Gültəkin Hacıbəyli çəkici qadındır, baxımlıdır, zövqlə geyinir, həmişə formadadır. Videomüsahibələrini izləyəndə, fotolarına baxanda elə təəssürat yaranır ki, sanki gözəllik salonundan indicə çıxıb. Siyasi kimliyi ilə bərabər, qadın kimliyinin də ondan ötrü vacib olduğu həmişə duyulur. Gültəkin xanım qadınlığına, zərafətinə qiyafətləri, saç düzümü, aksesuarları, artistik ədaları ilə vurğular edir.
O, indiyədək cürbəcür -- siyasi, ictimai, özəl xarakterli qalmaqalların mərkəzində olub. Bir dəfə də geyiminə görə əməlli-başlı skandal yaradıb; hələ bir neçə il əvvəl siyasətçi xanım bahalı ayaqqabları ilə gündəmə gəlmişdi. Əhəmiyyətli gəliri olmayan G.Hacıbəylinin İtaliyanın "Miu miu" brendinə məxsus, 705 manatlıq ayaqqabını hansı pula alması sosial şəbəkə istifadəçiləri tərəfindən sorğulanmışdı. Yazının motivi bu deyil, Gültəkin xanım millət vəkili olub, maddi imkanları ona vaxtilə bahalı geyimlər almaq fürsəti verib. Ayaqqabını da kimsə hədiyyə edə və ya hansısa layihədən qazandığı pulla ala bilərdi. Olayda diqqəti alan tamam başqa şeydir: daha çox şənlik, toy mərasimlərinə yarayan, “çığıran”, bu ekstravaqant ayaqqabı modeli onun qatıldığı ciddi tədbirin konsepsiyasına uyğun deyildi...
Geyimdən söz düşmüşkən, ümumilikdə, istər kişi, istər qadın siyasətçilərimizin əksəriyyətinin geyim üslubu ilə təqdimatı, demək olar ki, aşağı səviyyədədir. Başqa cür desək, siyasətçilərimizin geyim seçimində özünəməxsusluq, individuallıq yoxdur, üslublarına əsasən bozluq, eynilik xasdır. Ölkənin mövcud durumunda siyasətçilərdən ötrü qiyafət seçiminin sonuncu planda olması anlaşılandır. Həm də ona görə ki, şəxsi imicmeykerlə işləmək, obrazın məxsusiliyini yaradacaq qiyafətlər, saç düzümü, digər detallarə seçmək az pul tələb eləmir. Ancaq mövzuya aid ədəbiyyatdan, şəxsi zövqdən bəhrələnmək, bir siyasətçi tək öz obrazını təqdim etmək mümkündür.
Qayıdaq qəhrəmanımıza. Gültəkin Hacıbəyli bu baxımdan seçilməyə çalışır, səliqəli, zövqlə, orqanik geyinir. Hərçənd bəzən, səs-küyə səbəb olan ayaqqabısı kimi uyğunsuz, “qışqıran” əlbisələri də gözü “narahat eləyir”. Qabarıq uyğunsuzluqlardan biri 2008-ci il, prezident seçkisi zamanı İlham Əliyevin vəkili kimi çıxış elədiyi tədbirdəki qiyafətiydi. Gültəkin xanım o tədbirdə bir siyasətçiyə görə həddən ziyadə bayramsayğı geyinmişdi. Yenə də “çığıran”, tünd çəhrayı, parlaq, model etibarilə orta statistik azərbaycanlı qadının toylara geydiyi əlbisə stilində tikilmiş don siyasətçi qadın üçün məqbul sayılmamalıdır. Siyasi tədbir bayram xarakterlidirsə belə, özlüyündə mütləq şəkildə eleqantlıq, mütəvazi cazibə ehtiva etməlidir. Və ya onun firuzəyi donla eyni rəngli firuzəyi aksesuarlar taxması monoton və çirkli görünür. Halbuki, internet resursları rənglərin uyumluluğu haqda yetərincə bilgi verir.
Bu istisnaları nəzərə almasaq, ümumən, Gültəkin xanımın geyim seçimi zövqlü, təmkinli, saç düzümü, xüsusən istifadə elədiyi aksesuarlar (bəzən artıq detal kimi görünsələr də) estetikliyi ilə göz oxşayır və onun vizual obrazında qadınlıq, eleqantlıq və ciddilik həmahəng ola bilir.
