Açıq Azərbaycan

Analitik Portal

DÖVLƏT ŞİRKƏTLƏRİNDƏN MAKSİMUM GƏLİR GÖZLƏYƏN 2021-Cİ İL BÜDCƏSİ

30.12.2020 / Yeni büdcənin yüksək kəsir, devalvasiya riskləri və dövlət əmlakından maksimum faydalanma hədəfi

Milli Məclis "2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini dekabrın 29-da keçirilən plenar iclasında, 3-cü oxunuşda qəbul edilib. Layihəyə əsasən gələn il dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat, xərcləri isə 28 543 milyon manat nəzərdə tutulub.

Gəlirlər, gözlənilən ÜDM-in dəyərinin 33,6 %-i qədər olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303 milyon manat və yaxud 5,4 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 milyon manat və yaxud 5 % çoxdur.

Xərclər isə (ÜDM-də xüsusi çəkisi 37,7 %) 2020-ci ilə nisbətən 1 050,8 milyon manat və yaxud 3,8 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 milyon manat və yaxud 16,9 % çox proqnozlaşdırılır.

Beləliklə, 2021-ci ilin büdcə kəsiri 3 milyard 100 milyon manat olacaq.

3 milyardlıq kəsir necə qarşılanacaq?

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən Maliyyə naziri Samir Şərifov bildirib ki, 2021-ci ilin büdcəsində xərclər müəyyən qədər artırılıb və xərclərin, əlavə mənbələr əldə etmədən artırılması yeni problemlər yarada bilər.

İqtisad elmləri doktoru Elşad Məmmədov hesab edir ki, büdcə kəsirinin idarə edilməsi ilə bağlı adekvat tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var: “Mərkəzi Bankın pul kütləsinin artımı ilə bağlı addımları mütləq şəkildə reallaşdırılmalıdır. Büdcə xərcləri ilə bağlı ən önəmli məqamlardan biri təribən 2.2 milyard manat vəsaitin işğaldan azad olunmuş ərazilərin bərpasına yönləndirilməsidir. Bu vəsaitə infrastruktur layihələri, kapital təmir və digər istiqamətlər daxil olacaq. Həmin ərazilərə dövlət kapital qoyuluşunun bir sıra sosial və iqtisadi layihələrin icrasına töhfə verəcəyi gözləniləndir”.

Bir çox ekspertlər hesab edirlər ki, gələn ilin büdcə kəsiri devalvasiyanın köməyi ilə qarşılamaq olar, çünki pandemiya var, dünya bazarında neftin qiymətində ciddi artım gözlənilmir, əksinə, ucuzlaşma gedir.

Həmçinin, son vaxtlar dünyanın mühüm valyutalarına nisbətən ABŞ dollarının 10%-ə qədər ucuzlaşması Azərbaycanda yeni devalvasiya dalğası ehtimalını gücləndirib.

Ancaq Mərkəzi Bankın (AMB) rəhbəri Elman Rüstəmov Milli Məclisdə müzakirələr zamanı nə bu il, nə də gələn il devalvasiya olmayacağını söyləyib: “Devalvasiya ilə bağlı fikirlər boş söhbətdir. Təqdim olunan büdcə sabit məzənnəyə və çox aşağı inflyasiyaya əsaslanır”.

Ancaq hökümətin devalvasiya - manatın məzənnəsinin dəyişməsi qərarı verəcəyi ilə bağlı ehtimallar yalnız müstəqil ekspertlər tərəfindən söylənilmir. Maliyyə Nazirliyinin açıqladığı "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanun layihəsinə dair izahat” adlı sənəddə "Məzənnə riski” adlı xüsusi bölmədə deyilir: "... Azərbaycan manatının ABŞ dolları və digər əsas xarici valyutalara qarşı dəyərdən düşməsi ehtimalı ölkənin fiskal mövqeyi üçün əsas risk amillərindən biri olaraq qalmaqdadır. Belə ki, məzənnə riskinin dövlət büdcəsinə əsas transmissiya kanallarından biri, neft qiymətlərinin pisləşməsi fonunda yuxarıda qeyd edilən risklərin daha da kəskin xarakter almasıdır. Digər tərəfdən, dövlət büdcəsinin tərtibi zamanı 2021-ci il üzrə 1 ABŞ dollarının 1,7 manata bərabər tutulduğunu nəzərə alaraq, manatın məzənnəsinin xarici valyutalara qarşı zəifləmə ehtimalı dövlət büdcəsində xarici dövlət borcuna xidmət xərclərinin də proporsional olaraq artması riskini özündə ehtiva edir”.

“Müvəqqəti büdcə”?

