Toğrul Vəliyev

İqtisadçı

"AZƏRİSTİLİKTƏCHİZAT" ASC: GÖZƏ GÖRÜNMƏYƏN DÖVLƏT ŞİRKƏTİ

30.01.2018 / Dövlət şirkəti lüzumsuz xərclərə yol verir və beynəlxalq mühasibata keçməyə tələsmir

Bu müddət öncə Hesablama Palatanın rəsmi saytında medianın o qədər də maraqlanmadığı və əhalinin yalnız 10-20%-nə xidmət göstərən “Azəristiliktəchizat” ASC-nin audit yoxlaması barədə məlumat yerləşdirilmişdir. Rəsmi olaraq, bu dövlət şirkəti ölkədə yeganə istilik təchizatı operatorudur. Amma insanlar artıq çoxdandır öyrəşiblər ki, istilik təchizatı gah aylarla yoxdur, gah da birdən-birə bərpa olunur. Müvafiq olaraq insanlar da istiliyi təmin etmək üçün alternativ üsullardan istifadə edirlər (düzdür son zamanlar bu sahədə müəyyən pozitiv işlər gedir və istilik təchizatı tədricən bərpa olunur).

Bu şirkətin fəaliyyəti barədə məlumatsızlıq (hətta bir çox insan bu şirkətə ödənişlərin necə aparılması barədə məlumata malik deyil) nəticəsində o “Azərsu” və ya “Azərişiq” kimi gündəmə tez-tez gəlmir. Şirkət deyəsən bundan istifadə edib hesabatlarını heç rəsmi saytında yerləşdirmək barədə fikirləşmir. Rəsmi saytında yerləşdirilən sonuncu hesabat 2011-ci ilə aiddir. Ona görə, birbaşa olaraq, şirkətdə indi nə baş verdiyini öyrənə bilmirik. Buna görə, Hesablama Palatasının auditi vasitəsilə ən azı şirkətin əsas göstəriciləri barədə məlumat əldə edirik.

Büdcədən dotasiyalar

Bir sıra dövlət şirkətləri kimi, “Azəristiliktəchizat” da dövlət büdcəsindən bu və ya digər formada subsidiya alır. Bunun əsas səbəbi şirkətin zərərə işləməsidir. Fəaliyyətinin başlandığı dövrdən şirkətin xərcləri daima gəlirlərindən çox olub. Amma adətən bu zərər subsidiya vasitəsilə ödənilib, indiki halda zərəri heç subsidiya vasitəsilə də ödəmək mümkün deyil.

Dövlət büdcəsi sənədlərindən əldə edilən məlumata görə, 2011-2016-cı illərdə şirkətə aşağıdakı məbləğdə dotasiyalar ayrılmışdır:

- 2011 - 19.67 milyon manat;
- 2012 - 20.19 milyon manat;
- 2013 - 20.84 milyon manat;
- 2014 - 21.56 milyon manat;
- 2015 - 22.61 milyon manat;
- 2016 - 18 milyon manat;

Göründüyü kimi, 2011-2016-cı illərdə şirkət dövlət büdcəsindən 123 milyon manat subsidiya vəsait əldə edib. Bəs bu subsidiyların gəlir və xərclərə münasibəti necədir? Hesablama Palatasının auditindən görünür ki, şirkətin zərəri şirkətin gəlirini dəfələrlə üstələyir. Belə ki, məlumata görə, 2015-ci ildə ASC-nin maliyyə hesabatına görə istilik təchizatı xidmətlərinin satışından gəlirləri ƏDV-siz 8109.0 min manat, faktiki xərcləri 46148.2 min manatdır (o cümlədən, 45702.1 min manat istehsal xərci, 446.1 min manat satışdankənar xərc). Maliyyə fəaliyyətinin nəticəsi üzrə faktiki zərəri 38039.2 min manat təşkil etdiyi halda, 2016-cı ildə faktiki gəlirlər ƏDV-siz 10839.2 min manat, faktiki xərcləri 50243.3 min manat (o cümlədən, 49699.1 min manat istehsal xərci, 544.2 min manat satışdankənar xərci) maliyyə fəaliyyətinin nəticəsi üzrə faktiki zərəri 39404.1 min manat təşkil etmiş, 2016-cı ildə gəlirlər 2015-ci ilə nisbətən 2730.2 min manat artdığı halda, xərclər 4095.1 min manat və ya gəlirlərin artımına nisbətən 1.5 dəfə çox artmış, nəticədə cəmiyyətin maliyyə fəaliyyətinin nəticəsi üzrə faktiki zərəri əvvəlki ilə nisbətən 1364.9 min manat və ya 3.6 % artmışdır.

