Açıq Azərbaycan

Analitik Portal

“ƏLİLLİYİN TƏSDİQİ” OYUNU VƏ MƏHKƏMƏLƏRDƏ BİTƏN ÖMÜRLƏR

28.03.2024 / Əlilliyə görə pensiya və müavinət alanlarların azalmasının arxasında nə durur?

62 yaşlı Lənkaran sakini, göz xəstəliklərindən əziyyət çəkən Möhübbət Hüseynova 2014-cü ildə ikinci dərəcəli əlillik statusu verilmişdi və əlilliyə görə pensiya təyin edilmişdi. 2015 və 2016-cı illərdə gözdən əngəlli yenidən müayinədən keçmişdi və əlilliyi təkrarən təsdiqlənmişdi. 2021-ci il noyabrın 15-də Möhübbət Hüseynov növbəti ay üçün öz pensiyasını bankomatdan çıxara bilməyib. Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsindən ona bildirilir ki, əlilliyə görə təkrar müayinədən keçmədiyi üçün 2021-ci il oktyabrın 21-dən onun pensiyası dayandırılıb.[1]

Əngəlli vətəndaş elə həmin gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müayinə olunaraq Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzində əlilliyin təsdiqi üçün göndəriş alır. Bu göndəriş əsasında elə həmin ay Zərifə Əliyeva Mərkəzinə müraciət edir, amma onun növbəsi növbəti ilin fevral ayının 2-nə təyin edilir. 2 fevral 2022-ci ildə Möhübbət Hüseynov mərkəzdə müayinə olunur, diaqnozu yenidən təsdiqlənir və ona bildirir ki, onun sənədləri 10 gün ərzində Lənkəran RMX-nə göndəriləcək. Lakin 16 fevral 2022-ci ilə müayinənin nəticələri Lənkəran MRX-yə daxil olmadığı üçün 17 fevral 2022-ci ildə o özü Zərifə Əliyeva Mərkəzindən müayinəsi haqda tibbi rəyini əldə edib Lənkəran MRX-yə təhvil verir. Orada ona bildirirlər ki, sənədləri sistemə inteqrasiya ediləcək.

9 mart 2022-ci ildə məlumat olmadığı üçün pensiyaçı Lənkəran RMX-yə yenidən müraciət edir və məlum olur ki, onun sənədləri hələ Tibbi Sosial Ekspert Komissiyasına (TSEK) göndərilməyib. Onun narazılığından sonra, nəhayət sənədlər sistemə inteqrasiya edilir və TSEK-ə göndərilir və bu haqda ona 14 mart 2022-ci ildə bildiriş verilir.

12 aprel 2022-ci ildə əngəlliyə imtina cavabı gəlir ki, “dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş tam doldurulmayıb, Zərifə Əliyeva Mərkəzininin tibbi rəyi və TSEK-in mütəxəssis rəyi (88 saylı forma) arasında uyğunsuzluq var.”

20 aprel 2022-ci ildə Lənkəran MRX yenidən TSEK-ə göndəriş təqdim edir və əslində tərtib edilmiş yeni sənədlər 9 mart 2022-ci il tarixli sənədlə heç nə ilə fərqlənmir. Bundan sonra, 1 may 2022-ci ildə TSEK nəhayət, Möhübbət Hüseynovun əlilliyini təsdiq edib və ona pensiya ödənilməsi həmin tarixdən davam etdirilib.

Bundan sonra pensiyaçı Dövlət Sosial Müdafiə Fonduna (DSMF) rəsmi müraciət edib ki, əlilliyinin yenidən təsdiqi ondan asılı olmayan, dövlət qurumlarının fəaliyyəti nəticəsində uzandığından ona 21 oktyabr 2021-ci ildən 1 may 2022-ci il tarixədək müddət üçün pensiya ödənilsin. DSMF bu müraciətə cavab verməyib. 8 avqust 2022-ci ildə pensiyaçı Bakı İnzibati Məhkəməsində 6 ay 10 günlük pensiyasının ödənilməsi üçün DSMF-ə qarşı iddia qaldırıb. İş üzrə məhkəmə iclası 27 oktyabr 2022-ci ilə təyin edilib. Lakin şikayətçi bu günü görməyərək oktyabrın 7-də vəfat edib.

Əlilliyə görə pensiya və müavinət alanların sayı azalıb

Dövlət Stakistika Komitəsinin məlumatına görə, Azərbaycanda son 5 il ərzində əlilliyə görə pensiya və müavinət alanların sayı ilbəil azalmaqdadır. 2019-2023-cü illərdə əlilliyə görə pensiya alanların sayı 32.5%, əlilliyə görə müavinət alanların sayı isə 10.6% azalıb. Azalma tendensiyası özünü daha çox 2021-2022-ci illərdə göstərib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov 2021-ci il mayın 5-də keçirdiyi mətbuat konfransında bildirib ki, son illərdə 7 mindən çox saxta əlillik təyinatı aşkarlanaraq ləğv edilib və nəticədə illik 30 milyon manat, uzunmüddətli dövr üzrə 735 milyon manatdan çox büdcə vəsaitinin qanunsuz xərclənməsinin qarşısı alınıb.[2]

Rəsmi statistik məlumatlar göstərir ki, əliliyə görə pensiya alanların sayı 2021-ci ildə 7.1%, 2022-ci ildə isə 16.3% azalıb. Ümulikdə isə, 2019-cu ildə 383721 nəfər əlilliyə görə pensiya alan vardısa, 2023-cü ildə bu göstərici 258656 nəfərə düşüb ki, bu da 32.6% azalma deməkdir. Həmin dövrdə əliliyə görə müavinət alanların sayı da 10.6% azalıb. Xüsusilə də bu azalma sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayında özünü göstərib. Bu kateqoriya üzrə müavinət alanların sayı 2019-cu ildə 63 min olmuşdusa, keçən il 47 minədək azalıb.

