Rəşad Həsənov

İqtisadçı ekspert

UKRAYNADA MÜHARİBƏ AZƏRBAYCANDA DA BAHALAŞMAYA SƏBƏB OLACAQ

17.03.2022 / Rusiyanın işğalçı davranışlarının bədəlinin bütün dünya ödəyir


Açıq mənbələrdən foto



Putin Rusiyasının Ukraynanı işğal cəhdləri davam edir. Ancaq Ukrayna xalqının əksmüqaviməti də dayanmadan güclənir. Məhşur aforizm var: “Məğlub etdiyin rəqibi düşmənə çevirmək qələbəni əldən verməkdir!” Rusiya bunu çox qısa zamanda bacardı. Ukrayna xalqını özünə düşmən edə bildi. Bu isə işğalın Rusiyanın planladığı kimi qısa müddətdə yekunlaşacağı ehtimalını minimuma endirir.

Qeyri-müəyyənliklər çoxdur, ancaq müharibənin davam etdiyi ötən bir neçə gün bəzi təsbitlər üçün imkan yaradıb. Onları sıralayaq:

Bütün bunlar o deməkdir ki, müharibənin dünya, o cümlədən Azərbaycan üçün sosial, iqtisadi və humanitar fəsadları qaçılmazdır.

Hər kəs itirən tərəfdir

Joseph Lallo:“Müharibədə qələbə olmur! Müharibə hər şeyi alır və heç nə vermir!”

İşğalın başlandığı ilk günlərdən iqtisadçılar ən yaxşı ssenarinin belə postpanemiya bərpa prosesini zəiflədəcəyi barədə narahatlıqlarını ifadə etdilər, pandemiyanın itkilərinin aradan qaldırılmasının daha çox vaxt aparacağını dedilər. Halbuki bu prosesin özü də insanlıq üçün böyük çətinlik sayılırdı...

Bir neçə gün sonra artıq bütün dünya müharibənin fəsadlarından çalxalanmağa başladı; birjalardan maliyyə bazarlarına, əmtəə qiymətlərindən transporta, turizmə, istehsalata, qida və dərman təminatına qədər bütün sahələr--ağlımıza gələn və gəlməyən hər şey müharibədən öz “nəsibini” almaqdadır. Dünya Bankının rəhbəri David Malpass Ukraynadakı müharibəni qlobal iqtisadiyyatın inkişafını əngəlləyəcək “katastrof” adlandırıb.

Ukraynadakı müharibədən Azərbaycanın da çəkəcəkləri var

Azərbaycanda ciddi bahalaşma dalğası onsuz da müşahidə edilirdi. Müharibə bu prosesi bir az da sürətləndirəcək.

Hazırda azərbaycanlı istehlakçı Ukraynadakı proseslərin birbaşa və dolayı təsirləri ilə üzləşib. Birbaşa təsirlər əsasən Ukrayna və Rusiya ilə xarici ticarət əlaqələrindən qaynaqlandığı halda, dolayı təsirlər bu müharibənin dünya iqtisadiyyatına yansıması şəklində ortaya çıxmaqdadır.

Ukraynadan idxal imkanları və şərtləri hər ötən gün daha da çətinləşir.

Sadalananlar Ukraynadan Azərbaycana idxalı durma nöqtəsinə gətirib ki, bu da istehlak bazarında mal--təklif qıtlığına səbəb olur.

Əksər mal və xidmətlər bahalaşacaq, yoxsulluq səviyyəsi artacaq

Müharibəyə ən sərt reaksiya hazırda qlobal enerji bazarlarından gəlməkdədir. İşğalın başlandığı ötən 10 gün ərzində brent markalı neftin qiyməti 25 %-dən çox artıb, bir barrel 118 dollara yüksəlib. AB-nin qaz təchizatının 35%-nin Rusiyadan asılılığı vəziyyəti daha da çətinləşdirir. Qazın min kub metri müharibədən bir gün əvvəl 960 dollara təklif edildiyi halda müharibənin 10-cu günündə 2.5 dəfə baha--2 min 400 dollara təklif edilib.

Energi daşıyıcılarının qiymətinin qalxması dəyər zəncirinin bütün halqalarında xərclərin artmasına, dolayısı ilə inflyasiya təzyiqlərinin daha da sürətlənməsinə yol açır. Bu o deməkdir ki, Ukraynada müharibədən ən çox yoxsul ölkələr və yoxsul əhali əziyyət çəkəcək. Azərbaycanın istehlak bazarının idxaldan asılılığı yüksək olduğundan bahalaşma ən qısa zamanda Azərbaycan ailələrinin də büdcə xərclərində özünü göstərəcək.

Ən çox hansı məhsulların bahalaşması gözlənir?

2021-ci ildə Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsi 1 milyard dollara yaxın olub. Azərbaycandan bu ölkəyə 452.5 milyon dollarlıq mal ixrac edilib, 470 milyon dollarlıq mal idxal olunub. Azərbaycana idxal edilən hər 100 dollarlıq məhsulun 4 dolları Ukraynanın payına düşürdü.