Gördüyümüz kimi, dövlət büdcəsindən ayrılan dotasiyalar şirkətin gəlirini təxminən 2 dəfə üstələyir. Eyni zamanda şirkət gəlirinin artmasına baxmayaraq, onun xərcləri daha yüksək templə artır. Bunun nəyə görə baş verdiyini daha dəqiq başa düşmək üçün, ən azından şirkətin gəlir və xərc strukturunu öyrənmək lazımdır. Amma yuxarıda dediyimiz kimi, şirkət bu barədə məlumatı ictimaiyəttə açıqlamır. Amma açıq mənbələrdə olan məlumata görə, bəzi məqamları dəqiqləşdirmək olar. Belə ki, gəlirin əsas mənbəyi əlbəttə ki, istilik enerjisinin satılmasıdır. ASC-nin məlumatına görə, indi şirkət 545 qazanxana vasitəsilə 5060 obyekti istilik enerjisi ilə təmin edir.

Tarif Şurasının təsdiqlədiyi tariflərə görə, şirkət istiliklə təchiz etdiyi hər kvadrat metrə görə 0.15 manat əldə edir. Gəlirin təxmini 60-70% (7.5 milyon manata kimi) bina evlərindən əldə edir. Şirkət 2016-ci ilin əvvəlinə 3568 binadan 170 min mənzilə istilik təchizatı xidmətləri göstərirdi. İndi təxmini bu göstərici 180 minə bərabər olmalıdır. Başqa sözlə şirkətin xidmətlərindən təxminən 810 min insan istifadə edir. Eyni zamanda bu binalardan 3250-si Bakıya aiddir. Başqa sözlə Bakıda yerləşən 6 min binadan təxmini yalnız 54% mərkəzləşdirilmiş istilik təchizatı ilə təmin olunub.

Şirkət həmçinin isti su təchizatı ilə də məşğuldur. Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli qərarına əsasən 2017-ci ilin yanvarın 1-dən isti su təchizatı xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənmir. Müvafiq olaraq, şirkət öz tariflərini müəyyən ediblər. Rəsmi saytında yerləşdirdiyi məlumata görə, 1 aprel 2017-ci il tarixdən “Azəristiliktəchizat” ASC isti su təchizatı tariflərini əhali üzrə kb metrə 1.92 manat, qeyri-əhali istehlakçıları üzrə 3.1 manat müəyyən edib. Maraqlıdır ki, qiyməti müəyyən edərkən, şirkət alternativ (kombi, elektrik su qızdırıcıları və s.) imkanların mövcud olmasını nərəzə alaraq bu tarifləri müəyyən edib. 2017-ci ilə kimi isə, 1 kub metr isti su üçün şirkət 40 qəpik əldə edirdi. Düzdür mərkəzləşdirilmiş isti su Bakıda o qədər də tez rast gəlinən bir hal deyil. Şirkətin məlumatına görə yalnız yeni tariflər vasitəsilə özünü maliyyəşdirmədən yararlanmaq olar. Elə çıxır ki, əvvəllər bu dövlət şirkətinin belə məqsədi olmayıb.

Qeyri-effektiv xərcləmələr

Yeri gəlmişkən, şirkətin fəaliyyəti xərclər ilə bağlı olduğuna görə, xərclərin strukturunu təhlil etmək maraqlı olardı. Təssüf ki, Hesablama Palatası yalnız istehsal və qeyri-istehsal bölgüsünü göstərib. Amma Dövlət satılnamalar reyestri vasitəsilə başqa xərclərin müəyyən hissəsini göstərmək mümkündür. Şirkət 2015-ci ildə 51, 2016-ci ildə 20 və 2017-ci ilin 8 ayında 18 tender keçirib. Keçirilən tenderlərin əsasında, biz əsas 8 istiqamət üzrə xərcləri müəyyən edə bilərik.

Xərclərin böyük hissəsi istehsal prosesi ilə bağlı olmasına baxmayaraq, şirkətin fəaliyyəti effektivlikdən uzaqdır. Dövlət şirkətinin anbarında qalığı olan malların təkrar alınması nəticəsində vəsaitlər zəruri olmayan istiqamətlər üzrə sərf olunub. Eyni zamanda Hesablama Palatasına görə, “qarşıdakı il və növbəti illər üzrə büdcə vəsaitinə təlabatın müəyyən edilməsi üçün hər bir istehlakçı qrupu və xidmət növü üzrə satılacaq istilik enerjisinin və isti suyun kalkulyasiya obyektləri üzrə məhsul vahidinin (1 m2 yaşayış sahəsi, 1 m3 isidilən həcm və 1 m3 isti su) istehsal və satış maya dəyəri müəyyən edilməmiş” və müvafiq olaraq zərəri hər bir istehlakçı qrupu və xidmət növü üzrə bölüşdürülməmişdir. Başqa sözlə şirkət hətta satdığı istiliyin maya dəyirini və hansı istiqamətlərdə problemin olmasını da müəyyən edə bilməyib. Eyni zamanda isidilən yaşayış sahəsi və tikinti həcmi barədə uçot göstəriciləri ilə abonent və müştəri xidmətləri tərəfindən təqdim edilən məlumatlar arasında uyğunsuzluqlar olub. Bir çox hallarda abonentlərə gələn borclar reallığı əks etdirmir. Nəticədə bununla bağlı mənasız debitor və kreditor borclar yaranır. Eyni zamanda yaşayış sahələrinin isidilməsi üzrə xidmət vahidinə normadan artıq istilik enerjisi sərf edilib. Belə ki, əgər cəmiyyətin öz istehsalı olan istilik enerjisi üzrə 2015-ci ildə 11.68% və 2016-cı ildə 11.95% miqdarında texnoloji itki normaları təsdiq edildiyi halda, hər il üzrə 12.6% miqdarında itki qeydə alınıb.

