Açıq Azərbaycan

Analitik Portal

PİLATUS: AZƏRBAYCANIN HAKİM ELİTASI ÜÇÜN ÖZƏL BANK

25.04.2018 / Dubayda İlham Əliyev və Kəmaləddin Heydərovun övladlarının adına multimilyonluq hotellər və villalar aşkar edilib

Mütəşəkkil Cinayətkarlıq və Korrpusiyaya Qarşı Jurnalistika Lahiyəsi (OCCRP) Azərbaycanla bağlı növbəti araşdırma dərc edib. Yazıda Azərbaycanın prezidenti İlham Əliyevin və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun övladlarının adına olan bank hesabları, mülkiyyətlər və biznesdən bəhs edilir.

Əliyevin qızları və Heydərovun oğulları

Azərbaycanın iki ən güclü rəsmisi İlham Əliyev və Kəmaləddin Heydərovun övladları məxsus onlarla ofşor şirkətləri Avropa və Yaxın Şərqdə dəbdəbəli mülkiyyətə, biznes və bahalı hotellərə investisiya qoymaq üçün istifadə ediblər.

Onların gizli işləri Maltada mübahisəli özəl bank olan və pul yuyulmasına görə araşdırılan Pilatus Bankın sənədlərində gizlədilib. Üç məlumatlı gizli mənbənin verdiyi məlumata görə şəbəkə bankdakı hesabları gəlirlərini gizlətmək və yeni investisiyalara milyonlarla pul ötürmək üçün istifadə edib.

Haqqında məlumat olmayan əvvəlki aktivlərə Dubayda 5 ulduzlu hotel və digər dəbdəbəli mulk, Fransa farforu, kətan zavodları, İspaniyanın cənubunda villa və Gürcüstanda hotel şəbəkəsi daxildir.

Yeni araşdırmalar müstəqillikdən bu yana neftlə zəngin Qafqaz ölkəsini idarə edən Əliyev ailəsi və onun müttəfiqlərinin nə dərəcədə mənfəət əldə etdiklərini göstərir.

İnsan haqqları təşkilatları və digər müşahidəçilər antidemokratik rejimi daimi represiya, jurnalistlərin və müxalif liderlərin həbsində günahlandırır.

Qətlə yetirilmiş jurnalist

Maşınında bomba partlaması nəticəsində ölən maltalı jurnalist Daphne Caruana Galizia Azərbaycan hakim ailəsi və onun Pilatus Bankla bağlı işlərindən yazmışdı.

Bu araşdırma OCCRP, The Guardian, Reuters, Le Monde və New York Times-in də daxil olduğu 18 medianın əməkdaşlığının nəticəsidir və maltalı jurnalistin işini davam etdirmək məqsədi daşıyır.

Mənbənin verdiyi məlumata görə, prezidentin qızları Leyla və Arzu Əliyevalar Pilatus Bankın ən böyük müştəriləri və qeyri-şəffaf ofşor şirkətlərin sahibləridir.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları Tale və Nicat Heydərovlar isə şəbəkədə digər şirkətlərin sahibləridir.

Heydərov Azərbaycan Əliyev ailəsinə yaxın ən uzun müddət vəzifədə qalan nazirlərdən biridir. 2010-ci ildə Wikileaks sənədlərində o Dövlət Gömrük Komitəsinin sədri olduğu vaxtlarda olduqca varlanmış biri kimi təsvir edilib. Heydərov ailəsi Azərbaycanda ən çox biznesi olan ailədir.

Heydərov qardaşlarının vəkilləri deyib ki, onların müştəriləri Maltanın Pilatus Bankında hesabları olan qanuni və legitim şirkətlərin sahibləridir. Onlar sənədlərdə ailə ilə bağlı deyilənləri də etibarlı mənbə hesab etmədikləri üçün inkar ediblər.

Əliyevin qızları isə suallar üçün müraciətə cavab verməyib.

