Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətini tənzimləyən qanunvericiliyə təklif olunan dəyişikliklər bu gün Milli Məclisdə sonuncu – üçüncü oxunuşda qəbul edilib. Bununla bağlı Mülki Məcəlləyə və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb və qəbul olunub.
Əsas yenilik ondan ibarətdir ki, QHT-lərin fəaliyyət istiqamətləri, təsnifatı, idarəetməsi, maliyyə hesabatlılığı və xarici QHT-lərin fəaliyyəti ilə bağlı tələblər sərtləşdirilir.
İctimai birliklər və fondlar üzrə yeni təsnifat
Dəyişikliyə əsasən, ictimai birliklər aşağıdakı istiqamətlər üzrə yaradıla biləcək:
Peşə sahəsi;
Sosial-humanitar sahə;
Mədəniyyət və incəsənət;
Təhsil və elm;
Ekologiya;
Hüquq;
İqtisadiyyat;
Qanunla müəyyən edilən digər növlər.
Fondlar isə aşağıdakı növlərə bölünəcək:
İctimai faydalı fond;
Xeyriyyə fondu;
Qanunla müəyyən edilən digər növlər.
Vacib yenilik odur ki, hər bir ictimai birlik və fond yalnız bir növ üzrə yaradıla bilər. Həmçinin QHT-lərin daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis edilməsi nəzərdə tutulur.
Nizamnamələrə dair tələblər sərtləşdirilir
QHT-nin nizamnaməsində yalnız onun seçdiyi növə uyğun məqsəd və vəzifələr göstərilməlidir. Təşkilatın fəaliyyət istiqamətləri nizamnamədəki məqsədlərə uyğun olmalıdır.
QHT-nin adında “Azərbaycan Respublikası” ifadəsindən və dövlət orqanlarının adlarına oxşar adlardan istifadə ilə bağlı məhdudiyyətlər nəzərdə tutulur.
Nəticədə, mövcud QHT-lər öz nizamnamələrini yeni təsnifata uyğunlaşdırmaq zərurəti ilə üzləşəcəklər.
Maliyyə şəffaflığı və daxili nəzarət
Yeni tələblərə əsasən:
QHT-nin əmlakının və vəsaitlərinin formalaşma mənbələri barədə ətraflı illik maliyyə hesabatı təsdiq edilməlidir.
Əmlak və vəsaitlərin nizamnamə məqsədlərinə uyğun istifadəsinə daxili nəzarət qaydası müəyyənləşdirilməlidir.
Daxili nəzarəti həyata keçirən orqanın formalaşdırılması və səlahiyyətləri nizamnamədə göstərilməlidir.
Vəsaitlərin alınması, toplanması, verilməsi və köçürülməsi zamanı terrorçuluğun maliyyələşdirilməsi risklərini azaltmaq üçün qayda və prosedurlar hazırlanmalıdır.
Bu, QHT-lərin maliyyə idarəetməsində daha sistemli daxili nəzarət mexanizminin yaradılmasını nəzərdə tutur.
QHT-lərin fəaliyyətinin dayandırılması və ləğvi
Bunlara daxildir:
Fəaliyyətin şəffaflığının təmin edilməməsi;
Korrupsiyaya, çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunvericilik tələblərinin yerinə yetirilməməsi;
İcra orqanının, fond prezidentinin və ya idarə heyətinin səlahiyyət müddəti bitdikdən sonra üç ay ərzində dövlət reyestrində müvafiq dəyişikliklərin edilməməsi;
Ümumi yığıncağın ardıcıl üç il çağırılmaması;
Təşkilatın üç ildən artıq müddətdə fəaliyyət göstərməməsi.
Burada mühüm hüquqi fərq var: fəaliyyətin dayandırılması ilə ləğv eyni prosedur deyil. Layihədə ləğvin bir sıra hallarda məhkəmə qərarı ilə həyata keçirilməsi nəzərdə tutulur.
Xarici QHT-lərin filial və nümayəndəlikləri
Xarici QHT-lərin Azərbaycandakı filial və nümayəndəlikləri üçün də yeni tələblər nəzərdə tutulur:
Dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı ilə saziş bağlanması;
Sazişin qüvvədə olma müddətinin uzadılması;
Fəaliyyətin şəffaflığının təmin edilməsi;
Qanunvericiliklə müəyyən edilmiş maliyyə nəzarəti və digər tədbirlərə əməl edilməsi.
Mövcud QHT-lərə verilən 30 günlük müddət
Qanun qüvvəyə mindiyi tarixdən etibarən:
Artıq qeydiyyatdan keçmiş QHT-lər 30 gün ərzində nizamnamələrini yeni tələblərə uyğunlaşdırmalıdırlar.
Yenidən dövlət qeydiyyatına alınmaq üçün müraciət etməlidirlər.
Xarici QHT-lərin müvafiq filial və nümayəndəlikləri də saziş və qeydiyyat məsələlərini bu müddətdə həll etməlidirlər.
Müəyyən edilmiş müddətdə müraciət etməyən və ya qeydiyyatdan imtina alan təşkilatların fəaliyyətinin dayandırılması nəzərdə tutulur.