Açıq Azərbaycan

Analitik Portal

LAÇIN XÜSUSİ NÜMAYƏNDƏSİ MƏSİM MƏMMƏDOV KİMDİR?

28.03.2023 / Prezidentin Laçın üzrə xüsusi nümayəndəsinin geniş həyat təcrübəsi var

Martın 28-də prezident İlham Əliyevin sərəncamı ilə Məsim Əhməd oğlu Məmmədov Laçın rayonunda Azərbaycan prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Məsim Məmmədov kimdir?

Məsim Məmmədov Bakının Novxanı qəsəbəsində doğulub, 1990-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (Neft və Kimya institutu) bitirib.

Həmin dövrdə Məsim Məmmədov həmçinin keçmiş Neft və Kimya İnstitutunun komsomol komitəsinin katibi vəzifəsində işləyib.

1990-1992-ci illərdə Məsim Məmmədov keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) Leninqrad (indiki Sankt Peterburq) şəhərində yerləşən Ali Məktəbində oxuyub. Məktəbi bitirdikdən sonra 1992-ci ildə o, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində fəaliyyətə başlayıb.

Daha sonra M.Məmmədov 1999-cu ildə NATO sülhməramlı qüvvələrinin çətiri altında Azərbaycan sülhməramlıları heyətinin tərkibində Kosovoda xidmət göstərib. Sonrakı illərdə isə Məsim Məmmədov Azərbaycanın beynəlxalq təşkilatlardakı missiyasında çalışıb.

Son dövrlərdə isə o, İqtisadiyyat Nazirinin müşaviri vəzifəsində işləyib. Məsim Məmmədovun adı bu yaxınlarda Qarabağın Ermənilər yaşayan ərazilərində təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri kimi çəkilib. Rus, fransız və ingilis dillərini bilir.