Açıq Azərbaycan

Analitik Portal

BAKI FORUMU İNSAN HAQQLARINDA NİZAMİNİN ADINDAN İSTİFADƏ EDİR

14.02.2019 / Forumun builki mövzusu “Yeni Xarici Siyasət” adlandırılıb...


2018-ci ildə Nizami mükafatı Avstriya-Amerika hahamı, dini azadlıq və insan haqları fəalı Arthur Schneierə verilib.



Martın 14-də Bakıda Beynəlxalq Forum başlayır. 3 gün çəkəcək tədbirə dünyanın dörd bir yanından məşhur qonaqlar gələcək. Forumun builki mövzusu belə adlandırılıb: “Yeni Xarici Siyasət”.

Bakı Forumunu şair Nizami Gəncəvinin adını daşıyan Beynəlxalq Mərkəz təşkil edir. 2012-ci ildə yaradılmış mərkəzin məqsədi, təsisçilərin dediyinə görə, Nizaminin əsərlərindəki sülh, ədalət və insan haqları kimi bəşəri dəyərlərin təbliğ olunmasıdır.

Amma hazırda beynəlxalq mühitdə Azərbaycandan böyük narazılıq hökm sürür. Çünki Azərbaycan insan haqlarının tapdandığı, jurnalistlərin həbsdə saxlanığı ölkədir. “Freedom House” insan haqları təşkilatının 2018-ci ilki hesabatında Azərbaycan mətbuatın azad olmadığı ölkələrin arasında yer alıb. “Amnesty International”ın 2017-2018-ci illəri əhatə edən hesabatında isə Azərbaycanda 150-dən çox adamın siyasi baxışlarına görə həbsə atıldığı deyilir.

Nizami mərkəzi prezident İlham Əliyevin maliyyə dəstəyiylə yaradılıb. 2013-cü ildə, mərkəz Cənubi Qafqaz Forumunu keçirəndə Diaspora ilə İş üzrə Dövlət Komitəsi Direktorlar Şurası üzvlərinin və qonaqların qarşılanmasının təşkili məqsədiylə ayrılan tenderləri (iki tenderin ümumi məbləği 70 min manat ($89,743) idi) Bosfor LD LTD və Asfor LTD şirkətlərinə vermişdi. Bu şirkətlərin ikisi də elə 2013-cü ildə yaradılıb. Bosfor LD Diaspora ilə İş üzrə Dövlət Komitəsindən daha altı tender alıb, onların ümumi məbləği 109,891 manat ($140,885) olub. Bosfor LD-nin icraçı direktoru Elman Rəhimov 2012-2013-cü illərdə Azərbaycanda 60 şirkəti qeydiyyatdan keçirib və bu şirkətlərdən 37-si ümumi məbləği 3,551,992 manat ($4,553,835) olan tenderlərə sahib çıxıb. 2015-ci ildə isə E.Rəhimov külli miqdarda vergidən yayınmada günahlandırılaraq həbs edilib.

2016-cı ildə prezident İ.Əliyevin sərəncamına əsasən Nizami Mərkəzinin fəaliyyətinə yardım məqsədiylə Diaspora ilə İş üzrə Dövlət Komitəsinə 2 milyon manat ($1,226,993) verilib. Bu vəsait Prezidentin Ehtiyat Fondundan (fondun büdcəsi vergilərə əsaslanır) ayrılıb. 2017-ci ildə yenə Prezidentin Ehtiyat Fondundan mərkəzə 800,000 manat ($414, 371), 2018-ci ildə isə 2,5 milyon ($1,470,588) manat ayrılıb.

“Forumda keçmiş və indiki dövlət və hökumət başçıları iştirak edir,” - İ.Əliyev 2017-ci ildə deyib: “ Mən də foruma qatılıram. İldə azı bir dəfə Nizami mərkəzinin idarə heyətini qəbul edirəm. Onlara həmişə Gəncəyə getməyi tövsiyə edirəm. Gəncədə bir neçə dəfə olublar və şəhər haqda xoş təəssüratları var.”

2018-ci ilin mayında Nizami mərkəzinin Himayədarlar Şurasının sədri vəzifəsinə Nazim İbrhimov təyin edilib. Bu təyinatdan bir ay əvvəl İ.Əliyev N.İbrahimovu Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad etmişdi (N.İbrahimov 2008-ci ildən o vəzifədə idi). O zaman prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev Report.az-a müsahibəsində demişdi ki, N.İbrahimov və onun rəhbərlik etdiyi komitənin işindən narazılıq var.

“Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib”, - R.Mehdiyev belə deyib. “Müəyyən tədbirlərin həyata keçirilməsin üçün dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

N.İbrahimov vəzifədən azad ediləndən sonra, 2018-ci ildə onun qardaşı—iş adamı Sahib İbrahimov dələduzluqda və vəzifəsindən sui-istifadədə ittiham olundu. Bir aylıq həbsdən sonra S.İbrahimov ev dustaqlığına buraxıldı, amma onun işi üzrə məhkəmə hələ davam edir.

