1988-ci ildə Milli Azadlıq Hərəkatında iştırakı, Azərbaycan Xalq Cəbhəsinin yaranmasında rolu, dörd dəfə həbsi, 2005-ci il Milli Məclisə seçkilərdə gerçək qələbə çalması, Azərbaycan Demokrat Partiyasına rəhbərliyi - ixtisasca məhkəmə-tibb eksperti olan Sərdar Cəlaloğlunun gerçək siyasi fəaliyyəti bunlardan ibarətdir.
Bir də, S. Cəlaloğlunun özü haqda yaratdığı universal adam illüziyası var: alim, filosof, politoloq, teoloq...
Gözlənilən dramaturji ardıcıllığı pozaraq, yazıya S.Cəlaloğlunun siyasətçi yox, “universal” kimliyindən başlayaq.
Narsistin metamorfozası
Vikipediyada S.Cəlaloğlu haqqında belə yazılır (və ya özü yazır): “S.Cəlaloğlu təkcə siyasi fəaliyyətlə məşğul olmur, eyni zamanda yüksək elmi potensialı, intellekti və dünyagörüşü ilə Azərbaycan elminin inkişafına da töhfə verir. Fəlsəfəyə, qlobalizasiyaya və tibbi etnoqrafiyaya aid monoqrafiyaların və yüzlərlə elmi-fəlsəfi məqalənin, bir neçə kitabın müəllifidir”. Sadalanan kitabların (“Mahiyyət”, “İnsanlar və adamlar”, “Türkəçarə”) arasında adı cəlbedici olduğundan “Totalitarizmin metamorfozası”nı vərəqləyirik. 2010-cu ildə yayımlanan kitabı Qərb fondları maliyyələşdirib. Fondların kitabın məzmunundan xəbərdar olub-olmadıqları bəlli deyil, bəlli olan odur ki, “Totalitarizmin metamorfozası” siyasi ədəbiyyatımızda hadisəyə çevrilməyib. Müəllifin iddiasına görə, o, əsərində postsovet məkanında 1990-2010-ci illəri əhatə eləyən prosesləri elmi-siyasi-fəlsəfi nöqteyi-nəzərdən təhlil edib: “Bu səpgidə kitab nə dünya ədəbiyyatında, nə də postsovet məkanında var. Bu son 20 ildə SSRİ dağılandan sonra baş verən proseslərə həsr olunan yeganə kitabdır”. Ancaq S.Cəlaloğlu burda mübaliğəyə yol verir. Hələ 2006-cı ildə tarix elmləri doktoru, professor Vladimir Deqoyevin postsovet dövrünün qlobal və regional problemlərini araşdıran “Rusiya, Qafqaz və postsovet dünyası. İllüziyalarla vidalaşma”, 2007-ci ildə isə postsovet ölklərindəki siyasi-iqtsadi vəziyyəti analiz edən “Süqutdan sonrakı SSRİ” kitabları çap olunub (müəlliflər siyasi, iqtisadi, tarix sahəsində çalışan mütəxəssis kollektividir).
S.Cəlaloğlunun əsərinə gəlincə, 500 səhifəlik kitab onun özü haqda iddia etdiyi “alim, filosof” təyinatları ilə bağlı gözləntiləri azaldır. Hətta kitabın üz qabağındakı dahi ispan rəssamı Salvador Dalinin “Narsistin metamorfozası” illüstrasiyası onun sanbalını artırmaqda gücsüzdür. 11 fəsildən 4-də müəllif epiqraf yerinə öz sitatlarını verib. S. Cəlaloğlunun özünü Fukuyama, Aurelio Peççei, Mahatma Qandi ilə eyni səviyyədə görməsində mənəvi-etik problem yoxdur. Problem sitatların dərin, tutarlı aforizmə çevriləcək məna kəsb etməməsindədir: “Dövlət tərəfindən tanınma uğrunda - hüquq bərabərliyi və azadlıq uğrunda – mübarizə aparmayan insan demokrat ola bilməz”, yaxud “Böyük dövlətlərdə totalitarizm ayrı-ayrı kiçik dövlətləri və bütünlükdə bəşəriyyəti, kiçik dövlətlərdə ayrı-ayrı vətəndaşları və bütünlükdə xalqı təhdid edir”...
“Totalitarizmin metamorfozası”, yoxsa “sitatlar toplusu”?
