Allahverdi Aydın

İqtisadçı ekspert

ÖLKƏDƏN 1,3 MİLYARD MANATI QANUNSUZ ÇIXARANLAR KİMLƏRDİR?

29.11.2024 / Meyvə-tərəvəz ixrac edib pullarını ölkəyə gətirməyənlərin bəzilərinin “Gilan Holdinq”lə əlaqəsi var


Foto azertag.org saytından götürülüb



Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində xarici ölkələrə müxtəlif növ kənd təsərrüfatı məhsulları ixrac edən onlarla sahibkarlıq subyekti haqqında cinayət işi açılıb. Baş Prokurorluğun oktyabrın 23-də yaydığı açıqlamada bildirilir ibtidai istintaq Dövlət Gömrük Komitəsindən daxil olmuş materiallar əsasında aparılır.[1] Məlumatlardan belə görülür ki, ixrac etdikləri məhsullara görə əldə olunan pul vəsaitlərini ölkəyə geri qaytarmadıqları üçün onlarla hüquqi şəxsin rəhbəri və fərdi sahibkar haqqında həbs qərarı verilib.

Bu tarixdən sonra daha beş məlumat açıqlanıb. Oktyabrın 24-də[2], 28-də[3]. 30-da[4], həmçinin noyabrın 1-də[5], 26-da[6] və 29-da[7] açıqlanan məlumatlardan belə aydın olur ki, kənd təsərrüfatı məhsulları ixrac edən şirkətlər ümumilkdə 1 milyard 260 milyon 711 min manatı ölkəyə geri qaytarmayıblar. Eyni zamanda bu şirkətlərin dövlət büdcəsinə də böyük həcmdə vergi borcları yaranıb. Noyabr ayının sonuna olan məlumata görə barələrində cinayət işi açılan 35 hüquqi şəxsdən (MMC-lər) 23-nün dövlət büdcəsinə ümumilikdə 51 milyon manata yaxın vergi borcu var.

Qeyd edək ki, 1,3 milyard manat vəsait Azərbaycanın il ərzində ixrac etdiyi kənd təsərrüfatı məhsullarının ümumi dəyərindən çoxdur. 2023-cü ildə Azərbaycanın meyvə-tərəvəz ixracının dəyəri 1,2 milyard manat olub.[8] Bu da onu deməyə əsas verir ki, geri qaytarılmayan vəsait qısa müddəti deyil, bir-neçə ili əhatə edir.

Maraqlıdır ki, cinayət işində adı keçən şirkətlərin fəaliyyətində kifayət qədər müəmmalı məqamlar olmasına baxmayaraq hüquq-mühafizə qurumları onlar haqda indiyədək araşdırma aparmayıblar.

“Birdəfəlik istifadə” üçün şirkətlər

Şübhəli məqamlardan biri odur ki, bu şirkətlərin böyük əksəriyyəti dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra qeyri-neft sektorunda ölkənin ən böyük ixracatçı şirkətlərinə çevriliblər və növbəti illərdə adları ümumiyyətlə ixracatçı şirkətlərin siyahısnda olmayıb.

Məsələn, “Local Garden” MMC 10 manat nizamnamə kapitalı ilə 19 iyun 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Bu şirkət 2021-ci ilin ilk 9 ayı ərzində 93 milyon manatlıq ixrac ilə qeyri-neft sektorunda ölkənin ən böyük 3-cü ixracatçı şirkətinə çevrilib.[9]

Yaxud, 30 oktyabr 2018-ci ildə 10 manat nizamnamə kapitalı ilə iki şirkət - “Nine Climate” MMC və “Global Export Fruıts” MMC dövlət qeydiyyatına alınıb. Şirkətlər həm eyni hüquqi ünvanda qeydiyyatdadır, həm də qanuni təmsilçiləri eyni şəxs olub. Bu şirkətlər də elə növbəti il - 2019-cu ildə 136 milyon manatlıq ixrac ilə qeyri-neft sektorunda ölkənin ən böyük 4-cü və 5-ci ixracatçı şirkətləri olublar.[10]

Başqa bir şirkət – “Land Lojistic” MMC 4 sentyabr 2029-cu ildə 10 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Qeydiyyata alındıqdan sonrakı 3 ay ərzində 19 milyon manat, növbəti – 2020-ci ildə isə 153 milyon manatlıq məhsul ixrac edərək qeyri-neft sektorunda ölkənin ən böyük özəl ixracatçı şirkəti olub.[11]

