Ramil Suleymanov

Hüquqşünas

VƏKİLLƏR KOLLEGİYASINA NİYƏ ÜZV OLA BİLMƏDİM?

02.05.2018 / Milli Məclisə namizədliyim və Praktiki Hüquqşünaslar Qrupundakı fəallığım kənarda qalmağıma səbəb oldu

Mən hüquqşünasam. Mənə görə bütün peşə sahələrində olduğu kimi bu peşənin də ləyaqətli və ləyaqətsiz sahələri var. Amma mən ən ləyaqətlisini seçdim. Vəkilliyi!

Nədən vəkillik?

Çünki, bu sahə həmişə müstəqil olub, kimsədən asılı olmayıb, standart iş qrafikinə malik deyil Azaddır! Hesabatlılığı yalnız müştərisinədir, hansısa məmura, vəzifəli şəxsə deyil.

Mən də təbiətcə müstəqiləm, kimsədən asılılığı sevməmişəm, həmişə standart iş qrafiklərindən sıxılmışam və həmişə ruhum azad olub.
Sırf bu məqsədlə heç bir zaman nə dövlət qulluğunda, nə prokurorluq orqanlarında, nə də digər sahələrin imtahanlarına hazırlaşmamışam. Uzun zamandan sonra nəhayət ki, 2016-cı ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qəbul elan edildi. Sevincli şəkildə sənədlərimi topladım və kollegiyaya təqdim etdim. İmtahan keçirilənədək həqiqətən uzun zaman keçdi, amma oldu. Yeni rəhbərlik gəldi. Özünü hesabatlı və sanki ölkə vətəndaşının qeydinə qalırmış və göstərirmiş kimi vəzifəsi gərəyincə imtahan keçirdi. Əlbəttə ki, imtahana qədər müsahibələr, şəkillər, bəyanatlar vəkilliyə namizədlərdə son dərəcə əminlik yaratmışdı ki, hamı keçəcək. Çünki söz verilmişdi ki, 60% suallar çox asan olacaq. Amma nəticə nə oldu? 60% suallar çox çətin oldu. Biabrçı nəticə əldə olundu və təxmini 2000 nəfərin 607 nəfəri (təxminən 33%) imtahanların birinci mərhələsindən keçə bildi.

Bu imtahan test formasında keçirilir və Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunur. Bundan sonra imtahan suallarının ağırlığı, çətinliyi müzakirə mövzusu olduqda bəzi deputatlar gənc Rəyasət Heyəti sədrini müdafiə etməyə başladılar ki, “hüquqşünas 60 bal toplaya bilmirsə getsin diplomunu cırsın!”

Mən diplom cıranlardan olmadım. 63 bal toplayıb keçdim ikinci mərhələyə. İkinci mərhələ şifahi müsahibədir və namizəd kollegianın İxtisas Komissiyasının üzvlərinin suallarına cavab verir. İxtisas Komissiyası – beş vəkil, üç hakim (Bakı Apellyasiya Məhkəməsi, Ali Məhkəmə və Konstitutsiya Məhkəməsinin hakimləri) və üç hüquqşünas alim olmaqla 11 nəfərdən ibarətdir. Bu komissiyanın əvvəlki illərdən fərqli cəhəti o idi ki, hər kəs dissiplinli şəkildə həftənin 3 günü kollegiyanın əsas binasına gələrək imtahan götürürdülər. Hüquq icmasında az çox tanındığım üçün demək olar ki, ilk 100 nəfər imtahana girdiyi günlərin suallarını dostlarımızdan maraqlanırdım və öyrənirdim. İnsafən deyim ki, sadə və cavab verilə bilinəcək suallar idi. Hər bir namizəd demək olar ki, eyni sözləri deyirdi ki, komissiya üzvləri yumşaq yanaşır, bilmədikləri sualları yönəldici suallar verməklə hüquqşünasların cavab verməsinə çalışırlar. Bütün bunlar məndə hardasa pozitivlik yaratmışdı.

