Mülkiyyətçi olmağın şirinliyini hamı dada bilmir. Daha doğrusu, xırda səhmdarlar--Auksion Mərkəzindəki süni maneələri dəf edib, dövlət özəlləşdirmə çeklərinin əvəzində müxtəlif müəssisələrin səhmlərini alaraq səhmdara çevrilən vətəndaşlar dada bilmirlər. Əvvəla ona görə ki, ölkədəki səhmdar cəmiyyətlərin çoxu şəffaf fəaliyyət göstərmir, maliyyə hesabatlarını səhmdarlarından gizli saxlayır, dividend ödəmirlər. Üstəlik, qanunvericiliyin dəyişdirilməsi kiçik səhm sahiblərinin əl-qolunu bağlayıb.
Dəyişikliklər 2018-ci ilin aprelində başladı. Mülki Məcəlləyə düzəlişlər oldu (http://e-qanun.az/framework/38636)--hüquqi şəxslərin idarəetmə orqanlarında təmsil olunan kəslərin məsuliyyətini müəyyənləşdirən yeni qanunverici normalar qəbul edildi. Bu dəyişikliklər həm Müşahidə Şurası və icra orqanı təmsilçilərinin şirkətə vura biləcəkləri zərərə görə məsuliyyətin, həm də zərərin ödənilməsini tələb etmək hüququ olan şəxslərin çevrəsini cızdı. İndiyə qədər hər bir səhmdar--malik olduğu pay və səhmin həcmindən asılı qolmayaraq, hər kəs zərərə görə ödəniş tələb edə bilərdi. Ancaq apreldən bu hüquq azı 5% paya (səhmə) sahib olan şəxslər üçün tanındı. Bir neçə ay sonra, 2018-ci il, dekabrın 28-də qəbul edilən qanunla şirkətin idarə olunması məsələlərində kiçik pay sahiblərinə verilən hüquqlar bir qədər də azaldı...
Azərbaycansayağı təzad: 100 min səhmdar, 5-10 mülkiyyətçi
Azərbaycanda şirkətlər bir qayda olaraq, məhdud məsuliyyətli cəmiyyət (MMC) və səhmdar cəmiyyəti (SC) formasında yaradılır. MMC-lərin payçıları əsasən bir, yaxud 2-3 şəxsdən ibarət olur. Yeni təsis olunun SC-lərində də səhmdarlar bir-birinə etibar zəminində biznes qurmuş azsaylı ortaqlardır. Beləliklə, Mülki Məcəllənin barəsində bəhs edəcəyimiz yeni norması daha çox 1997-ci ildən başlayaraq, dövlət müəssisələrinin bazasında yaradılan və özəlləşdirilən açıq səhmdar cəmiyyətləri (ASC), eləcə də bəzi kommersiya bankları və sığorta şirkətləri üçün keçərlidir.
Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prosesində yaranmış 1700-ə qədər şirkət var. Onların əksəriyyətində səhmdarların sayı 100-dən çoxdur. Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə zamanı 100 mindən çox vətəndaşın səhm sahibinə çevrildiyini bildirir. Amma səhmdarlarının sayı çox olan şirkətlərin cəmi bir neçəsində səhmlər bərabər bölünüb.
SC-ləri səhmlərinin özəlləşdirmə qaydası belə idi: pul hərraclarında səhmlərin 30%-i, ixtisaslaşdırılmış çek və növbəti mərhələdə ixtisaslaşdırılmış pul hərraclarında 55%-i, əmək kollektivi üzvlərinə isə 15%-i satılırdı. Amma təcrübədə nəticə əksər hallarda eyni idi: əmək kollektivinə səhmlərin 3%-dən artıq olmayan hissəsi çatır, qalan səhmlər çek hərracına çıxarılırdı. Qeyri-şəffaf mühitdə baş tutan çek hərracları isə öncədən razılaşdırılmış şəxsin xeyrinə saxtalaşdırılırdı. Yekunda, demək olar ki, bütün səhmlər bir əldə cəmlənirdi. Bunlar 2010-cu ildə başa çatmış “böyük özəlləşdirmənin” reallıqlarıdır. Ekspert dəyərləndirmələrinə görə, indi bu SC-lərin 95%-də səhmlərin 90%-dən çoxu bir, yaxud iki şəxsin mülkiyyətindədir. Yəni, yerdə qalan yüzlərlə səhmdarın səhmlərini bir yerə yığsanız, 10% eləməz. Elə investisiya müsabiqəsi yolu ilə özəlləşdirilən 50-dən artıq SC-də də durum eynidir: səhmlərin 97-99%-i bir investora satılıb. Və proses yenə bu qayda ilə davam edir. Qanunvericiliyə dəyişikliklər elə bu mühitdə gerçəkləşib.
“Sübut elə ki, sənə zərər vurmuşam”
2018-ci ilin aprel ayınadək qanunda şirkətin idarəetmə orqanlarında təmsil olunan şəxslərin hüquqi şəxsə və səhmdara (payçıya) vurduğu zərərə görə məsuliyyət daşıdığı göstərilirdi. Ancaq zərərin mövcudluğunu müəyyən edən hallar qanunla təsbit olunmamışdı. Nəticədə maliyyə hesabatında zərərlə rastlaşan səhm sahibləri şirkəti idarə edən şəxslərlə hüquqi müstəvidə mübarizə aparmaqda çətinlik çəkirdilər. Ancaq apreldə Mülki Məcəlləyə əlavə edilən 49.4-cü maddə hüquqi şəxsin adından çıxış edən şəxslərin ona və səhmdara hansı zəmində zərər vurulmasını aşkara çıxarmağa imkan verir. (Maraqlıdır ki, bu halların bir çoxu Azərbaycan şirkətləri üçün xarakterik olsa da, vurulan zərərə görə məsuliyyətə cəlb olunma ilə bağlı ictimai rezonansa səbəb olmuş məhkəmə çəkişmələri haqda, hələ ki, məlumat yoxdur.)
