Avropada elə ölkələr var ki, 2 ildə 1 avro kompensasiya ödəməyiblər. Yəni Avropa İnsan Haqları Məhkəməsi (AİHM) onların qarşısına belə öhdəlik qoyası olmayıb. Məsələn, Danimarka, Andorra, Lüksemburq, Lixtenşteyn, San Marino 2017, 2018-ci illərdə bir dəfə də olsa, cərimələnməyiblər. Ancaq Azərbaycana həmin illərdə 1 milyon avrodan çox cərimə kəsilib— AİHM Azərbaycana hüquqları pozulmuş vətəndaşlara kompensasiya ödəmək öhdəlikləri qoyub. 2019-cu ildə bu məbləğ, yəqin, daha çox olacaq. Çünki ilin təkcə 5 ayında kəsilmiş cərimələrin həcmi ötən ilin bütün cərimələrindən artıq olub.
AİHM, bir qayda olaraq, ölkəsində bütün yerli məhkəmə instansiyalarını keçmiş vətəndaşın şikayətinə baxır. Və AİHM-nin şikayəti təmin etməsi həmin işin yerli məhkəmələrdə düzgün araşdırılmadığını, verilən qərarın obyektiv, ədalətli olmadığını təsdiqləyir.
Prezident İlham Əliyevin apreldə imzaladığı fərmandan-- “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” qərardan sonra ölkədə hakimlərlə bağlı müxtəlif təkliflər səslənməyə başlayıb. Təklif müəlliflərindən biri vəkil Adil İsmayılov hakimləri daha məsuliyyətli olmağa təşviq etmək üçün cərimələri onlara ödətməyi məsləhət görür. Onun fikrincə AİHM Azərbaycana cəriməni hakimlərin verdiyi yanlış qərar nəticəsində kəsirsə, həmin cəriməni hakimlər ödəməlidir.
“Kiminsə özbaşınalığının cəzasını niyə vətəndaş çəkməlidir?”
“Adisad” hüquq firmasının rəhbəri, vəkil Adil İsmayılov “Açıq Azərbaycan”a danışıb. Vəkil indiyədək hakimlərin yanlışları üzündən Azərbaycana qarşı yüzdən artıq qərar çıxarıldığını, bir neçə milyon avro cərimə kəsildiyini yada salıb. Kompensasiyalar, əlbəttə, dövlət büdcəsindən ödənilir. Büdcənin də vətəndaşların ödədiyi vergi hesabına formalaşdığını xatırladan A.İsmayılov hesab edir ki, hansısa hakimin səhvinin cəzasını vətəndaş çəkməməlidir: “Şəxsən mən bir vətəndaş olaraq, niyə kiminsə əməlindən ziyan çəkməliyəm? Səhvi, özbaşınalığı eləyən onun cəzasını da çəkməlidir. Tədbirlərdən biri də həmin hakimlərin gələcəkdə yüksək məbləğli pensiyadan məhrum edilməsi ola bilər”.
Vəkil hesab edir ki, bu məqsədlə qanuna dəyişiklik edilməli, bu haqda Milli Məclisə təklif göndərilməlidir.
Azərbaycan Konstitusiyasının 96-cı maddəsi qanunvericilik təşəbbüsü --qanun layihələri və başqa məsələləri Milli Məclisin müzakirəsinə vermək hüququndan bəhs edir. 96-cı maddədə göstərilir, bu hüquq prezident, deputatlar, Ali Məhkəmə və s. ilə yanaşı, 40 min seçiciyə--vətəndaşa da aiddir:
S. Novruzovun təklifi: “Cərimə məhkəmə sədrlərinin maaşlarından tutulsun”
Deputat Siyavuş Novruzov da Milli Məclisin iclasında bənzər təkliflə çıxış etmişdi. Bildirmişdi ki, AİHM-ə şikayətlər Azərbaycan məhkəmələrinin çıxardığı səhv qərarlar nəticəsində gedir. Ona görə də AİHM-nin Azərbaycana kəsdiyi cərimələrə görə məsuliyyəti həmin işlərə yerli məhkəmələrdə baxmış hakimlər daşıyır: “Zərərçəkən tərəfə kompensasiyanı həmin qərarı çıxaran hakimlərdən, yaxud o məhkəmənin sədrlərinin maaşlarından tutmaqla ödəmək olar”.
