Allahverdi Aydın

İqtisadçı ekspert

AZAD, LAKİN ÜNVANSIZ XANKƏNDİ

15.11.2024 / Qarabağ Universiteti də daxil olmaqla şəhərdə fəaliyyət göstərən hüquqi şəxslərin ünvanı yoxdur

2023-cü il sentyabrın 20-də Azərbaycan Silahlı Qüvvələri Xankəndi şəhəri və ətraf ərazilərdə iki günlük anti-terror əməliyyatı keçirərək 30 ildən artıq müddətdə Qarabağda mövcud olan qondarma separatçı rejimin fəaliyyətinə son qoyub. Lakin, həmin dövrdən keçən bir ildən artıq müddətdə Xankəndi şəhərində küçə adları hələ də yenilənməyib. Köhnə küçə adlarından isə rəsmi sənədlərin tərtibində istifadə olunmur. Nəticədə, qarşımıza adı olmayan onlarla küçə, ünvanı olmayan yüzlərlə yaşayış və qeyri-yaşayış sahələri çıxır.

Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin noyabr ayında Qarabağ Universitetinin yaradılması haqqında sərəncam[1] imzalayıb və bu ilin sentyabr ayından etibarən universitetdə tədris başlayıb. Ancaq, hələ də universitetin Xankəndi şəhərində hansı ünvanda fəaliyyət göstərdiyi məlum deyil. Rəsmi açıqlamalarda və sənədlərdə universitetin ünvanı barədə heç bir məlumat yoxdur.

Xankəndidə ünvanı olmayan qurum təkcə Qarabağ Univesiteti deyil. Şəhərdə fəaliyyət göstərən heç bir müəssisənin, qurum və təşkilatın ünvanı məlum deyil. Məsələn, ölkənin aparıcı banklarından biri – “Kapital Bank” ASC Xankəndidə filial açıb və işləyir. Lakin, bank filialının hansı ünvanda yerləşdiyi aydın deyil.[2]

Müxtəlif məşhur onlayn xəritə platformaları isə Xankəndi şəhərində anti-terror əməliyyatlarından əvvəlki dövrdə olan küçə adlarını göstərməkdədir. Məsələn, Azərbaycanda ən çox istifadə olunan “Bolt” tətbiqi vasitəsiylə Xankəndi şəhərindəki “Qarabağ” Universitetinə taksi sifariş verdiyiniz zamanı gedəcəyiniz ünvanın “Mxitar Qoş” küçəsində yerləşdiyini göstərəcək. Google Maps platformasına nəzər saldığımız zaman da bunu açıq şəkildə görə bilərik.

Xankəndinin ilk şirkəti və... hüquqi ünvanı yanlışdır

Maraqlı və ziddiyyətli məqamlardan biri odur ki, Xankəndi şəhərində küçə adlarının və hüquqi ünvanların olmamasına baxmayaraq bu ərazidə hüquqi şəxslər dövlət qeydiyyatına alınır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun[3] 12.10.-cu maddəsində qeyd olunur ki, dövlət qeydiyyatının ərazi aidiyyəti hüquqi şəxsin hüquqi ünvanı əsasında müəyyən edilir.

Qanunun bu tələbinə baxmayaraq bu il ərazi aidiyyəti üzrə Xankəndi şəhərində dövlət qeydiyyatına alınan 21 kommersiya hüquqi şəxsin (Məhdud Məsuliyyətli Cəmiyyət) hüquqi ünvanında küçə adları, ev və mənzil nömrələri göstərilməyib.

Cədvəl 1-dən göründüyü kimi, bu ilin fevral ayında "166 İNVEST.AZ" adlı (VÖEN – 8000074691) kommersiya hüquqi şəxsi dövlət qeydiyyatına alınıb. Bu hüquqi şəxsin hüquqi ünvanı “Xocalı rayonu, Xankəndi şəhəri” kimi göstərilir. Lakin, “İnzibati Ərazi Bölgüsü Təsnifatında”[4] Xocalı inzibati ərazi vahidinin tərkibində Xankəndi şəhərinin olmadığı qeyd olunur. Xankəndi şəhərinin ayrıca inzibati ərazi vahidi kimi “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Prezidentinin fərmanına[5] əsasən Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib.

Digər hüquqi şəxslərin hüquqi ünvanlarında isə sadəcə Xankəndi şəhəri qeyd olunur. Kommersiya qurumların hansı küçədə, evdə və mənzildə qeydiyyatda olduğu məlum deyil. Bəzi hüquqi şəxslərin qeydiyyatda olduğu hüquqi ünvanlar isə şərti rəqəmlərlə (ev.X-651639, m.Y-4411864) göstərilib və bu zaman küçənin adı qeyd olunmayıb. Halbuki, “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalarının”[6] 3.7.-ci maddəsində hüquqi ünvanın rekvizitlərində nəqliyyat infrastrukturu obyektinin (prospekt, küçə və s.) adının olamasının vacibliyi qeyd olunur.