Amma yenə də işimi ehmallı tutmaq üçün Vəkillər Kollegiyasının sədri Anar Bağırovla birbaşa görüşmək qərarına gəldim. 2015-ci ildə Milli Məclisə namizədliyimin REAL Hərəkatı tərəfindən dəstəklənməsi , o cümlədən Facebookda bəzi haqsızlılara birbaşa göstərdiyim reaksiyalar, eləcə də Praktik Hüquqşünaslar Qrupunun üzvlərindən biri kimi ölkədə nümayəndəlik institunun ləğvinə yönəlmiş qanun layihəsinə açıq və fəal şəkildə etirazımın ölkə rəhbərliyi və onun yerlərdəki “nümayəndələri” tərəfindən hiddətlə qarşılandığını bilirdim və bu səbəbdən də Anar Bağırovla birbaşa görüşmək barədə təklif etdim.

Anar Bağırov xahişimi qəbul etdi və mənimlə görüşdü. Mən ona açıq və konkret şəkildə siyasi fəaliyyətimin olmadığını, gələcəkdə də olmayacağını, yalnızca vəkillik fəaliyyəti həyata keçirəcəyimi bildirdim. Ona görə də mənə şifahi imtahan mərhələsində süni əngəl yaradılmamasını xahiş etdim. Ən azından 1988-ci ildən bu ölkədə yaşayıram, 2003-cü ildən, gənclik illərindən hər şeyi görə-görə gələn bir adam kimi bu addımı zəruri hesab etdim. Yazılmayan oyun qaydaları bunu tələb edirdi. Görüşümüzdə Anar müəllimdən bunu xahiş etdikdə, o son dərəcə istehzalı şəkildə, özündən razı davranış nümayiş etdirdi və mənim xahişimi sanki adam öldürmüşəm və basdırmaq üçün onun bağındakı ağacların yanından torpaq sahəsi istəyirəmmiş kimi reaksiya verərək qəbul etdi. Sonra isə məni hörmətli vəkil Muxtar Mustafayevin nədən işdən çıxartdığını soruşdu. Mən açıq şəkildə “REAL-a görə işdən çıxardıb məni, amma mənim REAL-da nəzərə çarpacaq bir fəaliyyətim olmayıb. Kollegianın üzvü olduqdan sonra da olmayacaq və mən bitərəf vəkil kimi işimlə məşğul olacağam” dedim. Anar Bağırov uzun danışıqdan sonra məndən bu məsələdə Muxtar müəllimlə görüşməyimi və ondan razılıq və zəmanət almağımı məsləhət gördü. Yalnız bundan sonra məsələ öz həllini tapa bilərdi.

Mən razılaşdım və Muxtar müəllimlə görüşdüm. Muxtar müəllimə də təminat verərək bildirdim ki, onsuz da 2015-ci il Milli Məclisə seçkilərdə namizədlikdən başqa mənim heç vaxt siyasi fəaliyyətim olmayıb. O isə mənim guya mitinqlərdə iştirak etdiyimi və kəskin bəyanatlar verdiyimi və Avropa Şurası ilə əlaqələrimin olduğunu dedi. Cavabda mən Avropa Şurasının Avropa İnsan Haqqları Konvensiyası üzrə təlimçisi olduğumu və bunun ölkənin hər hüquqşünasının bacarmadığını dedim və eyni zamanda Vəkillər Kollegiyası Rəyasət Heyətində, o cümlədən digər İntizam və İxtisas komissiyalarında da Avropa Şurasının təlimçisi olan şəxslərin olduğunu dedim.

Siyasi mitinqlərdə isə həqiqətən də iştirak etməmişəm. Yalnız 20 Yanvar şəhidlərini ziyarət etmək üçün Şəhidlər Xiyabanında olmuşam və bir dəfə də 28 May Cümhuriyyət Günü münasibətilə REAL-ın tədbirində iştirak etmişəm. Bunlar da düşünürəm ki, siyasi əqidəsindən asılı olmayaraq hər bir vətəndaşın mənəvi borcudur və vətəndaşlıq vəzifəsidir. Bundan sonra mən Muxtar müəllimlə danışdım və vəkil olacağım təqdirdə hər hansı bir siyasi fəaliyyətimin olmayacağını dedim. O da mənə söz verdi ki, mənə zamin durur. Əgər ayağımı “sağa-sola ataramsa, güllə alnımdan dəyəcək” deyib mənə bildirdi ki, imtahanlardan keçəcəyəm, təxmini bir il Sumqayıt şəhərində işləyəndən sonra, onun vəziyyətinin yaxşı olacağı təqdirdə özünün rəhbərlik etdiyi vəkil bürosuna gətiriləcəyimi dedi.

