Nurlan Hüseynov

Müstəqil jurnalist

TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI—TÜRKİYƏNİN MƏRKƏZİ ASİYADA MÖHKƏMLƏNMƏK PLANLARI

21.11.2022 / TDT-nin tarixi və hədəfləri

Dünya siyasətində silkələnmələrin baş verdiyi vaxtda diqqət çəkən proseslərdən biri də Avropadan Çin sərhədinə qədər uzanan ərazidə yeni birliyin - Türk Dövlətləri Təşkilatının reallaşmasıdır. Yarandığı tarixdən bu yana qurum (əsası 2009-cu ilin oktyabrında, Naxçıvan müqaviləsi ilə qoyulub, o zaman “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası” adlanırdı) mədəni-humanitar sahələrdə planlar quran, birliyi daha çox kağız üzərində qalan təşkilat idi. Ancaq 2020-ci ilin Qarabağ müharibəsi və 2021-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra üzv ölkələrin artan hərbi və iqtisadi əməkdaşlığı fonunda birlik bir qədər möhkəmləndi və elə 2021-ci ildə İstanbul şəhərində keçirilən toplantısında Türk Dövlətləri Təşkilatına (TDT) çevrildi.

Türkiyə, Azərbaycan, Qazaxstan, Qırğızıstan, Özbəkistanın üzv, Macarıstan, Türkmənistan və Şimalı Kipr Türk respublikasının müşahidəçi statusda təmsil olunduğu təşkilatın üç mərkəzi var: İstanbul ümumi katibliyinin, Bakı parlamentar assambleyasının, Astana isə Beynəlxalq Türk Akademiyasının mərkəzidir. Təşkilatın orqanları Ümumi Katiblik, Dövlət Rəhbərləri Şurası, Xarici İşlər Nazirləri Şurası,Təcrübəli Məmurlar Şurası və Ağsaqqallar Şurasıdır.

Türkiyənin Avropa Birliyinə bənzər azad iqtisadi birlik kimi təqdim etdiyi təşkilat həm Türkiyə, həm də digər üzv ölkələrin milli maraqlarına xidmət edir. Təşkilat vasitəsilə Türkiyə 170 milyonluq bölgədə ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi, əlaqə marşrutlarının təkmilləşdirilməsi, Mərkəzi Asiya bazarlarına çıxmaq və yumşaq gücünü artırmağı hədəfləyir.

Qurumun 2021-ci ildə İstanbulda keçirilən toplantısında qəbul edilən “Türk dünyası 2040 vizyonu sənədi” onun həm də məramını, təşkilat kimi missiyasını elan edir. Sənəddə Türk dövlətləri arasında sadələşdirilmiş gömrük koridorunun açılması, üzv dövlətlər arasında sivil mexanizm qoruması adı altında fövqəladə reaksiya qurumunun yaradılması, ortaq televiziyanın təşkili, ölkələr arasında yükdaşımanı asanlaşdırmaq, ixracat potensialını və investisiyaları artırmaq, Xəzərdən keçən Şərq-Qərb Orta Koridorun inteqrasiya edilməsi, təhsil və turizm sahəsində əməkdaşlıq və sair hədəflər elan edilib.

2022-ci ilin noyabrında baş tutan Səmərqənd toplantısında 2040 vizyon sənədində elan edilən planlardan bir neçəsi, həmçinin təşkilatın 5 illik strateji planı təsdiqləndi, Türk İnvestisiya Fondu yaradıldı. TDT-nin bəyənnaməsində bildilir ki, İnvestisiya fondu “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin iqtisadi potensialını səfərbər etmək, onlar arasında ticarət-iqtisadi əməkdaşlığı gücləndirmək və birgə layihələrin həyata keçirilməsi məqsədi daşıyır”. Bu ildən təşkilat “Əlişir Nəvai” beynəxalq mükafatını da təsis edib.

Türkiyəni bölgədə gücləndirən nədir?

