Toğrul Vəliyev

İqtisadçı

BAKININ “ŞRÖDİNQER PİŞİYİ”

28.11.2022 / Paytaxtın baş planı—başı bəlalı planı


Foto Aqreqator.az saytından götürülüb



Nüfuzlu fizik, Nobel mükafatı laureatı və kvant mexanikasının banisi Ervin Şrödinger 1935-ci ildə bir xəyali eksperiment—bir düşüncə təcrübəsi təklif edir. Təcrübə qurğusu, içinə canlı pişik, həmçinin mikroskopik miqdarda radioaktiv maddə yerləşdirilmiş polad qutudan ibarətdir. Şərtə görə qutunun içini müşahidə etmək mümkün deyil. Radioaktiv maddənin miqdarı o qədər azdır ki, o, bir saata yalnız bir atoma parçalanır, ya da heç parçalanmır. Nəticə etibarı ilə, qutu açılanda pişik ya ölü, ya da diri ola bilər və bundan yalnız qutu açılandan sonra xəbər tutular. E.Şrödinqer bu təcrübə ilə kvant mexanikasını, dalğa funksiyasının fiziki mənasını izah etməyə çalışıb. Adi—sağlam düşüncəli insan üçün absurd görünən təcrübənin adı sonradan müxtəlif dillərdə “Şrödinqer pişiyi” ifadəsi kimi işlənməyə başlayıb.

Ancaq Azərbaycanda bu ifadəni daha çox şəhərsalmaya aid eləmək olar. Məsələn, "Bakının baş planı" da “Şrödinger pişiyi” kimidir, həm mövcuddur, həm də yoxdur.

Bu yaxınlarda Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Alatavada və İnşaatçılar metrosunun ətrafındakı ərazilərdə yerləşən həyət evlərinin sökülməsi, yeni binalarla əvəzlənməsi məsələlərini şərh edərkən deyib: “Hazırda Bakı şəhərinin baş planı hazırlanır”. Bakının baş planının hazırlandığını 70-ci illərdən deyirlər, planın ya hazır olduğunu, ya hazırlıq getdiyini, ya da hazırlanmasına başlanacağını eşidirik. Hətta plan əsasında pullar ayrılır, ciddi tədbirlər görülür, amma söhbətin hansı plandan getdiyi bəlli olmur ki, olmur.

Bakının əvvəlki planı

Bakının əvvəlki baş planı 1986-2005-ci illər arasındakı dövrü əhatə edirdi. Bu plan 1970-1980-ci illərdə Bakı Dövlət Layihə İnstitutu tərəfindən tərtib olunmuşdu. Qurumun saytında olan məlumata görə, bu baş planın müəllifləri arasında A. Ələsgərov, T. Şarinski, R. Əliyev və F. Quliyev vardı. Maraqlıdır ki, A. Ələsgərov 2010-cu ildə, artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində prezident İlham Əliyevə Bakı şəhərinin baş planının icrası barədə məlumat verirdi. O zaman qeyd olunurdu ki, işlər hələ davam edir. Yəni müddəti 2005-ci ildə bitmiş baş plan hələ də qüvvədə hesab olunurdu.

Amma hələ 2008-ci ildə “Respublika” qəzetində çıxmış müsahibədə Azərbaycan Memarlar İttifaqının birinci katibi E. Qasımzadə paytaxtın planlanmasına başqa yanaşma lazım olduğunu bildirirdi. O, “ölkədə siyasi, sosial-iqtisadi münasibətlər tam dəyişib. Azərbaycan hətta keçid dövrünü arxada qoyub” deyərək, Sovet dövründə baş planı təsdiqləyənin də, sifarişçi və icraçının da yalnız dövlət olduğunu, “indi isə bazar iqtisadiyyatı şəraitində bu kimi işlərin əsasən fərdi kapitalın, investorların öhdəsinə” düşdüyünü və yeni plana ehtiyac yarandığını vurğulayırdı.

Bir il sonra məlum oldu ki, Bakının əvvəlki planı da tam yerinə yetirilməyib. Daha doğrusu, planın cəmi 25-30%-i icra olunub...

