Açıq Azərbaycan

Analitik Portal

AZƏRBAYCAN TÜRKİYƏYƏ ƏN ÇOX VƏ ƏN TEZ YARDIM EDƏN ÖLKƏLƏRDƏNDİR

15.02.2023 / Təkcə Naxçıvandan Türkiyəyə 14 milyon manat yardım toplanıb.


www.fhn.gov.az



Türkiyədə zəlzələdən əziyyət çəkmiş bölgə və insanlara yardımların miqyasına, həm də sürətinə görə Azərbaycan xüsusi fərqlənib. İlk yardım—Fövqəladə Hallar Nazirliyinin 420 nəfərlik xilasedici dəstəsi və 52 nəfərlik tibbi heyət bölgəyə zəlzələdən bir neçə saat sonra göndərilib. Sonrakı günlərdə FHN-nin bölgədəki şəxsi heyətinin sayı 752 nəfərə çatdırılıb.

Fevralın 6-da baş verən zəlzələ Türkiyənin Kahramanmaraş, Hatay, Adana, Malatya, Adıyaman, Qaziantep, Şanlıurfa, Osmaniyə, Kilis və Diyarbakır bölgələrinə xüsusi zərər vurub. Ölənlərin sayı 35 min 400-ü keçib (fevralın 15-ə olan məlumata görə).

Fəlakətdən dərhal sonra bölgəyə dünyanın müxtəlif yerlərindən xilasedici qruplar və yardımlar gəlməyə başlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin fevralın 9-na olan məlumatına görə, Azərbaycan zəlzələ bölgəsində bir mobil səhra xəstəxanası (sonradan biri də əlavə olunub) və 4 səhra yeməkxanası qurub. Əraziyə 479 çadır, 5 generator, 14380 zəruri məhsul və ləvazimat, 3000 bağlama qida məhsulları, 32480 isti geyim, 211709 dərman və tibbi ləvazimat və 855 min manat pul göndərilib. Həmçinin SOCAR Türkiyə bölgədəki təcili tibbi yardım, yanğınsöndürmə, AFAD və digər xilasetmə maşınlarını pulsuz yanacaqla təmin edir.

Heydər Əliyev fondu tərəfindən Türkiyəyə ayrıca yardım--60 ədəd çadır, 47000 isti geyim və digər ləvazimatlar, 400 000 dərman və tibbi ləvazimatlar göndərilib. Həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatları da topladıqları vəsaitlə yardım kampaniyasına qoşulublar.

BBC azərbaycanca 13 fevral tarixli məqaləsində yazır ki, Türkiyəyə Azərbaycan vətəndaşları tərəfindən yığılan yardımdan ibarət 117 tır göndərilib. Yük maşınlarının 8-i Gəncədən çıxıb. Fevralın 15-də Gəncədəki toplama mərkəzindən Türkiyəyə gedən yük maşınlarının sayı 18-ə çatıb.

Naxçıvan Muxtar Respublikasında isə iş adamları, əhali və müxtəlif qruplar Türkiyəyə göndərilməsi üçün ümumilikdə 14 milyon manat dəyərində yardım toplayıb.

Azərbaycanın digər bölgələrində də yardımlar yığılmaqdadır. Yerli mətbuat xəbər verir ki, Neftçala və Salyandan 25 min ton, Qubadan 9 yük maşını, Daşkəsən, Qax, Bərdədən yığılan yardımlar da Türkiyəyə gedib.

Azərbaycandan göndərilən yardımlar haqda Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da danışıb. Onun sözlərinə görə, fevralın 6-dan 14-nə qədər Azərbaycandan Türkiyəyə 5624 çadır, 25 minə yaxın ədyal, 6240 qızdırıcı, 401 ton tibbi ləvazimat, 1297-dən çox generator və 737 ton qida məhsulları çatdırılıb.

Fevralın 15-nə olan məlumata görə Azərbaycandan göndərilən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Kahramanmaraşda dağıntılar altından 53 nəfər sağ, 691 nəfərin isə cəsədini çıxarıb.