada, məqalənin yazıldığı vaxtda "məxməri inqilab" tamamlanmış sayıla bilməz. Nikol Paşinyan rəhbərliyi altında, küçə hərəkatı "xalq namizədi"nin başçılıq edəcəyi müvəqqəti hökumətin formalaşdırılmasını və bundan dərhal sonra növbədənkənar seçkilərin keçirilməsini tələb edir. Nikol Paşinyan öz növbəsində, əgər buna xalqın istəyi olarsa, iş başına keçməyə hazır olduğunu bildirib.

Hazırki hakim partiya, Ermənistan Respublikaçı Partiyası (ERP), Paşinyanın tələblərini qəbul etmədiyini bildirib. Partiyaya rəhbərlik edən keçmiş baş nazirin müavini Karen Karapetyan doqquz il Ermənistan və Rusiyanın birgə müəssisəsi olan "ArmRosGazprom"un icraçı direktoru vəzifəsində çalışmışdır. 2011-2016 illər arasında isə o Rusiyada "Gazprom" korporasiyası üçün çalışmışdır, bu səbəbdən onun Putin administrasiyası ilə sıx əlaqələrdə olduğu deyilir.

Sarkisyanın uğursuz parlament respublikası oyununun ardından Karen Karapetyan Sarkisyanın avantürasından heç də daha az riskli olmayan öz oyununu oynamışdır. Məlumata görə, kütləvi etiraz aksiyalarının başlamasından sonra müəyyən nöqtədən başlayaraq aprelin 23-də Sarkisyanın istefasına qədər o, gizli olaraq küçələri nümayişçilərlə doldurmaqla məşqul olurmuş, və bununla da özünün baş nazirliyə yolunu açırmış.

Sarkisyanın istefasından sonra, Erməni İnqilabi Federasiyası (ilk növbədə "Daşnaksütün" kimi tanınan), hakim partiyaya öz dəstəyini geri çəkib. Buna baxmayaraq, ERP namizədinin seçilməsi üçün kifayət qədər yerə sahibdir (58, tələb olunan say: 53). Eyni gündə Tsarukyan blokunun lideri, oliqarx və siyasətçi Qaqik Tsarukyan etiraz aksiyalarına qoşulması haqqında bəyanət verib və öz tərəfdarlarını da ona qoşulmağa dəvət edib. Onun etiraz aksiyalarına geçikmiş dəstəyi Kremlin köməyi ilə "inqilabı oğurlamaq" cəhdinin əlaməti ola bilər. "Jamanak" qazetinə əsasən, Tsarukyan aprelin 27-də Kremlin onun namizədliyinə dəstəyini müzakirə etmək üçün Moskvaya uçub. Əhalinin dəstəyini itirən hakim partiyadan fəqrli olaraq Tsarukyanın bloku hələ də müəyyəm qədər xalq dəstəyinə sahibdir. Bu amilə görə onun, ERP və Karapetyanla müqaisədə Kremlin namizədi olması üçün daha əlverişli vəziyyətdə olduğu hesab olunur.

Bütün bunlara baxmayaraq, küçə hərəkatının lideri Nikol Paşinyan bəyan edib ki, heç bir ERP namizədi etirazçılar tərəfindən qəbul edilməyəcək və Ermənistanın yeni baş naziri ya "xalqın namizədi" olacaq ya da heç olmayacaq. Beləliklə, formal legitimliyə sahib hakim elita müstəqillik dövründən bu yana küçələrə və xalq legitimliyinə sahib ən uğurlu müxalifət kampaniyası ilə üzləşib. Yeni baş nazirin seçilməsi May ayının 1-də keçirilməsi nəzərdə tutulur. Aprelin 27-28-də ölkənin digər şəhərlərində keçirdiyi yürüyüşlərdən sonra, Paşinyan aprelin 29-da Yerevana qayıdaraq yenidən kütləvi etiraz aksiyasını başladıb. Aprelin 29-30-da, lazımi saya çatdıqdan sonra, aksiya iştirakçılarının Marşal Baqramyan küçəsi 26-a doğru mayın 1-də Parlamentə müraciət üçün yeriyəcəyi gözlənilir.