Qafqaz və Mərkəzi Asiyada yerləşən türk respublikaları müstəqilliklərinin ilk günündən Türkiyənin aktiv təmsil olunmaq istədiyi region olub və Türkiyə hər zaman bu coğrafiyadakı ölkələrlə daha dərin münasibətlər qurmağı hədəfləyib. Ancaq 1990-cı illərdə Türkiyənin Azərbaycan və Mərkəzi Asiya ölkələrinə, onların ehtiyacı olan maliyyə və hərbi-siyasi yardımı göstərəcək resursu yox idi. Digər tərəfdən, o dövrdə bu ölkələr də Türkiyəyə açıq şəkildə yaxınlaşa bilmirdilər. Əslində Türkiyə hələ də yetərli resursa malik deyil, sadəcə vəziyyət 90-ci illərdəkindən xeyli fərqlidir.

Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi siyasi dəstək və türk dronlarının döyüşlərdəki effektivliyi Mərkəzi Asiyada respublikalarında Türkiyənin güvənli tərəfdaş və mütərrəqqi silah sənayesi ölkəsi imicini gücləndirdi. Xüsusilə uğurlu Türkiyə - Azərbaycan münasibətləri Mərkəzi Asiyadakı türk dövlətləri üçün cəlbedici nümunə oldu və onların Türkiyə və Azərbaycanla yaxınlaşmanı sürətləndirdi. Ümumiyyətlə, Türkiyənin bölgənin 3 ölkəsi—Qazaxstan, Qırğızıstan və Özbəkistanla iqtisadi və hərbi-siyasi əməkdaşlığı bir neçə ildir böyüməkdədir.

Türkiyə və Mərkəzi Asiya üçlüyünün iqtisadi, siyasi və hərbi münasibətləri

Türkiyənin Özbəkistanla ticarəti 2019-cu ildə 2.4 milyard dollardan 2021-ci ildə 3.6 milyona qalxıb. 2022-ci ilin martında Türkiyə prezidenti R.T.Erdoğanın Özbəkistana səfəri zamanı iki ölkə arasında güzəştli ticarət razılaşması, birgə hərbi təlimlər, məlumat mübadiləsi və müdafiə əməkdaşlığını ehtiva edən razılaşma daxil 10 əməkdaşlıq sənədi imzalanıb və tərəflər münasibətlərinin “hərtərəfli strateji partnyorluq” səviyyəsinə qalxdığını elan ediblər.

Qazaxstanla ticarəti əks etdirən rəqəmlər 2019-cu ildə 3.9 milyard dollar, 2021-də 4.1 milyard idi. 2022-ci ilin mayında Qazaxstan prezidenti K.Tokayevin Türkiyəyə səfəri zamanı ölkələr arasında siyasi, iqtisadi, müdafiə sənayesi, nəqliyyat, ticarət, gömrük və sair sahələri əhatə edən 15 qarşılıqlı sənəd (o cümlədən hərbi kəşfiyyatla bağlı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan protokol, Qazaxstanda Türkiyə ilə birgə Anka dronları istehsalı haqqında razılaşma və s.) imzalanıb. İki ölkə ticarətin həcmini yaxında 10 milyard dollara qaldırmağı hədəfləyib. K.Tokayev Türkiyə ilə münasibətləri strateji partnyorluq səviyyəsində təsvir edib.

Qırğızıstanla da ticarət əlaqələri artmaqdadır. Qırğızıstan Türkiyə ilə ticarət və hərbi sahələrdə əməkdaşlığa can atır. 2021-ci ildə ölkələrarası ticarət iki dəfə artaraq, 836 milyon dollara çatıb. Qırğızıstan Türkiyədən Bayraktar və Akıncı dronları alıb. Bu iki ölkənin münasibətləri, xüsusilə, Qırğızıstanla Tacikistan arasındakı sərhəd toqquşmasında Türkiyənin Qırğırızstana açıq dəstəyindən sonra istiləşib.

