Açıq Azərbaycan

Analitik Portal

11 İLDƏN SONRA MÜLKİYYƏT SAHİBİ ÜÇÜN ƏDALƏT

29.10.2023 / Ali Məhkəmə Gəncədə evi sökülmüş mülkiyyətçiyə 53 min manat ödənməsini təmin etdi


Foto jurnalist Təhminə Tağızadənin bloqundan götürülüb



Oktyabrın 27-də Azərbaycan Respublikası Ali Məhkəməsi 11 ildən sonra Gəncə şəhəri Nizami küçəsi 183A ünvanında yaşayan Ağamirovlar ailəsinə məxsus evin bir hissəsinin və həyətinin qanunsuz sökülməsi ilə bağlı məhkəmə çəkişmələrinə nöqtə qoydu.

2012-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti Nizami küçəsinin genişləndirilməsi adı altında 100-dən artıq özəl ev və torpaq sahəsini qanunsuz olaraq tam və ya qismən dağıtmışdı, ancaq sakinlərə adekvat kompensasiya verməmişdi. Bu evlərdən biri də Ağamirovlar ailəsinə məxsus idi. Həmin dövrdən etibarən Azad İqtisadiyyata Yardım ictimai birliyi "Mülkiyyət Hüquqları" layihəsi çərçivəsində Ağamirovlar ailəsinə hüquqi yardım göstərərək məhkəmədə iddia qaldırmışdı.

Çox təəssüf ki, ilk 7 il ərzində Gəncə İnzibati və Apelyasiya məhkəmələri işə baxmayıb, qanunsuz olaraq geri qaytarıb, işi uzadıb və iddianı təmin etməyiblər . Həmin dövrdə iş üzrə Ali Məhkəmə iki dəfə ədalətli qərar qəbul edərək Gəncə Apelyasiya Məhkəməsinin qərarlarını ləğv etmişdi və işə yenidən baxılmaq imkanı yaratmışdı.

Nəhayət, 2022-ci il iyun ayının 1-də Gəncə İnzibati Məhkəməsi iş üzrə iddianı təmin edərək Şəhər İcra Hakimiyyətinin üzərinə mülkiyyətçi Rövşən Ağamirova 52 min manat maddi, 1000 manat isə mənəvi kompensasiya ödənməsi öhdəliyini qoyub. İcra Hakimiyyəti işlə bağlı apelyasiya şikayəti vermişdi. 2022-ci il sentyabrın 2-də Gəncə Apelyasiya Məhkəməsi apelyasiya şikayətini rədd etmişdi və kompensasiya ödənməsi haqda qərarı qüvvədə saxlamışdı. Gəncə rəhbərliyi bu qərardan da kassasiya şikayəti vermişdi. Ali Məhkəmə oktyabrın 27-də kassasiya şikayətini rədd edərək Gəncə Apelyasiya Məhməkəsinin qərarını qüvvədə saxlayıb. Beləliklə də, Gəncə İcra Hakimiyyətinin zərərçəkmişə 53 min manat kompensasiya ödəmək öhdəliyi qanuni qüvvəyə minmiş oldu.

Məhkəmə işlərini hüquqşunaslar Ziya Quliyev və Emin Abbasov başlayıb, son 4 ildə isə vəkil Fariz Namazlı aparıb və uğurla tamamlayıb.