Hesablama Palatası öz hesabatında qeyd edib ki, dövlət büdcəsindən ayrılan vəsaitdən istifadə zamanı lüzumsuz xərclərə yol verilib, xüsusən nəqliyyat vasitələri və aqreqatlara artıq yanacaq sərf edilib. Nəticədə bu ilin avqustunda “nəqliyyat vasitələrinin hərəkətinə məsafədən internet üzərindən nəzarətin həyata keçirilməsi üçün avadanlıqların alınması, quraşdırılması və servis xidmətinin satınalınması” üzrə tender keçirilib. Tenderin qalibi “Merkuri-İ 68” MMC olub. Başqa sözlə, bu istiqamətdə olan xərclərə müəyyən nəzarətin həyata keçirilməsi qərar verilib. Amma 2016-ci ildə də “qazanxanalarda quraşdılımış temperatur və təzyiq sensorlarına internet üzərində məsafədən nəzarət edilməsi” üzrə tender keçirilmişdir. Hesablama Palatasına görə, bunun heç bir effekti olmamışdır.

ASC beynəlxalq mühasibatlığa keçməyib

Xərc istiqamətlərindən göründüyü kimi, şirkət audit xidmətlərinə heç də önəm vermir. Hesablama Palatasına görə, dövlət şirkətində Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun uçot aparılmamış və hətta maliyyə nazirliyinin təsdiq etdiyi “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”na əməl edilməyərək öhdəliklərin inventarizasiyası tam aparılmamış, bu səbəbdən də iddia müddəti və vaxtı keçmiş debitor və kreditor borcların ləğvi istiqamətində tədbirlər görülməmişdir. Faktiki olaraq, hətta Hesablama Palatası əldə etdiyi hesabatdan şirkətin vəziyyəti və onun öhdəlikləri barədə məlumatı əldə edə bilməyib. Amma bəzi öhdəliklər barədə məlumatı biz "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatından öyrənə bilərik. Belə ki, orada yerləşdirilən məlumata görə, "Azəristiliktəchizat" ASC üzrə 2017-ci ilin mayın 1-nə "Azəriqaz" İB-yə 89,532 mln. manat borc öhdəliyi mövcuddur. Maraqlıdır ki, bu borcun ödənilməsi barədə heç söhbət belə getmir. Belə ki, "Azəristiliktəchizat" ASC-nin nümayəndəsinin sözlərinə görə, eyni vəziyyət 2015-ci ildə baş vermişdir və o zaman, problem hökumət səviyyəsində həll olundu. İndi də, şirkətin zərər ilə işləməsini nəzər alaraq, nümayəndənin sözlərinə görə, bu problem dövlət səviyyəsində həll olunmalıdır.

Beləliklə, ictimaiyətdən bir qədər uzaq olan dövlət şirkətində, Hesablama Palatasına görə, heç normal səviyyədə maliyyə hesabatı da tərtib olunmur. Nəticədə hər il dövlətə 40 milyon manata yaxın zərər dəyir. Maraqlıdır ki, bu zərərin azalması üçün də heç bir addım atılmır. 2017-ci ilin əvvəlində təklif olundu ki, “Azəristiliktəchizat” ASC-yə tariflərdə azadlıq verilsin və eyni zamanda “Azəriqaz” tərəfindən onlara satılan qaz endirim ilə satılsın. Amma bir neçə aylıq danışıqlardan sonra belə bir qərara gəlindi ki, tariflərin müəyyən edilməsində tam azadlıq verilsə, o zaman tariflər birdən-birə kəskin artacaq (deyəsən ASC-yə inam yoxdur). Endirimə gəldikdə isə, “Azəriqaz” məlumat verib ki, qaza olan tariflərin qalxmasına baxmayaraq, onlar əlavə gəlir əldə edə bilməyiblər və buna görə, endirim ilə satmaq məqsədə uyğun deyil.