Cinayət işi açılan şirkətlərdən biri də 26 may 2021-ci ildə dövlət qeydiyyatına alınan “Katelen Qrup” MMC-dir. Hazırda dövlət büdcəsinə 1,6 milyon manat vergi borcu olan bu şirkət barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. Dövlət Vergi Xidmətinin reyester məlumatlarında şirkətin hüquqi ünvanı Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 olaraq göstərilir. Bu ünvanda son illər yüzlərlə şirkətin qeydiyyatdan keçdiyi məlumdur. Hətta o da məlumdur ki, Yavər Səfərov, ev 28, m. 28 ünvanında qeydiyyata alınan şirkətlərin bir çoxunun qanuni təmsilçisinin şirkət rəhbəri olduqlarından xəbəri yoxdur.[12]

Haqqında cinayət işi açılan şirkətlərdən ikisinin – “Harris-SS” MMC və “Konte-TT” MMC-nin dövlət qeydiyyatına alındığı Binəqədi rayonu, A.Kunanbayev, ev 26, mənzil 90 ünvanında da qısa müddətdə onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlər barəsində də açıq mənbələrdə heç bir məlumat yoxdur. Eyni gündə, eyni ünvanda, eyni şəxslər tərəfindən təsis olunan bu şirkətlərin də dövlət büdcəsinə böyük həcmdə vergi borcları yaranıb.

Saatlı şəhəri, C.Cabbarlı küçəsi, ev 20 ünvanında qeydiyyatda olan və barəsində cinayət işi açılan “Qollaktika 01” MMC ilə eyni gündə eyni şəxsin qanuni təmsilçi olduğu daha dörd şirkət dövlət qeydiyyatına alınıb və bunların da qısa müddətdən sonra böyük vergi borcları olduğu məlum olub.

Onu da qeyd edək ki, adətən belə şirkətlərin barəsində açıq mənbələrdə heç bir məlumat olmur. Nəinki veb-saytları, sosial şəbəkə hesabları belə olmur. Eyni hüquqi ünvanda, eyni şəxsin rəhbərlik etdiyi onlarla şirkət dövlət qeydiyyatına alınır. Nizamnamə kapitalları 10-20 manat arasında dəyişir. Əksəriyyətinin dövlət büdcəsinə böyük həcmdə vergi borcları olur. Bu şirkətlərə nəzər salındığı zaman görünən mənzərə odur ki, onlar sanki “birdəfəlik istifadə” üçün nəzərdə tutulublar.

Bu şirkətləri yüksək vəzifəli şəxslərin ailə üzvləriylə nə bağlayır?

Qısa müddətdə bu cür çoxsaylı şirkəti dövlət qeydiyyatına aldıran və milyonlarla manat dəyərində məhsul ixrac edən bu şirkətlərin sahibi, ya da sahibləri (təsisçiləri) kimlərdir? Azərbaycanda kommersiya qurumlarının təsisçiləriylə bağlı məlumat ictimaiyyət üçün açıq olmadığından bu barədə rəsmi məlumat əldə etmək mümkün deyil.

Lakin, açıq mənbələr hesabına əldə edə bildiyimiz bəzi məlumatlar göstərir ki, belə şirkətlərin yüksək çinli dövlət məmurlarıyla bağlılığı olub.

Məsələn, Baş Prokurorluğun barəsində cinayət işi açdığı şirkətlərdən biri “Aqroinnova” MMC-dir.[13] Bu şirkət 2 dekabr 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Nəsimi rayonu, 4-cü mikroraron, Mir Cəlal küçəsi ev 60, mənzil 89-da yerləşir. Dövlət Vergi Xidmətinin reyester məlumatlarında “Aqroinnova” MMC-nin qanuni təmsilçisinin Sultanov Emil Rauf oğlu olduğu göstərilir. Sultanov Emil Rauf oğlu eyni zamanda “Gilan Holdinq”ə bağlı çoxsaylı şirkətlərə rəhbərlik edir. Həmin ünvanda qeydiyyatda olan çoxsaylı şirkətlərin də “Gilan Holdinq”ə bağlı olduğu məlumdur. Bu ünvanda qeydiyyatda olan “Palace İnşaat” MMC-nin rəhbəri Ağayev Laçın Şirvan oğlu həm də “Gilan Satış” MMC-nin rəhbəridir.

Cədvəl 2.