Dünya Bankının Böyük Bakı layihəsi

2009-cu ildə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı Azərbaycana, Böyük Bakının baş planlanmasına kömək etmək və müxtəlif maraqlı tərəflərin iştirakını koordinasiya etmək üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə müqavilə imzaladı. Müqavilə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında 2007-ci ildə təsdiqlənmiş “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi”nə dair kredit sazişi çərçivəsində imzalanmışdı və bank bu məqsədlə ölkəyə, ilkin olaraq, 5 milyon ABŞ dolları (sonda xərclər 4,32 milyon dollar və ya 3,4 milyon manat təşkil etdi) ayırmışdı.

2009-cu ilin martında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Dünya Bankının kredit sazişinin bir hissəsi kimi Böyük Bakının Baş Planı üçün üç komponentin hazırlanması məqsədilə məsləhətçinin işə götürüldüyünü elan etdi. Komponentlər aşağıdakılar idi:

(a) yeni xəritələr və CİS-in layihələndirilməsi üçün rasional planlaşdırma sistemi və ən son texnologiyalar əsasında planlaşdırma üçün informasiya sistemi;

(b) regional və strateji planlar;

(c) regional planların dizaynı və məlumat mübadiləsi üçün institusional tədbirlər.

2009-cu ilin aprelində müxtəlif xarici şirkətlərdən—16 ölkədən 35 təklif daxil oldu. Böyük Bakı Baş Planının həyata keçirilməsi üçün müsabiqənin sonrakı mərhələlərinə 6 qrup seçildi. Təxmini hesablamalara görə, layihənin hazırlanmasına 4 il lazım idi. Əvvəlki plandan fərqli olaraq, yeni layihə təkcə Bakı şəhərini yox, Böyük Bakı ərazisini əhatə etməli idi. Və məhz bu zaman ilk dəfə olaraq, şəhərin əvvəlki planının yalnız 25-30%-inin yerinə yetirilməsi haqda məlumat verildi. Bu isə o deməkdir ki, bəzi istiqamətlər üzrə plan, ümumiyyətlə, yerinə yetirilməyib. Misal üçün, “Azərbaycanın bağ və parkları” kitabında verilən məlumata görə, 2005-ci ildə Bakıda yaşıllıq sahəsi 25 min hektara kimi artmalı idi. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərlinin verdiyi məlumata görə, şəhərdə 11 528 hektar ərazi ümumi istifadədə olan yaşıl əraziləridir. Bu isə 1985-ci ilin göstəricisi ilə müqayisədə azalma deməkdir.

Dünya Bankı tərəfindən elan olunan müsabiqənin ilkin mərhələsi 2010-cu ildə bitməli idi. Müsabiqənin nəticələrinə görə, planın müxtəlif hissələrinə fərqli şirkətlər cavabdeh idi (məsələn, Böyük Bakının iqtisadi inkişafına “Kaia Miller” şirkəti baxırdı, nəqliyyat sahəsində “Murad Celik” və “Gökhan Mentes” şirkətləri iştirak edirdi və s.). Ümumi olaraq, planın hazırlanması Bakı Dövlət Layihə İnstitutuna həvalə olunmuşdu. Bakı Dövlət Layihə İnstitutunun direktorunun sözlərinə görə, 2011-ci ilin mayında Böyük Bakı planın ictimai müzakirələri başlamalı idi. Dünya Bankının sənədlərindən görünür ki, birbaşa planın hazırlanması 2011-ci ilin iyununda başlamalı və 2014-cü ilin iyulunda bitməli idi. Amma məsələ daha da uzandı...

Layihə hələ təsdiqlənməsə də...

Bu müddət ərzində, daha doğrusu, 2012-ci ildə Dünya Bankının saytında Bakıya dair ““Beşmərtəbə” rayonunun tarixi hissəsinin yenidənqurma layihəsi” dərc olundu. Bu layihə “McBains Cooper” şirkəti tərəfindən hazırlanmışdı və indi Mərkəzi Parkın bir hissəsi olan bölgəni əhatə edir. Məhz bu planın reallaşdırılması məqsədilə Nazirlər Kabineti və Bakı şəhər İcra Hakimiyyəti “Sovetski” adlanan ərazidə söküntü işlərinə başladı və söküntü zamanı dövlət qurumları hələ də qəbul olunmayan “baş plana” istinad edirdilər. Artıq 2014-cü ilin sonunda xəbərlərdə belə qeydlər vardı: “Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonunda, Azərbaycan prospekti ilə N.Nərimanov prospekti arasındakı ərazidə bir sıra yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsinə başlanılıb”. Bu işlər 2015-ci ildə də davam etdirildi.