Əslində “Narsistin metamorfozası” tablosu, kitabın məzmunundan çox, Cəlaloğlunun özünün orijinal şəxsiyyət olması inamına - özünəvurğunluğuna xitab edərək, postmodern ironiya şəklində təzahür eləyir. Müəllifin psevdoalim obrazı hər səhifədə nəzərə çarpır və o, əsərini çoxsaylı alimlərin, siyasətiçilərin fikirlərindən, nəzəriyyələrdən gətirdiyi bol-bol iqtibaslarla bəzəyib-düzəyərək, intellektual görkəmə salmağa çalışıb. Daha maraqlısı odur ki, kitabda heç bir postsovet ölkəsinin adı çəkilmir, orda baş vermiş hansısa mühüm siyasi-ictimai hadisələrə diqqət ayrılmır. Əvəzində sitatalar çiy, işlənməmiş material kimi əsərin hər yerinə səpələnir, müəllif isə yeni, əhəmiyyətli fikir emal eləmir, pinti cümlə tərtibatları ilə ötürülən, ümumi, informasiya formatından çıxmayan səthi düşüncələr taftologiya təəssüratı yaradır.
““... Politologiyanın banilərindən Byörk yazır: ”Filosofun vəzifəsi- dövlətin həqiqi məqsədini göstərmək, siyasətçinin vəzifəsi-bu məqsədə çatmaq üçün vasitələri tapmaq və onlardan səmərəli istifadə etməkdir. Siyasi etika isə hər iki məsələdə kök salıb”. Bu baxımdan strategiyada qeyd edildiyi kimi, iqtidar həm alilmlərin və filosofların əvəzinə nəzəri məsələlərlə və həm də siyasi qüvvə kimi, praktik məsələlərlə paralel məşğul olursa, onda iqtidar strategiyası siyasi etikanın obyektinə çevrilir və biz də siyasi etika baxımından iqtidar strategiyasına qiymət vermək məcburiyyətindəyik” (səh.339)
“Siyasətin ictimai və siyasi həyat üçün müstəsna əhəmiyyətini nəzərə alaraq, qısa da olsa “siyasət nə deməkdir” sualına şərh verməyi lazım bilirəm. Hələ Aristotel öz dövründə insanı siyasi varlıq kimi qəbul edirdi. Hətta insana “siyasi heyvan” kimi qiymət verərək insanın heyvandan yalnız siyasi həyat tərzinə görə fərqləndiyini qeyd edən mütəfəkkirlər də vardır. Buradan da biz siyasətin fəlsəfəsini insanı heyvandan fərqləndirən fəaliyyət sahəsi kimi təyin edə bilərik (səh.341)”.
Eynşteyni inkar edən kondisiologiya
2014-cü ildə isə gündəmi S. Cəlaloğlunun kondisiologiya adlı elmi layihəsi ilə dünyanı şoka salacağına dair xəbərlər tutdu. Alim iddia edir ki, o, Quranın bir ayəsində Allahın dünyanı necə yaratmasının kodunu açıb və həmin kod əsasında kondisiologiya elmi meydana çıxıb. Mütləqlik haqda elm olan kondisiologiyanın əsas tezisi mütləq həqiqətləri görmək və cavabsız suallara cavab tapmaqdır. Eynşteynin nisbilik nəzəriyyəsinin yalan olduğunu deyən Cəlaloğlu, mütləq nisbilik yaratmasını banal bir fikirlə əsaslandırır: “Həqiqəti nə qədər çox adam aşkarlayırsa, onların hamısının aşkarladığı həqiqət nisbidir. Həqiqəti nə qədər az adam aşkarlayırsa, o, mütləqdir".
Əslində mütləqlik haqda nəzəriyyə hələ 2005-ci ildə Rusiyanın Perm vilayətində yaşayan rus riyaziyyatçısı Sergey Arel Kalyujnı tərəfindən irəli sürülüb. Rusiya elmi dairələrində nüfuz qazanmayan nəzəriyyənin müəllifi deyir: "Mütləqlik barədə yeni elm kainatın necə doğulması, kainatın gələcəyi, cənnət və cəhənnəmin harada olması, ruhların harada olması barədə suallara cavab verir”.
S.Cəlaloğlunun teoloq kimi analizlərində isə Şeyx Nəsrullah tonallığı duyulur və bu açıqlamalar da hər hansı şərhə yaramır. Bu fikirlərin bədii traktovkasına yalnız Mirzə Cəlil kimi ustanın qələminin gücü çatardı: “Cənnətdə qadınların cinsi orqanları olmayacaq”. “Quranda möminlərə cənnətdə nar döşlü qadınlar vəd olunur... Əslində, bu, bizim anladığımız nar və qadın döşü deyil. Bu, narla döşün fərqli əlamətləri bir-birindən kənarlaşdırıldıqdan sonra hər ikisi üçün eyni olan əlamətlərin Allahın bir adına olan işarəsidir”...