Anti-Rusiya mövqeyinin əksikliyi

Baxmayaraq ki nə Paşinyan nə də ki etirazın digər liderləri hərəkatı anti-Rusiya kimi qələmə verməyib və nümayişlər vaxtı Avropa Birliyinin bayrağı qaldırılmayıb, Kremlin Paşinyanın baş nazirliyə namizədliyini dəstəkləməyə niyyətinin olmadığı aydındır. Bu Putinin onu heç zaman dəstəkləməyəcəyi mənasını verə bilər. Paşinyanın Rusiyanın post-Sovet məkanında dəstəklədiyi rüşvətxor oliqarx-siyasətçilərdən sayıla bilməz. Onun "keyfiyyətlərinin" hazırki rüşvətə əsaslanan sistem üçün uyğun olub olmadığı sübut edilməyib. O sadəcə olaraq Rusiyanın rahatlıqla dəstəkləyəcək liderlərdən deyil. Biz heç vaxt Rusiyanın post-Sovet məkanında xalq hərəkatının liderlərini dəstəklədiyinin şahidi olmamışıq.

Lakin bu cür geniş ölçülərə çatan etirazları rədd etmək ortada siyasi maraqları olan hər hansı bir tərəf üçün çox baha başa gələ bilər. Burada aksiya iştirakçılarının qətiyyəti və Nikol Paşinyanın göstərdiyi güclü liderlik əsas amillər olmuşdur. Belə ki, köhnə hakim rejim üçün bu legitimliyinin təmami ilə itirilməsi və ölkədə siyasi böhranın dərinləşməsi və uzanması ilə nəticələnə bilər, və belə gedişat bütün tərəflər üçün nəticələrin qeyri-müəyyənliyi demək olardı. Yuxarıda qeyd edildiyi kimi, Nikol Paşinyanın Kreml tərəfindən dərhal seviləcək lider tipi olmadığına baxmayaraq, belə miqyaslı hərəkatı rədd etmək həm də Rusiya üçün riskli olardı. Etirazçıların Kremlin dəstəklədiyi hər hansısa bir tərəfə qarşı qazanılacaq uğuru Rusiyanın Erməni cəmiyyətindəki imicinə və iki ölkə arasındaki sıx əlaqələrə zərər vura bilər. Beləliklə, etirazların miqyası prosesin gedişatında həll edici rol oynaya bilər.

Aprelin 28-də Rusiyadan yola düşən və Duma üzvlərindən ibarət komissiya Ermənistana gələrək bütün siyasi maraqları olan tərəflərlə, o cümlədən Nikol Paşinyanın özü ilə görüşüb. Bundan bir gün əvvəl, aprelin 27-də, Rusiyaya ünvanlandığı aşkar olan müraciətində, müxalifət lideri Nikol Paşinyan açıq şəkildə bəyan edib ki, hakimiyyətə gələcəyi təqdirdə Ermənistanı Rusiyanın idarə etdiyi heç bir hərbi və yaxud ticari blokdan çıxarmayacaq. Bu bəyənatın özü və ümumiyyətlə etirazların anti-Rusiya və ya Aİ-ə yönəlik olmaması Paşinyanın Kremli özünün küçələrdəki gücünü və təsirini tanımasına vadar etməyə kömək edəcək ikinci əsas həlledici amil ola bilər. Görünən odur ki, Ermənistan-Rusiya münasibətlərindəki müəyyən həqiqətlər var və bunun danılması Ermənistanda hakimiyyətə gələcək istənilən qüvvə üçün çətin olardı. Şübhəsiz ki, bunu Ermənistanda daha yaxşı başa düşürlər. Bununla belə, Ermənistan üçün daha sərfəli və əlverişli şərtlərin əldə edilməsini özünə məqsəd qoyan, "xalqın namizədi"nin quracağı yeni hakimiyyət üçün Ermənistan-Rusiya münasibətlərinə, dərhal olmasa belə, yenidən baxılmasının şərt olduğu təbiidir.