29 mart 2018-ci il tarixdə mən şifahi imtahana çağırıldım. Şifahi imtahana məndən öncə girənlərin imtahanı 8-10, maksimum 15 dəqiqə davam edirdi. Lakin mənim imtahanım 23 dəqiqəyə yaxın çəkdi, sanki “düşmən əsgəri” hədəfə qoyulmuşdu. Yalnız bir suala cavab vermədim. Digər dörd sualdan üçünə yaxşı, birinə isə kafi cavab verdim. Ümumi şəkildə götürsək suallar çox ağır idi və maksimum cavablandırdım. İmtahandan çıxandan sonra 12 nəfərlik heyətdən 5 nəfərini tanıdığım üçün onlara zəng etdim və imtahan sualları ilə bağlı nəticələri müzakirə etdik. Hər biri suallara pis cavab verdiklərini və sualların çox çətin olduğunu bildirdi. Mən isə sualları qeyd etdiyim kimi normal cavab vermişdim, pozitiv idim və əmin idim ki, adım siyahıda çıxacaq. Amma adım siyahıda çıxmadı.

94 nəfər ikinci tura girmiş namizəddən 86 nəfər ikinci mərhələdən keçmişdi. 8 nəfər isə vəkilliyə keçməmişdir. Keçməyən səkkiz nəfərdən biri də mənimlə birlikdə həmin gün imtahan vermiş vəkil Əsabəli Mustafayevin oğlu Ruslan idi. Yəni, həmin gün çağrılan 12 nəfərdən 10 nəfər keçmiş, mənimlə Ruslan Mustafayev vəkillikdən kənarda qalmışdı. Məsələ artıq gün kimi aydın idi.

Odur ki, Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşüb, sözümü deyib imtahan nəticələrindən şikayət vermək qərarına gəldim. 20 aprel 2018-ci il tarixdə Anar Bağırov, Fərhad Nəcəfov və Aydın Axundovdan ibarət heyətlə görüşdüm. Anar Bağırovdan nədən müsahibədən keçmədiyimi soruşduqda o, mənim İxtisas Komissiyasının rəyi əsasında və yetərli cavablar vermədiyim üçün kənarda qaldığımı bildirdi.

Mənsə bunun həqiqət olmadığını, mənim vaxtilə olmuş siyasi fəaliyyətimə və Praktik Hüquqşünaslar Qrupundakı aktivliyiməz görə kənarda qaldığımı onun diqqətinə çatdırdım. Eyni zamanda mənimlə razılaşma olduğunu və ikinci turdan keçiriləcəyimə dair zəmanət alındığını dedim. Mən ikinci tur imtahanının düzgün təşkil olunmadığını və əslində bizlərin testlə akademik imtahan verdiyimizə diqqət çəkib şifahi imtahanın belə olmamalı olduğunu bildirdikdə, Anar Bağırov əslində Dövlət İmtahan Mərkəzinin keçirmiş olduğu imtahanın ona maraqlı olmadığını, bunun sadəcə sıradan bir əzbərçilik olduğunu dedi. Mən isə Dövlət İmtahan Mərkəzinin test imtahanında insan faktoru olmadığını, ikinci turun isə nəticələrinə onun və onun kimi insanların təsir etdiyini dedikdə uzun mübahisə yarandı.

Nəticə etibarı ilə Anar Bağırov gedib hazırlaşıb birildən sonra gəlməyi məsləhət gördü. Qeyd etmək istəyirəm ki, Anar Bağırovla olan görüşün tam stenoqramı məndə var. Bunu onun özünə də təqdim etməyə hazıram.