2017-ci ilin mayında Tərtər hadisələri zamanı hərbçilərə işgəncə verməkdə ittiham olunanlardan biri – keçmiş hərbi hissə komandiri, polkovnik Vüsal Ələsgərov deyir ki, o, yuxarı komandanlığın əmrini yerinə yetirib. Ona görə də özünü təqsirli bilmir. Vüsal Ələsgərov konkret olaraq, Müdafiə naziri, onun müavini, Baş Qərargah rəisi, korpus komandiri və Hərbi Prokurorluğun adını çəkib.
Vüsal Ələsgərov Tərtərdə hərbçilərə işgəncə verildiyi iddia olunan N saylı hərbi hissənin komandiri olub. O, hazırda “Tərtər işgəncələri”ndə ittiham olunan daha üç nəfərlə - sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, kəşfiyyatçı Ramil Qarayev və müddətdən artıq xidmət etmiş əsgər Rüstəm Ələsgərovla birlikdə mühakimə olunur. Onların haqqındakı cinayət işini Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırsa da, məhkəmə prosesi Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Bu isə zərərçəkmişlərin sayının çoxluğuyla əlaqədardır. Ümumiyyətlə, “Tərtər işi” üzrə zərərçəkmişlərin sayı 450 nəfərdən çoxdur. Onlardan 192 nəfəri adları çəkilən dörd nəfərin işi üzrə zərərçəkmiş qismində tanınıb. Bunların da 7-si işgəncə nəticəsində ölmüş şəxslərin hüquqi varisləridir.
Martın 28-də məhkəmədə prokuror ittiham aktını elan edib. Orada göstərilib ki, Vüsal Ələsgərov yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, vəzifədə irəli çəkilmək məqsədilə hərbi hissənin zabitlərindən ibarət dəstə formalaşdırıb. Düşmənə işləmək şübhəsiylə müxtəlif hərbçiləri sorğu-suala çəkib. Sorğu-sual zamanı hərbçilər işgəncələrə, insan ləyaqətini alçaldan davranışa, pis rəftara məruz qalıb. Məsələn, onların bədəninə elektrik verilib, dəyənəklə döyülüb, suda boğulub, təhqir edilib və başqa formada işgəncəyə məruz qalıblar. Ləyaqətləri alçaldılıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 341.2.1 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma) maddələrilə ittiham irəli sürülüb. Rüstəm Ələsgərova bunlarla yanaşı, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 126.3 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) maddələrilə də ittiham irəli sürülüb.
"Nazirin, Baş Qərargah rəisinin əmrlərini yerinə yetirmişəm"
İttihamlara münasibət bildirən dörd nəfərin heç biri özünü təqsirli bilməyib. Daha sonra təqsirləndirilən şəxslərə ifadə vermək təklif olunub. Vüsal Ələsgərov deyib:
“Mən əmrlərin icrasına görə məsuliyyət daşıyan şəxs olmuşam. İki müharibədə iştirak etmiş zabit olaraq, deyirəm. Konkret bu halda da Müdafiə nazirinin, nazir müavininin, Baş Qərargah rəisinin, korpus komandirinin, Hərbi Prokurorluğun verdiyi əmr və göstərişləri icra etmişəm. Özümü tam təqsirsiz bilirəm. Məhkəmənin sonuna qədər də ifadə vermək niyyətim yoxdur”.
Onun istintaqdakı ifadəsi elan olunub. Həmin ifadədə isə o, özünü qismən təqsirli bildiyini söyləyib. Ardınca deyib ki, hadisələr baş verməmişdən bir neçə gün əvvəl 1-ci korpusun komandiri, general-mayor Hikmət Həsənov iclas keçirib, düşmənlə əlaqəyə girən şəxslərin aşkar olunmasını tapşırıb:
“İclasda Müdafiə naziri və Baş Qərargah rəisi online formada iştirak edirdilər. Bundan sonra hərbi hissədə şübhəli hərəkət edən hərbçilərin təqibinə başlandı. Qarşıdakı günlərdə korpusun hüquqşünası Fuad Ağayevin də iştirakı ilə şübhəli hərbçilər gözləri və qolları bağlı şəkildə işgəncə verilən hərbi hissələrə göndərildi”.
