Rəşad Həsənov

İqtisadçı ekspert

“YAŞAT” FONDU YAŞADACAQMI?

22.12.2020 / Azərbaycandakı dövlətə bağlı fondların şəffaflıq və hesabatlılığı haqda

Azərbaycan Prezidentinin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə yeni fond -- “YAŞAT” Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı qazi olan şəxslərin və şəhid olanların ailə üzvlərinin sosial rifahının artırılmasında vətəndaşların, biznesin və digər fondların iştirakının təşkil edilməsidir. Toplanan vəsaitlərin müvafiq sosial qrupların götürdüyü istehlak kreditlərinin (rəsmi status müəyyən edilən anadək götürülən kreditlər) və digər borcların, dövlət proqramları ilə əhatə olunmayan səhiyyə və təhsil xərclərinin ödənilməsi, yaradıcı potensialın dəstəklənməsi, məişət şəraitinin yaxşılaşdırılması kimi istiqamətlərə sərf edilməsi nəzərdə tutulur.

Silahlı Qüvvələrə yardım Fondunun yenidən təşkilini nəzərə almasaq, “YAŞAT” Fondu 2020-ci ildə yaradılmış və ictimai əsaslarla maliyyələşən ikinci fonddur. Bildiyimiz kimi, ilin əvvəlində Koronovirusla Mübarizəyə Dəstək Fondu da (KMDF) təsis edilib. Fondun yaradılması bənzər fondların fəaliyyətində şəffaflıq problemini yenidən gündəmə gətirib. Çünki, hər hansı fondun potensial maliyyə cəlb etmə imkanları onun şəffaflıq və hesabatlılığından asılıdır. “YAŞAT” Fondu da yaxın həftələrdə və aylarda potensial donorlar (ianə ödəyən bütün tərəflər) qarşısında müsbət reputasiya formalaşdıra bilməsə, cəlb etdiyi vəsaitin məbləği təbii olaraq, azalacaq və nəticədə fond qazi və şəhid ailələrinin sosial problemlərinin həllində effektiv mexanizmə çevrilə bilməyəcək.

Fondların hesabatlılığı hansı səviyyədədir?

Başlayaq Silahlı Qüvvələrə yardım Fondundan. Bu fond 2002-ci ilin avqust ayında yaradılıb və 2020-ci ilin oktyabr ayının əvvəlindək, yəni 241 ay ərzində fonda 120.5 milyon manat vəsait toplanıb. Bu, ayda orta hesabla 500 min manat pul deməkdir. (2006-2014-cü illər Azərbaycana iri neft gəlirlərinin daxil olduğu illərdir). 2020-ci ilin sentyabrında-- torpaqların işğaldan azad edilməsi prosesinə başlananda Azərbaycan ordusuna ictimai inam əhəmiyyətli səviyyədə artdı. Nəticədə təkcə oktyabr ayında Silahlı Qüvvələrə yardım Fonduna 96.5 milyon manat ianə daxil oldu. Bu isə əvvəlki dövrlə müqayisədə 193 dəfə artım deməkdir. Ancaq Silahlı Qüvvələrə yardım Fondunun rəsmi veb səhifəsi yoxdur, maliyyə hesabatları dərc edilmir, gəlirləri yalnız valyuta strukturu olmaqla göstərilsə də, xərcləri haqqında ölkə ictimaiyyətinə heç bir məlumat verilmir. (Qeyd: 2020-ci ilin dekabr ayında təsis edilən Azərbaycan Ordusuna Yardım Fondu Silahlı Qüvvələrə yardım Fondunun bazasında yaradılıb).

Koronovirusla Mübarizəyə Dəstək Fondu isə 2020-ci ilin mart ayında təsis edilib. Silahlı Qüvvələrə yardım fondundan fərqli olaraq, bu fondun rəsmi veb səhifəsi http://covid19fund.gov.az var. 14 dekabr 2020-ci il tarixində saytda fonda 114.2 milyon manat vəsait toplandığı göstərilir. İndi gəlin, fonda edilən ianələrin tarixlər üzrə dinamikasına baxaq.

İnfoqramdan göründüyü kimi, ilk günlərdə və həftələrdə KMDF-ə daha çox ianə verilib. Təbii ki, müxtəlif dövlət qurumlarının, hökumətə yaxın biznes subyektlərinin prezidentin təşəbbüsündə iştirak yarışı da buna təsir göstərib (vəsaitin 20 milyon manatı Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılıb). Lakin sonrakı müddətdə əhalinin və biznesin maliyyə vəziyyəti pisləşdiyindən ianələrin miqdarı aşağı düşüb.

Bir aya 96.5 milyon manat ianə verilib

Bununla belə, təkcə oktyabr ayında Silahlı Qüvvələrə Yardım Fonduna 96.5 milyon manat ianə bağışlanıb. Bu rəqəm göstərir ki, məsələnin kökündə əslində həm də “etibarsızlıq faktoru”dayanır. Çünki, KMDF ötən 9 ay ərzində toplanan vəsaitlərin hansı məqsədlərə və istiqamətlərə xərclənməsi ilə əlaqədar bir məlumatı belə ictimaləşdirməyib.

