Açıq Azərbaycan

Analitik Portal

PARALEL TİBBİ SIĞORTA VƏ YA MƏMUR BİZNESİ ÜÇÜN ƏLAVƏ GƏLİR MƏNBƏYİ

01.09.2025 / İcbari sığorta var, amma dövlət qurumları yenə də könüllü sığortaya milyonlar xərcləyir

Məlum olduğu kimi, 2021-ci ildən etibarən Azərbaycanda icbari tibbi sığorta sistemi bütün ölkə ərazisində tətbiq olunmağa başlanıb.[1] Tibbi xidmətlərin maliyyələşməsini təmin etmək məqsədilə İcbari Tibbi Sığorta Fondu yaradılıb və hər il bu fonda milyardlarla manat vəsait daxil olur. Məsələn, 2024-cü ildə Fondun gəlirləri 2 milyard 850 milyon manat təşkil edib.[2] Bu məbləğin 1 milyard 368 milyon manatı dövlət büdcəsindən ayrılıb.

Tibbi xidmətlərin maliyyələşdirilməsi həmçinin icbari tibbi sığorta üzrə sığorta haqlarının toplanması hesabına həyata keçirilir. “Tibbi sığorta haqqında” Qanunun 15.10-cu maddəsinə əsasən, fiziki və hüquqi şəxslər bu haqları ödəməyə borcludur.[3] İcbari sığorta haqları ödəyənlər arasında dövlət büdcəsindən maliyyələşən təşkilatlar və onların əməkdaşları da var. 2024-cü ildə Fondun toplanmış sığorta haqlarının 35 faizi, yəni 293 milyon manatı məhz bu təşkilatların payına düşüb. Bu vəsaitin yarısını — 146,5 milyon manatını işçilər, digər yarısını isə işəgötürən təşkilatlar ödəyiblər. Qanuna əsasən, muzdla işləyən şəxslərin əməkhaqqının 8 000 manatadək olan hissəsindən 2 faiz, 8 min manatdan yuxarı olan hissəsindən isə 0,5 faiz məbləğində icbari tibbi sığorta haqqı tutulur. Eyni dərəcələr işəgötürənlər üçün də tətbiq olunur.

Lakin diqqətçəkən məqam odur ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlar hər il tibbi xidmətlərdən yararlanmaq məqsədilə icbari tibbi sığorta haqları üzrə milyonlarla manat ödəsələr də, paralel şəkildə könüllü tibbi sığorta xidmətlərinə də böyük həcmdə vəsait xərcləyirlər. Bir çox hallarda dövlət qurumları icbari tibbi sığorta hesabına əldə etdikləri tibbi xidmətləri təkrar olaraq könüllü tibbi sığorta müqavilələri çərçivəsində də satın alırlar.

Eyni xidmət üçün 2 dəfə ödəniş edilir

Nazirlər Kabinetinin 2023-cü il 4 avqust tarixində təsdiq etdiyi “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə 3 344 adda tibbi xidmətin daxil edildiyi göstərilib.[4] Hətta bu siyahıya vətər, əzələ, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası kimi mürəkkəb əməliyyatlar da daxildir.

Bu qədər geniş xidmətlərin “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil edilməsinə baxmayaraq, dövlət qurumlarının könüllü tibbi sığorta xidmətindən istifadə etməsi anlaşılan deyil. Məsələn, dövlət qurumlarında çalışan işçilər icbari tibbi sığorta haqqı ödədiklərinə görə əksər ambulator və stasionar tibbi xidmətlərdən pulsuz yararlanmaq hüququna malikdirlər.[5] Lakin bu imkanlara baxmayaraq, bir çox dövlət təşkilatları eyni tibbi xidmətlər üçün əlavə olaraq könüllü tibbi sığorta müqavilələri bağlayır və təkrar sığorta haqqı ödəyirlər.