Şair Nizami Gəncəvi bütün həyatını XII əsrdə Eldənizlər-Atabəylər dövlətinin (orta əsr Azərbaycan dövləti) paytaxtı olmuş Gəncə şəhərində yaşayıb. Heydər Əliyev Fondu şairin irsini qorumaq məqsədiylə 2014-cü ildə Gəncədə Nizami Gəncəvi muzeyi yaradıb.

Muzey Nizaminin məğbərəsinin yaxınlığında yerləşir. Məğbərə isə Nizaminin ölümündən az sonra tikilib, 1947 və 1991-ci illərdə təmir olunub. Nizami muzeyində sərgi, Nizaminin həyatını əks etdirən elektron informasiya, onun əsərlərinə aid epizodlar və şairin öz şəkillərindən ibarət xalçalar, İ.Əliyev və atası Heydər Əliyevin sərəncamları ilə tanış olmaq olar. Mədəni tədbirlərdən ötrü nəzərdə tutulmuş konfrans zalı da var.

Birinci xanım M.Əliyeva mərkəzin mükafatını qəbul edir

Beynəlxalq Bakı Forumundan əlavə Nizami Mərkəzi ölkədən kənarda da tədbirlər keçirir, həmçinin Beynəlxalq Nizami Gəncəvi Mükafatı verilir. Bu mükafata indiyə qədər ABŞ-ın keçmiş prezidenti Bill Clinton, ABŞ-ın keçmiş Dövlət katibi Henry Kissinger, Azərbaycanın birinci vitse-prezidenti və birinci xanım Mehriban Əliyeva layiq görülüblər.

2018-ci ildə Nizami mükafatı Avstriya-Amerika hahamı, dini azadlıq və insan haqları fəalı Arthur Schneierə verilib. A. Schneier və oğlu Marc Schneier İ.Əliyev və Azərbaycanın tərəfdarları kimi tanınırlar. Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, İsrail silahlarının ən böyük alıcılarındandır. Mətbuatın yazıdığına görə, Azərbaycan İsrail silahlarına 2016-cı ildə 248 milyon, 2017-ci ildə isə 137 milyon dollar xərcləyib.

M.Schneier deyib ki, onun məqsədi müsəlmanlarla yevangelist xristianları bir araya gətirməkdir. “Azərbaycan İsrailə meylli müsəlman ölkəsidir… Ona görə də yevangelistlərlə müsəlmanlar arasında barışığa başlamaq üçün ən yaxşı ölkə Azərbaycandır”, - M. Schneier “Jerusalem Post”a belə deyib.

Bu il beynəlxalq forumda çıxış edəcək şəxslərin www.worldacademy.org saytında adları açıqlanıb. Onların arasında İ.Əliyev, Əfqanıstan prezidenti Ashraf Ghani, Albaniya prezidenti Ilir Meta, CNN-nin aparıcısı, şərhçi Fareed Zakaria, Harvard universitetinin professoru Jeffrey Sachs, Yeni Zelandiyanın keçmiş baş naziri Helen Clark, Latviyanın keçmiş prezidenti Vaira Vike-Freiberga, Polşanın keçmiş prezidenti Aleksander Kwasniewski, Finlandiyanın keçmiş prezidenti Tarja Halonen, Çinin Xarici İşlər nazirinin müavini Wu Hailong və amerikalı insan haqları fəalı Kerry Kennedy (ABŞ-ın keçmiş prezidenti John F.Kennedynin qardaşı qızı) var.

K.Kennedy, özünün dediyinə görə, 30 ildən çoxdur ki, bərabər ədalət, təməl insan haqlarının müdafiəsi və qanunun aliliyi uğrunda mübarizə aparır və diqqətini xüsusilə məhbusların işgəncəyə məruz qalmasına qarşı fəaliyyətə yönəldib. O, həm də Nizami Mərkəzinin direktorlar şurasının üzvüdür.

Amma K.Kennedy ona, Azərbaycanda insan haqlarının durumuyla bağlı fikrini öyrənmək üçün göndərilən məktuba, hələ ki, cavab verməyib.

2018-ci il, dekabrın 21-də ABŞ-ın Dövlət katibi Mike Pompeo iranlıları Yalta bayramı münasibətiylə təbrik edərkən Nizamidən sitat gətirmişdi (Nizami fars dilində yazdığından onu çox vaxt fars şairi adlandırırlar):

“Hər ümidsizlikdə bir ümid, hər qaranlıqda bir işıq yaşar”

Bu sözlərin həm konfrans zalında, həm də həbsxana kameralarında səmimi səslənməsi ümidiylə…

Araşdırmaçı Jurnalislərin Komandası