Açıq Azərbaycan

Analitik Portal

PROKUROR RASİM MƏMMƏDOVA 15 İL HƏBS İSTƏDİ

21.11.2022 / Polad maqnatının 70 milyonluq mülkü də müsadirə oluna bilər


Bakı Oksford Məktəbi



“Baku Steel Company” MMC - poladəritmə zavodunun keçmiş rəhbəri, 2021-ci ilin yanvarından həbsdə olan iş adamı Rasim Məmmədovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Noyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror ona 15 il həbs cəzası verilməsini istəyib. Bundan başqa, prokuror onun özünün və yaxınlarının adına olan, həbsindən sonra üzərinə həbs qoyulmuş əmlakların müsadirə olunmasını da təklif edib. Prokurorun sözlərinə görə, bu əmlakların ümumi dəyəri təxminən 70 milyon manatdır.

Rasim Məmmədov 185 milyon manatlıq yeyintidə ittiham olunur. Zərərçəkmiş qismində “Baku Steel Company” tanınıb. Dövlət ittihamçısı bildirib ki, əmlaklar müsadirə olunub satılmalı, əldə edilən vəsaitlər dəymiş ziyanın ödənilməsinə yönəldilməlidir.

Hazırda üzərində həbs olan və prokurorun müsadirə edilməsini istədiyi əmlaklar arasında bunlar var: Xəzər rayonu, Mərdəkan və Şüvəlan qəsəbələrində bağ evləri; Parlament prospektində qeyri-yayış sahəsi; Ziya Bünyadov prospektində 2600 kv.metr qeyri-yaşayış sahəsi; Sabunçu qəsəbəsində obyekt; Azadlıq prospekti 54 ünvanında mənzil; Əhməd Cavad küçəsində mənzil; Səməd Vurğun küçəsindəki binada iki mənzil; Abbasqulu Abbaszadə 108A ünvanında yerləşən “Baku Oxford School” və s.

“Baku Oxford School”un təsisçisi Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır. İstintaq dövründə üzərinə həbs qoyularkən bu əmlak 22 milyon manat qiymətləndirilib.

Ötən məhkəmə iclaslarının birində Rasim Məmmədov məktəbin üzərinə həbs qoyulması məsələsinə münasibət bildirəndə deyib ki, məktəbin 50 faizi onlarındı. Lakin qalan 50 faizin kimə məxsus olduğunu açıqlamayıb.

Rasim Məmmədovun vəkilləri isə ümumiyyətlə, məhkəmə istintaqının yekunlaşmasına etiraz ediblər. Onlar bildirib ki, hələ xeyli araşdırılmalı məsələlər var. Bundan başqa, vəkillər vurğulayıb ki, üzərinə həbs qoyulan əmlakların böyük hissəsinin Rasim Məmmədovun özünə və fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Vəkil Zibeydə Sadıqova deyir ki, müvəkkilinin qayınatasının öz hesabına əldə etdiyi əmlakların üzərinə həbs qoyulması mülkiyyət hüququnun pozulmasıdır.

Müdafiə tərəfinin məhkəmə istintaqının tamamlanmasıyla bağlı vəsatəti təmin olunmayıb.

Rasim Məmmədovun vəkilləri noyabrın 28-də müdafiə nitqiylə çıxış edəcək.

Rasim Məmmədov 2021-ci il yanvarın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

O, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Lakin Rasim Məmmədov özünü təqsirli bilmir, ittihamın uydurma olduğunu deyir. Onun sözlərinə görə, öz zavodunun vəsaitlərini mənimsəməkdə ittiham olunması absurddur.

Rasim Məmmədov ilk məhkəmə iclasında bildirmişdi ki, 2011-ci ildə “Baku Steel Company” ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla üçlükdə müzakirə aparıb, müəyyən məsələri razılaşdırıblar. Sonradan zavodun gəlirləri də həmin razılaşma əsasında üçlük arasında bölünüb.

O, məhkəmə iclaslarında bir neçə dəfə “mən prezidentə xəyanət etməmişəm”, “mən heç kimi aldatmamışam” kimi fikirlər də səsləndirib.