Xəyyam Namazov

Siyasət təhlilçisi

FEMİNİST KİMLİYİ BİZƏ NİYƏ LAZIMDIR?

19.11.2018 / Feminist deyiləm, amma...


İlustrasiya www.estonianworld.com saytından götürülüb.



Bir neçə Avropa və Amerika universitetlərinin vətəndaş təhsili ilə bağlı birgə təşkil etdiyi intensiv yay institutlarının birində danışmağa başladığı ilk dəqiqələrdən feminist hesab etdiyim qonaq təlimçilərdən biri (daha sonra dəqiqləşdirdim, özünü feminist adlandırır) belə bir fikir ifadə etmişdi: “Avropada feminizm xeyli dəyişib. Bu dəyərlər bizim həyat standartlarımız, həyat tərzimizə çevrilib. Düzü, feminist kimliyindən istifadə etməyimizə ehtiyac var ya yox, əmin deyiləm”. Razılaşmamışdım, Avropada insanların feminizmi həyat standartlarına çevirməsi yanılqısını bir tərəfə qoyub, sadəcə, feminist kimliyinin vacibliyini vurğulayaraq, əks mövqe bildirmişdim.

Elə bu yazım da feminist kimliyin Azərbaycanın ictimai-siyasi həyatında, xüsusilə, maarifçilər və aktivistlər arasında niyə güclə yayılması, bu kimliyin qəbul olunmasındakı çətinliklər və qorxularımız, o cümlədən, onun bizlər üçün əhəmiyyəti və vacibliyi haqqındadır.

Suallar

Qadın hüquqlarının müxtəlif formalarda pozulması halı gündəlik həyatımızın bir hissəsidir. Evdə, iş yerində, ictimai nəqliyyat və məkanlarda, siyasi həyatımızda, gündəlik şəxsi və ictimai münasibətlərimizdə - bir sözlə hər yerdə ayrı-seçkilik, zorakılıq və müxtəlif seksist ifadələrlə qarşılaşırıq. Hər gün qadınlar haqqında “sevgilisi, həyat yoldaşı və ya ailəsi tərəfindən döyüldü”, “məcburən evləndirildi”, “qaçırıldı”, ya da ki, ayrı-seçkilik, seksual qısnama və ya “təcavüzə məruz qaldı” kimi xəbərlər eşidirik. Bütün bunlar o qədər çox baş verir ki, patriarxizm düşüncə tərzimizin içərisinə elə dərindən işləyib ki, artıq bütün bunları problem kimi yox, cəmiyyətimizin səciyyəvi xüsusiyyəti kimi görür, ötüb keçirik. Hər yeri sarmış bu ağır reallıq bir nöqtədən sonra çoxumuzu belə dərin bir ictimai ədalətsizliyə qarşı etinasızlaşdırır.

Amma belə hallara ictimai-siyasi həyatımızda rast gəldikdə təəccüblənir, siyasilərin, ictimailərin davranışları, düşüncə tərzi və ifadələrində seksizm və patriarxal düşüncənin müxtəlif formaları ilə qarşılaşdıqda müəyyən suallar verməkdən özünü saxlaya bilmirsən. Necə olur ki, demokratiya və insan hüquqlarını təbliğ edən şəxslər seksist ifadələrlə dolu çıxışlar etməkdən çəkinmir, hətta tənqid edildikdə özünü düzəltmək əvəzinə, özünü müdafiə etmə cəsarəti tapır? Necə olur ki, zorakılığa adət-ənənə etiketi altında açıq və bir-başa haqq qazandıranlar ictimai-siyasi həyatımızda fəaliyyətini uğurla davam etdirə bilirlər? Nəyə görə, insan hüquqları və demokratiya uğrunda mübarizə aparan şəxs, ictimai-siyasi təşkilatlar və siyasi partiyalar öz daxilində qadına münasibət məsələsini köklü şəkildə həll edə və feminist dəyərləri formalaşdıra bilməyib? Nəyə görə, cəsarətli şəkildə “mən feministəm” deyən ictimai və siyasi şəxslərə və bu kimliyi daşıyan ictimai-siyasi təşkilatlara nadir hallarda rast gəlirik?