Siyasətdə epatajın ustası
S.Cəlaloğlunun alim kimliyini siyasətçi kimliyi ilə əvəzləsək, mahiyyət dəyişmir. Onun siyasi çıxışları da elmi fəaliyyəti kimi daha çox epataj üzərində qurulur. Məsələn, “Press klub”un verilişində Qarabağ məsələsində Rusiya faktoru mövzusunun müzakirəsi zamanı o, Ermənistanın müharibəyə hazırlaşdığını tutarlı arqumentlərlə əsaslandırmır, üstəlik, “Siz qəbul edirsiz də, biz Rusiya ilə müharibə etməliyik” kimi təhlükəli, məsuliyyətsiz fikirlər tirajlayır. S.Cəlaloğlu bizimlə söhbətində müəyyən siyasi proseslərin, əslində sezilməyən müxtəlif alt amillərə söykəndiyini desə də, ictimai polemikalarda “Rus qoşunları niyə Qarabağdan çıxmır?” kimi populist suallar səsləndirərək, həmin gizli amilləri görməzdən gəlir.
“Totalitarizmin metamorfozası” kitabında S.Cəlaloğlu davranışlarını belə açıqlayır: “Etiraf edim ki, mən özüm də bəzən şüurlu şəkildə iqtidarın qüsurlarını və sosial əyintilərini qəsdən elə şişirdilmiş təsvir eləməyə cəhd edirəm ki, bütün bunlar haqda həm geniş xalq kütlələri, həm iqtidar eşidə bilsin. Elə demokratik cəmiyyətdə müxalifətin vəzifəsi bundan ibarətdir”. Lakin konkret Qarabağ məsələsinin kontekstində Cəlaloğlunun şişiridilmiş müxalifliyi özlüyündə faydalı yox, zərərli görünür.
Etik məsafəni qorumur, feyk informasiya ötürməkdən çəkinmir
S.Cəlaloğlunun siyasətçi kimi özəl xüsusiyyətlərindən biri opponentləri ilə davranışında etik məsafəni saxlamamasıdır ki, bu, düşünlümüş hayp ritorikasına əsaslanır. Hayp ritorikası, polemika aparmaqdan çox “dalaşması”, nəticədə müzakirəni öz məcrasından çıxarması onun siyasi üslubunun seqmentərindədir. Özünün dediyinə görə, bu tərzdən istifadəsi bəzi opponentlərinin iç üzünü açmasına hesablanıb. Millət vəkili Elman Nəsirovla müzakirədən:
“A kişi sənin saxta diplomun var. Sənin doktorluğun nədəndir? Sən hansı sahədə elmlər doktorusan?”. (Müsavat TV, 23)
Eyni münasibət “Siyasi reaksiya” verilişində Nemət Pənahlı ilə müzakirədə görünür. Birinci ailəsinin ibadət əhli olduğunu deyən kimi S.Cəlaloğlu ona hücuma keçərək yalan danışmaqda ittiham edir və nəticədə müzakirə mərəkə estetikasına köklənir.
Bu mənada polemikanın diskursunu asanlıqla dəyişən, onu təhlil, diskussiya formatından çıxararaq, ittihamlar üzərində qurmağa rəvac verən S.Cəlaloğlunu həm də avantüraya meylli siyasətçi saymaq olar.
Üstəlik, S.Cəlaloğlu hayp ritorikası tətbiq elədiyi opponentləri ilə müzakirədə çox rahat görünür, çünki onların zəif nöqtələrini (həm şəxsi, həm siyasi) bilir, hazırlıqlıdır, yaxşı natiqdir, çevikdir və həmin zəif nöqtələrdən yapışaraq hayp üzərindən müsbət tamaşaçı rəyləri qazanır. Özəlliklə, qarşısındakı hakimiyyətin sosial siyasətindən narazı kütlənin inamını itirdiyi YAP təmsilçisi, ya da siyasi nüfuzu, etibarlılığı olmayan N.Pənahlı kimi biridirsə...
Bol mütaliə görünür, amma...