Təqsirləndirilən polkovnikin ifadəsinə əsasən, işgəncə verilən hərbi hissədə olarkən korpus komandiri Hikmət Həsənov, onun müavini Babək Səmidli və Tərtər Hərbi Prokurorluğunun əməkdaşları da orada olub. Bir müddət sonra isə Hərbi prokuror Xanlar Vəliyev və müavini də ora gəlib.
Bu ifadəyə məhkəmədə münasibət bildirən Vüsal Ələsgərov onu təsdiqləyib, orada yazılanların doğru olduğunu bildirib. O, yalnız özünü qismən təqsirli bilməsi məsələsində fikrini dəyişib. Deyib ki, o zaman Dövlət Təhlükəsizliyi Xidmətində saxlanılırdı, sarsıntı keçirmişdi, bu səbəbdən elə deyib:
“Özümü qətiyyən təqsirli bilmirəm. Bu işi obyektiv araşdırma üçün birinci növbədə əmr verənlərdən başlamaq lazımdır. Mənə Baş Qərargah rəisi Nəcməddin Sadıqov əmr veribsə, icra etməyə məhkumam...”
Vüsal Ələsgərov ifadə verməkdən də, sualları cavablandırmaqdan da imtina edib.
Digər iki təqsirləndirilən – Ramil Qarayev və Rəşid Niftəliyev də ifadə verməkdən imtina edib.
"Generallar qalıb kənarda, mən yetiməm, yükləyiblər mənim üstümə"
Təqsirləndirilən şəxslərdən yalnız Rüstəm Ələsgərov ifadə verib. O da bildirib ki, işgəncə verilməsində qətiyyən iştirakı olmayıb.
Rüstəm Ələsgərov deyir ki, birlikdə mühakimə olunduğu üç nəfər təqsirləndirilən şəxsi həbsdən sonra tanıyıb. Onun sözlərinə görə, Tərtərdə hərbçilərə işgəncə verilən ikimərtəbəli binanı mühafizə edən əsgər olub:
“Mən əmrə tabe əsgər olmuşam, deyiblər bu binanın mühafizəsində dayanmalısan, mən də dayanmışam. Məni o binaya buraxan yox idi heç. Biri generaldı, birinin başqa böyük vəzifəsi var deyə, qalıblar kənarda, mən yetiməm, yükləyiblər mənim üstümə. Bir yetim tapıb, “1001 gecə” nağılı yazıb doldurublar ora. Soruşun bu zərərçəkənlərdən hansı birinə işgəncə vermişəm? Bir dəfə suya görə, bir dəfə şkafı çəkməyə görə məni binaya çağırdılar...”
Rüstəm Ələsgərov təsdiqləyib ki, “KamAz” maşınlarında hərbçiləri həmin binaya gətirib, orada onlara işgəncə verirdilər. Onun sözlərinə görə, su və şkafı çəkmək üçün binaya çağrılanda orada qan, köhnə paltarlar, maskalı adamlar görüb:
“Keçəndə bölük yoldaşım Abbas Axundovu görüm. Onu düzüstə oturtmuşdular. Soruşdum nə olduğunu. Deyirdilər ki, guya düşmənə xəritə verib. Maskalılardan biri gördü, mənə dedi ki, deyəsən, sən də onun yanına getmək istəyirsən?”
Rüstəm Ələsgərovun sözlərinə görə, adamlara işgəncə verilərkən içəridə Hərbi Prokurorluğun nümayəndələri, hərbi hissə komandiri Teymur Məmmədov, korpus komandiri, general Hikmət Həsənovu da görüb.
"Məndən Polad Həşimov əleyhinə ifadələr tələb ediblər".
Hazırda məhkəmədə zərərçəkənlərin dindirilməsi mərhələsidir. İlk məhkəmə iclasında 10-a qədər zərərçəkmiş ifadə verib. Onların arasında polkovnik Pərviz Pirməmmədov, baş leytenant Bəhmən Məcidov və digərləri olub.
Tərtər hadisələri dövründə tabor komandiri olmuş Pərviz Pirməmmədov ifadəsində göstərib ki, işgəncələrə məruz qalarkən ondan düşmənlə əməkdaşlıq etməsi haqda etiraflarla yanaşı, həm də Azərbaycanın Milli Qəhrəmanı, mərhum general Polad Həşimov əleyhinə ifadələr tələb ediblər.
