Hafiz Babalı

Araşdırmaçı jurnalist

BEYNƏLXALQ BANKIN SİRLİ SƏHMDARLARI

18.12.2018 / “Prezident bankı” özəlləşdiriləcəkmi?

Azərbaycan Beynəlxalq Bankını (ABB) bəzi çevrələrdə nədənsə “prezident bankı” kimi tanıyırlar və məhz bu bank uzun illərdir ki, ölkənin ən böyük bankı statusunu qoruyub saxlayır (halbuki bankın nəzarət səhm zərfi dövlətə məxsusdur). Bankda səhm payına sahib olan şirkətlərin sırasını təhlil etdikdə məlum olur ki, bu, təkcə bankda əsas qərarvermə səlahiyyətinin Maliyyə Nazirliyinə aid olması, iri dövlət layihələrinin faizsiz, yaxud aşağı dərəcəli faizlə maliyyələşməsi ilə izah olunmur. Təhlil göstərir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-də dövlət başçısı İlham Əliyevə yaxın ən azı üç şirkətin əhəmiyyətli payı olub. Bu il isə bankın səhmdar kapitalında ciddi dəyişikliklər baş verib, həmin şirkətlərin payı “əriyib”.

ABB maliyyə hesabatlarını və səhm buraxılışı elanlarını açıqladığı bütün zamanlarda səhmdarları adbaad deyil, hüquqi və fiziki şəxslər kimi təqdim edib. Bu səbəbdən onun kapitalına və idarəetməsinə nəzarət edən tərəflər 2017-ci ilin əvvəlinədək tam gizli qalıb.

Qeyd edək ki, 2002-2017-ci illərdə ABB-nin ödənilmiş səhmdar kapitalı 6 milyon 822 min manatdan 1 milyard 241 milyon 287,2 min manata qalxıb. Dövlətin səhm payının 2013-2017-ci illərdə dalğavari dəyişməsi bununla əlaqədardır.

Şirkətlərin və vətəndaşların 93 milyon manatlıq payı

2014-2017-ci illərin maliyyə və idarəetmə hesabatlarında özəl şirkətlərin, eləcə də bankda çalışan şəxslərin və digər fiziki şəxslərin kapitalda iştirak payı əks olunmayıb. Diqqəti çəkən daha bir məqam bu dövrdə dövlətin payının özəl sektorun hesabına 51%-dən 91.4 faizə qalxmasıdır. Bu, həm əlavə səhm buraxılışları, həm də bəzi iri səhm sahiblərinin səhm zərflərinin dövlət nəfinə keçməsi ilə bağlı olub. 2017-cı ilin əvvəlinə olan məlumata görə, bank ümumi nominal dəyəri 16,8 milyon manat olan səhmləri (1.35%) adları açıqlanmayan səhmdarlardan geri alıb.

ABB-nin 2017-ci üzrə İdarəetmə hesabatında göstərilir ki, dövriyyədəki 4.6 mlrd. ədəd səhmin 91.38%-i dövlətə məxsusdur. Qalan 8.62% faiz səhmi 12 hüquqi və 1745 fiziki şəxs öz aralarında bölüşüb. Bu ilin birinci yarısının nəticələrinə görə, səhmdarların strukturunda ən ciddi dəyişiklik dövlətə məxsus “Aqrarkredit” QSC-nin payının əhəmiyyətli hissəsinin Maliyyə Nazirliyinə ötürülməsidir. Bankın bu il oktyabrın 1-nə açıqladığı səhmdar strukturu minoritarlar arasında ciddi pay dəyişikliyinin olduğunu təsdiq edir.

2016-cı ilin sonunda 600 mln. manatlıq səhm buraxılışı barədə emissiya prospektində səhmdarların pay bölgüsü səhmdar qrupları (dövlət, özəl şirkətlər və fiziki şəxslər) üzrə açıqlanıb. Bunun sayəsində ilk dəfə olaraq bankda səhm sahibi olan şirkətlərin adları və onların səhmlərinin miqdarı məlum olub. Sənəddə göstərildiyinə görə, emissiya öncəsi 12 hüquqi şəxsin mülkiyyətində ABB-nin toplam 8.04% (190.9 milyon ədəd səhm) payı olub və emissiyadan sonra bu pay faiz etibarilə iki dəfə azalıb. Həmin dövrdə hüquqi şəxslərin ABB-dəki səhm payı nominal qiymətlə (27 qəpik) 51.5 milyon manat idi. Fiziki şəxslərə gəlincə, onların səhm payı əlavə səhm buraxılışı nəticəsində 6,2%-dən 3.2%-ə (nominal qiymətlə 39,7 milyon manata) düşüb. 2017-ci ilin yanvarında emissiya başa çatandan sonra Azərbaycan vətəndaşlarının ABB-də 147.1 milyon ədəd səhmi olub. Beləliklə, yerli şirkətlərin və vətəndaşların bankda 92.9 milyon manatlıq səhmi vardı.