S.Cəlaloğlunun mütaliəsi siyasi mövzularda onun söz, sitat janqlyorluğuna şərait yaradır. Yazılı mətnlərində olduğu kimi verbal ünsiyyətdə də alimlərdən, nəzəriyyələrdən bol iqtibaslar gətirir, etirazla narazılığın, azadlıqla anarxiyanın fərqini anladır, islahatın, nailiyyətsizlik sindromunun izahını verir və özünün dediyi kimi maarifləndirici funksiya yerinə yetirir. Hərçənd, erudisiyasına rəğmən yenə də S.Cəlaloğlunun, ümumilikdə, bir intellektual siyasətçi imici yarana bilməyib. Səbəblərdən biri, ola bilsin, fikir, ideya emal etməməsi, analizdən çox, səthi düşüncələr səsləndirməsi, sitatbazlığıdırsa, digəri fakturasında urbanistik əsasın kasadlığıdır. Nitqində istifadə etdiyi elementlər (“əəə”, “a kişi”), qarşısındakına “siz” yox, “sən” deyə müraciəti, etik normaları gözləməməsi onun provinsial obrazını (hərçənd əyalətlərdə belə bu normalara riayət edən xeyli adamla rastlaşmaq adi haldır) yaradır. Və dahası, bilgiləri siyasətinin keyfiyyətinə təsir eləmir.
“Xiyar deyilik ki, yaz gələndə göyərək”
Aqressiyası bəzən passiv, bəzən aktiv formada görünən S. Cəlaloğlu naturaca artistik adamdır. Bu, düşünülmüş artistizm təəssüratı bağışlamır. Onun artistizminin təbiiliyi çəkici naxçıvanlı koloritindən, həmin bölgənin adamlarının sərt, ötkəm yumor intonasiyasına malik olmasından qaynaqlanır. Misalçün, S.Cəlaloğlu ciddi məqamlarda da söhbətin dramatikliyinə yumor qatmaqla qəfil dönüşlər edə, siyasi leksikonu təşbehlərlə zənginləşdirib, ordan birbaşa antroplogiyaya keçə bilər: “Biz xiyar zad deyilik, yaz gələndə göyərək. Antropologiyadan baş çıxaranlar bilir ki, insanların siyasi aktivliyi yaz, yay yox, qış, payız aylarında olur” Müsavat TV ). Artistizm deyəndə həm də S.Cəlaloğlunun hərəkətli üz ifadələrini nəzərdə tuturam. İmpulsivliyi üz ifadələrini, ovqatını sürətlə dəyişir, rişxəndini, əsəbiliyini idarə edə bilməməsi səbəbindən bəzən emosional reaksiyası qrimasaya çevrilir.
Cəlaloğlunun artistizmi o qədər yüksəkdir ki, efirdə ağır ittihamlar səsləndirdiyi opponentini, verilişdən sonra bağrına basaraq, dostluq təklif edə bilər. Yeri gəlmişkən, bəzi opponetləri- Fəzail Ağamalı, Tural Abbaslı onun əsəb partlayışından ehtiyatlanıb, fikirlərini mümkün qədər yumşaq ifadə etməyə çalışırlar. Hətta F.Ağamalı Müsavat Tv-in efirində onu “dəyərli, hörmət etdiyim siyasətçi” keyfiyyətləri ilə xarakterizə edir.
Qadının azadlıq hüququnu “özbaşınalıq” adlandırır
Efirdə əsəb partlayışı keçirsə və ya bu görüntünü yaratsa da, bütün hallarda Sərdar Cəlaloğlu əlbəttə ki, təcrübəli siyasətçidir. Harda rasional, harda radikal danışmaq gərəkdiyini dəqiq bilir.
Mental mədəniyyətimizə dərin bələd olduğundan kütləyə xitabında pafosunun konturlarını doğru müəyyənləşdirir. “Azadlıq” radiosuna müsahibəsində “Qadının özbaşınalıq hüququ, ərə tabe olmamaq hüququ yoxdur. Qadın azadlığı otellərin qabağında durub ərəblərə xidmət etmək deyil” kimi paternalist fikrilərinə görə oxucu rəylərində yetərincə dəstəkləndi. Qadına münasibətdə absolyut moralist mövqeyindən çlxış edən siyasətçi “qadınların ərəblərə xidmət etdiyini” deyəndə sanki bilərəkdən problemin kökünə varmağı unudur. Halbuki, ayrı müsahibələrində siyasi problemlərin kökünü anlamaq məqsədilə sosioloji tədqiqatın zəruruliyindən danışır. Yəqin bilir ki, mühafizəkar toplum ailənin varolma dayaqlarını ən çox namus-qeyrət adlandırdığı dəyərlərdə axtarır. Başqa bir tərəfdən, qadının azadlıq hüququnu özbaşınalıq (yiyəsizlik kimi də oxumaq olar) kimi interpretasiya edən siyasətçi, dolayısı ilə qadını kişi tabeçilyindən kənarda şüurlu, özünüidarə edə bilən varlıq kimi qəbul eləmir. Və qadını ikonikləşdirməklə, çiyinlərinə fədakarlıq öhdəliyi yükləməklə onun hüquqlarını məhdudlaşdırır.