Tütün

Ukraynadan Azərbaycana idxalın əhəmiyyətli hissəsi (16.5%) tütün və onun əvəzedicisi olan məhsullar olub. Ötən il Ukraynadan Azərbaycana 77.4 milyon ABŞ dolları dəyərində tütün məhsulu göndərilib. Bu, ölkənin cəmi idxalının 85.1%-ə bərabərdir.

Ət məhsulları

Ölkənin ət məhsullarına olan tələbatını da əsasən Ukrayna ödəyirdi. Azərbaycana idxal olunan quş əti və hissələrinin 68%-i bu ölkənin payına düşürdü. Təkcə 2021-ci ildə Ukraynadan 21 min ton quş əti və hissələri idxal edilmişdi.

Ötən il Ukrayndan Azərbaycana 42.3 milyon dollarlıq ət və ət məhsulları idxal olunub ki, bu da ölkənin müvafiq məhsullar üzrə ümumi idxalının 60%-ə bərabərdir. Başqa sözlə, Azərbaycana idxal edilən hər 100 kiloqram ət məhsulunun 60 kiloqramı Ukraynadan gətirilirdi.

Kərə yağı

Azərbaycana idxal olunan hər 100 kiloqram kərə yağının 21 kiloqramı Ukraynadan gəlirdi. Ötən il bu ölkədən 2800 ton kərə yağı idxal olunmuşdu ki, bunun da orta qiyməti digər ölkələrdən idxal edilən kərə yağları ilə müqayisədə aşağı idi. 2021-ci ildə ölkənin kərə yağına olan cəmi tələbatının 7.2%-i Ukrayna hesabına ödənmişdi.

Un və un məhsulları

Həm Ukrayna, həm də Rusiya Dünyanın ən iri taxıl istehsalçılarından idi; dünyanın buğda tələbatının təxminən 25%-ni indiyə qədər bu iki ölkə ödəyirdi (Ukrayna 7%, Rusiya 18%). Bu isə o deməkdir ki, hazırda buğda istehsalının böyük bir hissəsi dayanıb, daha böyük hissə isə (Rusiya) risk altındadır. Yəni dünyanın, o cümlədən Azərbaycanın qısa zamanda buğda və un məhsulları sarıdan qıtlıqla üzləşəcəyi gözlənir.

Süd və süd məhsulları

Ukraynadan idxalın 4.6%-i süd və süd məhsulları təşkil edirdi. Bu isə 21.4 milyon dollara, yaxud bu məhsul növü üzrə ölkəyə cəmi idxalın 14%-ə bərabərdir.

Qara metal

Uraynadan idxalda qara metal və ondan hazırlanan məmulatlar ikinci yerdə dayanır (15.8% payla). 2021-ci ildə Azərbaycana qeyd edilən kateqoriya üzrə 868 milyon dollar dəyərində mal idxal olunub ki, bunun da 74.3 milyon dolları, yəni təxminən 9%-i Ukraynanın payına düşüb.

Sadalananlarla yanaşı, 2021-ci ildə Ukraynadan Azərbaycana 45.3 milyon dollar dəyərində kağız və karton, 16 milyon dollarlıq pambıq məhsulları idxal edilib ki, bu da həmin məhsullar üzrə ümumi idxalın 22.8 və 33.4%-nə bərabərdir.

Dərmanlar

Azərbaycanda idxaldan asılılığın ən sərt şəkildə özünü göstərdiyi sahələrdən biri də dərman məhsulları ilə təchizatdır. Bu sahə üzrə ümumi asılılıq 95%-dən artıqdır. 2021-ci ildə Ukraynadan Azərbaycana 18.6 milyon dollarlıq əczaçılıq məhsulları idxal olunub, bu da cəmi dərman idxalının 3.5%-ə bərabərdir.

Ümumilikdə ötən il Ukraynadan idxal edilən məhsulların təxminən yarısı (223.5 milyon dollarlıq) qida məhsulları, onların hazırlanması üçün lazım olan xammal, tütün məhsulları, alkoqollu və alkoqolsuz içkilər və digər bənzər gündəlik tələbat məhsulları kateqoriyasına aid olub. Bu isə qeyd edilən məhsul növləri üzrə cəmi idxalın 17.3%-i deməkdir.

Rusiyadan gələn məhsullar da bahalaşacaq

Sərt iqtisadi sanksiyalar altında qıvrılan Rusiya Azərbaycanın əsas idxal tərəfdaşlarındandır, daha doğrusu, təxminən 2 milyard dollarlıq dövriyyə ilə idxalda birinci yerdə dayanır. Azərbaycana idxal olunan hər 100 dollarlıq məhsulun 17.7 dolları Rusiyanın payına düşür.