Aprelin 29-da, Yerevan Respublika Meydanında toplaşan nümayişçilər qarşısında, Nikol Paşinyan Rusiya Dövlət Dumasının üzvləri ilə çox konstruktiv görüş keçirdiyini və onlarla dost kimi ayrıldığını bildirib. O, daha sonradan əlavə edib ki,"...Erməni-Rus münasibətləri nəinki zərər çəkməyəcək onlar daha da dərinləşdirəcəklər..." Bu Kremlin Yerevanın küçələrində və Ermənistanın digər şəhərlərindəki küçə etirazların legitimliyini tanımasının əlamətidir. Bu hakim partiyanın müqavimətini qırmaq üçün əsas açardır. Bu, həmçinin Rusiyanın ötən təcrübələrdən dərs çıxardığı mənasını da verə bilər.

Məqalə yazılarkən (situasiyanın sürrətlə dəyişməsi səbəbi ilə bu ifadəni də məqalədə dəfələrlə istifadə etməli olacayıq), Daşnaksutyun Erməni İnqlab Federasiyası, Tsarukyan və "Cıxış" blokları xalqın namizədi Nikol Paşinyan dəstəkləyəcəklərini bildiriblər. Bundan əlavə, hakim partiyadan başqa parlamentin bütün üzləri həmrəy olsa belə Paşinyanın Respublika partiyasından daha 6 səsə ehtiyacı olacaq. Paşinyan və Rusiya komissiyasının arasında keçən uğurlu görüş EİF və Tsarukyan blokunun qərarlarına təsir edə bilər. Bununla belə, Parlamentin yeni baş naziri seçə bilməməsi halında, ölkə ERP administrasiyasının himayəsi ilə növbədənkənar seçkilərə gedə bilər ki, bu da Paşinyanın planlarına daxil deyil. Bu hal inqlabın taleyini sual altına qoya bilər. ERP-in bəyanatına baxmayaraq, hakim partiyanın, artıq saylarına görə hərəkat adlandırılan, etiraz aksiyalarına müqavimət göstərməyə davam etdirməklə öz namizədini irəli sürməsi ehtimalı var.

Nikol Paşinyanın qəti uğuru Mayın 1-də Parlament binasının qarşısında toplaya biləcəyi insanların sayından asılı olacaq. Hakim rejim üçün yüz minlərlə vətəndaşın iradəsinə qarşı gedərək ölkəni siyasi böhrana sürükləmək çox cətin olardı və siyasi olaraq çox baha başa gələ bilər. Hazırda hərəkat və eləcə də onu dəstəkləyən QHT-lər, ERP-ın Millət Vəkillərinə millətin iradəsini tanımaq və hörmət etmələri ismarıcını daşıyan, məktub kampaniyasına başlayıb.

Parlament ERP-ın namizədini baş nazir seçdiyi halda, təhlükəsizlik qüvvələri tərəfindən, mümkün ola biləcək, hərəkatın dağıdılması cəhdi nəticəsində etiraz aksiyalarının qeyri-zorakı xarakteri dəyişə bilər. Hətta, əgər hakim rejimin güc tətbiqi ilə şiddətli etiraz aksiyalarının qarşısını uğurla alacağı təqdirdə belə, mövcud siyasi böhran daha da kəskinləşərək ölkəni daha çox qeyri-müəyyənliyə və daha uzun müddətinə qeyri-sabitliyə aparacaq.