May ayının 11-də baş nazirin sərəncamı ilə KMDF-ə İctimai Nəzarət Şurası yaradılıb, ancaq bu şuranın özünün də fəaliyyəti haqqında məlumat yoxdur. Fondun rəsmi internet səhifəsində “Vəsaitdən istifadə” modulu yaradılsa da, bu bölməyə bu günədək (14.12.2020) heç bir informasiya əlavə edilməyib. Bütün bunlar fonda bağışlanan könüllü ianələrin zamanla dayanmasına səbəb olur, çünki ianə sahibləri etdikləri yardımın nəticəsini görməkdə maraqlıdırlar.

Əsasən dövlətdən maliyyələşən fondlarda da durum bənzərdir. Məsələn, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun rəsmi veb səhifəsi var, lakin 3 ildir fəaliyyət göstərsə də maliyyə hesabatı yoxdur.

2009-cu ildə fəaliyyətə başlayan Elmin İnkişafı Fondunun (EİF) nizamnaməsində qeyd edilir ki, “fond öz fəaliyyətini şəffaflıq, əməkdaşlıq, qarşılıqlı məsuliyyət və hesabatlılıq prinsipləri əsasında qurur”. Nizamnaməyə görə, EİF prezidentə və aidiyyatı qurumlara fəaliyyəti barədə illik hesabat verməli, bu informasiya mətbuatda dərc edilməlidir (Elmin İnkişafı Fondunun nizamnaməsi, 3.1.19-cu bənd). 2010-2018-ci illərdə fonda təkcə dövlət büdcəsindən 58.7 milyon manatdan artıq vəsait ayrılıb, ancaq fond hələ heç bir ilin hesabatını dərc etməyib.

Fondların siyahısını genişləndirmək olar. Durum hamısında eynidir.

Beynəlxalq təcrübə -- fondlar necə idarə olunmalıdır?

Beynəlxalq təcrübə göstərir ki, fondların hesabatlılığı və şəffaflığı bu qurumların reputasiyasının formalaşdırılmasında əsas alətlərdən biri kimi istifadə edilir. Məsələn, dünyanın ən çox bilinən xeyriyyə fondlarından biri Beynəlxalq Qırmızı Xaç Hərəkatı özünün illik hesabatlarını hər il ictimailəşdirir. Üstəlik, rəsmi veb səhifəsində “Where does your money go?” (Sənin pulun hara gedir?) modulu https://www.redcross.org/donations/where-your-money-goes.html altında donorlarına təşkilatın büdcəsi, xərc istiqamətləri, layihələri, görülən işlər və s. məsələlər haqqında geniş məlumat verir.

Türkiyə Silahlı Qüvvələrinin Gücləndirilməsi Vəqfi öz rəsmi veb səhifəsində illik maliyyə hesabatı https://www.tskgv.org.tr/tr/hakkimizda/mali-tablolar yerləşdirir. Bundan başqa, vəqf Himayədarlıq Şurası tərəfindən seçilən müstəqil auditor tərəfindən ildə bir dəfə təftiş edilir. https://www.tskgv.org.tr/tr/hakkimizda/denetlemeler

Rusiya Fundamental Tədqiqatlar Fondu isə öz rəsmi səhifəsində https://www.rfbr.ru/rffi/ru/documents korrupsiya ilə mübarizə tədbirlərinin nəticələri də daxil olmaqla, illik hesabatlarını yerləşdirir. Beləliklə, öz fəaliyyətinin mühüm parametrlərini steykholderlərlə paylaşır.

Gücüstanın Şota Rustaveli adına Milli Elm Fondu gəlirləri və xərcləri daxil olmaqla, illik hesabatlarını açıqlayaraq, fandreyzinq siyasətini etibarlılıq üzərində qurmağa çalışır. https://rustaveli.org.ge/geo/2019

Bəs “YAŞAT” Fondu?

“Yaşat” fondu digərləriylə müqayisədə daha ülvi məqsəd üçün yaradılıb. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesində canı-qanı ilə iştirak etmiş şəxslərin və onların ailə üzvlərinin sosial qayğılarının həlli fondun əsas vəzifəsidir. Və milyonlarla azərbaycanlı, minlərlə sahibkarlıq subyekti həmin sosial qrupların problemlərinin həllində iştirakı özünə mənəvi borc hesab edir. “YAŞAT” Fondu öz fəaliyyətində sələflərinin yolunu deyil, beynəlxalq təcrübəni tətbiq edə bilsə və nizamnaməsində nəzərədə tutulan hüquqi çərçivəyə uyğun davransa, gəlirlərin (ianələrin) davamlılığı təmin edilə, fond hədəf problemlərin həllində effektiv mexanizmə çevrilə bilər. Bunun üçün:

Hələlik isə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin fikirlərinə güvənməkdən başqa yol yoxdur. Agentliyin sədri yerli KİV-ə müsahibəsində deyib: “Elə bir sistem qurulacaq ki, 50 milyonluq azərbaycanlının hər biri bu fonda nəzarət edə biləcək... Hər bir şəxs fondun ictimai nəzarətçisi olacaq”.