Layihənin ilk təqdimatı 2014-cü ilin mayında baş tutdu. 2030-cu ilə kimi hesablanan plan 282 min hektarı əhatə edirdi və təklif edilən layihələrin (məsələn, Böyük Zirə adasında “İstirahət Sağlamlıq Kompleksi”nin tikintisi nəzərdə tutulmuşdu) reallaşdırılması üçün 139,6 milyard manatın lazım olduğu göstərilirdi.

Bir müddətdən sonra—2016-cı ilin fevral ayında “Böyük Bakının Regional İnkişaf Planı” adlı layihənin hazır olduğu və Nazirlər Kabinetinə təqdim edildiyi açıqlandı. Bu layihənin 2030-cu ilə qədərki dövrü əhatə edəcəyi bildirilirdi. Yeni plan Bakını bir neçə yerə—Mərkəzi Bakı, Ətraf, Şimal-Şərq və Cənub hissələrə bölürdü. Plan həmçinin bir sıra infrastruktur layihələrini nəzərdə tuturdu (bulvarın böyüdülməsi, Bakı metrosunun genişləndirilməsi, Ağ şəhər və s.).

Dünya Bankının məlumatına görə, onun sifariş verdiyi layihənin ilk ictimai müzakirəsi 2016-ci ilin dekabrında baş tutdu (söhbət 2014-cü ilin iyulunda bitirilməli olan layihədən gedir). İctimaiyyətə açıqlanan planda Bakı və Abşeronun ayrılıqda öz mərkəzi olan 9 zonaya – Cənub, Şimal, Şərq, Mərkəzi və beş periferiyaya bölünməsi nəzərdə tutulurdu. Bu dəfə plan 2035-ci ilə qədərki dövrü və 248 min hektarı əhatə edirdi. 2035-ci ilədək 121 919 binanın sökülməsi nəzərdə tutulurdu, təklif olunan layihələrin reallaşdırılmasına 283,97 milyard manatın gərəkdiyi qeyd edilirdi.

Növbəti dəfə Baş Plan Yasamal rayon İcra Hakimiyyətində 2017-ci ilin yekunlarına həsr olunmuş iclasda xatırlandı. İcra Hakimiyyəti başçısı məlumat verdi ki, “Dövlət başçısının tapşırıqlarına uyğun olaraq və Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar “Sovetski” adlanan ərazidə müasir yeni yol infrastrukturu istismara verilib, ərazidə böyük həcmdə abadlıq-quruculuq işləri həyata keçirilməyə başlanıb. Hazırda Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar işlər davam etdirilir”. Yəni Yasamal rayon İcra Hakimiyyəti heç bir qurum tərəfindən təsdiq olunmayan baş planı icra etməkdə idi.

Prezidentin maraqlı sərəncamı

Məsələni daha da “cəlbedici” edən prezident İlham Əliyevin 2018-ci il, iyunun 27-də imzaladığı sərəncam oldu. Sərəncama görə, “Bakı şəhərinin baş planının hazırlanması işinin təşkili üçün nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə” Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 4 milyon manat ayrılmışdı. İyulun 17-də komitə prosesin başlanması və “dünyanın “Böyük Üçlük” adlanan ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – “The Boston Consulting Group”u” (“Boston Konsaltinq Qrup”) işə cəlb etməsi haqda məlumat verdi.

Komitədən 2018-ci ilin dekabrında verilən məlumata görə, planın birinci mərhələsi yekunlaşdı. Birinci mərhələdə paytaxtla bağlı indiyə qədər hazırlanmış bütün səhərsalma və ərazi planlaması sənədlərinin, o cümlədən “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələrinin təhlil edilməsi nəzərdə tutulurdu. Həmçinin, Azərbaycandakı qanunvericiliyin, müvafiq şəhərsalma norma və qaydalarının nəzərdən keçirilməsi, təkmilləşdirilməsi zərurətinin dəyərləndirilməsi planlanırdı.