Ümumi baxılanda aydın olur ki, Ermənistanın içində olduğu hazırkı siyasi böhranı uğurla (yəni sülh yolu ilə) həll elədiyi təqdirdə belə, bu, ölkədə növbəti onillikdə qeyri-sabit parlament siyasəti ilə nəticələnəcək. Buna baxmayaraq, qeyri-sabit olarsa belə, parlament siyasəti erməni cəmiyyəti daxilində hakimiyyətin daha geniş paylanmasına gətirəcəkdir.

Paşinyanın rəhbərlik edəcəyi hökumət Dağlıq Qarabağ münaqişəsi üçün nələr vəd edə bilər?

Paşinyanın və "Vətəndaş Müqavilənsi"-nin Dağlıq Qarabağ münaqişəsinə yanaşması barədə çox az detallar məlumdur. Gümrüdəki 27 aprel mitinqinə qədər etiraz aksiyaları zamanı Dağlıq Qarabağ münaqişəsi haqqında heçnə vurğulanmayıb. Gümrüdə Paşinyan qeyd edib ki, "bu qüdrətli və mənəvi zəngin millət Qarabağ münaqişəsindən qalib çıxmaq niyyətindədir".

Dağlıq Qarabağ münaqişəsinin mövzusunda Paşinyanın səssizliyi strateji məsələ ola bilər. Hərəkat xaricdən heç bir reaksiya almamaq məqsədi ilə xarici siyasətlə bağlı məsələləri məqsədli şəkildə müzakirələrdən kənar saxlaya bilər. Hələ ki hərəkat yalnız daxili məsələlərdə maraqlı olduğunu nümayiş etdirib, nə Avropa Birliyi arzuları nə də ki Qarabağ.

İkincisi variant kimi etiraz liderlərinin münaqişə ilə bağlı ətraflı baxışa sahib olmadıqları və buna görə də sonradan işləyəməyəcək hər hansı fikri bildirmək istəmədikləri səslənilir.

Üçüncüsü, Nikol Paşinyan və onun komandasının münaqişə ilə bağlı ətraflı fikirləri varsa belə, onlar belə bir anda, yəni istənilən fikrin manipulyasiya və səhv interpretasiya oluna biləcəyi bir vəziyyətdə, bu fikirlərini açıqlamağı arzulamaya bilərlər. Və ən nəhayət, onlar tərəfindən münaqişə ilə bağlı hər hansısa fikirlərinin ifadəsi hərəkatı bir tərəfdən QHT-lərin də daxil olduğu liberal kəsim, digər tərəfdən isə Yerevanlıların və Qarabağ klanının təşkil elədiyi mühafizəkarlar önündə pis vəziyyətə sala bilər.

Buna baxmayaraq, iki şey nəzərə alınmalıdır. Birincisi, etiraz aksiyaları zamanı Nikol Paşinyan Qarabağ rejiminin lideri ilə görüşərək öz neytrallığını qoruyub saxlamasına görə ona təşəkkür edib. Qarabağ rejiminin lideri Paşinyanın hərəkatında onun rejiminin maraqlarına zidd olacaq hər hansısa bir məqamı hiss edəcəyi və yaxud bildiyi təqdirdə onunla görüşməyəcəkdi.

İkincisi, Levon Ter-Petrosyan 2017-ci ildə parlament seçkiləri ərəfəsində ozünün "sülh proqramı" barəsində danışarkən, Nikol Paşinyan yumşaq mövqeyə görə onu ittiham edib və bildirib ki,"Ermənistan tərəfi sülh yolu ilə gedərsə Artsaxın müstəqilliyinin tanınmasına heç vaxt nail ola bilməyəcək". Bundan əlavə o bildirib ki, "ikitərəfli güzəştlərə gəldikdə, eks-prezidentin səmimiyyətinə inanmıram, çünki Azərbaycan tərəfi onlara hazır deyil, belə ki, onlar üç əsas prinsiplərdən ikisini, güc tətbiq etməmək və millətin öz müqəddəratını təyin etmək hüququnu qəbul etmir. Azərbaycan höküməti Stepanakertdə və Yerevanda çay içmək niyyətlərindən danışır, beləliklə, sözügedən proqram sadəcə Bakının planlarının həyata keçirilməsini yaxınlaşdırır." Qeyd etmək lazımdır ki, keçmiş prezident Levon Ter-Petrosyanın mövqeyi Qarabağa bitişik rayonların geri qaytarılmasını dəstəkləyir.