“İnqilab tərəfdarı deyiləm”
“Reaksiya TV”-nin efirində S.Cəlaloğlu daha bir populizmə imza ataraq, “Məkəzi Statistika Komitəsinin verdiyi məlumatlarına görə, ölkədə ailələrin dağılmasının səbəbi 80% qadın xəyanətidir” açıqlamasını verir. Dövlət Statistika Komitəsi heç vaxt belə açıqlama vermədiyini, ümumiyyətlə, boşanmanın səbəblərinin statistikası ilə məşğul olmadığını bildirir. Feyk informasiyalar (məsələn, müsahibələrindən birində o, mənbə göstərmədən “Azərbaycanda hər üçüncü kişi geydir” fikrini dilə gətirir) Cəlaloğlunun siyasi üslubunun başqa bir ayrılmaz komponentidir və bunları yayarkən də o, çox rahat, özünəinamlı görünür.
Radikallığın rəğmən, S.Cəlaloğlu, məsələn, “inqilab tərəfdarısız?” sualına cavabında yumşaq və ehtiyatlı davranır: “Mən inqilab tərəfdarı deyiləm, Azərbaycan cəmiyyətinin islahatlar yolu ilə inkişafının tərəfdarıyam. İnqilab Azərbaycan cəmiyyəti üçün olduqca təhlükəli perspektivlər vəd edir”.
Cəlaloğlu siyasi konfliktlərdə ən çox adı hallanan siyasətçilərdəndir. Siyahıda Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev, Etibar Məmmədov, Fazil Qəzənfəroğlu, hətta qardaşı Qurban Məmmədov da var.
“Cəhri qaşıqları”
Siyasi meydanda iki qardaşın toqquşmasını yeni Britaniya sosial kinosunun atası sayılan Ken Louçun kompomissiz filmlərindən biri “The Wind That Shakes the Barley” dramındakı (Kannda əsas mükafatı alıb) konfliktlə-- yolları siyasi baxışlarına görə ayrılan Teddi və Damienin toqquşması ilə müqayisə edərdim. Lakin, belə bir identifikasiya mümkün görünmür. İrlandiyanın azadlğı uğrunda birgə mübarizələrinin gedişatında düşmənə çevrilən qardaşların münaqişəsinin kökündə dərin siyasi səbəb, əqidə, ideya savaşı dayanırsa, Məmmədov qaraşlarının siyası baxışlarındakı fərqlilik lokal xarakter daşıyır: indi konflikdə olsa da, əvvəllər Q.Məmmədov Ə.Kərimli tərəfdarı olub, S.Cəlaloğlu isə onu “yarıtmaz” hesab edir. “Q.Məmmədov ictimai-siyasi proseslərdə ya Ə.Kərimlinin, ya da E.Məmmədovun yanında olub. Mən də prezidentliyə namizədliyimi vermişəm. Amma heç vaxt mənim namizədliyimi müdafiə etməyib. Özünün dediyinə görə, Ə.Kərimliyə həm maliyyə dəstəyi verib, həm də Milli Şuranın ən qatı fəallarından olub”.
Siyasi kuluarlarda isə bəziləri hesab edir ki, əslində konflikt mövcud deyil, bu, qardaşların öz maraqlarına hesablanmış, düşünülmüş gedişdir. Əslən Naxçıvanın Cəhri kəndindən olan qardaşları pərdəarxası söhbətlərdə, araqarışdıran mənasını verən “Cəhri qaşıqları” da adlandırırlar. Hətta danışırlar ki, Əbülfəz Elçibəyin prezidentliyi dönəmində hardasa gərginlik yaranıb. Prezident ora kimin getdiyini soruşanda “Q.Məmmədov” cavabı verilib və Elçibəy, “daha deyin, aləmi Cəhri qaşığı qatıb” deyib...
Vikipediyada yazılır: “S.Cəlaloğlu Azərbaycan siyasətində özünəməxsus siyasi xətt yürüdən liderlərdən biridir. O, həmişə siyasi reallığı nəzərə alaraq, siyasi situasiyaya uyğun siyasət yürüdür. Siyasətdə yeniliyə, fərqli fikirliliyə üstünlük verir”. Doğrudan da, özünəxas xarizması, çəkici koloriti və yumoru, bəzi feyk informasiyaları ilə S.Cəlaloğlu boz siyasi məkanımıza rəng və əyləncə qatır.