Qanunvericiliyə əsasən, əgər icbari tibbi sığorta çərçivəsində xidmət göstərən dövlət tibb müəssisəsində texniki imkanlar və ya ixtisaslı mütəxəssis çatışmazlığı yaranarsa, vətəndaşlar müalicə üçün ölkənin aparıcı özəl tibb müəssisələrinə yönləndirilə bilər.[6] Bu halda həmin özəl müəssisələrdə göstərilən tibbi xidmətlərin xərcləri də İcbari Tibbi Sığorta Fondu tərəfindən ödənilir. Belə olan halda, sual yaranır: dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilər üçün büdcə vəsaitləri hesabına niyə həm icbari, həm də könüllü tibbi sığorta haqları ödənilir?

Məsələn, təxminən bir ay əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə “Meqa Sığorta” ASC arasında könüllü tibbi sığorta müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə əsasən, “Meqa Sığorta” AYNA-nın 800 əməkdaşı üçün bir il müddətinə tibbi xidmətlər zərfi təqdim edəcək, AYNA isə bunun qarşılığında şirkətə 232 000 manat vəsait ödəyəcək. Halbuki, “Meqa Sığorta”nın AYNA əməkdaşlarına təqdim etdiyi tibbi xidmətlərin əksəriyyəti artıq “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxildir.

Büdcədən maliyyələşən təşkilatlarda “ayrıseçkilik”

Dövlət qurumlarının əməkdaşları üçün ödədikləri könüllü tibbi sığorta haqlarında diqqətçəkən başqa bir məqam ondan ibarətdir ki, hər bir qurum bu məqsədlə fərqli məbləğlər ödəyir. Məsələn, Dövlət Neft Fondu bir əməkdaş üçün 920 manat sığorta haqqı ödədiyi halda, Dövlət İmtahan Mərkəzində bu məbləğ 275 manat təşkil edib. Belə fərqlərin hansı meyarlara əsaslanaraq müəyyən edildiyi — yəni bir dövlət qurumunun digərinə nisbətən daha çox və ya daha keyfiyyətli tibbi xidmət almaq hüququnun nəyə görə formalaşdığı — açıqlanmır.

Mərkəzi Bankın təcrübəsi də maraqlıdır. Qurum bir əməkdaşı üçün könüllü tibbi sığorta haqqı olaraq 528 manat ödəyib və həmin əməkdaşlar üçün ümumi dəyəri 5 min manat olan “standart paket” tibbi xidmətindən yararlanacaq.[7] Diqqət çəkən odur ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Mərkəzi Bankın ödədiyindən təxminən iki dəfə az — bir əməkdaş üçün 290 manat sığorta haqqı ödəməklə 10 min manatlıq “klassik paket” xidmətini əldə edib.[8]

Bundan əlavə, Mərkəzi Bank yalnız 32 nəfər əməkdaş və onların ailə üzvləri üçün dəyəri 10 min manat olan “VİP paket” tibbi xidmətini satın alıb. Bu məlumatlar göstərir ki, dövlət qurumlarında könüllü tibbi sığorta xərclərinin məbləği və əhatə dairəsi üçün vahid standart və ya şəffaf meyarlar müəyyən edilməyib.

Cədvəl 1-də “e-tender.gov.az” portalına istinadən dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların 2024-cü ilin ikinci yarıdında könüllü tibbi sığorta üçün ödədiyi məbləğlər qeyd olunub.

Cədvəl 1. Könüllü sığorta üçün vəsait ödəyən büdcədən maliyyələşən qurumlar

Açıqlanan rəsmi məlumatlar göstərir ki, büdcədən maliyyələşən təşkilatlar fərqli məbləğlərdə sığorta haqqı ödəməklə müxtəlif səviyyəli tibbi sığorta xidmətləri alıblar. Yuxarıda qeyd olunan nümunələrdən də göründüyü kimi, daha çox sığorta haqqı ödəyən Mərkəzi Bank daha aşağı dəyərli tibbi xidmət paketinə sahib olduğu halda, ondan iki dəfə az sığorta haqqı ödəyən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha yüksək dəyərli tibbi xidmət paketindən yararlanıb.

Bu fakt onu göstərir ki, dövlət qurumları öz əməkdaşları üçün könüllü tibbi sığorta xidmətini seçərkən hər hansı vahid təlimata və ya müvafiq normativ qaydaya əsaslanmırlar. Məlumatlardan göründüyü kimi, büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin könüllü tibbi sığortası ilə bağlı nə “Tibbi sığorta haqqında” Qanunda, nə də digər normativ sənədlərdə konkret müddəa mövcuddur.