"Füsunkar Ferronyera”
Videomüsahibə və çıxışları Gültəkin Hacıbəylinin yaxşı natiq olduğunu göstərir. O, gözəl, savadlı cümlələr qurur, səs tonunun çoxçalarlığı qulağa xoş gəlir, fikirlərinin məzmunu dəyişdikcə üz ifadələri, jestləri də uyğun şəkildə mənalanır. Bir az da dəqiqləşdirsək, Gültəkin xanım özünü bədən diliylə də ifadə edə bilir, vücud dilinin rəvan plastikası onun nitqini dinamikləşdirir. Ancaq hamı bilir, qadınlar kişilərə nisbətən emosionaldırlar. Gültəkin xanım bu mənada istisna deyil. Onun emosional planı daha aktivdir, bununla belə, emosiyaları məntiqinə qalib gəlmir. Hazırcavablığı, arqumentləri emosiyalarını əksər hallarda tənzimləyir.
Azərbaycan dilinə yaxşı bələd olduğundan nitq mədəniyyəti zəngindir, danışığında situasiyadan asılı olaraq, bədii ədəbiyyata istinad edir. Hətta Ramiz Rövşənin şeirlərini şairin özündən daha hissiyyatlı səsləndirir.
Evindən canlı yayıma qoşulduğu videolarda fondakı kitabxanasında üzərində “Art” yazılmış bir kitab diqqəti çəkir. Leonardo da Vinçinin “La belle Ferroniere” (“Füsunkar Ferronyera”) portretinin həkk olunduğu bu incəsənət kitabının Gültəkin xanımın maraq dairəsində olması xoş təsir bağışlayır (siyasətçilərimizin əksərinin incəsənət zövqü cilalanmayıb)...
“Əziz İlhamsevərlər, xoş gördük sizləri!”
Qəhrəmanımın siyası çıxışlarında bəzən poetik ruh, şeriyyət pafosu önə keçir.
İl 2008... Növbəti prezident seçkilərində o, namizədlərdən biri--İlham Əliyevin vəkili qismində çıxış edir. Onun çıxışı, cümlələrə verdiyi həyəcan bulaq suyu kimi ahəngdar axaraq, qulaqları oxşayır:
“Əziz yeni azərbaycanlılar, əziz İlhamsevərlər! Xoş gördük sizləri. Bu gün Azərbaycan Respublikası prezident seçkilərinin təbliğat kampaniyasına rəsmən start verildi. Adətən, seçkilərin təbliğat mərhələsi gərginliklə müşayiət olunur, rəqiblər bir-biriylə mübariuzə aparırlar. Lakin mən bu meydanda toplaşan insanların simasına baxıram və heç bir gərginlik və həyəcan görmürəm. İnsanların üzündə təbəssüm görürəm, sevinc görürəm, qələbəyə inam görürəm, iftixar görürəm. Eşq olsun sizlərə! Biz nə üçün qələbəyə əminik? Ona görə ki, İlham Əliyevin heç bir təbliğata, kampaniyaya ehtiyacı yoxdur. İlham Əliyev 5 il ərzində Azərbyacanı qarışbaqarış gəzib. O, həyata keçirdiyi quruculuq fəaliyyəti ilə özünün qələbəsinə ən böyük təminatı qazanıb. Mən bunu cəsarətlə deyirəm. Bəli, bu seçkilərin alternativsiz qalibi İlham Əliyevdir".
Gültəkin xanımın çıxışı zamanı kamera hakim elita nümayəndələrinə--Ramiz Mehdiyevə, Əli Həsənova, Səyavuş Novruzova və digərlərinə fokuslanır. Onlar Gültəkin xanımın duyğulu, həyəcanlı performansını xoş təbəssüm, heyranlıq və iftixarla seyr edirlər. Məmurların duruşudan, baxışından fəxarət yağır, Gültəkin Hacıbəyli kimi savadlı, dil bilgilərinə malik, millət vəkili seçiləndən sonra siyasi karyerasında sürətlə irəliləyən, hakimiyyətin maraqlarına cavab verən gənc kadrı yetişdirdiklərindən duyduqları fəxarət oxunur. Gültəkin xanımsa coşqulu nitqi, davranışı ilə sovet dönəminin yetkin və təcrübəli partiya işçilərinin yetişdirdiyi, hakim partiyanın tələb və maraqlarına cavab verən nümunəvi komsomolçu obrazında görünür.
İl 2016...