Feministlər, qeyri-feministlər və bərabərlik tərəfdaşları

Kimlik tədqiqatlarında şəxsin feminist olub-olmadığını iki əsas və bəsit şərtə görə müəyyənləşdirirlər: a) feminist dəyərləri mənimsəyibmi; b) özünü feminist adlandırırmı?

Feminist dəyərlər dedikdə isə ideoloji istiqamətlərinə görə bir-birindən ayrılan feminizmin fərqli və qarmaqarışıq izahatlarını bir kənara qoyub, ən bəsit forması ilə qadınlar üçün bərabər hüquqlar, cinslərin bərabərliyi prinsipinə əsaslanan dəyərlər toplusu nəzərdə tutulur. Fərqli tədqiqatlar şəxsin bu mənada feminist dəyərləri qəbul edib-etmədiyini müəyyənləşdirmək üçün qadının ailə daxilində, ictimai-siyasi həyatda, iş həyatında, şəxsi və ictimai münasibətlərində kişilərlə bərabərliyinə necə baxdığı haqqında suallar verilir. Və əgər şəxs bərabərliyi qəbul etdikdən sonra, feminist kimliyi də qəbul edirsə, onu feminist adlandırmaq olar. (Zəruri qeyd: bu məqalə “əsl feminizm nədir?” sualına cavab axtarmır).

Bu çərçivədə həm dəyərləri, həm də kimliyi qəbul edən şəxslərə “feministlər”, hər ikisini qəbul etməyənlərə “feminist olmayanlar” deyirik. Bir də, bu iki kateqoriyanın arasında, feminist dəyərləri mənimsəmiş, amma feminist kimliyi qəbul etməyən, “feminist deyiləm, amma...” deyən şəxslər də vardır ki, bir çox feminist tədqiqatlarında onlar bərabərlik tərəfdaşları və ya eqalitarianlar olaraq təsnifləndirilir.

Feminist kimliyindən niyə imtina olunur?

Feminist kimliyinin qəbul edilməsindəki çətinliklər sadəcə, Azərbaycanla əlaqədar deyil. Bir çox başqa cəmiyyətlərdə də buna tez-tez rast gəlinir. Tarixi olaraq, feminizm aktivləşməyə başladığı vaxtdan etibarən, öz tənqidçilərini də bərabərində yetişdirib, müxaliflərinin və mətbuatın sərt tənqidlərinə və qınaqlarına tuş gəlib. Bir sözlə, feminizmin mənfi reputasiyası tarixidir. Bu mənada, bir çoxları tərəfindən feminizm hələ də “kişi düşmənçiliyi”, “əxlaqsızlıq”, “pozğunluq”, “radikal hərəkat”, “lezbiyanlıq” (xüsusilə LGBT fobiyası olanlar tərəfindən) və sair kimi anlayışlarla eyniləşdirilir.

Amma bütün bu streotiplərin qaynağını sadəcə, tarixən formalaşmış mənfi reputasiyada görmək də sadəlövlük olardı. İnsanlar feminizmi sadəcə düzgün başa düşmürlər deyə, deyil, həm də onun təbliğ etdiyi dəyərləri qəbul edə bilmirlər deyə, təndiq (bəzən təhqir) edirlər.

Məsələn, feminizm xüsusilə bizim cəmiyyətdə tez-tez “azad seks”, “əxlaqsızlıq” və “pozğunluq” kimi anlayışlara birgə xatırlanır. Qadın bədəni üzərindəki hakimiyyəti patriarxal cəmiyyətin əlindən alıb, qadının özünə geri qaytarmağa çalışan bu düşüncə (nəzərə alın ki, bu mövzulara qadının bakirəliyi, qadının sərbəst hərəkəti və.s kimi bir çox mövzular daxildir) qadını kişinin malı hesab edən mühafizəkar şəxs tərəfindən başqa necə təsvir edilməli idi ki?! Onun üçün belə arzulara düşən qadın şübhəsiz radikaldır. Və təsadüfi deyil ki, həmin qadına veriləcək ilk “sual” da belə olacaq: “Sən özbaşınasan?!”