İkinci mərhələdə isə “The Boston Consulting Group” şirkəti ilə birgə birinci mərhələdə müəyyənləşdirilmiş tələblər əsasında işləmək, nüfuzlu şəhərsalma, memarlıq, mühəndislik şirkətləri və ekspertləri əməkdaşlığa cəlb etmək, paytaxtın baş planını yekunlaşdırmaq nəzərdə tutulurdu. Bu məqsədlə açıq tender elan edilmişdi. Tenderin qalibi 2019-cu ilin aprelində bəlli oldu. Bu, Almaniyanın “AS+P” şirkəti idi. Şirkətlə 6,4 milyon dollar (10,7 milyon manat) məbləğində satınalma müqaviləsi bağlandı.

İkinci mərhələdə həm də şəhər ərazisinin strateji və çoxsəviyyəli planlanması, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə (“Ərazilərin tarazlı istifadəsi və inkişafı”, “Yol-nəqliyyat infrastrukturunun və ictimai nəqliyyat sisteminin inkişafı” və s.) ilə bağlı texniki işlər aparılmalı idi. Bəs bütün bu işlər nə vaxt bitməliydi?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya texnologiyaları departamentinin direktoru Rüfət Mahmud 2019-cu ilin aprelində verdiyi müsahibədə prosesin növbəti 18 ayı əhatə edəcəyini bildirmişdi. Amma komitənin sədri Samir Nuriyev elə həmin ilin iyununda keçirilən toplantıda, “dünya təcrübəsinə əsasən, Bakı kimi iri şəhərlərin baş planlarının işlənməsinə 3-4 il vaxt ayrılsa da, Bakının Baş planının hazırlanması işininin daha tez – 2020-ci ilin sonunadək yekunlaşdırılması planlaşdırılır,dedi. 2019-cu ildə bir çox digər qurumlar da Baş Plan barədə məlumat paylaşmağa başladılar. İl bitməmiş komitə ilkin konsepsiyanın artıq hazır olduğunu elan elədi. Əmlak Məsələləri Dövlət Komitəsi də geridə qalmayaraq, “Bakı şəhərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası”nın yaradıldığını bildirdi.

Baş plan təqdim edildi, amma...

2020-ci ilin oktyabrında işlərin tamamlandığı deyildi və oktyabrın 9-da Bakı baş planı ictimaiyyətə təqdim olundu. Bu dəfə təqdim olunan plan artıq 2040-ci ilə qədərki müddəti və 213,5 min hektarı əhatə edirdi. KİV-lər bu planı bütün problemlərin həlli vasitəsi kimi təqdim etdilər, plan reallaşsa, Bakının kanalizasiya, “20 Yanvar”ın tıxac problemlərinin həll olunacağını dedilər...

Bəs planın taleyi necə oldu?

Şəhərsalma Komitəsinin məlumatına görə, 2020-ci ilin sentyabr-dekabr aylarında planın yekun versiyasının təqdimatı baş tutmalı idi. Komitənin rəsmi saytında təqdimat oldu, amma təsdiq gəlmədi. Bundan sonra komitənin nümayəndələri tez-tez işlərin yekunlaşdırılması barədə məlumat verdilər: 2021-ci ilin martında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov baş planın “son fazada” olduğunu dedi. Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli 2021-ci ilin iyun ayında Bakı şəhərinin baş planı ilə bağlı layihənin yekunlaşma mərhələsində olduğunu təsdiqlədi. 2021-ci ilin avqustunda yenə D. Dövlətxanov ayın sonunda planın Nazirlər Kabinetinə göndəriləcəyini xəbər verdi.

Nazirlər Kabinetinin 2022-ci ilin martında təqdim olunan hesabatında (2021-ci ildəki fəaliyyəti haqqında) deyilir ki, Bakının 2020-2040-cı illəri əhatə edən baş plan layihəsinin aidiyyəti dövlət qurumları ilə razılaşdırılması işləri yekunlaşdırılıb.

2022-ci il başa çatmaq üzrədir, Bakı baş planından hələ xəbər yoxdur. Bir pozitiv məlumat odur ki, layihə Beynəlxalq Şəhər və Regional Planlaşdırma Cəmiyyəti (ISOCARP - The International Society of City and Regional Planners) tərəfindən “Mükəmməliyə görə” mükafatına layiq görülüb. Ancaq Bakı sakinlərinin bu “mükəmməliyi” nə zaman görəcəyi bəlli deyil.

Ağdamın baş planı rəsmən təsdiq olunub.