Milli Şuranın etiraz mitinqində söz Gültəkin Hacıbəyliyə verilir. Bu dəfə Gültəkin xanım, ona vaxtilə iftixarla baxan məmurlara müxalifətdə dayanan şəxslərin yanında yer alıb:
“Eşq olsun! Zalımın və zülmün qarşısında, haqqın və məzlumun arxasında olan bacı və qardaşlarıma! Dostlar, belə bir məşhur deyim var. Təəssüflər olsun ki, bu deyimi əbədi bir lənət kimi Azərbaycan xalqının boyuna biçiblər. Azərbaycan xalqı dözümlü xalqdır. Nə qədər dözümlü xalq olmaqda davam edəcəyik? Qarabağsızlığa nə qədər dözəcəyik? 23 il bəs deyilmi? Hər gün, hər saat, hər an qarşılaşdığımız haqsızlıqlara, ədalətsizliklərə nə qədər dözəcəyik? Bəs deyilmi? Cəmiyyətimizin, dövlətimizin təməl sütunlarını xərçəng kimi gəmirən, korrupsiyaya, rüşvətə, monopoliyaya nə qədər dözəcəyik? Bəs deyilmi?”
Hər iki çıxışda məzmun dəyişkəndir, fərqlidir, lakin söylənilən nitqin forması, biçimi, strukturu eynidir: milli teatr aktyorluq sənətinin ayrlmaz seqmenti olan poetiklik, bəlağət qarışıq incə seksuallıq, kütlə şüuruna nüfuz edən, emosional qatı gücləndirən bədii intonasiyalı təkrirlər...
“Niyə müxalifətə keçdi?” sualına cavab verir
Siyasi rəqiblərinin G.Hacıbəylini vurmaq üçün istifadə etdikləri ən yayğın fakt, onun vaxtilə hakimiyyətlə yaxınlığıdır, bunu məqam düşdükcə üzünə çırpırlar. (Hərçənd, Azərbaycanın siyasi gerçəkliyində belə analoji hadisələrlə vaxtaşırı qarşılışarıq: kimsə müxalifətdən hakimiyyətə, kimsə hakimiyyətdən müxalifətə keçir.) G.Hacıbəyli isə səslənən ittihamlara fakta dayanıqlı və hazırlıqlı kimi görünür. Onun özünümüdafiəsində istifadə elədiyi ən tutarlı arqumenti, millət vəkili olduğu dönəmdə siyasi məhbusların azad olunması ilə bağlı fəaliyyətidir, bunu tez- tez xatırladır. Əksər müsahibələrində bu haqda yorulmadan danışır, xatirələrini bölüşür, cəsarətli mövqeyinə görə hakimiyyətin bəzi şəxsləri tərəfindən psixoloji təzyiqlərə məruz qalmasını, YAP-çı deputatların ondan hakimiyyətə gileylənməsini, Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətini həvəslə vurğulayır.
Vurğuların ümumi tonallığında özünəbəraət amili önə çıxır. Hərçənd, bəzi məqamlarda Gültəkin xanımın sonadək səmimi olmaması və ya ola bilmədiyi təsəvvürü yaranır. Mövcud reallığı nəzərə alsaq, onun nələrisə sonadək açıqlamamasını, etiraf etməməsini (bəzən, “elə məsələlər var ki, danışmaq olmur, insanları pis vəziyyətdə qoymaq istəmirsən” deyir) anlamaq çətin deyil. Misalçün, “Kanal 5”-ə müsahibəsində Rauf Mirqədirov ona sual ünvanlayır: “Siz uzun müddət ən azı hakimiyyətə yaxın insan olmusuz, onun maraqlarını təmsil eləmisiz. Bilmək istərdim ki, necə oldu müxalifətə keçdiniz?”
Cavab: “Mən siyasi məhbusların azad olunması üçün çox çalışırdım. Leyla Yunusun Eldar Zeynlovla tərtib elədiyi 716 siyasi məhbus siyahısını faktiki olaraq biz həll etdik. Amma, nə yazıq ki, bu proseslər 2008-ci ildə dirəndi... 2008-ci ilədək islahat gedirdi. Prezident adminstrasiyasına gedirdim, rəhbərliyə müraciət edirdim, siyahıları verirdim ki, bu adamaları mütləq buraxmaq lazımdır. 2008-ci ilədək bu işləyirdi. 2008-ci ildən sonra isə fərqli proses başladı. Bu, baş verəndə başa düşdüm ki, burda ola bilmərəm. Deputatlar sadəcə marionetkaya çevrildilər. Sadəcə marionetkaya. Mən də onu qəbul edə bimədim”.
Amma deputatların marionetə çevrldiyini bilə-bilə Gültəkin xanım 2010-cu ildə yenə parlamentə seçilmək istəyir və... “siyahıya düşmür”.