Eyni zamanda, bəzi dövlət qurumları yalnız əməkdaşlarını sığortaladığı halda, digərləri onların ailə üzvləri üçün də əlavə sığorta haqqı ödəyiblər. Məsələn, Mərkəzi Bank “Paşa Sığorta” ASC-yə 1 549 nəfər üçün könüllü tibbi sığorta haqqı ödəyib ki, onların 901 nəfəri bankın əməkdaşı, 648 nəfəri isə əməkdaşların ailə üzvləridir. Halbuki, Sahibkarlığın İnkişafı Fondu yalnız öz əməkdaşlarını sığortalayıb, onların ailə üzvləri üçün bu xidməti təqdim etməyib.

Büdcə vəsaitləri hansı sığorta şirkətlərinə axır?

Dövlət qurumlarının könüllü tibbi sığorta xidməti üzrə keçirdiyi tender müsabiqələrində diqqət çəkən başqa bir məqam ondan ibarətdir ki, bu müsabiqələrin böyük əksəriyyətində cəmi iki şirkət – “Meqa Sığorta” ASC və “Qala Sığorta” ASC qalib gəlib. Son altı ay ərzində keçirilən tenderlər arasında yalnız bir istisna olub: Mərkəzi Bankın tenderində qalib “Paşa Sığorta” ASC seçilib. Digər on satınalma müqaviləsinin isə yarısı “Meqa Sığorta”, yarısı isə “Qala Sığorta” ilə bağlanıb.

Məlumat üçün qeyd edək ki, “Meqa Sığorta” ASC (VÖEN: 1400143091) 28 sentyabr 1998-ci ildə dövlət qeydiyyatına alınıb və 23 milyon manat nizamnamə kapitalına malikdir. Şirkətin ən iri səhmdarlarından biri (19% payla) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, hazırkı iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin kürəkəni — Əliyev Rauf Zeynal oğludur. 1992-ci il təvəllüdlü Rauf Əliyev eyni zamanda “Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır; bankın 40,6%-lik səhmləri ona məxsusdur.

Digər qalib şirkət — “Qala Sığorta” ASC (VÖEN: 1700066901) 15 yanvar 1999-cu ildə qeydiyyata alınıb. Şirkət əvvəllər “Çartis Azərbaycan” adı ilə fəaliyyət göstərib. 2007-ci ildə bu şirkəti “AzRe Təkrar Sığorta” ASC (VÖEN: 2001093601) satın alaraq adını “Qala Sığorta” olaraq dəyişib. Hazırda nizamnamə kapitalı 10 017 788 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 96-da yerləşir. ASC-nin qanuni təmsilçisi Allahverdiyev Fuad Kamran oğludur.

“Qala Sığorta”nın səhmlərinin 100 faizi “AzRe Təkrar Sığorta” ASC-yə məxsusdur. Lakin bu şirkətin səhmdarlarının kimliyi ictimaiyyətə açıqlanmır. Uzun illərdir mediada “AzRe Təkrar Sığorta”nın sabiq maliyyə naziri, hazırkı baş nazirin müavini Samir Şərifova məxsus olması barədə məlumatlar[9] yayılsa da, bu iddialar indiyədək təkzib edilməyib.


[1] https://azertag.az/xeber/zaur_eliyev_tibbi_xidmetlere_muracietlerin_sayi_24_milyonu_otecek-3335007

[2] https://e-qanun.az/framework/55921

[3] https://e-qanun.az/framework/80

[4] https://nk.gov.az/az/xeberler/matbuat-xidmatinin-bulletenlari/icbari-tibbi-sigortanin-xidmetler-zerfine-yeni-tib-2940

[5] https://its.gov.az/page/xidmetler-zerfi

[6] https://its.gov.az/page/agentliyin-muqavile-bagladigi-tibb-muessiselerinin-siyahisi

[7] https://etender.gov.az/main/competition/detail/316784

[8] https://etender.gov.az/main/competition/detail/317278

[9] https://qafqazinfo.az/news/detail/bsamir-serifovdan-nece-sigorta-olunmalib-1740