Deputat Fazil Mustafa da eyni fikirdədir. O, hesab edir ki, kompensasiya ödənişinin yerli hakimlərin üzərinə qoyulması onların məsuliyyətini artıra bilər: “Hakimlər qəbul etdikləri qərarlara görə məsuliyyət daşımalıdırlar”.
“Ölkədə ona görə üçpilləli məhkəmə sistemi yaradılıb ki...”
Ancaq keçmiş deputat, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev təklifi doğru hesab etmir. Onun fikrincə hakimləri maaşlarını kəsməklə cəzalandırmaq məhkəmələrin müstəqilliyi prinsipinə ziddir, belə cəza ciddi problemlər yarada bilər: “İstənilən hakim səhv edə bilər. Ölkədə üçpilləli məhkəmə sisteminin yaradılmasında məqsəd aşağı instansiyada səhvə yol vermiş hakimin yanlışının yuxarı instansiyalarda aradan qaldırılmasıdır. Hakim qanunun tələbini əsas tutur, özünün hadisəyə fərdi yanaşması da olur. Hər kəsin fərqli hüquq düşüncəsi ola bilər. Qərar qanunla hüquq düşüncəsinin uyğunlaşdırılması nəticəsində verilməlidir ki, səhv olmasın. Hakimlər qəsdən yanlış qərar çıxarırlarsa, buna görə hüquqi məsuliyyət daşıyırlar. Buna görə Cinayət Məcəlləsində normalar var”.
Qanun nə deyir?
“Məhkəmələr və hakimlər haqqında” qanunun 111-ci maddəsinə görə, həm Konstitusiya Məhkəməsinin, həm də AİHM -nin qərarlarında tanınan pozuntular həmin işlər üzrə vaxtilə qərar vermiş hakimlər haqqında intizam icraatının başlanılmasına əsas verir. Həmin qanuna əsasən, işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə və ya kobudcasına pozan hakim intizam məsuliyyətinə cəlb edilə bilər. Hakimlər yalnız Məhkəmə-Hüquq Şurasının qərarına əsasən intizam məsuliyyətinə cəlb edilirlər. Ədliyyə nazirinin rəhbərlik etdiyi Məhkəmə-Hüquq Şurası intizam icraatı üzrə müxtəlif qərarlardan birini qəbul edir: irad tutula bilər, töhmət verilə bilər, hakimin vəzifəsi aşağı salına bilər, iş yeri dəyişdirilə bilər, hakimin səlahiyyətlərinə xitam verilə bilər. Əksinə, pozuntu təsdiqini tapmayanda intizam icraatına xitam verilə bilər.
“Əsas problem məhkəmələrin icra hakimiyyətindən asılılığıdır”
Hüquqşünas Yalçın İmanov deyir ki, hakimlərin çıxardığı qanunsuz qərarlara görə pul cəzasına məruz qalması, o cümlədən AİHM -nin kəsdiyi cərimələri onların ödəməsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayıb. Y.İmanov AİHM -nin pozuntu aşkarlayıb, kompensasiya kəsdiyi işlərin tarixçəsini xatırladır, yerli məhkəmələrdə hakimlərin bilərəkdən – sifarişlə o cür hökm və qərarlar çıxardığını yada salır: “Məncə, Adil müəllimin təklifi maraqlı olsa da, məhkəmə sisteminin təkmilləşdirilməsi baxımından o qədər də əhatəli və səmərəli deyil. Çünki Azərbaycanın ədalət mühakiməsindəki problemlər bu və ya digər hakimin çıxardığı hansısa qanunsuz qərarlarla bağlı deyil. Problem daha çox məhkəmə sisteminin müstəqil olmaması, onun icra hakimiyyətindən total asılılığı ilə bağlıdır. Bu səbəbdən də əksinə, hakimlərin müstəqilliyi ilə bağlı təminatlar daha da gücləndirilməli, bütövlükdə məhkəmə sistemi kənar müdaxilələrdən azad şəkildə fəaliyyət göstərməlidir. Belə olan halda, hətta hansısa hakimin səhv qərarı belə, qərəz və ya sifarişin nəticəsi yox, təbii yanılma kimi qəbul ediləcək”.