Pərviz Pirməmmədov məhkəmədə ətraflı ifadə vermək istəmədiyinə görə onun istintaqdakı ifadəsi elan olunub. Polad Həşimov haqda ifadə tələb olunması, Vüsal Ələsgərov və qara maskalı şəxslər tərəfindən döyülməsi, təhqir olunması, korpus komandiri Hikmət Həsənovu işgəncələr zamanı hadisə yerində görməsi – bütün bunlar onun istintaqdakı ifadəsində yer alıb.
Zərərçəkmiş Bəhmən Məcidov da təqsirləndirilən polkovnik Vüsal Ələsgərov və qara maskalı şəxslər tərəfindən işgəncələrə məruz qaldığını, şərəf və ləyaqətinin alçaldıldığını bildirib. Onun sözlərinə görə, Vüsal Ələsgərovun yanına çatan kimi onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr səsləndirib:
“O ifadələri təkrarlamağı özümə rəva görmürəm. Məni yerə yıxıb təpikləyirdi. Sifətim qan içində idi. Burnumun üstündə Vüsal Ələsgərovun çəkməsinin izi var. Paqonlarımı cırdılar. Biz uzun müddət əllərimiz, gözlərimiz bağlı saxlanmışıq. Əllərimiz bağlı vəziyyətdə, it kimi yemək yemişik. Biz keçə-keçə onlar çömçədə bizə yemək verirdilər. Onda da biri başımızdan qapaz vururdu, biri arxadan təpik vururdu. Biz su istəyirdik, onlar sidik verirdi. Mən zabit olaraq, özümü təhqir olunmuş hiss edirəm, ailəmin üzünə baxa bilmirəm...”
Bəhmən Məcidov bədənində olan bıçaq, elektrik cərəyanının izlərini məhkəmədə göstərib.
Yevlax sakini, 30 yaşlı Vasif Ağayev Tərtər hadisələri zamanı işgəncədən sağlamlığını itirərək əlil olub. O bildirib ki, sağlamlığıyla yanaşı, ailəsi də dağılıb.
“Papanin” hospitalına gətirdilər, orada da tibb bacıları qaşığı xirtdəyimizə soxurdu ki, “vətən xainisiz”
“Mən Vüsal Ələsgərova nifrət edirəm. Onun ucbatından sağlamlığımı, ailəmi, hər şeyimi itirmişəm. Bütün həyatrım alt-üst olub. Mən normal adam idim, bu məhkəmə zalındakı boylu-buxunlu oğlanlardan biri idim. İndi baxın nə gündəyəm...”, - Vasif Ağayev belə deyib.
Onun hərəkətində və nitqində problemlər yaranıb. Yaddaşını da itirdiyini deyən Vasif Ağayevin sözlərinə görə, işgəncə aparıldığı günlə bağlı bəzi məsələlər yadındadır:
“Bizi postdan düşürüb, bütün heyəti “Kamaz”a doldurub apardılar. Hamının başına torba keçirib, döyməyə başladılar. “Ay ana” naləsindən qulaq tutulurdu. Bu Vüsal Ələsgərova and içdim, dedim, atamın goru üçün nə erməni, nə rus, heç kimə işləmirəm, atamın goruna da söydü. Mənə o qədər işgəncə vermişdilər, o qədər toka vermişdilər, özümdə deyildim. Tualetə getməyə də qoymurdular. “Papanin” hospitalına gətirdilər, orada da tibb bacıları qaşığı xirtdəyimizə soxurdu ki, “vətən xainisiz”. Yaş corabı geyindirib, toka verirdilər...”
Zərərçəkmişlərin hamısı təqsirləndirilən şəxslərdən Vüsal Ələsgərovdan şikayətçi olduqlarını vurğulayaraq, ona ən ağır cəza verilməsini istəyiblər.
“Tərtər işi” üzrə işgəncə verməkdə təqsirləndirilən daha 5 nəfərin, o cümlədən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş general-mayor Bəkir Orucovun məhkəməsi aprelin 5-də başlayacaq.
Tərtər işi üzrə işgəncələrdə ittiham olunanların bir hissəsinin işi məhkəməyə göndərilsə də, qalanlarıyla bağlı istintaq davam edir.
2022-ci ilin dekabrında “Tərtər işi” üzrə dövlətə xəyanət və başqa ağır ittihamlarla 7 ildən 20 ilə qədər həbs cəzası almış 19 nəfərə bəraət verilib, onlar 5 il sonra azadlığa buraxılıblar.