Son vaxtlar cəmiyyətimizdə seksist ifadələrə və zorakılığa qarşı facebook üzərindən edilən ictimai qınaqların artdığının şahidi oluruq. Demək olar ki, feminist dəyərlərə inanan müəyyən qruplar formalaşıb. Amma bu tənqidləri edən şəxslərdən bir-bir soruşsan, çox azı “mən feministəm”i rahatlıqla deyə bilər. Feminist kimliyi qəbul etmək o qədər də asan deyil. Şəxs bunun üçün ailəsi, yaxınlar və ətrafı tərəfindən cinsəllik, əxlaq və oriantasiya tənqidlərinə tuş gələ, özünü hədəfə çevirmə təhlükəsi ilə qarşılaşa bilər. Bu mənada, şəxsin eqalitarianizmdən feminizmə keçidi özlüyündə həm çətin bir psixoloji mərhələ, həm də sosial mənada passiv müdafiəçidən aktivizmə keçiddir. Hələ ki, bu mərhələni keçənlərimiz çox azdır.

Gürcüstana etdiyim bir çox səfərlərdə, xüsusilə aktivistlərlə görüşlərdə orada formalaşmaqda olan ciddi feminist diskursla qarşılaşıram. Fərqli qarışıq ideoloji kimliklərlə rastlaşdım. Məsələn, şəxs özünü sol təmayüllü hesab edir, özünü solçu olaraq təqdim edir, amma mövzu gender məsələlərinə gəldikdə, feminizmi ikinci ideoloji kimlik olaraq rahatlıqla ifadə edə bilir. Bunun kimi, yaşıl-feminist, sol-feminist, liberal-feminist və ya tərsinə feminist-sol və.s kimi ikili ideoloji kimlik variantları var. Bizdə isə, təəssüf ki, bunun əksi baş verir. Hətta feminist mövzularla məşğul olan müdafiəçilər feminist kimliyindən istifadə etməyə ürək etmir. Yuxarıda qeyd etdiyim və etmədiyim səbəblərə görə, sadəcə eqalitarian kimi qalmaq onlara rahat və təhlükəsiz görünür.

Feminist kimliyi niyə vacibdir?

Bakıda feminist dəyərləri və bəzilərinin də feminist kimliyi qəbul etdiyi yeddi-səkkiz nəfərlik bir qrupla pub-kafelərin birində oturmuşduq. Masaya bir oğlan yaxınlaşdı. Anladığım qədəriylə məndən başqa hər kəsi tanıyırdı. Başı ilə ümumi salam verdikdən sonra masa ətrafında oturan oğlanlarla (mən daxil) əl ilə görüşdü. Uzaqlaşmaq istəyərkən masadakı qızlardan biri onu saxlayıb, “bizə niyə salam vermədin?” deyə soruşdu. Oğlan bir az tutulmuş halda mızıldandı, daha sonra isə “nə bilim, bura Azərbaycandır da...” cavabını verdi. Masadakı digər qızlardan biri “Biz də Azərbaycanda yaşayırıq da...” deyib qısa dialoqu bitirdi.

Bu tipli qrupların ən başlıca xüsusiyyətlərindən biri qrup daxilində ümumi feminist düzəlişin olmasıdır. Qeyri-formal feminizm adlandırılan bu tip dost çevrələri və ya qruplar təbii şəkildə eqalitarian mühit yaradır, dili və münasibətləri təbii şəkildə təzyiq yaratmaqla düzəldir. Bu tipli qruplarda uzun vaxt keçirdikdən sonra şəxsin dəyişməsi qaçılmaz olur. Şəxsən mənim dilimin seksist ifadələrdən təmizlənməsində kitablardan daha çox bu tipli qrupların xüsusi rolu olub.

İctimai-siyasi həyatımızın ən böyük məhdudiyyətlərindən biri də elə budur. İnsan hüquqları və demokratiya uğrunda mübarizə aparan hərəkatlar, təşkilatlar və siyasi partiyalar öz daxillərində feminist nəzarət mexanizmi yarada bilməyiblər. Məsələn, siyasi partiyaların daxilində fəaliyyət göstərən qadın şuraları özlüyündə müsbət hal olsa da, onları partiyaların daxili münasibətlərinə və qruluşuna təsir edən feminist təzyiq qrupu kimi dəyərləndirmək çox çətindir. Təəssüflər olsun ki, qadın şuraları ənənəvi kişi-qadın, böyük-kiçik münasibətlərini böyük bir qisimdə mühafizə edirlər. Ya da ki, hər hansı hərəkat daxilində bütün təşkilatın daxili münasibətlərinə, danışıq dilinə nəzarət edən feminist qruplaşmalar tam formalaşa bilmir (fraqmental tənqidlər təbii ki, var).

