Rövşən Ağayev

İqtisadçı ekspert

VERGİSİ KƏSİRDƏ QALAN QEYRİ-NEFT SEKTORU

20.03.2018 / 2017-ci il neftdənkənar sahələrdə vergi yığımı əvvəlki ilə nisbətən 4% azalıb

Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi hesabatda 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair bəzi məlumatlar açıqlanıb. Ən diqqətçəkən məqam Vergilər Nazirliyinin xəttilə neftdənkənar sahələrdən dövlət büdcəsinə cəb edilməli yığımların təxminən 11% kəsirlə icra edilməsidir.

Təqdim edilən məlumatlardan aydın olur ki, il ərzində nazirlik qeyri-neft sektorundan 5 milyard 805 milyon manat vergi toplamalı olduğu halda, daxil olan faktiki vəsaitin həcmi 5 milyard 189 milyon manat olub.

Qeyri-neft sektoru üzrə vergi daxilolmaları yalnız illik proqnoza nisbətdə kəsirdə qalmayıb, eləcə də 2016-cı ilə nisbətən 217 milyon. manat və ya 4% azalma qeydə alınıb. Təəssüf ki, vergi gəlirlərinin sahəvi strukturu açıqlanmadığından vergi daxilolmalarının əsasən iqtisadiyyatın hansı sahələri hesabına baş verdiyini qiymətləndirmək mümkün deyil.

Bütövlükdə isə həm Dövlət Gömrük Komistəsinin öhdəlikləri, həm də büdcə təşkilatlarının büdcədənkənar gəlirləri nəzərə alınmaqla, büdcə gəlirlərinin təqribən yarısı – 8 milyard 382 milyon manatı neftdənkənar sahələrdən yığımlardır. Belə görünür ki, 2017-ci ildə Dövlət Gömrük Komitəsinin yığımlarının və büdcə təşkilatlarının büdcədənkənar gəlirləri əvvəlki ilə nisbətən artıb və yalnız bu amil ümumi qeyri-neft gəlirlərinin azalmasının qarşısını ala bilib. Beləliklə də, 2017-ci ildə qeyri-neft gəlirlərinin ümumi məbləği əvvəlki illə müqayisədə cəmi 101 milyon manat və ya 1.2% artıqdır.

Daha bir diqqəçəkən məqam 2017-ci ildə dövlət büdcəsinin qeyri-neft daxilolmalarının qeyri-neft ÜDM-də payının azalmasıdır. Məlumdur ki, vergi daxilolmaların (xüsusilə dövriyyəyə tətbiq edilən vergilərdən yığımların) məbləğı bilavasitə məhsul və xidmətlərin nominal dövriyyəsindən formalaşır.

Rəsmi statistikanın məlumatlarından aydın olur ki, 2017-ci ildə qeyri-neft ÜDM-nin nominal həcmi əvvəlki ilə nisbətən təxminən 4.7 milyard manat və ya 12% artıb. Lakin dövlət büdcəsinin ümümi qeyri-neft gəlirlərinin artımı 1.2% təşkil edib. Öz növbədində, 2016-cı ildə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-də payı 21%, 2017-ci ildə isə 19% olub.

Vergilər Nazirliyinin xəttilə toplanan büdcə yığımlarının 26.3%-i və ya 1 milyard 836 milyon manatı dövlət, 5 milyard 138 milyon manatı isə qeyri-dövlət sektorundan formalaşıb. Dövlət sektorundan vergi daxilolmalarının 1 milyard 511 milyon manatı (82.3%) Dövlət Neft Şirkətinin (SOCAR) ödənişləridir. 2017-ci ildə SOCAR-ın büdcə ödənişləri əvvəlki ilə nisbətən 116 milyon manat və ya 8.3% artıqdır.

Vergilər Nazirliyinin özəl sektordan topladığı vəsaitlərin 523 milyon manatı isə beynəlxalq neft-qaz sazişləri - Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) çərçivəsində ödənən mənfəət vergisi hesabına formalaşıb. Özəl sektorun digər seqmentlərindən daxilolmalar isə 4 milyard manat olub ki, bu 2016-cı ilə nisbətən 51.6 milyon manat azdır. Lakin burda vacib bir məqamı qeyd etmək vacibdir: adətən özəl sektorun vergi daxilolmalarının tərkibinə HPBS çərçivəsində çalışan subpodartçı şirkətlərin mənfəət və gəlir vergiləri də daxiol edilir. Bunun nəticəsindən isə qeyri-dövlət sektoru üzrə qeyri-neft vergilərinin real miqyasını ayırd etmək mümkün olmur. Reallıqda isə büdcə hesabatlarında həmin vergilər məhz neft sektorunun ödənişləri kimi ayrılmalıdır.

Daha sonra, Vergilər Nazirliyindən kənar qeyri-neft büdcə gəlirlərinə gəldikdə, 2017-ci ildə Dövlət Gömrük Komitəsi 2 milyard 609 milyon manat ödəyib və bu əvvəlki ilə nisbətən 317.2 milyon manat (14%) çoxdur. Dövlət büdcəsinin gömrük ödənişlərinin 14%-lik artımında əsas səbəblərdən biri idxalın manat ifadəsində dəyərinin (məzənnə dəyişikliyi nəzərə alınmaqla) 9.5%, yaxud təxminən 1.3 milyard manat artımı olub. Şübhəsiz ki, bu artımda böhrana qədərki dövrlə müqayisədə qeyri-rəsmi idxal dövriyyəsinin müəyyən qədər leqallaşdırılmasının da payı var.

2017-ci ildə Dövlət Gömrük Komitəsi 2 milyard 609 milyon manat ödəyib və bu əvvəlki ilə nisbətən 14% çoxdur. Gömrük ödənişlərinin bu artımında əsas səbəblərdən biri idxalın manat ifadəsində dəyərinin (məzənnə dəyişikliyi nəzərə alınmaqla) 9.5%, yaxud təxminən 1.3 milyard manat artımı olub. Şübhəsiz ki, bu artımda böhrana qədərki dövrlə müqayisədə qeyri-rəsmi idxal dövriyyəsinin müəyyən qədər leqallaşdırılmasının da payı var.

Nəhayət, 2017-ci ildə büdcə təşkilatlarının büdcədənkənar gəlirləri 358.3 milyon manat təşkil edib. Bu məbləğ 2016-cı ilin göstəricisindən 50% (119 milyon manat) çox olsa da, 2017-ci ilin təsdiqlənən proqnozundan 16.5% (71 milyon manat) azdır.

Hökumətin hesabatında vergi daxilolmaları tədiyyə növləri üzrə də təqdim edilmədiyi üçün ayrı-ayrı vergi növləri üzrə daxilolamarın dinamikasında və proqnozlardan kənarlaşma səviyyəsində baş verən dəyişiklikləri də qiymətləndirmək mümkün deyil.