İqtisadçı Natiq Cəfərli hesab edir ki, 2021-ci ilin büdcə layihəsi tez-bazar hazırlandığından müvəqqəti xarakter daşıyır: “Büdcə daha konservativ yanaşma ilə tez bir zamanda və bəzi sahələr üzrə xərclərin real həcmi hesablanmadan hazırlanıb. Məsələn, işğaldan azad olunmuş torpaqların bərpasına dair ayrılan 2.2 milyard xərcin nəzərdə tutulmasını real proqnoz hesab etmirəm. Düşünürəm ki, 2021-ci ilin iyun ayında büdcənin dəyişdirilməsi üçün yenidən baxlmasına zərurət yaranacaqdır. Büdcəni müvəqqəti büdcə adlandırsaq, daha düzgün olar.”

Natiq Cəfərli bildirir ki, Dövlət Neft Fondundan proqnozlaşdırılan birbaşa transferlər büdcənin 50%-dən çoxunun yenə neftdən asılı olduğunu göstərir: “12.2 milyard manatın birbaşa transferlər nəticəsində neft fondundan götürülməsi və neft gəlirlərinin vergisindən hesablanmış vəsaitin miqdarı göstərir ki, 2021-ci il büdcə hesabatı neft sektorundan asılıdır. Büdcə xərcləri və gəlir proqnozları da ötən ilə nisbətən çoxaldılıb. Bu il ərzində sosial xərclərin artırılması da planlaşdırılır. Dövlət büdcəsinin xərclənməsi zamanı şəffaflığı maksimum təmin etmək lazımdır ki, resurslar effektiv xərclənsin".

Dövlət əmlakının “şirəsinin çıxarılması”

İqtisadçı ekspert Rövşən Ağayev isə şəxsi Facebook səhifəsində yazır ki, hökümət daxili borclanmaya getmək niyyətindədir, həm də heç vaxt olmadığı qədər: “Bu büdcə iqtisadiyyatın (istər biznesin, istərsə də ev təsərrüfatlarının) suyunu çıxarıb, büdcə üçün resurs almaq imkanın artıq tükəndiyinin etirafıdır. Əslində bu sıxma-boğma, "şirəçıxarma" prosesi devalavsiya dövründə başladı, pandemiya ilində pikə çatdı. İndi biznes çökmüş vəziyyətdədir. İndiyə qədər dövlət şirkətlərindən büdcəyə 3 milyon manat dividend alan hökümət gələn üçün həmin mənbədən 168 milyon manat cəlb etməyə qərar verir. Yəni, bu indiyə qədər aldıqlarından 60 dəfə çox məbləğdir”.

Onu da qeyd edək ki, gələn il büdcəyə dövlət əmlakının icarəsindən 37.5%, dövlət mülkiyyətindən olan torpaqların icarəsindən 60% daha çox gəlir cəlb etmək nəzərdə tutulur.

Hesablama Palatasının rəyi

“Proqnozlaşdırılan vəsaitin istiqamətlər üzrə bölgüsü təqdim olunmayıb”. Hesablama Palatasının 2021-ci ilin dövlət büdcəsiylə bağlı rəy sənədində http://sai.gov.az/filter?type=rey belə deyilir. Sənəddə daha bir məqama--2021-ci ildə iri özəl investisiya layihələrinə 535 milyon manat dövlət dəstəyinin verilməsinin hüquqi cəhətdən poblemli olmasına diqqət çəkilib.

Rəydə vurğulanır ki, “Dövlət investisiya proqramının (DİP) layihəsində əsas istiqamətlər və “İri özəl investisiya layihələrinə dövlət dəstəyi xərcləri” istiqaməti əks etdirilmiş, ancaq yanaşı mühüm investisiya layihələri barədə məlumat “Büdcə zərfi”nə daxil edilməmişdir… Eyni zamanda, təqdim edilmiş layihədə əvvəlki illərdən fərqli olaraq DİP üzrə nəzərdə tutulan xərclərin sektorlar (sahələr) üzrə bölgüsü də əks etdirilməmişdir…”

Mərkəzi Bankın yenilənmiş inflyasiya proqnozları

Mərkəzi Bankın dekabrda yenilənmiş proqnozlarına görə, https://www.cbar.az/press-release-2848/on-interest-rate-corridor-parameters inflyasiya 2020-ci ilin sonuna 3% ətrafında, 2021-ci ilə isə 3.5-4% diapozonunda olmalıdır. Oktyabrda yenilənmiş proqnozlara görə, inflyasiyanın 2020-ci ilin sonuna 2.8-3%, 2021-ci ilə isə 3.6-4% diapozonunda qalacağı gözlənilirdi.