AZƏRBAYCANLA ERMƏNİSTAN ARASINDA MÜNAQİŞƏ YENƏ NİYƏ ALOVLANDI?

04.10.2022 / Beynəlxalq Böhran Qrupu son toqquşmalarla bağlı təhlilini açıqlayıb


Foto Anadolu agentliyinə məxsusdur



Beynəlxalq Böhran Qrupunun yeni sənədində Azərbaycanla Ermənistan arasında son toqquşmaların (12-13 sentyabr, 2022) səbəbləri, həmçinin sülh prosesinin bərpası cəhdləri təhlil edilir.

Qrup bildirir ki, döyüşlərin coğrafiyası dəyişsə də, fundamental olaraq, onlar yenə də köhnə Qarabağ münaqişəsi ilə əlaqəlidir. Və yazı müəllifləri son münaqişənin alovlanmasının arxasında dayanan 4 səbəbi müəyyən etməyə çalışırlar.

Təhlilçilər hesab edirlər ki, Azərbaycan indiyə qədərki sülh danışıqlarının əsas sponsorlarının—ATƏT üçlüyü Rusiya, ABŞ və Fransanın başının Ukrayna məsələsinə qarışmasından istifadə etməyə çalışır, Bakının niyyəti strateji xəritəni öz xeyrinə yaxşılaşdırmaq, Dağlıq Qarabağ konfliktinin həllində mövqeyini gücləndirməkdir.

Yazı müəlliflərinin fikrincə ikinci səbəb Bakının tələsməsidir. Qrup Bakıdakı hökümətyönlü ekspertlərdən birinə istinadən yazır ki, prezident İlham Əliyev sülh müqaviləsinin 2-3 ay içində imzalanmasını istəyir. Çünki Türkiyədə 2023-cü il iyul seçkilərinin Azərbaycana tam dəstək verən prezident Rəcəb Tayyib Ərdoğanı zəiflədə biləcəyindən və Türkiyənin Azərbaycana dəstəyinin azalacağından narahatdır.

Üçüncü səbəbi İrəvandakı ekspertlərə əsaslanaraq qeyd edirlər. Erməni politoloqlar son toqquşmaları Azərbaycanın Ermənistan ərazisindən Naxçıvana koridor açmaq cəhdiylə əlaqələndirirlər.

Dördüncüsü, təhlildə qeyd edilir ki, Bakı hazırda Ermənistanın nəzarətində olan, ancaq BMT-nin Azərbaycan sərhədləri kimi tanıdığı eksklavları geri almağa çalışır. Qrup yenə azərbaycanlı ekspertə istinadla yazır ki, Bakı yeni nəzarətə aldığı Ermənistan ərazilərindən Sovet Azərbaycanının administrativ sərhədləri daxilindəki eksklavları geri almaq üçün istifadə etmək niyyətində ola bilər.

Toqquşmalar sülh prosesinə necə təsir edəcək?

Beynəlxalq Böhran Qrupunun (BBQ) ekspertləri hesab edirlər ki, Azərbaycanın sentyabrdakı toqquşmalarda istifadə etdiyi gücün miqyası İrəvanın sülhə inamını sarsıdıb. Ermənistan rəsmilərindən biri BBQ-ə müsahibəsində deyib ki, “hansı kağızı imzalayırıqsa imzalayaq, o, həmin dəqiqə tualet kağızına çevriləcək və biz yenidən müharibə etməli olacağıq”. Həmçinin əlavə edib ki, bundan sonra Ermənistan istənilən sülh sazişi üçün beynəlxalq zəmanət istəyəcək, çünki döyüşəcək halda deyil.

Təhlildə qeyd edilir ki, Azərbaycanın yeni ərazilər əldə etməsi bundan sonrakı danışıqları daha da mürəkkəbləşdirəcək, müzakirələrə, sərhədlərin delimitasiya və demarkasiyası cəhdlərinə yeni praktiki və siyasi əngəllər yaradacaq. Bundan başqa, BBQ ekspertlərinin fikrincə, Bakının hərbi dominantlığı onu daha sərt mövqe tutmağa cəsarətləndirə bilər. İrəvanda isə

müharibənin təzələdiyi qəzəb baş nazir Nikol Paşinyanın güzəştlərə getmək imkanlarını azaldır.