Açıq mənbələrdəki məlumatlar isə göstərir ki, “Gilan Holdinq” fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanları Tale və Nicat Heydərovlara məxsus olub. Tale Heydərov özünün Linkedin hesabında 2009-cu ildən “Gilan Holdinq”in İdarə heyətinin sədri olduğunu qeyd edir.[14] Nazirin kiçik oğlu Nicat Heydərov isə Linkedin hesabında Gilan Holdinq”in İcraçı direktoru (CEO) olduğunu qeyd edir.[15]

“Gilan Holdinq” bağlı daha bir şirkətin adı başqa qalmaqalda

Noyabr ayının 25-də Baş Prokurorluq iqtisadi cinayətkarlıqla bağlı başqa bir məlumat açıqlayıb. Məlumatda göstərilib ki, qaçaqmalçılıq cinayətləri törətmiş ayrı-ayrı şəxslərin və həmin cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri barədə Dövlət Gömrük Komitəsi tərəfindən aşkar edilən faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.[16]

Məlumata əsasən, mütəşəkkil dəstənin üzvləri olan Azərbaycan vətəndaşları – “Karvan 313” və “Tvins” məhdud məsuliyyətli cəmiyyətlərinin faktiki rəhbərləri Telman İbrahimov və Arif Rzayev, sabiq gömrük əməkdaşı Təvəkgül Bayramov, həmçinin Şahin Soltanov, sürücü Rövşən İbrahimov, Türkiyə vətəndaşı Şener Bilgi və başqaları 2023-2024-cü illər ərzində 60-dək yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə gətirilən, habelə ixrac olunması nəzərdə tutulan ümumilikdə 17 milyon manatdan artıq məbləğdə müxtəlif növ aksiz markası ilə markalanmalı olan məhsulları gömrük sənədlərinə əsasən bəyan edib təyinatı üzrə başqa ölkəyə aparmalı olduqları halda, marşrutdan kənara çıxararaq mis və digər qiymətli metal yükləri ilə əvəzlədikdən sonra qaçaqmalçılıq yolu ilə Qırmızı-Körpü gömrük postundan Gürcüstan ərazisinə keçirmələrinə şübhələr yaranıb.

Maraqlıdır ki, Baş Prokurorluğun açıqladığı məlumatda qaçaqmalçılıqda ittiham olunan iki şirkətdən birinin – “Tvins” MMC-nin qanuni təmsilçisinin deyil, “faktiki rəhbərinin” adı (Arif Rzayev) yer alıb.

Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”nda 5 avqust 1994-cü ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 222 min 250 manat olan “Tvins” MMC-nin qanuni təmsilçisinin Muradov Cəmil Tahir oğlu olduğu göstərilib.

Hüquqi ünvanı Yasamal rayonu, Mikayıl Müşfiq, ev 1C-də yerləşən “Tvins” MMC-nin qanuni təmsilçisi Cəmil Muradov ölkənin tanınmış menecerlərindən biridir. Cəmil Muradov vaxtı ilə ölkənin aparıcı şirkətlərindən biri olan “Gilan Holdinq” MMC-nin qanuni təmsilçisi olub.

2023-cü ildə “Gilan Holding” MMC adını dəyişərək “Xəzri Solutions” MMC-yə çevrilib. Cəmil Muradov “Gilan Holding” MMC-nin rəhbərliyindən getsə də, hazırda “Gilan Group” MMC-in (VÖEN – 1304126411) qanuni təmsilçisidir.

Cədvəl 3.

Cəmil Muradov təkcə “Gilan Holdinq”ə bağlı onlarla şirkətin rəhbəri kimi deyil, eyni zamanda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın qohumu kimi tanınır. Uzun illərdir mətbuatda Cəmil Muradovun Kəmaləddin Heydərovun xalası oğlu olduğu barədə məlumatlar yayılır və bu məlumatlar bugünə kimi təkzib olunmayıb.[17]


[1] https://genprosecutor.gov.az/az/post/8149

[2] https://genprosecutor.gov.az/az/post/8154

[3] https://genprosecutor.gov.az/az/post/8160

[4] https://genprosecutor.gov.az/az/post/8164

[5] https://genprosecutor.gov.az/az/post/8171

[6] https://genprosecutor.gov.az/az/post/8239

[7] https://genprosecutor.gov.az/az/post/8251

[8] https://customs.gov.az/uploads/foreign/2023/2023_12.pdf

[9] https://ereforms.gov.az/files/review/pdf/az/8053ced7b59d5b21eb78ae27e76cd5e7.pdf

[10] https://ereforms.gov.az/files/review/pdf/az/21f0c90ad7c237f04dead5a73c83e49b.pdf

[11] https://ereforms.gov.az/files/review/pdf/az/906fe37d668a965f56277e7492dd9941.pdf

[12] https://youtu.be/8vkAQ7JfpK4

[13] https://genprosecutor.gov.az/az/post/8171

[14] https://www.linkedin.com/in/tale-heydarov-azerbaijan

[15] https://www.linkedin.com/in/nijat-heydarov-220299142/

[16] https://genprosecutor.gov.az/az/post/8233

[17] https://qaynarinfo.az/az/nazirin-2-deputatin-1-sirketi-lev-olundu-foto/deputatin-oglu-vezifesinden-azad-edilibmis-2