Qanuna görə, əmlakın bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi zamanı səhmdar ona vurulan zərəri tələb edə bilər, yəni mövcud qanunvericilik buna imkan verir. Ancaq...
Səhmlər dəyərsiz kağız parçasına çevriləndə...
Səhmdar Vəzir Rəcəbov deyir ki, “Uşaq Sevinci” ASC-nin əmlakı və əmlakın yerləşdiyi torpaq sahəsi bazar dəyərindən qat-qat aşağı qiymətə satılıb. Bu fakt, məhkəmə prosesinə cəlb olunmuş qiymətləndiricinin tərtib etdiyi qiymətləndirmə aktı ilə də təsdiqlənib. Qiymətləndirici əmlaka 11 milyon manat qiymət qoyub. Halbuki əmlak ASC-nin icra orqanının qərarı ilə 50 min manata bir başqasına deyil, elə ASC-nin əsas səhm sahibinə--“Nurgün Motors” MMC-yə satılıb. Bundan başqa, ASC-ni idarə edənlər əmlakı açıq hərracda satmayıblar, yəni bazar şərtlərinə də əməl etməyiblər. Nəticədə V. Rəcəbov və onun kimi başqa kiçik səhm sahiblərinin qiymətli kağızları dəyərsiz kağız parçalarına çevrilib. Çünki bu qiymətli kağızların arxasında artıq heç nə dayanmır. V. Rəcəbov və digər minoritarlar məhkəməyə üz tutsalar da, onlara vurulan zərərə görə nə təzminat ala biliblər, nə də kiminsə məsuliyyətə cəlb edilməsinə nail olublar.
Qanuna əsasən, hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması məsuliyyətə səbəb olur. Amma reallıqda kiminsə məsuliyyətə çəkilməsi asan məsələ deyil. Məsələn, “Quba Konserv-2” ASC-nin 20-dək iri şirəsaxlama çəni “Gilan” MMC-nin istifadəsindədir. “Gilan” MMC Qubadakı konserv zavodunun səhmlərinin 94%-nin sahibidir. Bu, o deməkdir ki, “Gilan” MMC “Quba Konserv-2” ASC-yə aidiyyatı olan şəxsdir. Səhmdar cəmiyyətinin baş direktoru bu əmlakı “Gilan” MMC-yə pulsuz-parasız, həm də müddətsiz verib. Minoritarlardan biri buna etiraz edib, ötən ilin yayında keçirilmiş ümümi yığıncağa yazılı müraciət göndərərək, baş direktorun SC-ə və səhmdarlara vurduğu zərərin ödənilməsini, direktorun məsuliyyətə cəlb edilməsini istəyib. Müraciət cavabsız qalıb.
Mülki Məcəllədə hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərin digər növləri də müəyyənləşdirilib. Bunlar aşağıdakılardır:
- hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi;
- hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması;
- özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi;
- səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması.
İri səhm sahiblərinin parlament lobbisi
Zərər hesab edilən hal varsa və səhmdar şikayət etmək niyyətindədirsə, o, əvvəl zərər vurulub-vurulmadığını aşkara çıxarmalıdır. Mülki Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair səhmdarda əsaslı şübhələr olduqda həmin hallarla bağlı bütün sənədlər tələb edilə bilər. Sənədlər olsa belə, şikayət hüququ məhduddur, bunu bütün səhmdarlar edə bilməzlər. Yuxarıda qeyd etdiyimiz kimi, 2018-ci ilin dekabr ayına qədər bu hüquq şirkətin nizamnamə kapitalında ən azı 5% paya (səhmə) malik olan iştirakçıya (iştirakçıları) verilmişdi. İlin başa çatmasına az qalmış iri səhm sahibləri parlamentdə öz maraqlarına uyğun qanunun qəbul edilməsinə nail oldular. Məcəlləyə edilən dəyişikliyə http://e-qanun.az/framework/41152 görə, zərərin vurulması faktını aşkara çıxaracaq sənədləri əldə etmək üçün səhmdarlar 5 yox, ən azı 10% səhmə sahib olmalıdırlar. Azərbaycan korporativ pay münasibətləri gerçəkliyində bu, huququn deklarativ hala gəlməsi deməkdir.
Maraqlıdır ki, məcəlləyə edilən son dəyişiklik öncəki münasibətlər sistemi ilə müəyyən ziddiyyətə gətirib çıxarıb. Mülki Məcəllənin 49.3-cü maddəsində göstərilir ki, hüquqi şəxsin adından çıxış edən şəxs vəzifələrini pozduğu halda, nizamnamə kapitalında ən azı 5% paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə pozuntu nəticəsində dəymiş zərərin əvəzini ödəməlidir Amma yuxarıda qeyd olunduğu kimi, əvvəl pozuntu faktı müyyən olunmalıdır. Bunun üçünsə 5%-lik səhm zərfi kifayət eləmir.