Kənar qüvvələrin son toqquşmalara reaksiyası. Siyasi həll üçün nə etmək olar?

BBQ yazır ki, tərəflər sentyabrın 14-də atəşkəs razılaşması ilə bağlı açıqlama veriblər. Bu yalnız BMT Təhlükəsizlik Şurasındakı Amerika və Avropa rəsmilərinin, həmçinin Moskvanın tərəfləri hərbi qarşıdurmanı dayandırmağa çağırışından sonra baş tutub. Bundan sonra diplomatik təşəbbüs Vaşinqtona keçib, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Nyu-Yorkda görüşü təşkil edilib. Görüşə vasitəçilik edən dövlət katibi Entoni Blinken “güclü, ardıcıl diplomatik əlaqə vasitəsilə davamlı sülh üçün yolun açıq qaldığını” vurğulayıb. BBQ müəllifləri E.Blinkenin mövqeyini az əvvəl Ermənistana səfər etmiş və orada Azərbaycana qarşı ittihamlar səsləndirən Nensi Pelosinin (ABŞ konqresinin spikeri) mövqeyi ilə müqayisədə ölçülü adlandırıblar. ABŞ-ın Ermənistandakı səfirliyinin sentyabrın 23-də Bakıya səslənməsi, Ermənistan ərazisindəki Azərbaycan qüvvələrinin geri çəkilməsi haqda çağırışı da qeyd edilir.

Danışıqlarda digər təşəbbüskar Avropa Birliyidir. BBQ yazır ki, 2020-ci il müharibəsindən bu yana AB Azərbaycan və Ermənistan rəhbərliyini 4 dəfə görüşdürüb. Ancaq AB-nin tərəflərə hər hansı təsir vasitəsinin olub-olmaması şübhəlidir. Qrup qərbli diplomata istinadla yazır ki, AB-nin tərəflər arasındakı avqust sammiti Azərbaycanın sülhə öz şərtləri ilə nail olmaq istədiyinə görə uğursuzluğa duçar olub.

Regiona yaxın və prosesdəki əsas oyunçu Rusiya isə Ukraynada müharibə apardığına görə bölgədəki oyunçularla strateji münasibətlərini qorumağa çalışır. Rusiya Ukraynaya hücumqabağı Azərbaycanla hərbi və diplomatik əlaqələri dərinləşdirmək haqqında razılaşma imzalayıb. Digər tərəfdən, Rusiya Qərbin sanksiyalarına qoşulmayan Azərbaycanın müttəfiqi Türkiyə ilə münasibətlərində ehtiyatlı davranır. Müəlliflər erməni rəsmilərinə istinadən yazırlar ki, Rusiya hazırda Ermənistandan Azərbaycanın tələblərinə qarşı daha yumşaq olmasını istəyir.

Türkiyə isə, ənənəvi olaraq, Azərbaycanı dəstəkləməkdədir. Sentyabrın 13-də Türkiyə XİN rəhbəri Mövlut Çavuşoğlu öz tvitter səhifəsində Ermənistanı provakasiyalara son qoymağa və sülh razılaşmasına fokuslanmağa çağırıb.

BBQ qeyd edir ki, hazırda Qərb və Rusiyanın Azərbaycan-Ermənistan münaqişəsində mövqeyi üst-üstə düşür. Rusiya onun reaksiyasını gərəkdirən hərbi toqquşmaları istəmir, Qərb də eyni zamanda Rusiyanın bölgədəki hərbi varlığını artıracaq toqquşamalara qarşıdır. Ancaq 2022-ci ildəki toqquşmaların intensivliyi narahatlığa əsas yaradıb və 30 illik konlifkt hər an yenidən alovlana bilər.