Türkiyənin “Sözcü” qəzetinin yazarı İsmail Saymaz Azərbaycan-Türkiyə münasibətlərindəki gərginliyə həsr olunan məqaləsində Bakının Ankaranın özünə üstün mövqedən yanaşmasına etiraz etdiyini yazıb.
Saymazın bildirdiyinə görə, o, məqaləni hazırlamazdan əvvəl Azərbaycan dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri və jurnalistlərlə danışıb. Müəllifin həmsöhbətləri hesab edirlər ki, Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın Azərbaycanda məktəblərdə hicabla bağlı məhdudiyyətləri tənqid edən paylaşımı Bakıda narazılıq yaradıb. Onların fikrincə, Ankara özünü “böyük qardaş”, Bakını isə “kiçik qardaş” kimi təqdim etməklə münasibətlərdə üstünlük iddiası nümayiş etdirir.
Müəllif Azərbaycan-Türkiyə münasibətlərindəki fikir ayrılıqlarının Qarabağ müharibəsindən sonra başladığını yazır.
Telefon danışığı barədə nə məlumdur?
Saymazın Azərbaycan mənbələrinə istinadən yazdığına görə, Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında telefon danışığı (telefon danışığı oktyabrın 21-də baş tutub – red.) uğurlu keçməyib. Müəllifin həmsöhbətləri iddia ediblər ki, Oktay Saral vəzifəsindən azad edilməsəydi, Əliyev Türkiyəyə səfər etməyəcəkdi.
Saymazın yazdığına görə, həmin mənbələr Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra əvvəlki kimi olmayacağını düşünürlər. Müəllif isə bu fikirləri mənbələrinin mövqeyi kimi təqdim edir; məqalədə telefon danışığının məzmunu və nəticələri barədə rəsmi açıqlama verilmir.
İlham Əliyevin oktyabrın 29-30-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının sammitində iştirak edəcəyi də məqalədə qeyd olunur.