Açıq Azərbaycan

Onlayn media

AŞPA VƏ ATƏT PA AZƏRBAYCANDAKI SİYASİ MƏHBUSLARIN AZADLIĞINI TƏLƏB EDİR

29.10.2026 / Birgə bəyənatda Əli Kərimli, Anar Məmmədli və başqa tanınmış məhbusların adları çəkilir


Foto AŞPA-nın saytından götürülüb



Avropa Şurası Parlament Assambleyasının (AŞPA) və ATƏT Parlament Assambleyasının nümayəndələri Azərbaycanda və digər ölkələrdə siyasi motivlərlə həbs edilmiş şəxslərin azadlığa buraxılmasına çağırıblar.

30 Oktyabr – Beynəlxalq Siyasi Məhbuslar Günü münasibətilə AŞPA-nın Siyasi Məhbuslar üzrə Baş Məruzəçisi Azadə Rojhan (İsveç) və ATƏT Parlament Assambleyasının Siyasi Məhbuslar üzrə Xüsusi Nümayəndəsi Stiv Koen (ABŞ) birgə bəyanat yayıblar.

Bəyanatda Azərbaycandan AXCP sədri Əli Kərimli, hüquq müdafiəçisi Anar Məmmədli, jurnalistlər Ülvi Həsənli, Ülviyyə Əli və iqtisadçı Fərid Mehralızadənin adları çəkilir.

“Azərbaycanda Anar Məmmədli və Əli Kərimlinin, eləcə də Ülvi Həsənli, Fərid Mehralızadə və Ülviyyə Əlinin işləri ifadə azadlığının, müstəqil vətəndaş və siyasi fəaliyyətin nə dərəcədə sıxışdırıldığını göstərir”, – deyə bəyanatda bildirilir.

Sənəddə Rusiyadan tarixçi Yuri Dmitriyev və Zarema Musayeva, Belarusdan vəkil Dmitri Layevski, Gürcüstandan jurnalist Mzia Amaqlobeli, Türkiyədən isə Osman Kavalanın adları qeyd olunur.

Bundan başqa, Rusiyanın nəzarətində olan məhkəmələr tərəfindən məhkum edilmiş ATƏT-in keçmiş əməkdaşları Vadim Qolda, Maksim Petrov və Dmitri Şabanovun, eləcə də Rusiya və işğal olunmuş Ukrayna ərazilərində qanunsuz həbsdə saxlanılan minlərlə ukraynalı mülki şəxsin vəziyyətinə diqqət çəkilir.

Bəyanat müəllifləri bildirirlər ki, siyasi məhbusların azadlığa buraxılması siyasi və ya iqtisadi güzəştlər əldə etmək üçün bazarlıq predmetinə çevrilməməlidir.

“Ədalətsiz şəkildə həbs edilmiş şəxslərin azadlığa buraxılması öhdəlikdir, bazarlıq predmeti deyil”, – deyə sənəddə vurğulanır.

AŞPA və ATƏT PA nümayəndələri fundamental hüquqlarından istifadə etdiklərinə görə həbs olunan bütün şəxslərin azadlığa buraxılması istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bəyan ediblər.

Onlar siyasi məhbusların azadlığa çıxanadək adlarının beynəlxalq gündəmdə saxlanılmasının vacibliyini vurğulayıblar.