Rusiyalı məlumat mənbəyi

Pilatus Bank və onun Azərbaycanlı müştəriləri ilə bağlı ilk ictimai məlumat bankın keçmiş işçisi əslən rusiyalı Maria Efimovadan gəlmişdi. O bankda işdən çıxarıldıqdan bir il sonra araşdırmaçı jurnalist Caruana Galizia ilə görüşüb.

O jurnalistə açıqlamasında bildirib ki, İlham Əliyevin qızı Leyla Əliyeva Dubayda qeydiyyatda olan Sahra FZCO şirkətinin Pilatus Bankdakı hesabından Maltanın baş nazirinin xanımının ofşor şirkətinə 1 milyon avrodan çox pul köçürüb.

Məqalə dərc olunandan sonra böyük korrupsiya qalmaqalı yarandı. Baş nazirin xanımı bir neçə saat sonra gecəylə gizli olaraq xüsusi təyyarə ilə Malta Beynəlxalq Hava Limanından Bakıya, oradan da Dubaya uçub.

Maltanın baş naziri isə Caruana Galizia ittihamlarını rədd edib. Daha sonra daha bir araşdırmada bankın əsas müştərisinin fövqəladə hallar naziri Kəmaləddin Heydərov olduğu bildirilib.

Bundan 6 ay sonra jurnalis Caruana Galizia öldürülüb. Bu qətldən sonra Efimova həyatına təhlükə səbəbiylə Maltanı tərk edib.

Leyla Əliyevanın Malta baş nazirinin xanımına nəyə görə pul ödədiyi məlum deyil, ancaq baş nazir Muscat bir neçə dəfə Bakıya qeyri rəsmi səfərləri olub və o saxta seçkiləri tərifləyib.

Hazırda Malta höküməti Pilatus Bankın transaksiyalarını araşdırır. Ölkənin Maliyə Kəşfiyyat Analitik Birliyinin hesabatına görə bankın 150 müştərisinin əsas hissəsi Azərbaycandan olan şirkət və şəxslərdi. Onlar həmçinin bankın bir çox aktivlərinin şübhəli olmasını da aşkara çıxarıblar. Beləki, bank öz müştərilərinin gəlir mənbələri haqqında lazımı informasiya toplamayıb.

Keçən ay bankın iranlı sahibi Seyid Ali Sadr Haşeminejad pul yuma əməliyyatlarında ittiham olunub və onun həbs edilməsindən sonra Malta Mərkəzi Bankı Pilatus Bankın və onun müştərilərinin hesablarını dondurub.

Dubaydakı multimilyonluq mülklər

Baş nazirin xanımına pulun ödədildiyi Əliyevin qızlarına məxsus Sahra FZCO şirkəti Pilatus Bankın ilk müştərilərindən biridir. Şirkət Dubaydakı Palma adasında (Palm Jumeirah) hotel şəbəkəsi sahibdir.

Dubaydakı Accor Hotels də həmin şirkətə məxsusdur. Şirkət həmçinin Jumeirah adalarında (Jumeirah Islands) 30 milyon dəyərində 16 villaya sahibdir. Həmçinin Leyla, Arzu və Heydər Əliyevlər Jumeirah adalarında ümumi məbləği 100 milyon dəyərində 17 hotel şəbəkəsinin sahibləridir. Məlumata görə, ailə bu biznesdən gələn gəliri məhz Pilatus Bankdakı hesabları vasitəsilə yığıblar.

Bundan əlavə OCCRP-nin bundan əvvəlki araşdırmaları göstərib ki, Əliyev ailəsi Azərbaycanda da 100 milyon dollardan dəyərində hotel şəbəkəsinə sahiblik edir. Həmçinin Heydərovun oğlanlarının da Jumeirah adalarında ümumi məbləği 33 milyon dollardan çox qiymətləndirilən 9 hoteli var.

Həmçinin Sahra FZCO Dubaydakı mülklərdən də qiymətli şeyə sahibdir. O həmçinin Gilan Holdingin əsas səhmçisidir. Bu göstərir ki, Əliyevin qızları Azərbaycanda bir çox sahələrdə böyük biznesə sahib Gilan Holding vasitəsilə ölkə iqtisadiyyatının böyük hissəsinə nəzarət edir.