Bundan başqa, məsələn, 2009-cu ildə -- hadisələrin onu qane etməyən istiqamətdə getdiyini görəndə -- müxalifətə keçmir, YAP deputatı olaraq, qalır. (Halbuki, MM-in təcrübəsində belə təcrübə yaşanmışdı: Zəminə Dünyamalıyeva YAP-dan istefa verərək, Azərbaycan Demokrat Partiyasına üzv olmuşdu.) Üstəlik, 2009-cu ildə Milli Məclisdəki çıxışında deyir: "Azərbaycan demokratiya yolunda addımlarını atan bir ölkə kimi, sözsüz ki, insan haqları sahəsində də inkişaf edir. Azərbaycanda insan haqları sahəsində spekulyasiyalar da var. Məhz bu spekulyasiyalar nəticəsində bəzən biz terrorçuların, casusların cəmiyyətə siyasi məhbus kimi təqdim edilməsi, sırınması niyyətlərini görürük".
Həmin il G.Hacıbəyli “Lent.az”a verdiyi müsahibə də skeptik görünmür: “Səmimi olaraq hesab edirəm ki, xalqın bilavasitə səsi ilə seçilənlər ən yüksək, şərəfli missiyanı həyata keçirən insanlardır. Sözsüz ki, bu, ilk öncə prezidentdir. Yaşından asılı olmayaraq, prezident millətin mənəvi lideri, ağsaqqalı, böyüyüdür”.
“Kürü diplomatıyası”nın iştirakçısı, yoxsa...?
Onun səmimi görünmədiyi başqa nüanslar da var. İki il öncə “Azadlıq” radiosuna müsahibəsində jurnalistin “Müsahibələrinizdən birində birində demişdiz ki, mən də vaxt olub ki, qara kürü aparmışam kimlərəsə” fikrindən dolayı aqressiyasını boğa bilmir: “Xanım, mən təəəssüf edirəm ki, siz yenə o söz-söhbətə qayıdırsız. Səmimi olaraq, həqiqəti demişəm. Bir, ya iki dəfə iki qutu kürü aparmışam. Öz maaşımdan alımışam. Türkiyədən millət vəkilləri məni nahara dəvət edirdilər. Sənin hesabını verirlər və sonra sən istəyirsən ki, ikinci dəfə dəvət edib, borcundan çıxasan. Yenə səndən hesab almırlar ki, qadınsan. Bundan sonra sən həmin insana hörmət əlaməti olaraq, bir qutu kürü aparırsansa, bunu kriminallşadırmaq qərəzli münasibətdir. Kimsə sənə hədyyə gətirib, sən də ona 30-40 manat dəyərində hədiyyə verirsən”.
Gültəkin xanımın bu arqumentasiyası kürü diplomatiyası fonunda havada qalmış kimi görünür. Türk millət vəkillərinin səxavətli jesti müqabilində ölkəmizə məxsus başqa nemətlər yox, məhz qara kürünün hədiyyə kimi aparılması sual və şübhə doğurur. Bu, “hədiyyə” adı altında kürü diplomatiyasının tərkib hissəsi olmasın ki?
Qadın hikkəsi və Səməd Seyidov
G.Hacıbəylinin siyasi çıxışlarında özünü büruzə verən cəhətlərdən biri qadın hikkəsidir. Hikkə də daha çox qadınlara xas cəhətdir. Gültəkin xanım da fürsət düşən kimi, xüsusilə, keçmiş həmkarı Səməd Seyidovu necəsə aşağılamağa çalışır. Və bunu xüsusi həzzlə, şövqlə eləyir, sanki bununla ondan qisasını alır, qəzəbini soyudur. S.Seyidov haqda danışarkən rişxəndli səs tonu və üz ifadəsi onun qisasçılıq duyğusunu, hikkəsini ələ verir.
Kamran Həsənlinin “Babat debat” verilişində Jirinovskinin Bakıda qarşılanmasını Gültəkin xanım belə təsvir eləyir: “Vladimir Jirinovski Azərbaycanı ən pis formada təhqir elədi. Və bu adam Bakıya gələndə, mən xatırlayıram, siz də xatırlayırsız, MM-in Beynəlxalq Münasibətlər Komitəsinin sədri S.Seyidov onun qarşısında ikiqat əyilir, təzim edirdi. Yəni S.Seyidovu bir gid olaraq ona təhkim etmişdilər. Və o, Jirinovskinin Bakıda olduğu müddət ərzində müşayiətini həyata keçirirdi. Yəni təsəvvür edin ki, adamın gidi, adamın yanına təhkim edilmiş şəxs MM rəhbərliyində təmsil olanan adamdır”.