Hər halda, bir Azərbaycanlı filosofunun bu barədə dediyi kimi, Azərbaycan prezidenti İlham Əliyevlə Nikol Paşinyanın görüşünü təsəvvür etmək çətindir, belə ki, hər ikisi də kəskin və sərt mövqedədirlər. Nikolun rəhbərliyi altında Ermənistanın danışıqlardaki mövqeyi daha sərt və israrlı, daha kəskin və qətiyyətli ola bilər, amma eyni zamanda da Sarkisyan hakimiyyətindən daha səmimi də ola bilər. Bundan başqa, parlament respublikası hökuməti ilə danışıqlar Azərbaycan üçün asan olmayacaq, çünki Ermənistan tərəfi həmişə digər parlament partiyalarını məlumatlandırmaq məcburiyyətində olacaq və beləliklə həm də onların tənqidi ilə üzləşməli olacaq.

Bu inqilab daha nələri sınaqdan keçirir?

Bu günə kimi natamam olan Ermənistan inqilabı həm də hər iki ölkədə, Azərbaycan və Ermənistan cəmiyyətlərində geniş yayılmış, aavtoritar hakimiyyətini saxlamaq üçün son vasitə kimi "Qarabağ kartından" istifadə edə biləcəyi fikrini sınaqdan keçirir. İndiyə qədərki hadisələr bu fikrin əksini sübut edir. Hadisələrin gedişatından aydın oldu ki, Ermənistan hakim rejimi üçün "Qarabağ kartı"nı oynamaq risklidir, belə ki, rejimin bundan uğurla və inandırıcı şəkildə istifadəsi üçün lazımi resursları və gücü çatmır. Bəzi informasiya vasitələrində bu kartı oynamaq cəhdləri olsa da, hökumət bundan tam istifadə etməyə cəsarət etmədi. Çünki onlar belə bir addımın hakimiyyətin yəni özlərinin yox, müxalifətin xeyrinə olacağından çəkindilər. Xüsusi ilə də 2016-cı ilin aprel hadisələrindən sonra hakimiyyətlərinə xalqın inamının azalmasını nəzərə alarsaq bunu niyə etmədikləri başa düşüləndir.

Bir azərbaycanlı vətəndaş cəmiyyəti üzvünün qeyd etdiyi kimi, "hazırda regionda siyasi rejimlərin sülh yolu ilə dəyişməsi ideyası, sabitlik və təhlükəsizlik arqumentləri ətrafındakı bütün səs-küyə baxmayaraq, məqbul bir variant kimi "Ermənistan Məxməri İnqilabı" tərəfindən sınaqdan keçirilirməkdədir. Başqa sözlə desək, keçmiş Sovet məkanında insanların, vətəndaş cəmiyyətinin gücü oyun şərtlərini dəyişən bir amil kimi sınaqdan keçirilməkdədir.

Bu, həm də "ya Qərb, ya Rusiya" dünyagörüşünə əsaslanan elitist mövqelərinə qapılmış və cəmiyyətlərdəki ictimai-iqtisadi və siyasi inkişafı düzgün dəyərləndirməkdə aciz qalan regional siyasi analitiklər üçün də çətin sınaq dövrü oldu. Belə ki, onlar bununla vətəndaşları gücsüz və siyasətdən uzaq təsvir edən mövcud siyasi mədəniyyətin qurulmasına dəstək verirlər.