Toğrul Vəliyev

İqtisadçı

AZƏRBAYCANDA İŞ YERLƏRİ ARTIR, YOXSA AZALIR?

09.01.2021 / Rəqəmlər rəsmi məlumatları təkzib edir

Koronavirusla mübarizə üçün tətbiq edilən karantinin ən böyük fəsadlarından biri, işsizlik problemidir. Məhdudiyyətlər camaatın daimi, ya da müvəqqəti iş yerindən mərhum olmasıyla nəticələnib, ciddi sosial problemlər yaradıb. Amma hökumət optimistiliyini itirmir. 2020-ci il, dekabrın 15-də İqtisadiyyat naziri Mikayıl Cabbarov martdan bəri ölkədə 80 min yeni iş yerinin açıldığını elan edərək, hamını təəccübləndirib. Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən "KPMG Azerbaijan" şirkəti ilə əməkdaşlıq çərçivəsində nəşr olunan "Azərbaycanda Xarici Biznes 2020" hesabatının rəsmi təqdimatında (https://apa.az/az/maliyye_xeberleri/Nazir-Gozlnilmz-olsa-da-pandemiya-sraitind-martin-vvlindn-olkd-80-min-is-yeri-acilib-619758) nazir belə deyib: “Gözlənilməz olsa da, yeni növ koronavirus (COVID-19) pandemiyası şəraitində Azərbaycanda martın əvvəlindən indiyədək təxminən 80 min yeni iş yeri açılıb. Açılan yeni iş yerləri özəl sektorda olan ümumi əmək müqavilələrinin 15%-dən çoxunu təşkil edir.”

Rəsmi statistika

Azərbaycanda əmək bazarına aid bir neçə statistik məlumat periodik dərc olunur. Onlardan biri, Dövlət Statistika Komitəsi (DSK) tərəfindən hər rübün sonunda dərc olunan “Yeni iş yerləri” adlı rəsmi məcmuədir. Bu məcmuə rüb ərzində açılan yeni iş yerlərini, onların bölgüsünü əks etdirir. Aylıq təqdim edilmədiyinə görə biz məhz martın əvvəlindən açılmış iş yerlərinə dair məlumat ala bilmirik. Amma oktyabrın 1-nə kimi açılan iş yerlərinə dair məlumat yerləşdirilib: https://www.stat.gov.az/source/labour/

- 2020-ci ilin I rübündə 25 088 yeni iş yeri açılıb.
- 2020-ci ilin II rübündə 59 691 yeni iş yeri açılıb.
- 2020-ci ilin III rübündə 21 548 yeni iş yeri açılıb.Bu statistikadan görünür ki, aprelin əvvəlindən oktyabrın əvvəlinə qədər Azərbaycanda rəsmi olaraq, 81 239 yeni iş yeri açılıb. Amma bu iş yerlərin hamısı daimi deyil. II və III rüblərdə açılmış iş yerləri arasında 15 687 müvəqqəti iş yeri var və bu iş yerlərin böyük hissəsi dövlətin payına düşür.

Pandemiya dövründə muzdla çalışanların sayı

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin avqustun 8-də, prezidentlə müşavirədə dediyinə görə, ilin əvvəlindən açılan iki aylıq ictimai işlərə 26 min insan cəlb edilib. Bunun böyük hissəsi məhz aprel-avqust aylarına aiddir. https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_koronavirusla_mubarize_sahesinde_gorulen_tedbirler_ve_sosial_iqtisadi_veziyyetle_bagli_videoformatda_musavire_kechirib__YENILANIB_2__VIDEO-1554479

Beləliklə, söhbət gedən dövrdə rəsmi olaraq, 65 552 daimi iş yeri açılıb. Müvəqqəti iş yerlərinin böyük hissəsi isə iki aylıq müddətə hesablanıb.

Yeni iş yerlərinin açılması haqda məlumat, həmçinin, muzdlu işçilərin sayında da əks olunmalı idi. Yeni iş yerlərinin açılması, avtomatik olaraq, yeni əmək müqavilələrin qeydiyyatı deməkdir. Müqavilə ilə işləyən işçi isə DSK tərəfindən muzdla çalışan işçi hesab olunur və DSK bu haqda aylıq məlumat verir.

Göründüyü kimi 2020-ci ilin martından ölkədə muzdla çalışan işçilərin sayı cəmi 43,8 min artıb. Əvvəl müqayisə etdiyimiz dövrdə isə (ilin II və III rüblərində) bu rəqəm 35 541 idi. Məntiqi yanaşma tətbiq edilibsə, o zaman:

Beləliklə, bu dövrdə 65 552 daimi iş yeri açılıbsa və muzdla işləyənlərin artımı 35 541-dirsə, demək, ən azı 30 011 daimi iş yeri bağlanıb.

110 min əmək müqaviləsi

Son dövrlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də xüsusi statistika aparır. Bu statistika əmək müqavilələrin sayı ilə bağlıdır. Nazirliyinin məlumatına görə aprel ayında 75,4 min əmək müqaviləsi qeydiyyata alınıb. http://sosial.gov.az/3417 Nazirlik bunu, daha çox “işəgötürənlərin, həmçinin sahibkarların sosial məsuliyyət prinsipinin daha da güclənməsi və mövcud şəraitdə sosial həmrəyliyə fəal dəstəyini ifadə etməsiylə” izah edir.

Yeni əmək müqavilələri

Məsələ ondan ibarətdir ki, sərt karantin dövrü başlayan kimi dövlətin dəstək proqramlarından biri, sahibkarların əməkhaqqı ödənişlərinin bir hissəsinin kompensasiya edilməsi idi https://www.taxes.gov.az/az/page/iqtisadi-artima-ve-sahibkarlara-dovlet-desteyi-tedbirlerinin-mexanizmleri. Bu kompensasiyanı almaqdan ötrü işəgötürənlər və işçilər arasında münasibətlər leqallaşdırılmalı idi. Məhz buna görə 2020-ci ilin aprelində əmək müqavilələrin sayı birdən birə artdı. Müqayisə üçün baxaq: yanvarın 1-dən aprelin 1-ə qədər 22 630 əmək müqaviləsi imzalanıb. https://vergiler.az/news/economy/8015.html

Ümumiyyətlə. nazirliyin statistikasına müraciət etsək, görərik ki, 2020-ci ilin ilk 6 ayı ərzində 110 min əmək müqaviləsi imzalanıb. Bu, hətta daha qısa dövrdə daha çox iş yerinin açılması deməkdir. Amma nazirlik qüvvədən düşmüş və ya ləğv edilmiş əmək müqavilələrin sayı barədə heç bir məlumat vermir.

Nəticə etibarilə, rəsmi statistikaya görə aprelin 1-dən oktyabrın 1-nə kimi Azərbaycanda 65 min yeni daimi iş yeri qeydiyyata alınıb. Amma yenə rəsmi statistikaya istinad etsək, bu dövrdə azı 30 minə yaxın iş yeri bağlanıb. İş yerlərinin 1 apreldən sonra artması isə əsasən işəgötürən və işçilər arasında münasibətlərin leqallaşdırılması ilə bağlıdır.

Beləliklə, 2020-ci ilin 9 ayı ərzində faktiki olaraq 80 min yeni iş yerinin açılması həqiqətə uyğun deyil. Bu ya köhnə iş yerlərin leqallaşdırılması, ya da dövlət tərəfindən (sosial proqramlar çərçivəsində) açılmış iş yerləri idi və ilin əvvəlindən açılan yeni iş yerlərin 50%-i birbaşa dövlətin payına düşür.