Qeydiyyata alınan ilk şirkət kimindir?

Xankəndi şəhərində dövlət qeydiyyatına alınan ilk şirkətin - “166 İNVEST.AZ” MMC-nin qanuni təmsilçisi Zeynalov Aqil İsmayıl oğludur.
Qeyd edək ki, Zeynalov Aqil İsmayıl oğlu 2011-ci ildə təsis olunan “Evakuasiya.Az” MMC-nin (VÖEN – 1501720121), 2013-cü təsis olunan “Yük Taksisi.Az” MMC-nin (VÖEN - 1303349591) və 2016-cı ildə təsis olunan “Evakuator.Az” MMC-nin (VÖEN – 1503392351) də direktorudr.
Aqil Zeynalov eyni zamanda “156” və “166” kimi məşhur evakuasiya xidmətlərinə rəhbərlik edir. Aqil Zeynalovun Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun yaxın qohumu olması haqda mətbuatda çoxsaylı məlumatlar dərc olunub.

Adları qeyd olunan bu şirkətlər ölkənin aparıcı yükdaşıma şirkətlərindən hesab olunurlar. Əhalinin işğaldan azad olunmuş ərazilərə köçürülməsi əsasən bu şirkətlər vasitəsi ilə həyata keçirilir.

Onu ad bildirək ki, əhalinin işğaldan azad olunmuş ərazilərə köçürülməsi zamanı bəzi hallarda qanunsuzluqlara da yol verilir. Məsələn, ötən ilin avqust ayının 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Repatriasiya Departamenti tərəfindən keçirilən tender müsabiqələrnin nəticəsi məlum olub. “Qaçqınkom”un tender müsabiqəsinin qalibi “166 Global Logistics” MMC (VÖEN – 1403530841) olub. Dövlət satınalmalarının vahid internet portalı vasitəsiylə açıqlanan məlumatda göstərilir ki, “166 Global Logistics” MMC “Qaçqınkom”un sifarişi ilə 267 məcburi köçkün ailəsini Füzuli rayonuna, 260 məcburi köçkün ailəsini isə Laçın şəhərinə köçürəcək. Tender müsabiqəsinin nəticəsi avqust ayının 22-də açıqlanıb və müsabiqənin icrasına sentyabr ayının 14-dən başlanılacağı qeyd olunub.

Lakin, avqust ayının 18-də, yəni müsabiqənin nəticəsi açıqlanmamışdan əvvəl bir qrup məcburi köçkün ailəsi “166 Global Logistics” MMC-nin avtomobilləri ilə Füzuli rayonuna köçürülüb.[7] Rəsmi açıqlamalardan da göründüyü kimi, “Qaçqınkom” tender müsabiqəsinin nəticəsi məlum olmamış köçürmə işini “166 Global Logistics” MMC-yə həvalə edib və bundan sonra tenderin qalibi də bu şirkət olub.

Küçələrə ad qoyacaq səlahiyyətli şəxs yoxdur

Hüquqi ünvan olmadan hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasından daha da maraqlı və ziddiyyətli məqam isə odur ki, Xankəndi şəhərində hüquqi ünvalar üçün əsas olacaq küçə adlarını müəyyən edəcək səlahiyyətli dövlət orqanı və vəzifəli şəxs yoxdur.

Azərbaycan Prezidentinin 6 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiqlənən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin”[8] 4.11.17.-ci maddəsində yazılır ki, yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Xankəndi şəhərində yerli icra hakimiyyəti orqanı və icra hakimiyyəti başçısı olmadığı üçün küçələrə yeni adların kim tərəfindən veriləcəyi də məlum deyil.

Qeyd edək ki, hazırda Xankəndi şəhərində yerli icra hakimiyyəti orqanının səlahiyyətlərinin bir hissəsi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi tərəfindən icra olunur. Lakin, Prezidentin 4 fevral 2021-ci il tarixli Fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamədə”[9] xüsusi nümayəndənin yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək kimi səlahiyyətlərinin olduğundan bəhs olunmur.


[1] https://e-qanun.az/framework/55639

[2] https://www.kapitalbank.az/locations/branch/xankendi

[3] https://e-qanun.az/framework/5403

[4] https://www.stat.gov.az/menu/5/classifications/source/Inzibati-2022_2.pdf

[5] https://president.az/az/articles/view/52389

[6] https://e-qanun.az/framework/15681

[7] https://idp.gov.az/az/news/1666

[8] https://e-qanun.az/framework/23701

[9] https://president.az/az/articles/view/50530