Bütün bunların nəticəsi olaraq hərəkatlara, siyasi partiyalara və təşkilatlara gələn şəxslərin əksəriyyəti burada dillərini və insani münasibətlərə baxışlarını dəyişdirmədən, gender həssaslığı formalaşdırmadan qalırlar. Və beləliklə, vətəndaş cəmiyyətimiz seksist ifadələr işlədən, ayrıseçkilik və zorakılığın fərqli növlərini bilərək və ya bilməyərək dəstəkləyən ictimai aktivlər və siyasilərlə dolub daşır.

Feminist kimliyi və davranışı ilə əlaqədar bir çox tədqiqat göstərir ki, bu kimliyi qəbul edən şəxslər eqalitarianlardan fərqli olaraq, demək olar ki, qarşılaşdıqları əksər seksist hadisəyə, ayrıseçkiliyə və zorakılığa qarşı yerində reaksiya göstərir və müdaxilə edir, feminizm və bərabərlik haqqında daha çox oxuyur, araşdırır və digərlərini daha çox məlumatlandırır, gündəlik münasibətlərdə daha çox feminist mövzulardan bəhs edirlər (qeyd edim ki, kimlik və davranış arasındakı bu cür əlaqə digər bir çox kimliklərdə də rast gəlinir) və beləliklə bilərək və ya bilməyərək feminist mühit yaradırlar. Bu mənada, feminist nəzarət mexanizmi və təzyiq qruplarının yaranması üçün sadəcə eqalitarianizm bəs etmir, feminist kimliyə və bunun nəticəsi olaraq açıq feminist aktivizmə ciddi ehtiyac var.

Belə ictimai-siyasi vəziyyətdə…

2011-2013-cü illər aktivizmindən sonrakı böyük siyasi qapanma və təzyiqlər siyasiləşmiş demokratiya tərəfdaşlığı diskursuna ciddi zərbə vurdu. Bunun vətəndaş cəmiyyəti üçün bir çox mənfi təsirləri olsa da, bəlkə də bu hal ideoloji-ictimai plüralizm üçün kiçik fürsət qapısıdır. Yəni, siyasiləşməmiş (müxalifləşməmiş) və (hələki) siyasiləşmə potensialı zəif görünən qruplar - feminist, LGBT, yaşıllar və.sair üçün bu, ictimai, administrativ, maliyyə və digər resursları əldə etmək imkanları yarada bilər. Bundan əvvəlki siyasiləşmiş demokratiya aktivizmi zamanla belə yeni və siyasiləşməmiş qruplara transformasiya oluna bilər.

Bu mənada, feminist qruplar feminist kimliyinin kütləvi yayılması üçün mövcud şərtləri yenidən dəyərləndirsə yaxşı olar. Bəlkə də bu hal, cəmiyyətdə yaranmış eqalitarian tənqidçilərin feminizmə keçməsi üçün tarixi bir fürsətdir. Bunun üçün müəyyən siyasi strategiyalar və trending kompaniyaları hazırlamaq lazım olacaq.

Nəticə olaraq, vətəndaş cəmiyyətində feminist mühitin və təzyiq qruplarının formalaşması üçün (feminist təşkilatlar, digər təşkilatlar içərisində feminist qruplar, partiyalar daxilində feminist nəzarət mexanizmi və ya qadın şuralarının feministləşdirilməsi) feminist kimliyinə keçid, bu psixoloji və sosioloji mərhələni keçmək bizlər üçün vacibdir. Qeyd edim ki, kimlik nə qədər çox kütləviləşərsə, onu qəbul edən fərdlər üzərində ictimai təzyiq bir o qədər azalar. İctimai siyasi həyatımızı patriarxal düşüncədən və dilimizi seksizmdən təmizləmək üçün bu addımı mütləq atmalıyıq.