Ötən 19 ay ərzində bankda özəl kapitalın strukturunda hüquqi şəxslərdən fiziki şəxslərin xeyrinə axın qeydə alınıb. Təhlil göstərir ki, bu ilin oktyabr ayının əvvəlinə qeyri-dövlət şirkətlərinin bankdakı 51.5 mln. manatlıq payı 3.8 mln. manata (0.31%-ə) düşüb. Fiziki şəxslərin payı isə 39.73 mln. manatdan 55.9 mln. manata qalxıb (4.45%-ə). İndi səhmdarların arasında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (46.6 milyon manat; kapitaldakı payı - 3.76%) də var. Ancaq bankda səhmə sahib olan şirkətlərin adları açıqlanmır. Bəs bankın “keçmiş” səhmdarları hansı şirkətlərdir?

Bu ünvanda “Paşa Holdinq”in şirkətləri var

2015-ci ilin aprelində “Heritic İnternational İnvestment Limited” MMC (VÖEN: 9900079631) və “Apex Holdings Limited” MMC (VÖEN: 9900079221) şirkətlərinin ABB-dəki birgə payı 7.9% olmuşdu. 2016-ci ilin yanvarında baş verən dəyişikliklərədək onlar ABB-də dövlətdən sonra ən iri səhm sahibləri idilər. Birincinin (“Heritic İnternational İnvestment Limited” MMC) bankdakı payı 2.35% (nominal üzrə 27.98 mln. manat), ikincininki isə (“Apeks Holdinq Limited” MMC) 1.5% (18.66 mln. manat) idi.

Hər iki şirkət Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentinin vergi ödəyicisidir. Amma onların dövlət reyestri məlumatları qapalı saxlanılır. Bu isə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna ziddir. Açıqlama verilmədiyindən həmin şirkətlərin, məsələn, nə zaman yaradıldığı, başqa reyestr məlumatları bəlli deyil. Ancaq onların mənşəyinə işıq salan informasiya var.

“ABB-Moskva” bankının hesabatlarından birində ana şirkətin payçıları barədə məlumatda göstərilir ki, bu şirkətlərin hər ikisinin hüquqi ünvanı Bakı şəhəri, L. Tolstoy küçəsi, ev 170-dir. Bu məkanda “Paşa Holdinq” MMC-yə aid olan bir neçə şirkət yerləşir.

Holdinqə daxil olan “Kapital Bank” ASC 2008-ci ilədək Beynəlxalq Bankın 625 min ədəd səhminə 125 min manat sərmayə edib. Növbəti illərdə Kapital Bank ABB-dəki payını əvvəlcə 250 min manata (2009-cu il), sonra 460 min (2013-cü il), daha sonra isə 478 min manata (2015-ci il) qaldırıb. Bu pay (dövriyyədəki səhmlərin 0,03%-i) hələ də “Kapital Bank” ASC-nin mülkiyyətində olan investisiyalar arasındadır.

Yeni investorlar üçün yol açılır?

Bir il bundan qabaq səhmdarlar arasında hər biri bərabər miqdarda (nominal üzrə 737.7 min manat) səhmə sahib “Rəşad-Q” kiçik müəssisəsi (VÖEN: 7700183111), “Ocaq-5” firması (VÖEN: 1700108781) və “Aqat” firması (VÖEN: 1700108781) da vardı. Hesabatda “Arsenal-MM” firmasının (VÖEN: 1900228591) bankdakı payının 805.5 min manat, “İmproteks” MMC-nin (VÖEN: 1300059531) 1.2 mln. manat, Azərbaycan Respublikası Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri Fəhlələri Həmkarlar İttifaqının (VÖEN: 2300462181) 135 min manat dəyərində səhmlə ifadə olunduğu qeyd edilirdi. “Bakelektroavtomat” ASC, “Bank of Baku” Kommersiya Bankı ASC və “TT Company” (VÖEN: 1301033611) bankda cüzi payla təmsil olunurdular. Hazırda ABB-də hüquqi şəxslərə məxsus 3.8 mln. manatlıq payda adıkeçən şirkət və təşkilatların siyahısı başlıdır. Bankın mətbuat xidməti bankda səhm paylarını qoruyub saxlamış şirkətlərin sayını mediaya verməkdən yayınır.

Azərbaycan Beynəlxalq Bankının səhmlərinin alqı-satqısı Bakı Fond Birjasında bir qayda olaraq nominal qiymətlə rəsmiləşdirilsə də, bazarda faktiki qiymət səhm zərfinin miqdarından asılı olaraq 15-16 qəpik arasında dəyişir: satış üçün təqdim olunan səhmlərin sayı artdıqca, alıcı daha aşağı qiymət tələb edir.

Hökumət “Azərbaycan Beynəlxalq Bankı” ASC-dəki payını satmaqla bağlı planlarını hələ 2005-ci ildə elan edib. Bankın maliyyə durumu sabitləşdiqdən sonra bu niyyət arxa planda qalıb. 2015-ci ildə ABB praktik olaraq ödəmə qabiliyyətini itirdikdən sonra özəlləşdirmə yenidən gündəmə gəlib. Hələlik bankda dövlətə məxsus səhm zərfinin investorlara ilkin mərhələdə neçə faiz və hansı qiymət diapazonunda təklif olunacağı bəlli deyil. Həmçinin investorlar dairəsinin seçim meyarları haqda məlumat yoxdur.

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə Keçid Hesabatında 2019-cu ildə ABB-nin yubanmadan özəlləşdirilməsi də tövsiyə olunur.