2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin sədri olmuş general-mayor Səhət Həbibbəyli etiraf edib ki, bu vəzifədə işlədiyi dövrdə aylıq 2,5-3 milyon dollar pul çatdırırdı. Onun bildirdiyinə görə, bu pullar gömrükdə toplanan, lakin rəsmi sistemə daxil edilməyən vəsaitlər idi.
Səhət Həbibbəyli 2001-ci ildən Naxçıvanda gömrük orqanlarında fəaliyyətə başlayıb. O, əvvəl Naxçıvan Dövlət Gömrük Komitəsində gömrük nəzarətinin təşkili şöbəsində inspektor kimi işə qəbul edilib, sonra müxtəlif vəzifələrdə çalışıb. 2011-2018-ci illərdə Komitə sədrinin müavini olub. 2018-ci ilin noyabrından sədr vəzifəsinin icrası ona həvalə edilib. 2019-cu ilin martında isə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri təyin olunması barədə fərman imzalanıb.
Səhət Həbibbəyli deyir ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov ona komitə sədri vəzifəsini həvalə eləməmişdən əvvəl yanına çağırıb, əvvəlki qaydada işləyəcəkləri haqda tapşırıq verib:
“2018-ci ilin noyabr ayında rəhbərlik məni qəbul elədi, Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinin icrasının mənə həvalə olunduğunu dedi. Bildirdi ki, yığılan ödənişlərdə də gizli heç nə yoxdur. İşlər əvvəlki qaydada davam edəcək”.
General bu vəzifədə işlədiyi dövrdə rəhbərliyə nə qədər pul çatdırdığını da açıqlayıb.
“İllik 34 milyon vermişəm”
O bildirib ki, 2018-ci ilin noyabrında vəzifəsinin icrasına başlayanda həmin ilin son iki ayında ümumilikdə 5 milyon dollar verib – hər ay üçün 2.5 milyon dollar olmaqla. Onun sözlərinə görə, 2019-cu ildə də aylıq 2.5 milyon dollardan rəhbərliyə il üzrə 30 milyon dollar pul verib. Amma 2020-ci ildə gömrükdə yığılan qeyri-rəsmi ödənişlər artırılıb, ona görə rəhbərliyə verilən aylıq məbləğ də qalxıb:
“2020-ci il üzrə aylıq təxminən 2 milyon 800 min dollar oldu. İllik 34 milyon vermişəm. 2021-ci il üzrə isə aylıq 3 milyon 200 min dollardan illik 38 milyon 400 min dollar çatdırmışam. 2022-ci ildə aylıq təxminən 3 milyon 300 min dollardan oldu. Bu il işlədiyim 10 ay ərzində 33 milyon qeyri-rəsmi gömrük ödənişi yığılmışdı, hamısı da aidiyyəti üzrə rəhbərliyə çatdırılıb”.
Səhət Həbibbəylinin dediyinə görə, qeyri-rəsmi yığılan gömrük ödənişlərindən onun özünə 40 min manat çatırdı: “Rəhbərlik hər ay 40 min mənə, 10 min də müavinlərimə verirdi. Tapşırmışdı ki, bu vəsait hər ay Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsindən götürülsün”.
O da məlum olub ki, gömrükdə pullar manatla yığılsa da, banklarda dollara dəyişdirilərək, Vasif Talıbov və ya oğluna xarici valyutada qutulara yığılıb skoşlanmış formada çatdırılırmış.
Dövlət Təhlükəsizliyi Xidməti 2022-ci ilin noyabrında Naxçıvan Muxtar Respublikasında əməliyyat keçirərkən tutulanlardan ikisi də Dövlət Gömrük Komitəsində Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş şəxslər idi. Mansur Əsgərov əməliyyat keçirilən vaxt şöbənin rəisi idi. Rəfael Əliyev isə ondan əvvəl bu vəzifədə çalışmışdı, 2020-ci ildə isə Muxtar Respublikanın Maliyyə naziri təyin edilmişdi. Əməliyyat keçirilən dövrdə də nazir idi.
General Səhhət Həbibbəyli bu iki nəfərin işində şahid kimi dindiriləndə belə bir ifadəni verib.
Günlük 5-10 maşın rəsmi, qalan maşınlar isə qeyri-rəsmi geçirmiş
General əlavə edib ki, 2022-ci il oktyabrın sonu-noyabrın əvvəlində bütün ödənişlərin rəsmiləşdirilməsinə göstəriş verilmişdi. Ona görə də əvvəllər illərlə işlədikləri qeyri-rəsmi gömrük rəsmiləşdirilməsi proqramının sistemdən ləğv olunması, bütün kompüterlərdən hard disklərin dəyişməsi, hesabatlar və başqa sənədlərin məhv edilməsi barədə göstəriş verib. Öz otağında olan bir çox sənədləri isə Mansur Əsgərovla birlikdə kağızdoğrayanla kəsib.
Mansur Əsgərov da bildirib ki, komitə sədri ona dövlətin rəsmi proqramı olan “VAİS” proqramından kənar idxal, tranzit əməliyyatları ilə bağlı qeyri-rəsmi olaraq idxalçılardan alınmış gömrük rüsumlarını, yığımları ərazi gömrük idarələrinin nümayəndələrindən toplayıb, vaxtaşırı ona təhvil verməyi tapşırmışdı.
“VAİS”da qeydiyyatı aparılmayan gömrük rüsum və yığımları yük şöbəsinin, sərnişin şöbəsinin rəisinə yaxud növbə rəisinə təhvil verilirdi. Şöbə rəisləri həmin pulları sistemlə eyniləşdirmə aparılmaq üçün ona gətirirdi. O da eyniləşdirmə başa çatandan sonra sistemdən çıxan hesabatla birlikdə idarə rəisinə və sonda idarə rəisi isə komitə sədri Səhət Həbibbəyliyə çatdırırdı:
“Komitə sədri göstəriş vermişdi ki, günlük 5-10 maşın rəsmi proqrama, qalan maşınlar isə qeyri-rəsmi proqrama işlənsin. Beləliklə toplanan bütün vəsaitin yarısı mənimsənilirdi. Gün ərzində yığılan vəsait həm dollarla, həm də manatla olurdu. Komitə sədrinə təhvil verilməmişdən əvvəl manatla olan vəsait dollara çevrilib, sonra təhvil verilirdi. Belə qayda qoyulmuşdu.
Mənə əvvəllər başqa vəzifələrdə işləyəndə aylıq 400-500 manat, şöbə rəisi işlədiyim 2 il ərzində 3000 manat aylıq paket maaş verilib. Mənə 132 milyon mənimsəmə yazılıb. Mənim o puldan 1 manat mənimsəməyim mümkün deyildi. Komitə sədri özü də sistemi görürdü, pul ilə yanaşı, hesabatı da ona təqdim edirdim. O da yoxlayıb qəbul edirdi”.
Mansur Əsgərov və Rəfael Əliyev özlərini qismən təqsirli bildiklərini deyiblər. Onlar bildiriblər ki, qurulmuş sistemin iştirakçısı olublar.
Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər ikisinə şərti cəza verilib. Onlar 2022-ci ilin noyabrında həbs olunsalar da, bir müddət sonra azadlığa buraxılmışdılar.
General-mayor Səhət Həbibbəyli isə ümumiyyətlə, məsuliyyətə cəlb olunmayıb. O, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəylinin oğludur.