Ötən il Rusiyadan Azərbaycana 315.2 milyon dollar dəyərində 1 milyon 94 min ton buğda idxal edilib. Bu, ölkəyə ümumi taxıl idxalının 95%-ni, ölkə üzrə ərzaq təyinatlı cəmi istehlakın isə təxminən 42%-ni təşkil edir. Başqa sözlə ölkənin un və çörək məhsulları üzrə Rusiyadan asılılığı yüksək həddədir (Ukraynadan böyük həcmdə buğda idxal edilmirdi). Rusiya taxıl ixracına rüsumu artırsa, ixraca kvota tətbiq etsə, Azərbaycan üçün ciddi problem yaratmış olar.

2021-ci ildə Azərbaycan 221.9 milyon dollar dəyərində bitki yağları idxal edib ki, bunun da 107.3 milyon dolları—48.8%-i Rusiyanın payına düşüb.

Sadalananlarla yanaşı ötən il Rusiyadan 54 milyon dollarlıq kakao və kakao məhsulları, 46 milyon dollar dəyərində unlu qənnadı məmulatları, 39.4 milyon dollarlıq ətriyyat, 33.7 milyon dollarlıq əczaçılıq məhsulları, 30.8 milyon dollarlıq gübrə, 26 milyon dollarlıq ət məhsulları, 24.1 milyon dollarlıq sabun və digər yuyucu vasitələr, 18.7 milyon dollarlıq şəkər və digər qənnadı məhsulları idxal edilib. Bu məhsulların ölkə üzrə cəmi idxalında Rusiyanın payı müvafiq olaraq 60%, 37%, 24%, 6.4%, 67.4%, 63.8%, 20.5% və 9.5% olub.

Hazırda Rusiyada müharibə getməsə belə, bu ölkəyə qarşı sərt iqtisadi və siyasi sanksiyalar iqtisadiyyatın qısa zamanda resessiya ilə üzləşməsinə, o cümlədən istehsal xərclərinin artmasına, istehsalın zəruri texnika və avadanlıqların olmaması səbəbindən dayanmasına, tranzaksiya xərclərinin qarşılıqlı ödəmə imkanlarının məhdudlaşması səbəbindən artmasına gətirib çıxaracaq.

Bundan başqa, Rusiya hökuməti böyük ehtimalla yaxın zamanlarda ölkədən ixraca, xüsusi ilə gündəlik tələbat və qida məhsullarının ixracına kvota tətbiq etmək məcburiyyətində qalacaq. Bütün bunlar Rusiya ilə xarici ticarətdə ciddi çətinliklər yaradacaq, bir sıra məhsulların idxalı mümkünsüz olacaq, əksər məhsullar daha artıq qiymətə idxal ediləcək.

Beləliklə, qıtlıq və bahalaşma hər bir Azərbaycan ailəsinin büdcəsində, dolanışığında hiss olunacaq.

İnflyasiya 2022-ci ilin əsas problemidir—nə etməli?

İnflyasiya 2022-ci ildə həm qlobal iqtisadiyyat, həm də Azərbaycan iqtisadiyyatı üçün gözlənilən ən mühüm problemlərdən hesab edilir. Rəsmi məlumatlara görə, cari ilin yanvar ayında istehlak bazarında təklif edilən qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 12.5% yüksək olub. Qida məhsulları üzrə müvafiq gösətirici 17.5% olub. Təkcə yanvar ayında qida məhsullarının qiyməti əvvəlki aya nisbətən 2.6% artıb.

Mərkəzi Bank 2022-ci ildə infyasiyanın 7.5% ətrafında olacağını proqnozlaşdırırdı. Artan infyasiya təzyiqlərini zəiflətmək məqsədi ilə hökumət xüsusi komissiya yaradıb. Fevral ayında baş nazir “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncam imzalayıb. Beləliklə, hökumət strukturları qarşısında minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının istehsalı, idxalı, tədarükü və təchizatı sahəsində tədbirlərin görülməsinə dair öhdəliklər müəyyən edilib. Buraya vergi və fiskal xərclərin optimallaşdırılması, təşviqlərin verilməsi, maliyyə təminatının gücləndirilməsi kimi məsələlər daxildir.

Sərəncam Rusiyanın Ukraynanı işğalı cəhdindən əvvəl imzalansa da, bu sahə üzrə tətbiq ediləcək tədbirlərin hazırlanması prosesi başa çatmayıb. Odur ki, prosesin gedişində Ukraynadakı müharibənin ehtimal edilən təsirlərinin də nəzərə alınması, tədbilərin əhatə dairəsinin genişləndirilməsi, güzəştlərin dərinliyi və təşviqlərin cəlbediciliyi, daha ağlabatan addımların atılması vacibdir. Paralel olaraq, əhalinin xüsusilə aztəminatlı təbəqələrinin sosial-təminat səviyyəsinin qorunması məqsədi ilə sosial müdafiə mexanizmlərini gücləndirmək olar.

Xəbərləri izləmək üçün Açıq Azərbaycanın telegram kanalına abunə olun: https: //t.me/openazerbaijan