Yaxud AXCP mətbuat xidmətinin rəhbəri Natiq Adilovla söhbətində vaxtilə MM-də apardığı mübarizədən söz açarkən yenə S.Seyidova fokuslanır: “S.Seyidov, mənim möhtəşəm, keçmiş dostum və necə deyərlər, mənim ayağımı qazanlardan biri S.Seyidov yaxınlaşdı, mənə dedi ki, sən öz karyeranı məhv elədin. Sən siyasi məhbusları müdafiə edirsən. Sən bilmirsən ki, hakimiyyətdəkilərin buna münasibəti necədir? Ondan iki gün sonra biz AŞPA-ya gedirdik. Təyyarədə bəzi hüquq müdafiəçiləri dedilər ki, əfv fərmanı olub, çoxlu siyasi məhbus azadlığa çıxıb. Yaxınaşdım S.Seyidova dedim ki, Səməd, gördün, mənim karyeramı məhv edəcəyimi deyirdin. Amma mən deyən oldu. Mənə bilirsiz nə dedi (burda Gültəkin xanımın şaqraq və kinayəli gülüşü eçidilir)? Sən belə risk edə bilərsən, çünki sənin itirəcəyin nəsə yoxdur, mənimsə universitetim var.” Bəlkə Gültəkin xanım S.Seyidovla dostluq münasibətinin qırılmasını çətin, ağrılı yaşayıb və bu qırılmanı illər ötsə də, adlaya bilmir?
“Siyasi qeybət potensialı” və saxta profil
G.Hacıbəylinin maraqlı cəhətlərdən biri onun siyasi qeybət potensialıdır. “Qeybət” sözündən qorxmaq lazım deyil. Psixoloqlar qeybəti stress atmağın vacib yollarından biri sayırlar. Qeybət beyni yüngülləşdirərək, onu intellektual düşüncənin ağırlığından xilas edir...
Milli Şuranın məşhur zoom iclasları öncəsi dedi-qodularını xatırladaq: Gültəkin xanımın şirin-şirin şaqqanaq çəkərək, aritstik və məkrli ədayla jurnalist İsmayıl Cəlilovun şəxsi həyatı ilə bağlı söylədikləri, Altay Göyüşovu müzakirəyə çıxararaq, təhqir olunmasına rəvac verməsi...
Onun siyasi dedi-qodu ortamı yaratmaq istəyi saxta adla profil açmasında da özünü büruzə verir. Bir neçə il əvvəl siyasi şərhçi Şahin Cəfərlinin “Saxta yolla deputat seçilib, qanunsuz var dövət toplamaq əxlaq nümunəsidir yəqin” statusunda Gültəkin xanım, qəzəbinə yenilərək, opponentinə Türkel Oğuz profilindən cavab vermişdi. Həmin profilindən o, adətən siyasi rəqiblərinə cavab vermək məqsədilə istifadə edir. Bu səbəblə G.Hacıbəylini bəzən “trol siyasətçi” adlandıranlar da tapılır.
“Zorən müxalifətçi”
G.Hacıbəyli gözəl, iti cümələr qursa da, məzmunca yeni fikir və kontekst təklif eləmir. Bir qayda olaraq ümumi və populist çıxışlar edir: “Ölkə çox ağır perspektivlər qarşısındadır. Torpaqlarımız azad olundu, amma o torpaqları inkişaf etdirmək, əkib-becərmək lazımdır. Bunun üçün milyardlarla vəsait, investisiya lazımdır; Avropanın, ABŞ-ın dəstəyinə ehtiyacı var. Qarabağla bağlı məsələlər həll olunmayıb. Çox çətin bir mərhələyə daxil oluruq. Azərbaycan hakimiyyəti bu barədə götür-qoy etməlidir və ən qısa zamanda uyğun addımlar atmalıdır. Avtoritar rejimlər çökmək üzrədir. Tezliklə Belarusda bunun şahidi olacağıq” və s. ilaxır.
Siyasi karyerasına nəzər salanda, görünən budur: G.Hacıbəyli təbiətcə praqmatik siyasətçi xanım siyasi hesablamalarını düzgün aparmayb və “zorən müxalifətçi” görünür. Milli Şuranın zoom iclaslarından birində o, həmkarlarına “nə qədər pessimistsiz, mən hazırlaşıram uzaqbaşı sentyabrda hakimiyyətə gəlməyə” deyir. Fikir yarızarafat, yarıciddi deyilsə də, Gültəkin xanımın siyasi ambisiyalarından xəbər verir. Bu, bir siyasətçi üçün tamamilə normaldır. Ancaq ambisiyalar onun sahib olduğu potensialla üst-üstə düşürmü?!