Cavid Əbdül-Qədirov sözü gedən mətbuat konfransında onu da bildirmişdi ki, Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli qərarı ilə ölkə üzrə qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama olmadan, müayinələr aparılmadan avtomatik olaraq 5 il müddətinə uzadılıb. Həmin qərar 190 min şəxsi əhatə edib. Onun sözlərinə görə, həmin vaxt həqiqi əlilliyi olan şəxslərlə yanaşı, artıq sağalmış və ya reabilitasiya olunmuş, habelə saxta yollarla əlillik əldə etmiş minlərlə şəxsin də əlillik müddəti uzadılıb. Dövlət rəsmisi, o zaman əlillik müddətləri bitən şəxslərin əlilliyinin yenidən qiymətləndirilməsi işlərini bununla izah edib və bu sahədə ən vacib prinsipin “əlillik dərəcələrinin həqiqətən əlilliyi olanlara verilməsinin, saxta əlilliyin isə aşkar edilərək ləğv edilməsinin olduğunu” vurğulayıb.

Bununla belə, əlilliyin yenidən qiymətləndirilməsi tədbirlərinin 44 günlük ikinci Qarabağ müharibəsindən sonrakı dövrə təsadüf etməsi diqqət çəkir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Vətən müharibəsind 2841 nəfər şəhid olub, 64 nəfər itkin düşüb[3] və 11110 nəfər isə yaralanıb.[4] Əslində bu rəqəmlər 2021-ci ildən etibarən sosial müavinət alanların kateoqriyalarında özünü göstərməyə başlayıb. Məsələn, 2021-ci ildə əlilliyə görə müavinət alan 18 yaşdan yuxarı şəxslərin sayı 32200 nəfər azalıbsa, 2022-ci ildə yenidən 12500 nəfər artıb. Bununla belə, statusu ləğv olunanlar arasında çoxlu sayda birinci Qarabağ müharibəsi əlilləri də olub.

Hüquqşunas Xalid Bağırovun fikrincə, 2021-2022-ci illərdə əlilliyin yenidən təsdiqi kampaniyası ilə hökumət əslində COVİD-19 pandemiyası və Vətən müharibəsindən sonra artan sosial yükü azaltmaq məqsədi güdüb. Möhübbət Hüseynovun nümunəsi və başqa oxşar hallar göstərir ki, həmin dövrdə DSMF kütləvi olaraq əlillər üçün pensiya və müavinətləri dayandırıb, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi isə əngəllilərin əlilliyinin təsdiqi prosesinini süni şəkildə uzadıb və bürokratik əngəllər yaradıb. Bu qərara həmin dövrdəki iqtisadi problemlər də öz təsirini göstərib.

İqtisadi azalma və neft gəlirlərinin azalması

2020-ci ilin yekunlarına görə, Azərbaycanda Ümumi Daxili Məhsul 4.7% azalmışdı. Azalma daha çox neft sektorunda özünü göstərmişdi (-7%).[5] İl ərzində Azərbaycanın neft hasilatı 8 faiz azalmışdı, həmçinin COVİD-19 pandemiyasının dolayı təsiri ilə xam neftin dünya bazarında qiyməti kəskin düşmüşdü. 2020-ci il üzrə Azərbaycanın Tədiyyə Balasında qeyd olunur ki, xam neftin faktiki qiyməti 41 ABŞ dolları olub ki, bu da 2019-cu illə müqayisədə 36% azalma deməkdir.[6]

2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd olunur ki, dövlət büdcəsindən koronavirus pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirlərinin azaldılması məqsədilə 1334.1 milyon manat sərf edilib.[7] Bura həmçinin karantin dövründə işsiz kimi qeydiyyatdan keçmiş 600 min nəfərə ödənmiş 447.9 milyon manat da daxildir.

Ünvanlı sosial yardım alanlar da azalıb

Rəsmi məlumatlar göstərir ki, 2021-ci ildə ünvanlı dövlət sosial yardımı (ÜSY) alanların da sayı 42% azalıb. ÜSY - aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.

Azalma özünü həmçinin dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsaitlərdə özünü göstərib. Hesablamalara görə, 2021-ci ildə bu məqsədlə büdcədən 12.5 milyon manat xərclənib ki, bu da 32.6% azdır. Sonrakı illərdə bu say yenə artsa da, 2023-cü ildə 64 min ailəyə ÜSY verilib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 11.4% azdır.


[1] Möhübbət Hüseynovun DSMF-ə qarşı Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi 8 avqust 2022-ci tarixli iddia ərizəsi

[2] https://azertag.az/xeber/son_uch_ilde_7_minden_chox_saxta_elillik_teyinati_askarlanaraq_legv_edilib-1773705

[3] https://mod.gov.az/az/news/veten-muharibesinde-sehid-olmus-herbi-qulluqcularin-siyahisi-34431.html

[4] https://mod.gov.az/az/news/herbi-hospitalin-30-cu-ildonumu-qeyd-olunub-video-39812.html

[5] Dövlət Statistika Komitəsi - https://www.stat.gov.az

[6] https://uploads.cbar.az/assets/97aa174a150aff7358f5aedbc.pdf

[7] Maliyyə Nazirliyi - https://maliyye.gov.az