Mərkəzi Asiya ölkələrindən Türkmənistan, hələ ki, təşkilatla məsafəli davanır və müşahidəçi statusu ilə kifayətlənir. Ancaq Türkmənistanla da əməkdaşlıq davam edir. Türkmənistan, hər şeydən əvvəl, Orta Koridorun əsas hissəsi olan Trans Xəzər Beynəlxalq Nəqliyyat Maruşutunun keçdiyi ölkədir, həmçinin Türkiyə dronlarını alan ilk ölkələrdən biridir. Bundan əlavə, Türkiyə Türkmənistanla Azərbaycanın müştərək Dostluq yatağından qaz hasilatında iştirak etmək istəyir.

Göründüyü kimi, Türk Dövlətləri Təşkilatında birləşən Mərkəzi Asiya ölkələrinin də Türkiyə ilə yaxınlaşmaqda və onun inteqrasiya layihəsində iştirakda maraqları var. Türkiyə bu ölkələrin ərizisi boyu uzanan, İran və Rusiyadan yan keçən “Orta Koridor” adlandırdığı Şərq-Qərb tranzit magistralının yaradılmasına çalışır. Bu, nəqliyyat dəhlizində iştirak Mərkəzi Asiya ölkələri üçün də beynəlxalq ticarət yolunun bir parçası olmaq və enerji resurslarını Avropaya satmaq baxımından faydalıdır. Bu mənada onlar Türkiyəni Mərkəzi Asiyadan keçməklə Çindən Avropaya gedən tranzit yolunda Avropaya açılan qapı kimi görürlər. Digər tərəfdən, bu ölkələr bölgədə ağırlığı olan Rusiya və Çin təsirini balanslaşdırmaq üçün Türkiyə ilə yaxınlaşmaqda maraqlıdırlar, beləlikə, Türk Dövlətləri Təşkilatında birləşmək hazırda ölkələrin milli maraqlarına xidmət edir.

Türkiyə üçün asan olmayacaq

Ancaq Türkiyənin Türk Dövlətləri Təşkilatı vasitəsilə Mərkəzi Asiyada siyasi, iqtisadi və hərbi möhkəmlənməsi bir o qədər də asan proses deyil. Mərkəzi Asiya uğrunda hazırda Türkiyə ilə yanaşı daha 3 regional oyunçu Çin, Rusiya və İran yarışır və Türkiyənin Mərkəzi Asiyaya təsir imkanları və bölgədə möhkəmlənməsi perspektivləri bu ölkələrlə müqayisədə zəifdir. Türkiyə Mərkəzi Asiyaya İran qədər yaxın deyil və hazırda bölgə ilə ticarət xətti daha çox rəqabətdə olduğu İran üzərindən keçir. Türkiyənin digər rəqibi Rusiya bölgədə hərbi, siyasi və iqtisadi cəhətdən çoxdan möhkənlənib. Bu ölkələr hazırda Rusiyanın hərbi və iqtisadi inteqrasiya təşkilatlarının üzvləridirlər, ticarət və əmək bazarı baxımından Rusiyadan asılıdırlar. Türkiyənin bölgədə möhkənləməyə imkan verən maliyyə və digər resursları da Çininki qədər deyil. Türkiyəyə üstünlük verən bölgə ölkələrinin xalqları ilə din, dil, etnik yaxınlığıdır.

Durumu dəyişən əsasən Ukraynadakı müharibədir. Rusiya müharibədə uduzduğuna görə Mərkəzi Asiyada təsiri zəifləyir. İran Rusiyaya dron yardımlarından sonra yenidən sanksiyalar altında qalmaq təhlükəsi ilə üz-üzədir. Çin bölgəyə doğru genişlənmə işini davam etdirməkdədir, ancaq zamanla o da Mərkəzi Asiya ölkələri üçün başqa bir təhdidə çevrilir. Məhz bu konteksdə Türkiyənin bölgəyə gəlişi və möhkənlənməsi baş verir.

Türkiyənin rəqiblərindən gec gəldiyi bölgədə möhkəmlənmək hədəfinə çatıb-çatmayacağını zaman göstərəcək.